1905.az portalının suallarını tarixçi Nadir Bədəlov cavablandırır.
– Nadir müəllim, bu gün bizə yaxın olan coğrafiyada – Ukraynada, Suriyada, İraqda və Fələstində müəyyən proseslər gedir. Bir də 2008-ci ilin 8 avqust hadisələrindən təxminən 6 il sonra bizdə, Qarabağda bəzi hadisələr baş verir. Ermənistan-Azərbaycan cəbhəsində fəallığın artması, bizim itkilər verməyimiz, ordumuzun əzmkarlığı ilə yuxarıda qeyd edilən hadisələr arasında hansı rabitələr var?
– Rusiyada vaxtilə “Vlast” jurnalı dərc olunurdu. Səhv etmirəmsə, həmin jurnalda son prezident seçkiləri ərəfəsində Putin haqında bəzi etikadan kənar yazılara görə jurnalın rəhbərliyi və eyni zamanda qayəsi dəyişildi. Bu jurnalı nə üçün xatırladım? 1995 ya 1996-cı ildə BMT-nin baş katibi vəzifəsi ilə “xudahafizləşən” Butros Butros-Qali bu jurnalın baş redaktoru Dzodziyevə müsahibəsində belə bir fikir səsləndirmişdi ki, XXI əsrin əvvəlləri dünyada qlobalizmlə fraqmentarizm arasında mübarizə mərhələsi olacaq. O vaxt qlobalizm haqqında çox danışılırdı, amma fraqmentarizm haqqında az eşidirdik. Qlobalizm bu gün Amerika Birləşmiş Ştatlarının əsas beynəlxalq şüarına çevrilib. Əslinə qalsa, qlobalizm dünyanın birqütblü idarə olunmasıdır. Təbii ki, təbiətdə, fizikada olduğu kimi birqütblülük heç vaxt oturuşa bilməz və əvvəl-axır ikinci qütb meydana çıxır. ABŞ üçün dünyada ikinci qütb kimi götürülə biləcək qüvvə Rusiya, Çin və Mərkəzi Avropadır. Sadəcə olaraq, yuxarıda adlarını çəkdiyiniz hadisələrdə ikinci qütbə iddiaçılardan fərqli olaraq ABŞ aydın sezilir. Azərbaycan, Ermənistan, Cənubi Osetiya, Abxaziya və Gürcüstan özü-özlüklərində bu qütblərə yaxın olmasalar da, həmin qütblər üçün vacib rol oynayırlar. Ona görə də 2008-ci ilin avqustunda Rusiya özü üçün vacib olan bir hadisəni rahatlıqla həll etdi. Həmin hadisədən sonra ABŞ sanki ayıldı. Və son vaxtlar “ərəb baharı” adlandırılan böyük faciələri müşahidə edirik.
– Yəni Siz belə hesab edirsiniz ki, 2008-ci ilin avqustundakı Gürcüstan hadisələri “ərəb baharı” üçün detonator rolu oynadı?
– Detonator yox, bir növ Amerikanlar üçün soyuq duş rolunu oynadı. Yəni güc nümayişi, yaxud güc nümayişinə bir növ cavab idi. Təbii ki, bunları o qədər də bir-birinə bağlamaq olmaz. Son vaxtlar “qızıl milyard” “dünya hökuməti”nin əlbirliyi kimi fikirlər dəbdədir. Çoxları kimi, mən də bu fikirlərə bir qədər sarkastik baxsam da, ciddi siyasi qüvvələr bu fantastik fikirlərin ictimai rəydəki xüsusi çəkisini nəzərə alaraq öz işlərini görürlər. Baxın. 08.08.2008-dən sonra Putinin vahid liderliyə doğru yürüşü başladı. Sanki, narıncı inqilab dalğasının ilk qaranquşu M.Saakaşvilin ulduzu söndü. Qərbin Cənubi Qafqazdakı birinci eksperimentinə çox güclü zərbə vuruldu. Həmin vaxt nə ABŞ, nə də Mərkəzi Avropa Rusiyaya qarşı birmənalı ölçülər götürmək üçün qərarlar qəbul edə bilmədi. Gözləmədiklərindən, çaşqın halda qalmışdılar. Əvəzində “çəhrayı inqilab”ların hay küyündə Ukraynada ciddi proseslər başlandı. Lakin o dövrdə Yanukoviçin hakimiyyətə gəlməsi ilə guya Rusiya ilk raundu uddu. İlk baxışdan elə görünürdü ki, ABŞ Rusiyanın Ukrayna və Gürcüstandakı fəaliyyətinə dözüb, özlərinin başqa areallarda görəcəkləri işlərə onun loyal münasibətini gözləyir. Amma Rusiya ABŞ-ın İran və Suriya ilə bağlı fəaliyyətinə qarşı ciddi mövqə sərgilədi. Suriya hadisələrində ABŞ-a ən ciddi müqavimət göstərən ölkə Rusiya idi. Suriyanın silahlandırılmasından tutmuş bütün başqa məsələlərə kimi. Təbii ki, İranla birlikdə. Belə olan halda 08.08.2008-ci ildə Gürcüstanda olan hadisələr Amerika üçün gözlənilməz olduğu kimi, ötən ilin noyabr-dekabrında Kiyevdəki Maydan hadisələri də Rusiya üçün gözlənilməz oldu. O qədər gözlənilməz ki, Putin öz “adamı” olan Yanukoviçi daha sərt davranmağa təşviq edə bilmədi. Bu gün Rusiya mediası yazır ki, Maydan hadisələrinin əvvəllərində Yanukoviç sərt mövqe nümayiş etdirsəydi, hadisələr başqa məcraya yönəlməyəcəkdi. Ukraynada da vintlərin burulması prosesi gedəcəkdi.
Qaldı ki, bizim üçün çox vacib olan Qarabağ hadisələri, burada müəyyən məqamlar var. Erməni mətbuatı yazır ki, bu hadisələri birinci Azərbaycan başlayıb, bizimkilər isə bildirirlər ki, ilk hücum edən ermənilərdir. Mən təbii ki, bir azərbaycanlı olaraq ermənilərin riyakarlıq etdiklərinə inanıram. Amma ermənilər bu hadisələri nə üçün başlamalıdırlar? Burada bir neçə versiya var. Bu hadisələr ermənilərə qətiyyən sərf etmir. Əgər ermənilər özləri başlayıbsa, deməli, intihar etmək istəyirlər. Əgər Rusiyanın diqtəsi ilə başlayıbsa, demək, rusların başı o qədər də qarşıq deyil. Bir variant da var ki, hadisələr ordudakı intizamsızlığın nəticəsi ola bilər. Yaxud ola bilsin ki, ermənilər arasında elə qüvvələr var ki, Qarabağdakı rejimin dəyişdirilməsini, yaxud Serj Sarkisyanın vurulmasını istəyirlər. Bu da ola bilər. Hər halda bu hadisələr Azərbaycan üçün heç bir ciddi təhlükə törətmir.
– Azərbaycanda bir ura-patriotizm tutmaları oldu. Mətbuatda, sosial şəbəkələrdə bu hətta əndazəni aşmış formada duyuldu. Buna münasibətinizi bilmək maraqlı olardı. Bizim cəmiyyətimiz müharibəyə hazırdırmı?
– O adamlar ki, vətənpərvərlik sözünə müəyyən məna verirlər, mən onlara Tolstoyun sözləri ilə cavab verərdim: “Vətənpərvərlik əclafların son sığınacaq yeridir”. Vətənpərvərlik mürəkkəb anlayışdır. Mərhum Mübariz İbrahimov nə şüar deyirdi, nə də “lozunq” yazırdı. Amma məqamı çatanda silahını çiyninə alıb, getdi və şəhidlik zirvəsinə ucaldı. Bax, o, qəhrəmandır, əsl vətənpərvərdir. Bildiyiniz kimi, millət, Vətən anlayışları tarixi anlayışlardır. Qəbilələrin, köçərilərin vətəni olmayıb. Amma onların kişilikləri, mərdlikləri olub. Vaxtilə 1992-1993-cü illərdə səngərlərdən düşmənə etinasız münasibət bəsləyən, vecsiz çıxışları da vətənpərvərlik kimi təqdim edirdilər. Mən isə hesab edirəm ki, öz işinə məsuliyyətsizliklə yanaşma cinayətkarlıqdır.
Mediada ermənilərə nifrət aşılamaq, onları təhqir etmək lazım deyil. Hesab edirəm ki, ermənilər xəstə, bədbəxt xalqdır. Öz yazılarında azərbaycanlı uşağı öldürdüyünü bildirən Zori Balayan, mərhum Çingiz Mustafayevin kadrlarındakı faciələri törədənlər xəstə, bədbəxt insanlardır. Bunu edənlər insan deyil, iblisdir, cinayətkardır. Bütün dünya inkişafının birləşməyi, yaxınlaşmağı, qloballaşmağı tələb etdiyi bir dövrdə ermənilərin etdikləri xəstəliyin təzahürüdür. Millətçilik, yerliçilik ən dəhşətli xəstəlikdir. Bu virusa yoluxan millətlər bədbəxtdirlər.
– Proqnoz vermək çox çətindir. Bu son hadisələr Dağlıq Qarabağ probleminin həllinə hansı təsiri göstərəcək?
– Hər halda bu hadisələrin guya qarşıdakı danışıqlarda Ermənistanı bir qədər yumşaldacağı barədə deyilənlərə mən inanmıram. İnanmıram ki, Dağlıq Qarabağın sərhədində bu qədər hərbi qüvvənin toplanmasını görən ermənilər qorxaraq danışıqlarda normal məntiqə uyğun mövqe tutsunlar. Məsələ burasındadır ki, Dağlıq Qarabağdakı, Ermənistandakı ermənilər Azərbaycanın gücünü, hazırda cəbhə xətti yaxınlığındakı “yumruğu” görüb, hiss edib qorxuya düşə bilərlər. Lakin bunun ümumi proseslərə az dəxli var. Çünki əvvəla, ABŞ-da, Argentinada və Fransada və s. ölkələrdəki erməninin bundan xəbəri yoxdur. İkincisi, onlar Azərbaycanın gücünü Ermənistandakı ermənilərdən daha dəqiq bilirlər və bunun da ümumi “xəstə ideya”ya dəxli yoxdur. Ermənistanın rəsmi mövqeyi əslində daha çox xaricdəki erməni diasporunun mövqeyidir və onlar üçün “nə qədər pis olsa o qədər yaxşıdır” durumu daha sərfəlidir. Ona görə də biz xarici ölkələrdə ictimai rəyin formalaşdırılmasına diqqətimizi yönəltməliyik.
– Avqustun 8-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Bu görüşdən nə gözləyirsiniz?
– Bizim daxili xidmətlərin heç birisi bu barədə məlumat verməyib. Bu məlumatı daha çox Rusiya və erməni saytları yayıb. Və burada hətta tarix də dəqiq göstərilmir. Bildirilir ki, avqustun 8-də və ya 9-da Soçidə Putin prezident İlham Əliyev və Serj Sarkisyanla görüşəcək. Buna görə də görüşün baş tutacağı ilə bağlı elə bir əminlik yoxdur.
– Sonuncu sual. Tarixçi, politoloq, uzun illər ali təhsil müəssisəsində fəaliyyət göstərmiş müəllim kimi bizim saytımıza tövsiyyələriniz nədir?
– İstərdimki, saytınızda hər oxucu zövqü üçün ayrıca rubrika olsun. Yəni düşünən insanları düşündürən yazılar çox olsun. Politoloq kimi politoloq olun, amma siyasətçi olmayın. Bugün politoloqla siyasətçi arasında sərhədlər itib. İkincisi isə bayaq haqqında danışdığımız ura-patriotizmdən qaçın. Obyektiv olun. Sizə uğurlar arzulayıram.
– Minnətdarıq.
Fuad Babayev, Gündüz Nəsibov, 1905 az.