Azərbaycan xalqının səbri tükənməz deyil. Dağlıq Qarabağ münaqişəsinin təşkilatçıları reallıqları dərk etməlidirlər və bilməlidir ki, Azərbaycan xalqı mövcud durumla heç vaxt barışmayacaq. Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan yararlanacaq.
APA-nın məlumatına görə, bunu Bakıda MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında Azərbaycan müdafiə nazirinin I müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov deyib.
Azərbaycanın hərbi büdcəsinin ilbəil artdığını və bu tendensiyanın davam edəcəyini söyləyən N.Sadıkov bununla yanaşı ölkəmizin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.
“Hesab edirik ki, problemin dinc yolu ilə nizamlanması üçün şanslar və ümidlər qalmaqdadır. Ermənistanın təcavüzkar qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tabe olmalı və Azərbaycan ərazilərini tərk etməlidir. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. İkili standartlara yer verilməməlidir və heç kim müstəsna hüquqa malik olmamalıdır”, – deyə o vurğulayıb.
N.Sadıkov qeyd edib ki, beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi Ermənistanın uzun müddət ərzində təcavüzü davam etdirmək üçün şərait yaradır.
“Bu gün Ermənistanın yürütdüyü siyasət onu bölgədəki bütün iqtisadi layihələrdən təcrid edib. Ermənistan digərlər ölkələrdən daha çox qazana bilərdi”, – deyə o bildirib.
N.Sadıkov həmçinin qeyd edib ki, Azərbaycan MDB-dəki fəaliyyətinə böyük önəm verir.