1905.az portalının “Körpü” rubrikasının qonağı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovdur.
– Müşfiq müəllim, necə oldu Gəncə Avropanın Gənclər Şəhəri seçildi?
– 2012-ci ildə Gəncə Azərbaycanın Gənclər Paytaxtı seçilmişdi. O vaxt belə bir nominasiya var idi. Bu nominasiya Gənclər və İdman Nazirliyi tərəfindən irəli sürülmüşdü. Həmin nominasiya bizə 2016-cı ildə Avropa Gənclər Şəhəri nominasiyasına namizədliyimizi irəli sürməyə bir növ imkan, stimul yaratdı.
Bildiyiniz kimi Avropa Gənclər Şəhəri kimi nominasiyalarda ən azı 15-20 şəhər öz namizdəliyini irəli sürür. Biz 6 şəhərlə finala qaldıq və qalib seçildik. 2015-2016-cı illərdə biz 50-yə yaxın layihə həyata keçirməliyik. Bura həm yerli, həm də beynəlxalq layihələr daxildir.
5 prioritet sahə nəzərdə tutulub: 1) Gənclərin məşğulluğu 2) Könüllülük 3) Təhsil 4) Gənclərin fəal iştirakı 5) Sosial rifah
Dediyim 50 layihə sadalan 5 mövzunu əhatə edir. Bununla yanaşı 25 beynəlxalq layihənin həyata keçirilməsi planlaşdırılıb. Beynəlxalq layihələrdə digər Avropa gənclər şəhəri paytaxtları da iştirak edəcək. Eyni zamanda bizim də digər Avropa şəhərlərinə səfərlərimiz gözlənilir. Hazırda Kluj Napoka şəhəri Avropanın gənclər paytaxtıdır. Gənclər şəhərləri arasındakı əlaqələr isə bizə təcrübələri paylaşmağa imkan yaradır.
– 2016-cı ildə Gəncə Avropanın Gənclər Paytaxtı olacaq. Sizcə bu orta statistik Gəncə gəncinə nə qazandıracaq?
– Əsas məqsədimiz yerli gənclərin fəal olması, onların ictimai işlərdə yaxından iştirakını təmin etməkdir. Təbii ki, beynəlxalq layihə olduğu üçün burada Avropa təcrübəsini öyrənmək çox önəmlidir. Əsas məqsəd gəncləri ictimai işlərdə fəal iştiraka və könüllülüyə cəlb etməkdir. Bununla onlar həm şəbəkələşə biləcəklrə, həm də Avropa gənclərinə inteqrasiya olmaq şansı qazanacaqlar. Təcrübələrini bölüşəcək və ictimai işlərdə fəal olacaqlar.
– Gəncənin Avropa Gənclər paytaxtı elan edilməsinin Qarabağ həqiqətlərini dünyaya çatdırılmasında hans; rolu oynaya bilər?
– Təbii ki, əsas məqsədlərdən biri də Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır. Gələn qonaqlara xüsusi disklər, kitabçaların verilməsi ilə bağlı biz Gənclər və İdman Nazirliyi ilə ilkin danışıqlar aparımışıq. Ən azı bura gələn gənclər bizim həqiqətlərimiz barədə məlumatlı olmalı, reallığı bilməlidirlər. Düşünürəm ki, Gəncənin Avropa Gənclər şəhəri seçilməsi isə Avropadan gələn qonaqlara Qarabağ həqiqətlərini çatdırmaq üçün gözəl imkandır.
– Minnətdarıq sizə, Müşfiq müəllim. Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycanımızın uğurudur. Düşərli olsun!
– Çox sağ olun!
Fuad Babayev, Aynur Hüseynova
1905.az