1905.az saytının bu dəfəki müsahibi xalq şairi Musa Yaqubdur.
– Musa müəllim, SSRİ dönəmində daha çox sovet ideologiyasını təbliğ edən ədəbiyyat nümunələrinə rast gəlinirdi. Ölkəmiz Sovet imperiyasının tərkibində olduğundan, azadlıq ruhunda şeir və nəsr əsərləri demək olar ki yazılmırdı. Bu gün Azərbaycan müstəqildir. Və bizim 1918-ci il 31 Mart, Xocalı soyqırımı kimi ağrılı tarixlərimiz var. Necə düşünürsünüz, bu gün Azərbaycanda soyqırımı həqiqətlərini dünyaya çatdırmaq istiqamətində şeirlər, əsərlər kifayət qədər yazılırmı?
– Birinci ondan başlamaq istəyirəm ki, bəzən bizdə Sovet dönəmində yazılmış ədəbiyyata münasibət birmənalı olmur. Deyilir ki, o dövrdə milli vətənpərvər ruhlu şeirlər yazılmayıb, bütün yazılar sifariş xarakterli olub və s. Ancaq bu, belə deyil. Ədəbiyyat texniki vasitə deyil ki, onu bir dəqiqəyə dəyişəsən. Ədəbiyyat hisslərin təzahürüdür. Bütün zamanlarda şair, yazıçı xalqın dilini, dövrün hadisəsini düzgün çatdırmalıdır. O ki qaldı bizim həqiqətləri dünyaya çatdırmağa, bilirsiniz, heç bir yazıçı, şair demir ki, mən indi vətənpərvər ruhlu şeir və ya əsər yazacam. O şairin tutduğu mövqedən, dünyagörüşündən asılı olan bir şeydir. Qeyd etdiyiniz əsərlərin, şeirlərin yazılmasına gəlincə isə belələri də yazılır.
– Bəs siz bir oxucu kimi bu əsərləri, şeirləri oxuyursunuz? Sizi qane edir?
– Şair həmişə sərbəst və müxalif fikirli olmalıdır. Şair dövrün hadisəsini olduğu kimi çatdırmağa özündə güc tapmalıdır. İndiki şairlər ancaq özlərini düşünür, tərif yazırlar. Belə şair olmaz. Amma əvvəllər Qarabağ, vətən həsrəti kimi mövzulara geniş yer verilmirdi. İndi torpaqlarımız işğal altında olduğundan vətən, həsrət, düşmən kimi mövzulara ədəbiyyatda rast gələ bilərik. Yazılır, əlbəttə, yazılır. Vətənpərvər şair təkcə bütün günü vətəndən, döyüşdən yazan şair deyil. Vətəni tərənnüm edən şair də vətəni təbliğ edən şairdir. Əgər mən vətənimin bir gülünü, bir havasını mədh edirəmsə mən də vətənpərvər şair sayılıram.
– Sizcə şeirlə, emosional fikirlə dünyaya nə isə çatdırmaq mümkündürmü?
– Emosional fikirlə, sentimental ədəbiyyatla dünyaya həqiqəti olduğu kimi çatdırmaq mümkündür. Əgər mən Qarabağ problemini quru-quru danışıb, kiməsə nə isə sübüt etməyə çalışıramsa kim mənə inanar? Heç kim. Ona görə hadisəni yaşamış, vətən həsrətini başa düşən adam onu olduğu kimi çatdıra bilər. Ona görə emosianal çıxışlar vacibdir.
– Şairlərin ideologiya daşıyıcısı olmasına necə baxırsınız?
– Şairin ideologiya daşıyıcısı olmasına pis baxıram. Yenə deyirəm şair azad olmalıdır. Mən özüm də sovet dönəmində yaşamışam. O dövrdə siz dediyiniz kimi sovet təbliğatı güclü idi. Partiyaya, Leninə həsr edilən yazılar çox yazılırdı. Mən heç vaxt belələrini yazmamışam. Yaza bilməmişəm. Mən təbiətdən, torpaqdan yazmışam həmişə. Amma mənə “sən bunu yazmalısan” deyən də olmayıb. Şair insan mənəviyyatına uyğun yazıb yaratmalıdır.
– Bəs, siz soyqırımı həiqətlərini daha geniş auditoriyaya çatdırmaq üçün hansı dəyişklikləri etməyi təklif edirsiniz?
– Təəssüf ki, biz təbliğat işində çox ləngiyirik. Bu, ədəbiyyatda özünü daha çox göstərir. Mən həmişə deyirəm ki, bayrağı insanın ürəyindən qaldırmaq lazımdır. Hər vətəndaş vətən bayrağını ürəyindən qaldırsa biz çox şeyə nail olarıq. Mənim bir dənə BMT şeirim var. Ancaq sizi inandırım ki, Qarabağ məsələsi BMT-nin işi deyil. Bu təbliğat, həqiqəti çatdırmaq elə bir məsələdir ki, biz burada bir olmayıq, bir istiqamətdə çalışmalıyıq.
Aynur Hüseynova
1905.az