Mayın 21-22-də Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş V Bədii Qiraət Müsabiqəsinin final turu keçirildi. Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 2011-ci ildən keçirilən bu müsabiqə artıq rayonun mədəni həyatında özünə möhkəm yer tutub. Şamaxıdakı təhsil müəssisələrinin şagird və tələbələri arasında keçirilən müsabiqəyə həmişəki kimi maraq böyük idi.
Əsas məqsədi M.Ə.Sabir irsini populyarlaşdırmaq, tələbə və şagirdlər arasında onun yaradıcılığına marağı artırmaq, yaradıcı xüsusiyyətlərə və müəllifin bədii fikrini çatdırmaq qabiliyyətinə malik istedadları aşkar etməkdən ibarət olan müsabiqənin final mərhələsində bu il 200-dək uşaq iştirak edirdi. Bədii qiraətin öz xüsusiyyətləri, öz sirri var. Burada əsas məsələ maksimum obraza daxil olmaqdan, müəllifin dünyagörüşünə nüfuz etməkdən, onun nə demək istədiyini anlamaqdan ibarətdir. Buna görə də bədii qiraət tələbə və məktəblilərə yalnız şeir söyləmək deyil, həm də aktyorluq məharətini üzə çıxarmaq imkanı verir.
Görkəmli şairimiz Musa Yaqubun rəhbərlik etdiyi münsiflər heyəti iştirakçıları mətn seçimi, əruz vəzninə bələd olmaq, sözlərin düzgün tələffüz edilməsi, mətnin obraz və məna çalarına dərindən nüfuz etmə, artistizm və iştirakçının səhnə mədəniyyəti meyarları ilə qiymətləndirirdi. Müsabiqə iştirakçılarının hamısı həyəcanlarının öhdəsindən gələ bilməsələr də, bir çoxları yaxşı cəhətdən münsifləri təəccübləndirə və yaradıcılıq xüsusiyyətlərini tam həcmdə aça bildilər.
Seçilmiş şeirlərin mətnləri rəngarəng idi: iştirakçılar həm müxtəlif mövzulu satirik şeirlərə, həm də böyük şairin səmimi lirikasına müraciət etmişdilər. Qəhrəmanların obrazına girmiş iştirakçıların qrimi, mimikaları, şeir söyləmə tərzləri dinləyiciləri xeyli əyləndirdi.
Bir fikri də qeyd etməyə bilmərəm. Sabir vətəndaş şairdir. O, ictimai-mədəni, sosial-siyasi həyatda baş verən proseslərə münasibət bildirir, vətəndaş mövqeyini ifadə etməkdən çəkinmirdi. 1905-ci ildə çarizmin fitvası və “Daşnaksütyun” partiyasının təşkilatçılığı ilə ermənilərin köçürüldükləri əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı ərazi iddiaları ilə fitnəkarlıqlar, milli qırğın törətmələri ilə də bağlı şeirləri var.
Mayın 22-də Şamaxı şəhər mədəniyyət sarayında keçirilən müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində Şamaxının millət vəkili Elxan Süleymanov, rayon icra hakimiyyətinin məsul işçiləri, eləcə də ictimaiyyətin nümayəndələri, müəllimlər və məktəblilər iştirak edirdilər. Müsabiqənin şərtlərinə uyğun olaraq 1 nəfər I yerə, 2 nəfər II yerə, 3 nəfər III yerə və 5 nəfəs həvəsləndirici yerə layiq görüldü. İlk dəfə olaraq I sinif şagirdləri də müsabiqədə iştirak etdilər və onlardan ikisi həvəsləndirici mükafatlar qazandılar. Müsabiqə qaliblərinə pul mükafatları və diplomlar təqdim olundu. Onlara ilboyunca millət vəkili E.Süleymanovun təsis etdiyi “Sabir təqaüdü” veriləcək. Qeyd edək ki, indiyə kimi 36 tələbə və məktəbliyə “Sabir təqaüdü” verilir.
Bütövlükdə M.Ə.Sabir yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi Şamaxı gəncləri üçün yaradıcı istedadlarını açmaq üçün böyük şansdır. Və təcrübə göstərir ki, onlar bu şansdan yararlanmaq üçün maksimum çalışırlar.
Gündüz Nəsibov
1905.az