Son günlər hər kəs sosial şəbəkələrdən və mətbuatdan intizarla cəbhə xəttində baş verənlər barədə yeni məlumatlar əldə etməyə və mümkün qədər bunu digərləri ilə paylaşmağa çalışır. Lakin, mövcud vəziyyət çox ciddi bir problemin – hərbi sirr kimi dəyərləndirilməsi mümkün olacaq məlumatların yayılması təhlükəsini ortaya çıxarıb. Xüsusən, sosial şəbəkələr və elektron mətbuatda ötürülən məlumatlara nəzər saldıqda, əslində böyük biyabırçılığın olduğu üzə çıxır. Hazırkı araşdırmada biz, hərbi əməliyyatların mahiyyətinə toxunmadan, sırf mövcud problemin xarakteri, qaynağı, yaranma şəraiti və mənfi nəticələrin təhlilini aparmağa çalışacağıq. Əslində isə problemin kökü çox əvvəllərə gedib çıxır.
“Bizə düşmən lazım deyil…”
El arasında mənşəyini xatırlamadığım bu ifadədən bir qayda olaraq öz daxilimizdə qəsdən, yaxud ağılsızlıqdan son nəticədə rəqibin, düşmənin xeyrinə ola biləcək hərəkətlərə yol verildiyi zaman istifadə olunur. “Birinci Qarabağ müharibəsi” adlandırılan hərbi əməliyyatlar dövründə də “bizə düşmən lazım deyil” ifadəsi həqiqətən pis mənada “özünü doğrultmuşdu”. Erməni silahlı birləşmələrinin uğur qazandığı əməliyyatlarda Azərbaycan mətbuatının ”xüsusi rolu”nun olduğu söylənilir… Cəbhədən insanları narahatlıqdan qurtaracaq “obyektiv” məlumatlar çatdırmaq adı ilə hər gün Azərbaycan hərbi birləşmələrinin döyüş mövqeyi, səngərləri, hərbi kontingenti və texnikası, düşmən mövqelərindən yerləşmə məsafələri, eləcə də zəif nöqtələri açıq-aşkar nümayiş etdirilirdi. Hətta dövlət televiziyası tərəfindən də etiraf edilmişdi ki, ermənilər hər dəfə səhəri gün cəbhədən reportaj hazırlanan mövqeyi atəşə tuturlar.
Tədricən ordumuz peşəkarlaşdıqca, bu məsələ üzərində nəzarət gücləndirildi. Artıq hərbi hissələrin adları, dislokasiya yerləri sirr saxlanılaraq açıq şəkildə ifadə olunmadı. Onların yerini konkretləşdirmək üçün filan rayonun ərazisində yerləşən “N” saylı hərbi hissə ifadəsi işlənildi, silahlı qüvvələrə aid istənilən məlumata həssas yanaşılmağa başlandı. Belə düşünülürdü ki, nəhayət, problem artıq həllini tapıb. Ancaq demək ki, tam olaraq yox.
Müharibənin başlanması ilə yalanlar da ayaq açır. S. Conson
2014-cü ilin iyul ayının sonundan etibarən cəbhə xəttindən son 20 ilin ən gərgin döyüş əməliyyatları barədə Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənən məlumatlar gəlməyə başladı. Bir anda sanki donmuş müharibə, onsuz da yarası qaysaqlanmamış əhali üçün əsas mövzuya çevrilməyə başladı. Lakin, təəssüflər olsun ki, sosial şəbəkələrin və nəzarətsiz xəbər portallarının təsiri ilə bu cür məlumatlar idarə olunmaz hala gəldi. Bir anda Silahlı Qüvvələrin strateji, operativ yerləşdirilməsi, əməliyyat planları, döyüş hazırlığı, qoşunların dislokasiyası, şəxsi heyətinin sayı, döyüş təminatı, hərbi-siyasi və ya əməliyyat şəraiti barədə bir-birinə zidd olan məlumatlar yayılmağa başladı. Müdafiə Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, “cəbhə bölgəsindən xəbər verən jurnalistlər bəzən özləri də bilmədən düşmən tərəfi məlumatlandırmışdılar”. Bu hal rəsmilər və ictimaiyyətin daha təmkinli qismi tərəfindən hərbi sirr hesab ediləcək məlumatların yayılması kimi qiymətləndirildi və sərt etirazlarla qarşılandı.
Qeyd edim ki, erməni saytlarında şəxsən mən bu cür vəziyyət müşahidə etmədim.
“Hərbi sirr” nədir?
Sülhün necə qorunması hərbi sirdir. Jarko Petan
İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericilikdə “hərbi sirr” anlayışı yoxdur. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda “dövlət sirri” anlayışından istifadə edilir və buraya dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar aid edilir. Tərifdən də göründüyü kimi, belə məlumatların əsas xüsusiyyəti Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilməsi ilə xarakterizə olunur və dövlətin konkret fəaliyyət istiqaməti ilə bağlıdır.
“Milli təhlükəsizlik haqqında” Qanuna əsasən dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər informasiya sahəsində dövlətə qarşı əsas təhdidlərdən biri hesab edilir (maddə 7.9.3). Belə məlumatların siyahısı isə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Onların etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan şəxs tərəfindən yayılması cinayət məsuliyyəti yaradır (Cinayət Məcəlləsi maddə 284), Azərbaycan Respublikasının vətəndaşı tərəfindən xarici dövlətə verilməsi isə dövlətə xəyanət hesab edilir.
İstənilən halda hər bir sirrin yayılmasında onun etibar edildiyi şəxs günahkardır. Jan de Labrürer
Dövlət sirri təşkil edən məlumatların bir növünü də hərbi sahədəki məlumatlar təşkil edir. Onların ümumi istiqaməti “Dövlət sirri” haqqında Qanunun 5.1-ci maddəsində təsbit edilib. Lakin, qeyd etmək lazımdır ki, digər sahələrə, xüsusən kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı məlumatlar da müəyyən qədər hərbi xarakterli hesab edilə bilər. Buna görə də qanunda təsbit edilmiş təsnifatı təfsilatı ilə yazmırıq. İstənilən şəxs qanunla tanış ola bilər.
Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu cür aid etmənin bütün şərtləri və mexanizmi təsbit edilmişdir. Gündəlik həyatımızda isə məlumatın “hərbi sirr” adlandırdığımız kateqoriyaya aid olub-olmamasını qiymətləndirmək çətindir. İstənilən halda hərbi xarakterli məlumatları yayarkən ehtiyatlı olmaq lazımdır. Lakin, aşağıda aparacağımız təsnifatla, təsadüfən də olsa hərbi sirr hesab edilə biləcək məlumatların bundan sonra yayılma ehtimalının azalacağına ümid bəsləyirik.
Məlumatlar və mənbələr
Beləliklə, sosial şəbəkələr və elektron mətbuatdakı məlumatların təhlili əsasında, cəbhə xəttindən gələn və hərbi əməliyyatlar barədə olan məlumatları dövlətin maraqları meyarını əsas götürərək iki istiqamətdə xarakterizə etmək olar:
1. dövlətin maraqlarına zidd olmayan məlumatlar:
1.1. rəsmi dövlət strukturları tərəfindən təsdiq olunaraq onlara istinadən verilən məlumatlar.
Bəzən, həqiqi məlumatları əldə etmək üçün sirr pərdəsi altında yalan məlumatlar yayılır. Pyer Buast
Ümumiyyətlə, hərbi əməliyyatlar barədə məlumatların rəsmi dövlət strukturuna istinadən verilməsi ən düzgünüdür. Çünki, həmin orqan bu sahədə vahid dövlət siyasətini əks etdirir və məlumat ötürülərkən dəfələrlə təhlil edilir. Bir qayda olaraq, Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatı düşmən qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması şəklində yayır. Bu da təbiidir, çünki düşmən tərəfi də məlumatı bu şəkildə ifadə edir. Əks halda Azərbaycan dövlətinin atəşkəs rejimini pozmağa meylli olması barədə bütün dünyaya car çəkmək üçün düşmənin əlinə bəhanə verilmiş olur.
Dövlət məlumat ötürərkən tam obyektiv olmaya bilər. Məsələn, dövlət məqsədyönlü şəkildə düşmənin itkiləri barədə qeyri-dəqiq məlumat buraxa bilər. Lakin, bu halda bu addım müəyyən məqsədlərə hesablanır və əsil məqsədi də gizli olaraq qalır. Məlumat yayılarkən dövlət onun geniş kütlələr tərəfindən yayılması ehtimalını də nəzərə alır. İstənilən halda belə addımlar milli maraqlar çərçivəsində baş verir.
1.2. hərbi əməliyyatların konkret gedişatına toxunmadan aparılan siyasi təhlil və əks-səda xarakterli məlumatlar
Başqasının sirrini yaymaq xəyanət, özününkünü yaymaq isə axmaqlıqdır. Volter
Bu cür araşdırmalar hərbi əməliyyatların tam mahiyyətinə, təfsilatına və gedişatına toxunmur. Onlar, subyektiv xarakter daşıyır və daha çox proseslərin ümumi siyasi ab-hava baxımından təhlilinə əsaslanan fərdi xarakterli mülahizələrdir. Bu baxımdan hətta əhalidə təşviş, mənfi rəy formalaşdıra biləcək xarakterdə olsa belə kütləvi təsir gücünə malik deyil.
Hazırkı təhlilin də hərbi sirrin yayılmasından uzaq, sırf nəticələrin təhlili xarakterli olacağına ümid bəsləyirik.
1.3. əhalini müsbət əhval ruhiyyəyə kökləyən, vətənpərvərlik duyğusunu gücləndirən şayiələr.
Hansısa sirrin sənə etibar edilməsindən doğan fəxarət hissi, onun yayılması üçün əsas bəhanədir. S. Conson
Artıq ikinci onillikdir ki, vətəninə həsrət qalan, birinci Qarabağ müharibəsində yaxınlarını itirən insanlarımız, hər an cəbhədən xoş xəbərlər gözləyirlər. Buna görə də yalan da olsa istənilən xoş xəbərə inanmağa, bunu digərləri ilə bölüşməyə meyllidirlər. Buna görə də bu cür xəbərləri eşidən kimi mənbəyini, etibarlılığını yoxlamadan paylaşırlar.
Məsələn, absurd görünsə belə, xəbər yayılır ki, ordumuz hansısa rayonu artıq azad edib yaxud, düşmənin şişirdilmiş sayda hərbi qüvvəsi məhv edilib. Ətraflarında da özləri kimi ümidli şəxslər olduğundan, sonuncular tərəfindən də analoji addım atılır. Nəticədə, çoxlu sayda şəxs tərəfindən yayılan məlumat mötəbər təəssüratı yaradır.
Belə məlumatlar dövlətin özü tərəfindən düşmənə psixoloji təsir göstərmək üçün qəsdən buraxıla bilər. Lakin, eyni zamanda düşmən tərəfi də müəyyən məqsədlər üçün özünün məruz qaldığı uğursuzluğun miqyasını şişirdə bilər. İstənilən halda bu cür addımları tam məqsədə müvafiq hesab etmək olmaz.
2. dövlətin maraqlarına zidd olan məlumatlar
2.1. Qəsdən buraxılan çaşdırıcı və təşviş və qorxu yaratmaq məqsədi daşıyan məlumatlar.
Dövlət sirrinin dəyəri artdıqca, onun sahibinin dəyişməsi daha baha başa gəlir. Leonid S. Suxorukov
Etiraf etmək lazımdır ki, “Birinci Qarabağ müharibəsi” dövründə erməni hərbi birləşmələri bu metoddan çox səmərəli şəkildə istifadə etmişdilər. Xüsusən, Xocalı şəhərində törətdikləri əməllərdən sonra digər rayonlardakı əhalini qorxudub evlərini tərk etmələri üçün xof kimi istifadə etmişdilər. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox rayonlarımız hərbi əməliyyatdan daha çox, əhalinin kütləvi şəkildə öz evlərini tərk etməsi ilə boşalması nəticəsində müdafiəsiz qalmış və düşmənin əlinə keçmişdi. Bu zaman “qaçın, yoxsa xocalılıların gününə düşərsiniz” şəklində dezinformasiya öz rolunu oynamışdı.
Hazırda da düşmən bu metoddan istifadə edir. Düşmən tərəfindən yaradılan hansısa naməlum informasiya portalı cəbhədə çoxsaylı itkilərimiz olması barədə heç bir əsası olmayan məlumat yayaraq, ordumuzun heç nəyə qadir olmamasını sübut etməyə çalışır. Bu yolla hələ də keçmişdəki müharibə xofu canından çıxmayan insanlarda bədbinlik, qorxu, təşviş formalaşdırılmağa cəhd göstərilir.
Çox təəssüflə qeyd etmək lazımdır ki, öz içimizdə də belə məlumatları yaymağa meylli olanlar var.
Birincisi, artıq heç kəsə sirr deyil ki, içimizdə açıq şəkildə düşmən dəyirmanına su tökməyə hazır olanlar yox deyil. Onlar üçün heç bir müqəddəs dəyər mövcud deyil və müəyyən maddi mükafat müqabilində düşmənin xeyrinə fəaliyyət göstərməyə hazırdırlar. Ancaq, düşünmürlər ki, bu əməlləri ilə öz dövlətlərinə qarşı xəyanət etmiş olurlar.
İkincisi, bu cür məlumatları yayanlar arasında dövlətinin gələcəyinə inana bilməyən pessimistlər də var.
2.2. Qərəzli xarakter daşımasa da diqqətsizlikdən hərbi sirrin yayılmasına gətirib çıxaran məlumatlar
Hərbi sirr o dərəcədə müdafiəsiz nəsnədir ki, onu yalan eskadronları mühafizə etməlidir. Uinston Çorçil
Hazırkı araşdırma da elə bu kateqoriya ilə bağlı yaranan problemlərə həsr edilib. Qərəzli niyyət daşımayan şəxslər tərəfindən də cəbhə bölgəsindən yanlış məlumat verilməsi ictimaiyyət arasında çaşqınlıq yarada bilər. Bir qayda olaraq bu hal jurnalistlər tərəfindən sensasiya xətrinə düşünülmədən yoxlanılmamış məlumatların yayılması zamanı baş verir. Məlumat yayılarkən onun hansı nəticələrə gətirib çıxaracağı düşünülmür.
Sosial şəbəkələr və mətbuatda açıq şəkildə ötürülən məlumatların təhlili əslində böyük bir biyabırçılığın olduğunu göstərir: hərbi texnikanın sayı, hansı istiqamətə doğru irəliləməsi, hərbi hissələrin nömrəsi, yerləşdiyi ərazinin dəqiq ünvanı, hərbi texnikaların şəkli və s. Bunlar Müdafiə Nazirliyinin özünün təsdiq etdiyi hallardır. Halbuki, qanunla Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair əməliyyatların hazırlanması və keçirilməsi üzrə strateji və əməliyyat planları, silahlı birləşmələrinin quruculuq planları, silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar qeyd-şərtsiz dövlət sirridir. Belə vəziyyətlərdə hər bir məlumat Müdafiə Nazirliyə ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilir.
2.3. Hərbi əməliyyatların xarakteri barədə təhrif edilmiş şəkildə məlumat təqdim etmə
Düşməninin bilməli olmadığı məlumatı, dostuna belə, demə! Artur Şopenhauer
Bu cür məlumatların mənbəyi həm rəsmi, həm də qeyri-rəsmi ola bilər və mahiyyətdə “əhalini müsbət əhval ruhiyyəyə kökləyən, vətənpərvərlik duyğusunu gücləndirən şayiələr”lə məzmunca eynidir. Sadəcə təqdimetmə formasında düşünülmədən buraxılan yanlışlıq dövlətin maraqları baxımından zidd hesab edilə bilər.
Məsələn, bir neçə gün əvvəl mətbuatda Azərbaycanın ordusunun cəbhə xəttinə artilleriya silahları çəkməsi barədə mötəbərliyi şübhə doğuran məlumatlar yayıldı. Lakin, bəzi elektron mətbuat nümayəndələri təqdimatın formasını dəyişərək ilk baxışda əhəmiyyətsiz görünəcək şəkildə təqdim etdilər: Azərbaycan Ermənistan sərhədinə artilleriya silahları yığır və məntiqlə Ermənistanı bombalamağa hazırlaşır.
Deyəcəksiniz ki, burada nə var axı? Biz ki, Ermənistanla müharibə şəraitindəyik?!
Lakin məsələnin mahiyyətinə vardıqda, bunun çox ciddi səhv olması qənaətinə gəlmək olar. Belə ki, işğal edilmiş Qarabağ və onun ətrafındakı ərazilərdən fərqli olaraq, Ermənistan Respublikasının ərazisinə qarşı hər hansı bir hücum, yaxud bombalanma faktı birbaşa hərbi təcavüz mənasına gəlir və ən azından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistana digər üzvlərdən, əsasən də Rusiyadan açıq hərbi yardım istəmək hüququ verir.
Yəqin, bu anda hər kəsdə ritorik təəccüb hissi yarana bilər ki, necə olur, Ermənistan Azərbaycan ərazilərini işğal edəndə heç kəs müdaxilə etmirdi, indi Ermənistana niyə kömək gəlir?!
Əslində isə məsələ göründüyündən daha qəlizdir…
Yuxarıdakı təsnifat apardığımız məlumatların təsnifatı əsasında onları yayan mənbələri də fərqləndirmək mümkündür. Qeyd edim ki, müvafiq mənbənin qarşısında bizim apardığımız təsnifata əsasən yaya biləcəyi informasiyanın şərti nömrəsi göstərilib:
a) rəsmi dövlət strukturları (1.1., 1.3.)
b) obyektiv, peşəkar jurnalistlər (1.1.,1.3.)
c) siyasi və hərbi təhlilçilər (1.2.)
d) sadə, optimizmə meylli əhali (1.3., 2.2., 2.3.)
e) qəsdən dezinformasiya yayan düşmən (1.3., 2.1.)
f) düşmənə köməklik etməyə hazır olan daxili qüvvələr (2.1.)
g) hökumətə qarşı nifrətini dövlətə qarşı çevirmiş bədbin pessimistlər (2.1.)
h) sensasiya arxasınca düşən qeyri-peşəkarlar (2.2., 2.3.)
Yekun
Dil insana öz fikirlərini gizlədə bilmək üçün verilmişdir. Şarl Taleyran
İstənilən tədqiqatın sonunda gəlinən nəticələr və tövsiyələr ifadə olunmalıdır. Bu qısa araşdırmamızın da məqsədi istər peşəkar jurnalistlər olsun, istərsə də adi vətəndaşlar tərəfindən problemə həssaslığı artırmaq və gələcəkdə dövlət sirri təşkil edə biləcək məlumatların yayılmasının qarşısını almaqdır.
Qısacası dövlət rəsmilərinin də bildirdiyi kimi, hərbi əməliyyatlarla bağlı mövzularda istər peşəkar jurnalistlər, istərsə də sadəcə vətəndaşlar həssas olmalı, milli maraqlardan çıxış etməlidir. Cəbhə bölgəsi ilə bağlı veriləcək hər bir məlumatın Müdafiə Nazirliyi ilə dəqiqləşdirildikdən sonra yayılması daha məqsədəuyğundur. Əks halda qəsdən, yaxud diqqətsizlikdən dövlət sirri hesab edilən məlumatların düşmənə ötürülməsinə şərait yaratmış oluruq. Unutmayaq ki, bu hər birimiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Aqşin Atalızadə