Bakının Binəqədi rayonunun Məhəmmədəmin Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, mənzil 10…
O, axırıncı dəfə bu ünvanı ötən il mayın axırlarında tərk edib. Ömür-gün yoldaşı Baharın, bir cüt gül balası – 7 yaşlı Uğurla, 5 yaşlı Toğrulla sağollaşaraq növbəti dəfə ezam olunduğu bölgəyə yola düşüb.
Gedib və bir daha qayıtmayıb.
Daha doğrusu, əlində mikrofon, cibində qələm evdən çıxıb, qayıdanda üçrəngli bayrağa bükülərək gəlib.
O, bu evin, bu mənzilin, bu küçənin sakini idi.
…İndi təkcə bu ev deyil, bütün küçə onun adını daşıyır.
Bakı Şəhər İcra Hakimiyyəti ötən il dekabrın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adının verilməsi barədə qərar qəbul edib.
Bu gün Məhərrəm İbrahimovun 40 yaşı tamam olur. 40 il əvvəl Göyçə mahalında Çəmbərək rayonunun Ardanış kəndində anadan olan və 7 yaşında taleyinə qaçqınlıq yazılan Məhərrəmin…
Amma o, həmişə 39 yaşda qalacaq. Keçən il 7 yaşı olan Uğurun indi 8, 5 yaşı olan Toğrulun isə 6 yaşı olacaq, Məhərrəm özü isə həmişə bu yaşda qalacaq.
Ötən il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan televiziyasının operatoru Sirac Abışov tank əleyhinə minanın partlaması nəticəsində həlak oldular. Əgər bu faciə baş verməsəydi, Məhərrəm yubiley yaşını ailə üzvləri, doğmaları, dostları, həmkarları ilə birlikdə qeyd edəcəkdi…
Məhərrəm Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki 100 nömrəli orta məktəbi bitirmişdi. Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsində təhsil alandan sonra 17 ilə yaxın AZƏRTAC-da çalışdı. Ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyətini işıqlandırır, eləcə də qaynar nöqtələrdən ən operativ xəbərləri çatdırırdı. Hərbi jurnalist kimi üzərinə düşəni lazımınca yerinə yetirirdi. Dəfələrlə ilin ən yaxşı əməkdaşı adına layiq görülmüşdü. Eləcə də “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalları ilə təltif olunmuşdu.
Bir ordeni isə şəhid olandan sonra aldı – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini…
…İllər keçəcək, Məhərrəm İbrahimov küçəsi ilə addımlayan uşaqlar atalarından onun kim olduğunu soruşacaqlar. Onda Məhərrəmin keçdiyi həyat yolu, yarıda qırılan ömrü, 2021-ci ilin yayında baş vermiş faciəli hadisə bir daha xatırlanacaq. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan müxbirin həyat hekayəsi beləcə gələcək nəsillərin yaddaşına yazılacaq…