Politoloq Nəzakət Məmmədova ilə Trampın Qüds ssenarisini müzakirə etdik.
– Nəzakət xanım, bildiyimiz kimi dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas, İordaniya Kralı II Abdullah, İran Prezidenti Həsən Ruhaninin də qatıldığı sammitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, ABŞ Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarına Ağ ev yenidən baxmalıdır. Sizin bu sammit barədə fikrinizi öyrənmək istərdik.
– Bəli, Türkiyənin hazırda sədrlik etdiyi İslam Əməkdaşlıq Təşkilatı elə bu ölkənin çağırışı ilə toplandı və İstanbul sammitində çox mühüm qərarlar qəbul olundu. İslam Əməkdaşlıq Təşkilatı BMT-dən sonra dünyada ən nüfuzlu təşkilatlardan biri sayılır, üzv ölkələrin əhalisinin sayına görə və ümumiyyətlə islam aləminin iradəsinin ifadəsinə görə ön sıradadır. Doğrudur, nəinki islam dininə etiqad edən, hətta bir sıra ərəb ölkələri tədbirə qatılmadı, yaxud yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmadı və bununla da islam dünyasının problemlərinə biganəliklərini nümayiş etdirdilər. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etdi və çox parlaq çıxışı ilə yadda qaldı. Onun bu sammitdə iştirakı və cəsarətli çıxışı bir daha sübut etdi ki, Azərbaycan heç bir qüvvənin iradəsinə tabe olmayan azad, müstəqil siyasət yeridən bir dövlətdir, haqq-ədalət, beynəlxalq hüququn həyata keçməsi yolunda əzmlə çalışır, öz mənəvi dəyərlərinə, bağlı olduğu sivilizasiyaya, dəyərlər sisteminə ehtiramla yanaşır, sədaqət göstərir. Prezident Əliyev çıxışında həm Qüds məsələsinə toxundu, problemin sülh, ədalət və beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməsinin zəruriliyinə dair bir sıra əhəmiyyətli çağırışlar etdi, eyni zamanda da Qarabağ münaqişəsi ilə bağlı mühüm məsələlərə toxundu. Prezident vurğulayıb ki, “Dünya müsəlmanları bilməlidirlər ki, məscidlərimizi dağıdan Ermənistan dünya müsəlmanlarının dostu ola bilməz! Ermənistan məscidlər və islam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən boyük riyakarlıqdır!”
Azərbaycanın da imzası olan Qüds sammiti mühüm qərarlar qəbul etdi ki, onların sırasında Fələstinin dövlət, Şərqi Qüdsün isə onun paytaxtı kimi tanınması mühüm hadisə oldu. Türkiyə artıq Fələstindəki daimi nümayəndəliyini səfirliyə çevirəcəyini bəyan edib. Türkiyə bununla 624 il mövcudluğu dövründə tam 400 il islam aləminin liderinin Osmanlı olduğu kimi bu gün də Türkiyə olduğunu göstərdi. Qüds sammitində Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin mövqeyi təəssüf doğurdu. Lakin proseslərə nəzər saldıqda görürük ki, artıq Qüdsün tanınmasına hazırlıq xeyli müddət əvvəl aparılmışdı və bu ölkələr neytrallaşdırılmışdı. Məsələn, Səudiyyə Ərəbistanında amerikapərəst şahzadənin vəliəhd elan olunması, mülayim islama keçidin elan edilməsi, sülalədaxili həbslərin aparılması bu dediklərimizə əyani misallardır. Yaxud Sisi rejiminin hakimiyyətdə olduğu Misirlə ABŞ-ın yaxınlığı, Sisiyə qarşı müxalifətdə olan “Müsəlman Qardaşları” təşkilatı ilə Türkiyənin yaxınlığının ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında radikal islama dəstək kimi göstərilməsi, təşkilatın ABŞ tərəfindən terror təşkilatı kimi tanınmasına hazırlıq və s.
Doğrudur, Qüdsün paytaxt kimi tanınması ABŞ-ın suveren hüququdur, lakin hər bir dövlətin suverenliyi beynəlxalq təşkilatlar, o cümlədən BMT qarşısında götürdüyü öhdəliklərlə məhdudlaşır və dövlətlər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Çünki BMT 1947-ci ildən başlayaraq artıq 70 ildir ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı bir çox qətnamələr qəbul edib. Ələlxüsus, ABŞ Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və İsrail-Fələstin münaqişəsində vasitəçi dövlətdir. Bu addım ilk növbədə ABŞ-ın dünyada və islam dünyasında nüfuzuna xələl gətirib ona etimadın zəifləməsinə səbəb olmaqla yanaşı, Fələstin münaqişəsindəki neytral, tərəfsiz, qərəzsiz vasitəçi statusuna da xələl gətirdi. Bunun nəticəsidir ki, Fələstin artıq ABŞ-ın vasitəçiliyindən imtina edib. BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsinə ABŞ-ın veto qoymasından sonra ərəb ölkələri məsələni BMT Baş Assambleyasının fövqəladə iclasını toplayaraq orada müzakirəyə çıxarmaq niyyətindədir. Yəni gördüyümüz kimi, Trampın bu addımı nə qədər böyük bir narahatlıq, gərginlik yaratdı.
– Ağ Evin Antiİran sanksiyaları, Trampın Səudiyyə Ərəbistanında müsəlman NATO-su ideyası ilə çıxış etməsi, Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin ora köçürülməsi ilə bağlı siyasəti, ABŞ-ın Yaxın Şərq regionuna böyük marağı Sizin fikrinizcə nə ilə izah olunur?
– ABŞ-ın tarixini, siyasi sistemini, prezidentlərinin fəaliyyətini təhlil edəndə görmək olar ki, burada mexanizm elə qurulub ki, prezidentlərin şəxsi fikri, iradəsi, mövqeyi bir o qədər də əhəmiyyət kəsb etmir. Prezidentləri hakimiyyətə gətirən qüvvələr, lobbiçilik fəaliyyəti ilə məşğul olan qruplar, transmilli korporasiyalar, hərbi sənaye kompleksi ABŞ-ın xarici siyasətinə təsir göstərir. NATO-nun özündə də, ABŞ-ın müttəfiqlərinə münasibətində də zaman-zaman fikir ayrılığı, ziddiyyətlər olub və indi də var. Orada avrosentrist, amerikasentrist qüvvələr var. ABŞ-ın siyasəti zaman-zaman dəyişikliklərə uğrayır və hər bir hakimiyyətə gələn qüvvə, daha doğrusu hakimiyyətə gətirən qüvvələr ilk növbədə öz iqtisadi, hərbi, maliyyə maraqlarından çıxış edərək dünyanın müəyyən bölgələrini özlərinin həyati maraq zonası elan edir və öz siyasətlərini orada genişləndirməyə başlayırlar. ABŞ-ın özündə də bir sıra qüvvələr var. ABŞ-ın ekspansionist siyasətini – dünya işlərinə fəal müdaxiləsini dəstəkləyənlər, bir də onun izolyasionist – yəni öz daxili problemləri ilə məşğul olmasını önə çəkən, dünya problemlərinin ABŞ üçün sadəcə əlavə yük olmasını düşünən qüvvələr var. İstər Dövlət Departamentində, istərsə də Pentaqonda olan bu qüvvələri obrazlı şəkildə “qırğılar” və “göyərçinlər” adlandırırlar. Yəni bir qrup sülh tərəfdarı olan, öz daxili problemlərinə köklənən, digəri isə ABŞ-ın qlobal, ilahi missiyasının olması, dünyaya demokratiya və ədalət gətirmək tərəfdarı olan “Pax Americana” tərəfdarı (red. -lat. “Amerika sülhü”, II Dünya müharibəsindən sonra Qərb dövlətlərində bərqərar olmuş iqtisadi və ictimai-siyasi sabitlik dövrü. ABŞ və SSRİ arasında nüfuz dairələrinin tam bölüşdürülməsi) adlı qrupdan ibarətdir. Bax bunların ABŞ siyasətində hansının nüfuzu, təsir gücü daha çoxdursa, bu da müxtəlif adminstrasiyaların dövründə dəyişir, həmin qüvvələr də bu fövqəldövlətin xarici siyasətinin prioritetlərini müəyyən edir. Konkret “Qüds məsələsi”nə gəlincə, düşünürəm ki, Donald Tramp siyasətçidən çox biznesmen təfəkkürünə malikdir. Hər bir məsələyə biznes marağından yanaşır. Məsələn, Tramp NATO-dakı müttəfiqlərindən hər birindən ümumdaxili məhsulun 2 faizini üzvlük haqqı kimi ödəməsini tələb edib. Bunu da ABŞ-ın NATO-nun saxlanılması üçün ən çox vəsait xərcləməsi ilə izah edirək vurğulayır ki, bu vəsait ödənilməyəcəyi təqdirdə NATO onları Rusiya təhdidindən qorumayacaq. Əslində Qüds məsələsində Avropalı müttəfiqlərin Trampı dəstəkləməməsinin səbəblərindən biri də bu ola bilərdi. Makron, Merkel və Mey onun Qüds qərarına qarşı çıxdılar. Eyni zamanda, bu da bir həqiqətdir ki, ABŞ-da hazırda hakimiyyət strukturları daxilində qızğın mübarizə gedir. Konkret olaraq, Ağ Ev və Pentaqon arasında, yaxud yəhudi lobbisi ilə katolik kəsim arasında mübarizə mövcuddur. Trampın əytafında baş müşaviri və kürəkəni Kuşner daxil olmaqla prezidentin qərarlarına birbaşa təsir göstərən yəhudi lobbisi üzvlərinin olduğunu qeyd etmək yerinə düşərdi. Pentaqon isə bunu qəbul etmək istəmir və onlarla nüfuz savaşı aparır. Trampın Rusiya ilə əlaqələrinin araşdırılması, onun seçki kampaniyasına Rusiyanın dəstək verməsi barədə istintaq başladılması məhz Pentaqonda toplaşan ABŞ-ın nüfuzlu hərbi-siyasi katolik elitasının təşəbbüsü ilə baş vermişdir. Onlar yəhudipərəst prezidentin Qüdsü tanımaqla ABŞ-ın ərəb ölkələri ilə münasibətləri pisləşdirdiyini düşünürlər. Halbuki, Vaşinqton bu ölkələrə ildə milyardlarla dollarlıq silah satır və Pentaqon həm də ABŞ hərbi konsernlərinin maraqlarını həyata keçirən bir mərkəzdir. Bununla yanaşı, Tramp ucbatından ABŞ-ın NATO üzvü Avopadakı müttəfiqləri ilə münasibətləri korlanarsa, bu, Pentaqonun maraqlarına ciddi zərbə olardı. NATO hər şeydən əvvəl Atlantik okeanının hər iki sahilindəki katolik dövlətlərin hərbi-siyasi ittifaqıdır və heç bir Adminstrasiyanın, o cümlədən Rusiya ilə yaxın əlaqələrdə ittiham edilən Trampın buna imkan verməsinə yol verilə bilməz. Düşünürəm ki, Rusiyanın Qüds məsələsində bir qədər səssiz olması həm də bununla bağlı ola bilər. Yəni Rusiya həm ABŞ-ın ərəb dünyasında, islam aləmində nüfuzunun azalmasından istifadə etməklə Yaxın Şərqdə öz mövqeyini möhkəmlətmək istəyir, eyni zamanda Pentaqondakı özünə rəqib olan hərbi-siyasi elitanın Trampla mübarizəsindən məmnundur və Trampa qarşı Qüds bəyanatı vermədi.
– Donald Trampın belə ekssentrik sayıla biləcək qərarlar qəbul etməsi təəccüblü deyil. Amma, onun bu əraziyə (red.- Qüds, İran, Suriya və s.) hədsiz marağı nə ilə izah olunur?
– Mən elə düşünürəm ki, bu ilk növbədə yəhudu lobbisinin təsiri ilə bağlıdır. Trampın özünün yəhudilərlə qohumluq əlaqələri var. Qüdsün İsrailin paytaxtı kimi tanıması qərarı hələ 1995-ci ildə ABŞ Konqresində qəbul olunmuşdu. Konqresin qərarlarına lobbilərin təsiri danılmaz faktdır. Lakin hər 6 aydan bir ABŞ prezidentləri bu qərara veto qoyaraq onun icrasını ləngidirdilər. Trampa qədər 3 ABŞ prezidentinin heç biri bu qərarın icrasına imkan verməmişdilər. BMT özü 1990-cı ildən bəri İsrail-Fələstin münaqişəsinə dair 15 dəfə qətnamə qəbul etmək istəyib, ABŞ onların 14-nə veto qoyub. Amma, yəhudi lobbisinin birbaşa təsiri ilə Konqresdə qəbul olunmuş bu qərara Tramp veto qoymadı və Konqresin qərarı qüvvəyə mindi. Suriyada uduzmaq Amerikanın fövqəldövlət statusuna yaraşmayan hadisə idi. Bunu ancaq “Vyetnam sindromu” ilə müqayisə etmək olar. Ona görə də Tramp Qüdsdə revanşa can atır. Həm də bununla bütün dünyaya göstərmək istəyir ki, Yaxın Şərqdə nə baş verirsə-versin, güc balansı kimin xeyrinə dəyişirsə-dəyişsin, Yaxın Şərqin mərkəzi İsrail, İsrailin də mərkəzi Qüdsdür. İsrail ABŞ üçün Yaxın Şərqdə, eləcə də dünyada ən əsas müttəfiq olaraq qalır. Bununla ABŞ İsrailin yüksək statusunu bir daha nəzərə çatdırmaq istədi.
– Azərbaycan mediasında, sosial şəbəkədə, ictimai rəydə bu mövzuya münasibəti Siz bir politoloq kimi necə səciyyələndirərdiniz? Bu bizə nə vəd edir?
– Bu məsələdə sıravi insanları başa düşmək olar. Onların mövqeyi elmi baxışdan uzaqdır. Burada kəskin təbəqələşmə, təfriqə yarandığını müşahidə etmək olar. Bu da müsəlman həmrəyliyi, İsrailə rəğbət və s. məsələlərlə bağlıdır. Bunun bir neçə səbəbləri var. Düşünürəm ki, bu, ilk növbədə insan təbiətindən irəli gələn məsələdir. Bəzi insanlarda güclünün yanında olmaq və merkantilizm meylləri var. Mediada və sosial şəbəkələrdə İsrail güclü dövlətdir, dünya siyasətinə təsir göstərir, həm yəhudi lobbisi vasitəsilə, həm müasir silahlar satmaqla Azərbaycana siyasi və hərbi baxımdan kömək edir, niyə yəhudilərlə özümüzü pis edək, ərəblər bu gün zəifdir, mədəniyyət cəhətdən aşağıdırlar, bədəvi düşüncəlidirlər və s. bu kimi fikirlərə rast gəlmək mümkündür. Burada İslamın bizə zorla qəbul etdirilməsi, ərəblərə qarşı olan antipatiya elə bil ki, İsrailə rəğbətə proyeksiya olunur.
– Biz İsraillə tərəfdaşıq. Siz necə düşünürsünüz? Biz İsrailin yanında olmalıyıqmı? Bu seçim qarşısında biz nə etməliyik?
– Bəli, mövqe bildirmək lazımdır. Bəziləri qeyd etdiyimiz kimi, bir çox insanlar öz mövqeyini belə əsaslandırır ki, İsrail bizə silah satır, yəhudi lobbisi Azərbaycanın mənafeyini ABŞ-da müdafiə edir, onların ermənilərlə münasibəti yaxşı deyil, ona görə də bizə kömək edirlər. Hətta bu yaxınlarda İsrail rəsmilərindən biri bəyan etdi ki, İsrail məhz Azərbaycana görə “erməni soyqırımı”nı tanımır. Halbuki, İsrail dövlət kimi 70 ildir ki, mövcuddur və indiyədək tanıya da bilərdi, demək burada səbəb heç də Azərbaycan deyil. Ancaq hansı dövlətin yanında olmaq məsələsini seçəndə biz müsəlman həmrəyliyinə, xristian və yəhudilərə olan münasibətimizə, qarşıdakı ölkənin zəngin və ya kasıb olduğuna görə yox, hüququn aliliyini, beynəlxalq hüququn aliliyinə olan hörmətimizi əsas götürməliyik. Çünki, biz bu gün dünyadakı ikili standartlardan əziyyət çəkirik. Qədim yunan mütəfəkkiri Solonun belə bir sözü var: “Qanunlar hörümçək toru kimidir. Zəiflər orada ilişib qalır, güclülər isə onu yırtıb keçirlər”. Yəni güclü qanunu qəbul etmək istəmir. Öz əl-qolunu qanunların məhdudlaşdırmasını istəmir. Bu faktdır. Həmişə zəifin ümid yeri, sığınacağı qanundur. Qanun zəifləri müdafiə edir, güclünün ona ehtiyacı yoxdur. Xarici mətbuatda niyə ABŞ dünyada ədalətsiz siyasət yeridir, tipli yazılara amerikalı alimin yaxşı bir fikrini təkrar etmək istəyirəm. Burada problem ABŞ-da deyil, Napoleon dövründə, XVIII-XIX əsrlərdə Fransa güclü idi. Osmanlı imresiyasının, Rusiyanın və başqa dövlətlərin də güclü olduğu dövrləri xatırlamaq mümkündür. Problem gücün kimin əlində olması və həmin gücdən sui-istifadə məsələsidir. Bəlkə gələcəkdə bu güc Çin, yaxud Almaniya ola bilər, Rusiya öz gücünü yenidən bərpa edər, Avropa Birliyi ABŞ-a qarşı effektiv rəqib rolunda çıxış edər. Bunlar gücün problemidir. Güclü olmasına baxmayaraq həmin dövlət məsələyə ədalətlə yanaşırmı, yoxsa o gücdən sui-istifadə edırək dünyanı özünün milli maraqlarına tabe etdirir? Problem gücdən sui-istifadədə yox, ondan ədalətli istifadədədir.
– Və Qüds İsrailin paytaxtı olmalıdır?
– Bilirik ki, avropalıların “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı imperiyasının parçalanmasından sonra indiki Fələstin və İsrailin mübahisəli əraziləri Britaniya mandatı altına keçdi. Britaniya mandatı 1948-ci il mayın 15-də başa çatdı və həmin gün də İsrail dövlətinin yaranması elan olundu. BMT-nin 1947-ci ildə qəbul etdiyi 181 saylı məşhur qətnaməsi (red – bu sənəd qeyri-rəsmi olaraq Fələstinin bölünməsi haqqında qətnamə adlanır) şəhərin statusu mübahisəli olduğu üçün Qüds üzərində beynəlxalq nəzarəti nəzərdə tuturdu. İsrail Qüdsün qərb hissəsinə, Fələstin isə şərq hissəsinə iddialı idi. Amma, ərəb ölkələrinin koalisiyasının bir səhvi oldu ki, BMT-nin qətnaməsi ilə razılaşmayaraq yeni yaradılmış İsrail üzərinə 1948-ci ildə hücuma keçdilər və məğlub oldular. 1967-ci ildə Altıgünlük müharibədə də təkrar İsrail üzərinə hücum etdilər və məğlub oldular. Bununla da İsrailə əsas verdilər ki, Qüdsü 1967-ci ildən etibarən tamamilə öz nəzarəti altına alsın. BMT-nin qətnaməsinə görə İsrailə ancaq Qüdsün qərb hissəsində olmağa icazə verilirdi, 6 günlük müharibədən sonra isə Qüds bütünlüklə de-fakto İsrailin nəzarətinə keçdi. İsrail Qüdsün şərq hissəsində də yaşayış məskənləri salıb, baxmayaraq ki, bu Fələstinə aid ərazilərdir. BMT, Avropa Birliyi, xüsusən də Fransa bunu qınayır. Lakin, İsrail isə öz əməllərini 2 faktla: əvvəla, həmin ərazilərin tarixən 3 min il əvvəl yəhudilərə məxsusluğu, ikincisi isə BMT qətnamələrinin ərəb dövlətləri tərəfindən pozulması ilə əsaslandırır. Yəni ərəb dövlətlərinin İsrail dövlətini tanımaması, 1948-ci və 1967-ci illərdə ona hücum etməsi nəticəsində özlərini müdafiə etmək məcburiyyətində qaldıqlarını deyirlər. Ona görə də İsrailin ordusu müdafiə ordusu adlanıır. İsrailin hərbi doktrinasında həmişə belə bir müddəa yer alır ki, İsrailin hərbi potensialı o qədər güclü olmalıdır ki, 22 ərəb ölkəsinin birləşmiş güclərindən ən yaxşı halda daha üstün, ən pis halda isə onlara bərabər olsun.
– Ərəb dünyasında buna münasibəti necədir? Qüds məsələsinə Səudiyyə Ərəbistanı, iki şəhərin xidmətçisi statusunu daşıyan kral və onun təzə meydana çıxan 32 yaşlı oğlu reaksiya verdimi?
– Ərəb dünyasının gözlənildiyi kimi elə bir etiraz səsi ucalmadı. Əksinə, müqayisə üçün deyim ki, 1979-cu ildə Misirlə İsrail arasında Kemp-Devid razılaşması imzalananda ərəb dünyasının reaksiyası daha qətiyyətli olmuşdu. Misir o vaxt Ərəb Dövlətləri Liqasından çıxarılmışdı, düzdür, burada SSRİ-nin də rolu var idi. Həmin dövrdə Ənvər Sədat öldürüldü, Ərəb Dövlətləri Liqasının baş qərargahı Qahirədən Ciddəyə köçürüldü. Yəni o vaxtlar ərəb dövlətlərinin 2 qütbə bölünməsinə (red – Qərbin və SSRİ-nin təsiri altında olan ərəb dövlətləri) baxmayaraq daha mütəşəkillik idi. Amma, bu gün o münasibət daha zəifdir. Məsələn, Səudiyyə Ərəbistanında televiziyada Qüds məsələsinin müzakirəsinə qadağa qoyulub. Yalnız xarici işlər naziri deyib ki, biz ABŞ-ı bu qərardan geri çəkilməyə çağırırıq. Yəni xahiş və tövsiyə xarakterli fikir bildirib. Təbii ki, ərəb və İslam dünyasının lideri olmaq ambisiyası olan dövlət bunu deməyə məcbur idi. Amma, onun fəaliyyəti faktiki olaraq ABŞ-ın bölgədə möhkəmlənməsinə xidmət edir. İndiyə kimi Səudiyyə Ərəbistanı Fələstinə heç bir kömək etməyib. Məlumdur ki, Suriya və Livan “Hezbullah”ın, İranın təsiri altında olan dövlətlərdir. Sadəcə Suriyanın hazırki durumu onun hər hansı bir məsələyə münasibət bildirməsini imkansız edir. Amma, Livan Qüds məsələsinə çox kəskin münasibət bildirdi. Bu məsələyə ən kəskin münasibət bildirən isə qeyri-ərəb ölkəsi Türkiyə oldu.
– Yaxın coğrafiyada baş verən son hadisələr (red – Qüds məsələsi, Amerikanın antiİran, antiRusiya sanksiyaları), Trampın aktivliyi Azərbaycana nə vəd edir?
– Düşünürəm ki, Trampı hakimiyyətə gətirən və ABŞ-ın xarici siyasətinə təsir göstərən qüvvələrin mövqeyi üstqurumdur. Bir də Amerika dövlətinin bazis siyasəti var. Yəni Corc Vaşinqtondan bu yana ABŞ beynəlxalq münasibətlərdə hegemonluğa, qlobal resurslarının əldə saxlanılmasına və mümkün qədər öz nüfuzunu dünyaya yaymağa çalışıb. Hər bir hakimyyət fərqli metodlarla və müxtəlif ərazilərdə (red – Sakit okean hövzəsi, Yaxın Şərq, Latın Amerikası və s. ) bu siyasəti yeridir. Amma, ABŞ-ın xarici siyasətinin prioritetləri dəyişməz olaraq qalır. SSRİ-nin süquta uğramasını Putin də “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırdı. Artıq dünyada ikiqütblü sistem çöküb, yenisi isə hələ yaranmayıb. ABŞ-ın hazırki siyasəti isə dünyanı təkbaşına idarə etməkdən ibarətdir. Buna qlobal liderlik də, hegemonluq da, ekspansionizm də deyə bilərik. Məqsəd resurslara çıxış əldə etmək və bu yolda ABŞ-ın maraqlarına qarşı çıxan istənilən dövlətin düşmən elan olnuaraq zərərsizləşdirilməsidir. Avropa Birliyinin özündə də ABŞ-ın hegemonluğuna qarşı çıxan qüvvələri müşahidə etmək mümkündür. Çin, Rusiya, Türkiyə və İran da bu siyahıda yer alır.
– BRICS-i (red – Sürətlə inkişaf edən 5 ölkədən ibarət olan bir qrupdur. Üzvlər: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) buna misal gətirmək olar.
– Qeyd etmək istəyirəm ki, tarixdə heç bir dövlətin, heç bir imperiyanın dünyanı ABŞ qədər nəzarət altına almaq imkanı olmayıb. ABŞ həyatımızın bütün sahələrinə (inormasiya, texniki, mədəni, iqtisadi, maliyyə və s.) nüfuz edib. Yəni bu gün dünyanın istənilən ölkəsinə Amerikanın təsiri var. ABŞ-ın “Böyük Orta Şərq” layihəsində dövlətlər 3 kateqoriyaya – ərazi əldə edən, ərazi itirən və neytral dövlətlər kateqoriyasına bölünüb. Əlimizdə olan açıq mənbələrə inansaq, Azərbaycan bu layihədə ərazi əldə edən dövlətlər kateqoriyasına daxil edilib. Bu layihədə Təbriz də daxil olmaqla Cənubi Azərbaycanın bir hissəsinin Azərbaycan Respublikasına verilməsi, Məkkə və Mədinənin Səudiyyə Ərəbistanından ayrılıb Vatikan tipli teokratik dövlət olması nəzərdə tutulur. Maraqlıdır ki, bu layihədə İsrail də ərazi itirən dövlət kimi göstərilir. Amma, bu gözdən pərdə asmaq üçündür. Çünki, orada yazılır ki, İsrail guya 1967-ci ildən əvvəlki sərhədlərə qayıdır. Halbuki, 1967-ci ildən sonra İsrailin əldə etdikləri işğal ərazilərdir. İsrail BMT-nin ona verdiyi qanuni əraziləri itirmir. Sadəcə müharibə zamanı işğal etdiyi əraziləri geri qaytarır. Bu layihənin əsas məqsədi Rusiyanın çökdürülməsidir. Bizimlə əlaqəsi isə ondan ibarətdir ki, Yaxın Şərqdən sonra eskalasiyanın İrana, oradan Mərkəzi Asiyaya, Cənubi Qafqaza və Rusiyaya qədər yayılması planlaşdırılır.Yəni mərhələli şəkildə Yaxın Şərqdən Rusiyanın cənub sərhədlərinə qədər gərginlik yaradılması nəzərdə tutulmuşdu. Rusiya və İran bunu başa düşdü və Suriyada yerindəcə prosesləri boğdular ki, bu alov Rusiyanın cənub sərhədləriə qədər yayılmasın.
Fuad Babayev, Təmkin Məmmədli
1905.az