Azərbaycan Xalq Çalğı alətləri üzrə alim Abbasqulu Nəcəfzadə, etnik musiqi üzrə mütəxəssis Fəttah Xalıqzadə, musiqişünas Zümrüd Dadaşzadə, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov və Xəzər TV-də yayımlanan “Ləziz dad” verilişinin aparıcısı Ağakərim Şamidzadə ilə müzakirə etdik.
Fuad Babayev: Xoş gəlmisiniz!
Bilirik ki, zaman-zaman ermənilər bizim həm musiqimizi, həm də mətbəximizi özününküləşdirməyə çalışıblar. Xoşbəxtlikdən Azərbaycanın mədəni irsini qorumaq və dünyada tanıtmaq üçün Heydər Əliyev Fondu, bu mötəbər təsisatın prezidenti Mehriban xanım Əliyeva çox böyük işlər görür. Uğurlar göz önündədir.
On illər bundan əvvəl “Mimino” filmində dolmamız erməni mətbəxinin nümunəsi kimi qələmə verildi, “Sarı gəlin”dən bu yana isə musiqimizi oğurlamağa cəhdlər edilib. Vəziyyət nə qədər ciddidir?
Tahir Əmiraslanov: Demək olar ki, bütün mətbəximiz təcavüzə uğrayıb. Türkiyədə aparılan araşdırmaya görə ermənilərin ən çox qabartdığı məsələ bunlardır:
– Soyqırım
– Mətbəx
– Ağrı dağı məsələsi
Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mən təbliğatı necə aparmağı yaxşı bilirəm. Həmişə erməni olan tədbirdə çıxış edəndə əvvəlcə ən zəif arqumenti səsləndirirəm ki, sual olanda ən güclüsünü deyib, opponentimi susdura bilim. Ermənilərin o qədər saxta “arqument”i var ki…
Ermənilər son illər lavaşı özününküləşdirirlər. Və bu haqda YUNESCO-ya da müraciət ediblər. Biz də müraciət etmişik və bunun qarşısını almağa çalışırıq. Bir məsələni qeyd etmək istəyirəm. Közdə bişən aşa közləmə, küldə bişən aşa külləmə aş deyirik. Alova dəyərək bişən yeməyimiz isə lavaşdır. Alov aş. Bəzi türkoloqların fikrincə isə L hərfi ilə başlayan sözlər milli deyil. Lavaş kimi. Ancaq mütəxəssislərimiz təkcə elmə yox, həm xalqın həyat tərzinə, məişətinə nəzər salmağı öyrənməldirlər. Dil xalqla birbaşa bağlıdır. Dildə hərf düşmələri çox olur. Məsələn, həmişə stəkan sözünə istəkan deyilib, alov aş sözü isə zamanla dəyişib lavaş olub. Doqmaları aşmaq lazımdır. Biz ermənilərin yazdığı araşdırmalardan istifadə etməkdənsə özümüz ona şübhə edirik. Ağsuda 18-ci əsrə aid maqqaş tapılıb. Şəkərburanı bəzəmək üçün istifadə edilən bəzək aləti. Deməli, hələ 18-ci əsrdən şəkərburamız olub. Mən araşdırdım və məlum oldu ki, hətta Şah İsmayılın aşpazının kitabında 1521-ci ildə “şəkərburanı maqqaşla bəzə” sözü yazılıb. Deməli bu alətin, şirniyyatın uzun bir tarixcəsi var. Nizami Gəncəvi də öz əsərlərində şəkər parənin adını çəkib. Bu sübutlar hər yerdə deyilməlidir. Bizim tariximiz, faktlarımız çoxdur. Jurnalistlərimiz, bloggerlərimiz erməni söyüş söyəndə ona söyüşlə cavab verməyə çalışırlar. Amma bu zəiflikdir. Bizim yerli kulinariya, mətbəx verilişləri mətbəximizə çox böyük ziyan vurur. Hətta prezident də çıxışında buna toxunub.
Fuad Babayev: Bəs, musiqimizdə vəziyyət necədir?
Fəttah Xalıqzadə: Musiqidə də vəziyyət eynidir. Bu gün güclü təbliğat qarşısında cavab vermək, qarşı tərəfi zərərsizləşdirmək çətindir. Ancaq Tahir müəllim çox gözəl qeyd etdi ki, təbliğata araşdırmalardan- arxeologiyadan, dilçilikdən başlamaq lazımdır. Son əsrlərin musiqi mədəniyyətinə nəzər salanda görürük ki, ermənilər həmişə milli musiqimizə maraq göstərib. Üzeyir Hacıbəyov demişdi ki, Qafqazda ən zəngin musiqisi olan xalq Azərbaycan xalqıdır. O bu sözü SSRİ dövründə cəsarətlə demişdi. Bilirsiniz ki, sovet dönəmində bu sözü bu qədər açıq formada demək o qədər də asan deyildi. Bizim musiqimiz erməni musiqisinə təsir göstərib. Amma təbliğata gələndə biz təəssüf ki, uduzuruq.
Zümrüd Dadaşzadə: Moskvada hazırda bir beynəlxalq müsabiqə keçirilir. Müsabiqənin əsas mahnılarından biri “O olmasın bu olsun” filmində olan musiqimizdir. Hər halda dəyər verilməsə belə böyük tədbirlərdə musiqimiz səslənməzdi. 2003-cü ildə biz Vilnusdə musiqi mövzusunda bir dəyirmi masada iştirak edirdik. Orada nümayəndə heyətimiz çox düzgün seçilmişdi. Bizdə bir oğlan var idi. Qədim erməni dilini çox yaxşı bilirdi. İlk çıxışında dedi ki, erməni dilini bilir, arxivləri araşdıran adamdır. Siz tərəfdən diskussiyaya girə biləcək adam varsa buyursun. Ona görə dəyirmi masa boyu tarixi məqamlara toxunulmadı. Çünki savadlı nümayəndəmiz var idi. Arqument gətirə bilməyəcəklərindən qorxmuşdular.
Orada milliyyətcə erməni olan latış musiqiçisindən gözlənilmədən mənə zərbə gəldi. O çıxışında Xaçaturyandan danışmağa başladı və bizi qınadı ki, bəstəkarın yubileyidir, ancaq siz ümumiyyətlə bu barədə heç nə demirsiniz, yubileyini qeyd etmirsiniz. Dedi ki, Xaçaturyan bütün azərbaycanlı bəstəkarların müəllimi olub. Mən də təsadüfən Üzeyir Hacıbəyov haqqında bir kitabı özümlə aparmışdım. Çıxışımda söylədim ki, bütün Azərbaycan bəstəkarları Xaçaturyanın yaradıcılığına yüksək qiymət verib və verir. Biz bunu danmırıq. Amma əlimdəki kitabda da Xaçaturyan özü yazır ki, Üzeyir bəyə minnətdaram. O yaradıcılıq yolumda mənə çox dəstək olub. Bu arqumentimlə latış musiqiçisinin sözü ordaca bağlandı. Yəni biz çalışmalıyıq ki, mübahisə etməyək,ortaya faktlar qoyaq. Əsəbləşmək, özündən çıxmaqla heç nəyə nail olmaq olmur. 2003-cü ildə orada ekspert kimi iştirak edən insanların ümumiyyətlə Qarabağ haqqında anlayışları belə yox idi. Hələ də onların hansı məqsədlə tədbirə dəvət edildiyini bilmirəm.
Təbliğatımız zəifdir. Doğrudur, bu istiqamətdə olan işləri danmaq olmaz. Yaxşı işlər görülür. Fəttah müəllimin sözünə qüvvət, musuqişünaslıqda təbliğat və tədqiqatı daha yüksək səviyyədə tədqim etmək lazımdır. Erməni mənbələrini öyrənməliyik və müqayisəli təhlil aparmalıyıq.
Fuad Babayev: Belə demək mümkündürmü ki, biz təbliğata səthi yanaşırıq. Arqumentləri axtarıb tapmağa bəlkə də tənbəllik edirik…
Zümrüd Dadaşzadə: Bəli, tamamilə doğrudur. Səthi münasibət var. İndiki dövrdə nəyisə sübut etmək çox çətindir. Mən tədbirlərdə olanda bəzən deyirlər ki, əgər kimsə sizin musiqidən istifadə edirsə burda pis heç nə yoxdur. Siz çox həyəcan keçirirsiniz buna görə. Mən izah etməyə çalışıram ki, istifadə etmək pis deyil, ancaq müəllif hüquqlarını qeyd etsinlər, özününküləşdirməsinlər. Məsələn, Qalalı mahnısı Love song kimi təqdim edilsə də Azərbaycan xalq mahnısı oluğu qeyd edilir. Bu çox yaxşıdır.
Bizdə tədqiqat sahəsində çox böyük boşluq var. Bunu araşdırmaq üçün isə maliyyə lazımdır. Mən bir müddət İranda yaşamışam. Orada türk xalqlarının musiqisi ilə bağlı çox maraqlı məlumatlar var. Biz onları zamanla itirə bilərik. Vaxtında izinə düşməliyik.
Ancaq indi illər öncə həyəcanlandığım kimi narahatlıq hissi keçirmirəm. Çünki bu gün bütün dünyada muğam, tar səslənir. Dünyanın ən böyük konsert saraylarında konsertlərimiz, mədəniyyət günlərimiz təşkil edilir. Vəziyyət o qədər də ümidsiz deyil. Bizdə müqayisəli musiqişünaslıq inkişaf etdirilməlidir.
Tahir Əmiraslanov: Biz özümüzə hədəf müəyyən etməliyik. Kulinariya ilə bağlı heç bir elmi tədbirə Ermənistan dəvət edilmir. Bu müstəvidə artıq uğura nail olmuşuq. Dünyada 2 böyük kulinariya təşkilatının birinə mən sədrlik edirəm. YUNESCO-nun nəzdində olana. Digərində isə mən prezidentləri dəyişdirmək səlahiyyətinə malikəm. Bu gücə çatmaq lazımdır. Biz artıq buna çatmışıq.
Bir dəfə Ermənistan Elmlər Akademiyası nümayəndəsini dəvət etdim və təklif etdim ki, məhkəmə təşkil edilsin. Onlar bir tərəfdə, biz də bir tərəfdə əyləşək və qərar verilsin ki, məsələn, dolma kimindir. Çünki onların mətbəximizi necə özünüküləşdirmə tarixini bilirəm. Arqumentim var idi. Türkiyədə 1871-ci ildən 1926-cı il kimi türk dilində erməni əlifbası kulinariya kitabları çıxıb. O kitabların içərisində erməni mətbəxinə aid heç nə yoxdur. 1931-ci ildə isə 15 erməninin yazısı ilə İstanbulda kulinariya kitabı nəşr edilib. 800 səhifədən ibarət. 700 dəsturdan heç biri erməni mətbəxinə aid deyil. 1930-cu ildə Mesropyan Azərbaycanda erməni məktəbini öyrətməyə başlayır. Bu kitab 1940-cı ildə çıxır. 40 Azərbaycan xörəyinin dəsturu ilə. Həmin kitabda 1959-cu ildə Ermənistan Nazirlər Kabinetinin göstərişi ilə 200-ə yaxın yeməyimiz müzakirəyə qoyulur. Və 1960-cı ildə Ermənistan milli yeməklərindən bəhs edən kitaba daxil edilir. 1985-ci ildə o kitab təkrar nəşr edilir və bütün yeməklər erməni yeməyi kimi təqdim edilir. Belə arqumentləri ortaya qoyanda biz qalib gələ bilirik. Ona görə çalışmalıyıq ki, faktlara əsalanıb səsimizi qaldıraq.
Dünya Xalq Yaradıcılıq Təşkilatında idarə heyətinin üzvüyəm. 2010-cu ildə 54 ölkənin iştirakı ilə təşkilatın 35 illik yubileyi qeyd edilirdi. Azərbaycandan 11 məruzə var idi. Mənim məruzəm “Azərbaycan mətbəxi və Azərbaycan musiqisi” idi. Biz göstərdik ki, muğam bizimdir. Muğam səslənəndə ət yox, şirniyyat yeyilməlidir. Mən mütəxəssis kimi musiqini elə verə bilərəm ki, o daha şirin dadsın və ya əksinə. Saz olanda ət yeməlisən. Koroğlu əlinə tar, kamança çala bilməzdi.
Abbasqulu Nəcəfazadə: Biz həmişə eşidirik ki, konfrans var, tədbir var, amma təyyarə biletini özün almalısan. Mən bizim ölkəmizdə musiqi alətşünaslığı ilə məşğul olan yeganə adamam. Həm praktiki, həm nəzəri. Evimdə 80-nə yaxın çalğı aləti var. Hamısının da dilini bilirəm. Çıxış etdiyim hər yerdə də həm də onları ifa edirəm.
Dilimizə çoxlu ərəb-fars sözləri daxil olub, bilirsiniz. Bunlar həm də muğama nüfuz edib. Bayatı ilə başlayan bütün muğamlar bizimdir. Çoban bayatı, bayatı əcəm, bayatı İsfahan, bayatı türk və s.
Fuad Babayev: Ermənilərin həm də musiqi alətlərimizi özününkülşdirmə cəhdləri olubmu?
Abbasqulu Nəcəfzadə: Bəli. 1986-cı ildə İrəvanda Gənclərin Birinci Zaqafqaziya müsabiqəsində iştirak etdim. Azərbaycandan tək ifaçı idim. Gəncədən isə xor gəlmişdi. Mənim silahim alətləri həm nəzəri, həm praktiki bilməyindədir. Orada 7-8 alətdə popurri ifa etdim. Birinci yerə layiq görüldüm. Fərqli alətlərdə ifa etdiyimə görə. Hətta ifama şübhə edənlər vardı, inanmırdılar. Çünki bir neçə fərqli alətdə ifa etmək münsiflərə real görünmürdü. Ziyafət zamanı münsiflərdən biri dedi ki, azərbaycanlı balası bizim qədim alətimizdə gözəl ifa etdi. Erməni idi. Yəni onlar hələ 86-cı ildən alətlərimizi özününküləşdirirlər. Dedim hansı alət sizindir? Dedi, məsələn, duduk. Dedim birincisi adı balabandır, duduk deyil. Nəylə sübut edə bilərsiniz ki sizindir? Sübutu olmadığını dedi. Sübut etdim ki, duduk sözü əslində düdükdür. Tütəyin prototipidir. Onun köməyi ilə qədimdən ovçular ov zamanı quş səsləri çıxarıb. Bu yamsılma alətidir həm də. Düdük sözünün etimologiyası buradan gəlir. “Kitabi Dədə Qorqud”da da o bu anlamda verilib. Qətran Təbirizi bir neçə əsərində balaban alətinin adını çəkir. Balaban da bizimdir.
Ədəbi mənbələr sübut edir ki, rübabın qoşqar növü çox qədimdir. Yeganə qoşqar rübabında buynuz çıxıntıları var. Qoç buynuzu isə bilirsiniz ki, bizim qədim simvollarımızdandır. Buynuzlu ağac mənasına gəlir. Bu onu sübut edir ki, ən qədim rübablardan biri elə qoşqar rübabıdır. Daşkəsən rayonunda Qoşqar adlı dağ və çayımız var axır. Uyğurların yaşadığı ərazilərdə də Kaşkar adlı dağ və çay var. Bu qədər təsadüf ola bilməz. Yəni onlar buradan gedib orada məskunlaşıblar. Və məskunlaşdığı yeri seçəndə toponimlərdən istifadə ediblər. Mən buna təsadüf kimi baxmıram. Belə təsadüf ola bilməz.
Ağakərim Şamidzadə: Məni də bu dəyirmi masaya dəvət etdiyiniz üçün minnətdaram. İctimaiyyət içində olan insan kimi deyə bilərəm ki, bizim xanımlar nədənsə mətbəxdə milli sözlərdən istifadəyə meyilli deyillər. Məsələn, resept sözünün bizim dildə qarşılığı dəstur və ya düstürdür. Nüsxə də deyirlər. Həmişə öz verilişimdə də bu cür səsləndirirəm. Bir dəfə sosial şəbəkədə bir junalistlə bu haqda söhbətimiz oldu. Onun sözünə görə dəstur tibbi alət adıdır. Şəki-Zaqatala zonasında bu söz tibb alətinin adı kimi istifadə edilib. Ancaq bu o demək deyil ki, mətbəxin düsturu demək yalnışdır. Fars dilindən dilimizə keçən sözdür. Yəni yeməyin düstürü.
Yeməklərin adında da yalnışlıqlara yol verilir. Kiyevdə təhsil alıram, ona görə daha çox orada müşahidə etmişəm. Bizim yeməklərimizin adlarını tərcümə edib təqdim edirlər. Məsələn, sulu xəngəlin adını “mokriy xıngal” kimi yazıldığını görmüşəm. Bu düzgün deyil. Bu cür təqdimatda nə tərcümə, nə də təsvir düzgündür.
Tahir Əmiraslanov: Qələbə qazanmağın üsulları var. Bu günlərdə Moldovada kitabımın təqdimatı olacaq. Orada həm də 4 restoranda bir həftə ərzində Azərbaycan mətbəxi günləri təşkil edəcəyik. Mən təklif etdim ki, qarabağlı aşpazlarımız da getsin. Mətbəximizi təqdim etsinlər. Çünki mən qarabağlı deyiləm. Mən o yeməyi onlar kimi hazırlaya bilmərəm. Ancaq qarabağlı aşpaz onu o cür dadlı hazırlaya bilər. Ancaq gedən olmadı. Bizi heç kim tədbirə dəvət etməyəcək. Gərək özümüz irəli getməyi bacaraq. Məncə alimin dünyaya çıxa bilməməsi onun öz günahıdır həm də. Çünki heç kim bizi irəli aparmayacaq.
Fuad Babayev: İndi isə təkliflərinizi dinləyək.
Tahir Əmiraslanov: Heydər Əliyev 1994-cü ildə Dünya Kulinariya Konqresinə məktub göndərmişdi. O məktubun çox böyük effekti olmuşdu. Məktubu mən aparmışdım. 1998-ci ildə Azərbaycanda Gənclər Proqramı çərçivəsində kulinariya olimpiadaların keçirilməsi tapşırığı verilmişdi. Heydər Əliyevin sərəncamında mətbəxlə bağlı iki sətir yer alıb. Dövlət və özəl sektorun köməyi ilə xaricdə Azərbaycan restoranlar şəbəkəsinin yaradılması, milli yeməklərimizin öyrənilməsi və Bakıda tətbiqi. Tarixi irs kimi onu mədəniyyət qanununa saldıq. Hazırda parlamentdə, mədəniyyət bölməsində kulinariya haqqında ayrıca qanun da ilk oxunuşdan keçdi. Heydər Əliyevin xaricdə restoranlar şəbəkəsinin yaradılması ideyası möhtəşəm ideya idi. Bununla həm mətbəximiz inkişaf edəcək, həm irsimiz qorunacaq və tanınacaq. Məncə biznesmenlərimiz bu sahəyə diqqətli olmalıdırlar. Biznesi belə sahələrə yönəldən insanlara tolerant yanaşmaq lazımdır. Jurnalistlər bundan şou düzəltməyə meylli olmalı deyillər.
Hazırda Rusiyanın bütün satış mərkəzlərində düşbərəninin satışına nail ola bilmişik. Biz həm də bu yolla mətbəximizi dünyaya yaya bilərik. Ermənilər satışda belə “erməni paxlavası” yazırlar, biz isə sadəcə paxlava. Olmazmı ki, biz də Azərbaycan paxlavası, Gəncə paxlavası sözlərini yazaq? Belə xırda məsələlər də diqqətli olmalıyıq.
Zümrüd Dadaşzadə: Əgər biz olan faktlarımızı qoruya və onu tanıda bilsək çox şeyə nail ola bilərik. Milli Konservatoriya nə üçün yarandı? Milli və etnik musiqini qorumaq məqsədi ilə. Bizdə hər ay 2 nəfər dissertasiya müdafiə edir. Bir ilə 24 nəfər alim düşür. Bəs, hardadı o alimlər? Niyə mübarizəyə qalxmırlar? Doktor adı verəndə də diqqətli olmaq lazımdır ki, sonra xaricdə adımızı batırmasınlar. Məsələn, Kazan şəhərində ifaçının elmi iş müdafiə etməsi qadağan edilib. Bu yalançı elmi adlar elmin səviyyəsini aşağı salıb. Mövzular spontan seçiməməlidir. Bir də bizdə elektron resurslar inkişaf etdirilməlidir. Tariyel Məmmədovun rəhbərliyi altında “Musiqi dünyası” jurnalı, fərqli-fərqli saytların yaradılıması, etnik musiqi incilərinin toplanması çox tədqirəlayiq haldır. Onların bu sahədə işləri danılmazdır. Bəzən qeyri-ciddi qəbul edilsə də biz həm də vikipediyaya diqqətli olmalıq. Ora məqalələr yerləşdirilməlidir, səhv məlumatları redaktə etməliyik. Elektron resurlara nəzarət artırılmalıdır.
Fəttah Xalıqzadə: Bu söhbət bizim gələcək fəaliyyətimizə mütləq təkan verəcək. Buna əminəm. Ələxsus, kulinariya və musiqi mövzusunun eyni dəyirmi masada müzakirəsi çox yerinə düşdü.
Zümrüd Dadaşzadə: Fəttah müəllimin sözünə qüvvət. Yadımdadır bir dəfə muğam və aşıq sənəti mövzularının müzakirə edildiyi bir tədbirdə idim. Həmin tədbirdən sonra sırf aşıq sənətinə diqqətim, bu sahədə bilgilərim artmışdı.
Fəttah Xalıqzadə: Təbliğatın əsasında araşdırma dayanmalıdır zənnimcə. Azərbaycan elmini dünya elminə inteqrasiya etmək çox vacib məsələlərdən biridir. Dünyaca məşhur musiqi tədbirlərində, konfranslarda iştirak edib musiqimizi təbliğ etməliyik. Ancaq bu ümummilli problemdir, tək musiqişünasların yox.
Abbasqulu Nəcəfzadə: Belə gözəl tədbirə dəvət etdiyiniz üçün minnətdaram. Vəziyyətdən çıxış yoluna gəldikdə əsas problemimiz məncə kadrların öz yerində olmamasıdır. Hər kəs öz yerində olsa daha böyük nailiyyətlər əldə edərik.
Ağakərim Şamidzadə: Təbliğatı düzgün şəkildə aparmaq lazımdır. Təbii ki, bu mənada əsas yük mətbuat işiçilərinin üzərinə düşür. Sosial şəbəkələrdə aktiv olmaq lazımdır. Saytlarda bəzən çox sadə yeməklərimizin belə dəsturu yanlış verilir. Bir xanım evdə pomidor-yumurta bişirir, ona əlavə bir inqridiyenti əlavə edir və sayt bunu dəstur kimi təqdim edir. Bu düzgün deyil. Hər yeməyin öz dəsturu var. Ona görə jurnalistlərimiz bu cür yalnış məlumatları yaymağa meyilli olmalı deyillər.
Fuad Babayev: Dəvətimizi qəbul edib, müzakirədə iştirak etdiyiniz üçün hər birinizə minnətdarıq. Uğurlar!
Hazırladı: Aynur Hüseynova
1905.az
20 noyabr 2014-cü il