Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ- ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayılabiləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub.
Təxminən 20 il bundan əvvəl, 1993-cü ilin yayında ABŞ-ın “Foreign Policy” jurnalında məşhur Semuel Hantinqtonun “Sivilizasiyaların toqquşması?” məqaləsi dərc edildi. Oxucular müəllifin eyni adlı kitabı ilə 1996-cı ildə tanış olmaq imkanı qazandılar. O zaman Hantinqtonun 69 yaşı vardı.
İndi Fukuyamanın 60 yaşı var. Hantinqton 4 il bundan əvvəl 81 yaşında vəfat edib.
İstərsə tarixin sonunun gəlib çatması, istərsə də sivilizasiyaların münaqişələrə məhkum edilmələri haqda nəzəriyyələr son 20 il ərzində lazım ola biləcəyindən də çox müzakirə olunub. Və deyəsən nəzəriyyələrin heç biri özünü doğrultmayıb.
SSRİ-nin dağılması ilə tarixin sonu yetişmədi. Kommunizmin məğlubiyyəti liberal-demokratik dəyərlərin qəti qələbəsi sayıla bilməz. Elə deyilmi?
Sivilizasiyaların toqquşması ilə bağlı mülahizələr indi də məntiqə uyğun səslənir. Amma tutaq ki, qanın su yerinə axdığı Suriyada toqquşan tərəflər müxtəlif sivilizasiyaları təmsil etmirlər axı? Olmaya orada da, başqa yerlərdə olduğu kimi “seyid Əhmədin əli”ndən istifadə edilir?
Bu sualları cavablandırmaq da, hazırda baş verənləri Fukuyamanın, ya da Hantinqtonun nəzəriyyələrinə uyğunlaşdırmaq da çətindir. Heç bununla məşğul olmağa da dəyməz. Görünür, bu gün baş verənləri – güclənən Çini, Amerikanın liderliyi ilə barışmaq istəməyən Rusiyanı, Latın Amerikasında çeşidli müqavimət hərəkatlarını, Əfqanıstan və İraqda şübhə doğurmayan uğursuzluqları, qlobal maliyyə böhranını, dolların beynəlxalq ehtiyat valyuta kimi zəifləməsini və daha nələri izah edən nəzəriyyələr hələ bundan sonra hazırlanacaq.
Politoloqları tələsdirməyə dəyməz.
Axı onlar adətən politoloq olmayanlar qədər məlumatlı olurlar.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 36-37)