Münxen Təhlükəsizlik Konfransı dünya miqyasında beynəlxalq siyasət və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi ən böyük platformalardan biri kimi qəbul olunur. İyirmi ildən çoxdur keçirilən Münxen Təhlükəsizlik Konfransını bu istiqamətdə keçirilən tədbirlər içərisində ən nüfuzlu hesab etmək olar. Bu konfransda Avropada, eləcə də qlobal miqyasda təhlükəsizlik məsələləri nəzərdən keçirilir. Tədbirdə bir sıra dövlətlərin başçılarının, nüfuzlu siyasətçilərin və ekspertlərin, şirkət rəhbərlərinin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, beyin mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahələrində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 60-cı Münxen Təhlükəsizlik Konfransına növbəti dəfə dəvət alması və bir sıra görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Məlumdur ki, səfərin ilk günündə 10-a yaxın görüş reallaşıb. Bu görüşlərin hər biri rəsmi Bakının yox, məhz qarşı tərəflərin müraciətinə əsasən baş tutub. Bu da bir daha onu təsdiqləyir ki, Azərbaycan dünyada “middle power” kimi özünü təsdiqləməkdə və bu xüsusda, getdikcə güclənən, inkişaf edən dövlətə çevrilməkdədir. Məlumdur ki, son zamanlar bir sıra Qərb institutları (ATƏT, AŞPA, Avropa Şurası) böyük böhran yaşayırlar. Bu aspektdə Münxen Təhlükəsizlik Konfransı tərəflər arasında dialoq qurmağa yönəlmiş yeganə tribuna olaraq qalmaqda davam edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq ekspert, QHT sədri Vəli Əlibəyov deyib.
Ekspert dövlətimizin başçısının builki Münxen Təhlükəsizlik Konfransına qatılmasının və keçirilən görüşlərin qarşı tərəfin istəyi əsasında baş tutmasının bir neçə amilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü öz gücü ilə bərpa etmiş dövlətdir. Ona görə də dövlətimiz siyasi və hərbi baxımdan güclənmiş bir ölkə kimi Münxendə təmsil olunur. Həmçinin Prezident İlham Əliyevi Münxendə tam səlahiyyətli şəxs kimi qəbul edirlər. Artıq nəhəng şirkətlərin, böyük dövlətlərin rəhbər şəxsləri Prezident İlham Əliyevlə regionun lider dövlətinin və bölgədə söz sahibi ölkənin Lideri kimi təmas qururlar. Eyni zamanda, dünya ictimaiyyətinə və bir sıra Qərb təşkilatlarına da aydın oldu ki, artıq Azərbaycana təzyiq etmək mümkün deyil. Çünki Azərbaycan heç bir təzyiqdən çəkinmir, öz hüquqlarını və maraqlarını sonadək müdafiə etmək iqtidarındadır. Bütün bunları nəzərə aldıqda Qərb üçün Prezident İlham Əliyevlə dialoq aparmaq çox vacibdir. Bu gün Qərbin Azərbaycana daha çox ehtiyacı var. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkəmiz üçün prioritet istiqamətin Türk Dövlətləri Təşkilatı (TDT) olduğunu vurğuladı. Qərb ölkələrini həm də Türk Dövlətləri Təşkilatının güclənməsi narahat edir. Nəzərə alaq ki, bu birliyin yaranması ilə bağlı ideya da Azərbaycanda yaranmışdır. Azərbaycan bu birliyin güclənməsində aparıcı ölkələrdən biridir. Ona görə də Qərb dövlətləri Azərbaycanla əməkdaşlığa can atır. Çünki bu gün Qərbin enerji təhlükəsizliyi məsələsi Azərbaycandan asılıdır. Məhz buna görədir ki, Münxen Təhlükəsizlik Konfransında keçirilən ikitərəfli görüşlərdə Qərbin nümayəndələri prosesləri yumşaltmağa çalışır, əməkdaşlığa hazır olduqlarını bəyan edir, Azərbaycana yardım etmək niyyətlərini açıq-aşkar söyləyirlər.
Dünyada hər yüz ildən bir müəyyən geosiyasi proseslərin təkrarlandığını vurğulayan ekspert deyib: “Bu proseslərin sonunda dünyada yeni nizam formalaşır. Hazırda baş verən proseslər də onu göstərir ki, yeni dünya nizamında Azərbaycan qabaqcıl dövlətlərdən biri olacaq. Bu aspektdən Münxen platforması Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün bir şansdır. Həmçinin budəfəki konfrans Azərbaycana siyasi və iqtisadi baxımdan mühüm faydalar verəcək”, – deyə ekspert vurğulayıb.