Müsahibimiz Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, Azərbaycan MEA-nın həqiqi üzvü Nailə Vəlixanlıdır.
– Nailə xanım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Cümhuriyyətinin və 1918-ci il soyqırımının 100 illiyi ilə bağlı müvafiq fərmanlar imzalayıb. Milli Azərbaycan Tarixi Muzeyi bu hadisələri necə qeyd edəcək?
– Biz həm Cümhuriyyətin, həm 1918-ci il soyqırımının, həm də Azərbaycan Ordusunun 100 illiyinə hazırlaşırıq. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə əlaqədar biz həm sərgi, həm də kitab-albom hazırlayacağıq. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı isə sərgi keçirməyi və kataloq nəşr etdirməyi nəzərdə tutmuşuq.
– Bu katoloqda nələrin olması nəzərdə tutulub?
– Bizim muzeydə Azərbaycan Cümhuriyyətinə dair zəngin material var. Fondlarımızda elə materiallar var ki, hətta arxivlərdə də həmin sənədlər yoxdur. Bu kataloqa muzeyin Cümhuriyyətlə bağlı olan bütün eksponatlarının hamısı daxil ediləcək. Həm də onlar haqqında məlumatlar veriləcək. Məsələn, mənim masamın üstündə 20 Yanvar hadisəsi ilə bağlı nəşr etdirdiyimiz kataloq var. Buraya həmin hadisə ilə bağlı muzeydə olan bütün eksponatlar daxil edilmiş, onların təsviri geniş ön sözü ilə birlikdə verilmişdir. Sözsüz ki, 20 Yanvar hadisəsi də azərbaycanlılara qarşı sovet dövlətinin törətdiyi soyqırımı, siyasi məqsədli qətliamdır. Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına uyğun olaraq adlarını yuxarıda çəkdiyim hadisələrin 100 illiyinə ciddi hazırlaşır. Artıq iki ilə yaxındır ki, bu hadisələrlə bağlı sərgi və kataloqların hazırlanması ilə bağlı iş gedir. “Azərbaycan Cümhuriyyəti – 100” və “Azərbaycan Cümhuriyyəti simalarda” adlı həm sərgimiz, həm də kataloqumuz olacaq. Bildiyiniz kimi, sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını bolşevik işğalından azad etməsinin də 100 ili tamam olur. Biz Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin iştirakı ilə bu mövzuda da sərgi təşkil etmək niyyətindəyik. Bununla bağlı danışıqlar gedir. Artıq sərginin plan-prospekti, mövzu ekspozisiya planı hazırdır. Çalışırıq ki, muzeyimizə gələn hər kəs – istər şagird və tələbələr, istərsə də xarici turistlər tariximizin ən önəmli, ən qanlı mərhələləri ilə tanış ola bilsinlər. Bu bizim ən ümdə vəzifəmizdir. Muzeyin əsas işi Vətən tarixini təbliğ etməkdir, bu təbliğatın içində isə Azərbaycan Cümhuriyyətinin qurulması və fəaliyyəti, azərbaycanlılara qarşı törədilən soyqırımları mühüm yer tutur. Soyqırımın kökləri tarixin çox dərin qatlarına gedib çıxır. Buna bugünkü, dünənki məsələ kimi baxmaq olmaz, soyqırımı ermənilərin ərazi iddiasından yaranmış hadisədir. Tarixi gerçəkliyi insanlara çatdırmalıyıq. Erməni təbliğatı çox güclüdür, onlar qondarma soyqırımlarını dünyada tanıtmaq üçün böyük təbliğat aparırlar. Buna hətta bir çox yerlərdə nail də olublar. Hətta bəzi ölkələrdə bu hadisəni inkar edənlərin cəzalandırılmasına nail olan qanunlar da qəbul etdirə biliblər. “Soyqırım” mövzusunu təbliğ edən yüzlərlə saytları var. Ermənilərin bu niyyətlərini ifşa etmək üçün biz bu mövzuya dair elmi seminarlardan da geniş istifadə edirik. Muzeydə xarici əlaqələr və kütləvi işlər şöbə fəaliyyət göstərir. Bu şöbə məktəbli və tələbələrlə görüşlər, seminarlar, mühazirələr keçirir. Builki planımızda da həm cümhuriyyətlə, həm də azərbaycanlıların soyqırımı ilə əlaqədar seminarların keçirilməsi nəzərdə tutulub. Muzeyin ekspozisiya zallarından iki otaq Cümhuriyyətin 23 aylıq fəaliyyətini əks etdirir. 100 illiyini qeyd edəcəyimiz mart soyqırımını, eləcə də Xocalı soyqırımını əks etdirən ayrıca ekspozisiya zallarımız var. Çalışırıq ki, muzeyə gələn hər bir kəs tariximizi bilsin.
– Yəni daimi ekspozisiyada bu hadisələr öz əksini tapıb?
– Bəli, bu hadisələr tariximizin bir səhifəsidir və onlar sözsüz ki, daimi ekspozisiyada öz əksini tapıb. Ola bilsin ki, əvvəllər biz bu hadisələri daha dolğun vermirdik. Amma baş verən hadisələr göstərir ki, biz həm öz vətəndaşlarımıza, həm də xarici qonaqlara öz həqiqi tariximizi çatdırmalıyıq. Sənədlər, o dövrün əşyaları, fotolor vasitəsilə real tarixi təqdim etməyə çalışırıq. Ermənilərin “soyqırımı” kimi tanıtmağa cəhd göstərdikləri hadisə ərazisində müharibə gedən ölkələrin bir çoxunda baş verib. İkinci Dünya müharibəsində SSRİ ərazisində çeçenləri, Krım tatarlarını, elə azərbaycanlıların özlərini də köçürüblər və bunu soyqırımı adlandırmırlar. Doğrudur, həmin hadisələr zamanı kimlərsə ölə və ya xəstələnə bilər, köçürüldükləri yerə çatmaya bilər. Əlbəttə, biz bunu təqdir etmirik. Lakin bu “soyqırım” da deyil. Buna görə də biz muzeyimizdə məhz gerçək tarixi təbliğ edirik. Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay tarix baxımından çox qısa müddətdir. Amma bu müddət ərzində mədəniyyət, elm, təhsil sahəsində görülənləri çatdırmaq böyük işdir. 1918-20-ci illər ağır və mürəkkəb dövr idi. Bir tərəfdən Rusiyanın təzyiqi, digər tərəfdən ermənilərin və digər qonşu xalqların torpaq iddiaları, Naxçıvan, Qarabağ, Zəngəzur, İrəvan məsələləri mövcud idi. Amma həmin o ağır dövrdə indi varisi olduğumuz Azərbaycan Cümhuriyyətinin əsası qoyulurdu. Cümhuriyyət dövrünə dair bizdə sənədlər və fotolar çoxdur və onların hamısı nəşr etdirəcəyimiz kataloqda əksini tapacaq. Bizdə sənədlər vür ki, istər Zəngəzur, istər İrəvan, Naxçıvan, istərsə də Azərbaycanın digər ərazilərində ermənilərin törətdikləri qətliamları, kəndlərin dağıdılmasını sübut edir. Biz bu sənədləri muzey ziyarətçilərinə nümayiş etdirir, həqiqi tariximizi göstəririk.
– Qeyd etdiniz ki, Cümhuriyyətin və mart soyqırımının 100 illiyi ilə əlaqədar sərgilərin keçirilməsini nəzərdə tutursunuz. Bu sərgilərə giriş sərbəst olacaqmı?
– Əlbəttə. Bizim muzeyimizə cüzi də olsa giriş haqqı var. Amma sərgiləri adətən pulsuz edirik. Bir müddət öncə biz “Şah İsmayıl – hökmdar və sərkərdə” sərgisini təşkil edəndə əvvəlcədən müxtəlif təşkilatlara, hərbi hissələrə məktublar da göndərmişdik ki, gəlsinlər, baxsınlar. Biz güclü reklam edə bilmirik, əsasən saytımızda bu barədə məlumat yerləşdiririk. Əlbəttə iri küçə reklamı lövhələrində muzeyə dəvət edən cəlbedici elanların yerləşdirilməsi də çox yaxşı olardı. Çünki çoxları sonradan sərgi haqqında danışanda, yaxud kataloqda şəkillərini görəndə heyifsilənirlər ki, həmin sərgidə olmayıblar. Bizim xəbər çatdırma imkanlarımız bir qədər məhduddur. Yalnız məktublar, muzeyin nəzdində fəaliyyət göstərən klublar vasitəsilə xəbər çatdırırıq. Elə seminarları da məhz həmin klublarda təşkil edirik. Təəssüf ki, küçə reklamları vasitəsilə baş verəcək hadisələr barədə əhalini məlumatlandırmaq imkanımız yoxdur. Ən təəssüf doğuran hal isə odur ki, bəzən bizim yüksəkvəzifəli məmurlarımız da muzeyin harada yerləşdiyini bilmirlər. Etiraf etməliyəm ki, bu cür hallar insanı pərişan edir. Bəzi şəxslər isə muzeydə olmamalarına bəraət qazandırmaq üçün hətta uydururlar: “Uşaq vaxtı, məktəbdə oxuyanda getmişəm”. Axı biz xaricdə olanda, həmin ölkəni tanımaq üçün ilk getdiyimiz yer muzeydir. Öz tariximizi bilmirik, xalqımızı tanımırıqsa, babalarımızın necə yaşadığını öyrənməmişiksə, onu necə təbliğ edə bilərik? Bir xalqı, tarixi sevmək üçün ilk növbədə onu yaxşı tanımalısan.
– Cümhuriyyət dövründə hansısa bir muzey yaratmağa səy göstərilmişdimi?
– Cümhuriyyətin ən böyük işlərindən biri də muzey işinin yaradılması idi. Cümhuriyyət yaradıcılarının planları və arzuları çox böyük idi. Ancaq onları həyata keçirə bilmədilər. 1919-cu il dekabrın 7-də Azərbaycan parlamentinin açılmasının bir illiyi münasibətilə İstiqlal muzeyi yaratmaq istədilər. Orada mümkün eksponatlardan ibarət bir sərgi düzəltmişdilər. Lakin dörd ay sonra cümhuriyyət süqut etdi. İstiqlal muzeyi də açılmamış, tamaşaçı üzü görmədən ləğv edildi. Lakin muzeyin materialları qalmışdı. Yaxşı eksponatlar idi, xüsusilə məni cümhuriyyətə aid eksponatlar maraqlandırırdı. Azərbaycan parlamentinin bütün sənədləri, protokolları, istiqlal bəyannaməsinin əsli, döyüş bayraqları, ilk üçrəngli bayrağımız, Qafqaz İslam Ordusunun bayrağı var idi. Hətta o vaxt inventar kitabından 80-ə yaxın eksponatın adını çıxardıq. 1920-ci ildə bu muzey yarananda İstiqlal muzeyinin eksponatları buraya verildi.
– Həmin eksponatlar indi qalırmı?
– Məsələ ondadır ki, həmin eksponatlar qalmır. 1923-cü ilə qədər muzeyə milliyyətcə rus olan direktorlar təyin edilirdi. 1923-cü ildə Davud Şərifov adlı çox qeyrətli bir həmvətənimizi muzeyə direktor təyin edirlər. Muzeyin ən işıqlı dövrlərindən biri həmin vaxta təsadüf edir. Muzeydə həm Vətən tarixinə, həm də etnoqrafiyaya, arxeologiyaya dair tədqiqatlar aparılırdı. İlk arxeoloji ekspedisiyanı Davud Şərifov və burada çalışan İshaq Cəfərzadə təşkil etmişdi. XIX əsrin sonlarında Çar Rusiyası Tiflisdə hərbi muzey açmışdı. Muzey sovet hakimiyyəti qurulana kimi fəaliyyət göstərdi. Həmin muzeydə Rusiya imperiyasının Qafqazdakı zəfər yürüşləri öz əksini tapmışdı. Müxtəlif yürüşlərə aid rəsm əsərləri ilə yanaşı, muzeydə Azərbaycan xanlıqlarının ələ keçirilmiş bayraqları da nümayiş etdirilirdi. İndi bizim muzeydə mühafizə olunan Cavad xanın hakimiyyət rəmzi, İbrahim xanın şeşpəri, Bakı, Təbriz, Gəncə xanlıqlarınınbayraqları, İrəvan xanlığının iki bayrağı, Şəki xanlığının bir neçə bayrağı və s. qeyd etdiyim həmin Tiflisdəki muzeydən 1920-ci illərin sonlarında Davud Şərifovun dövründə bizim muzeyə gətirilib. 1928-ci ildə Sovet İttifaqında siyasi təbəddülatlar meydana gəlir, Davud Şərifovu da trotskiçilərlə mübarizə dalğasında işdən azad edirlər. Və 1928-ci ildən 1936-cı ilədək muzeyə milliyyətcə erməni olan şəxslər rəhbərlik ediblər. 1928-ci ildə Moskvada İnqilab muzeyi yaradılırdı, Cümhuriyyətə aid olan bütün materiallar da İnqilab muzeyinə göndərildi. 2000-ci ilin əvvəllərində bu faktdan xəbər tutanda İnqilab muzeyinə müraciət etdik və hətta nümayəndə də yolladıq, cavab verdilər ki, onlarda belə bir material yoxdur. Cümhuriyyətin təfəkkürlərdən silinməsi prosesi məhz həmin vaxtlarda başlandı. Sonrakı dövrlərdə repressiya illəri, müharibə dövrü, sərt 1940-50-ci illərdə isə həm Cümhuriyyət, həm də mart soyqırımı tamamilə unuduldu. Amma onu da nəzərinizə çatdırım ki, yalnız bizim yadımızdan çıxdı. Ermənilər isə unutmadı. 1943-cü il Tehran konfransında ermənilər Molotova müraciət ünvanladılar ki, onları SSRİ-yə köçürsünlər. Stalinin buna razılıq verməsi məhz 1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan köçürülməsi ilə nəticələndi. Çünki xaricdəki ermənilər azərbaycanlıların evlərinə köçürülürdü.
– Görünür, bu, bizim təbiətimizdəki unutqanlıqdan irəli gəlir.
– Bəli, bizdə bir unutqanlıq, tolerantlıq, liberallıq var. Biz qonşumuza inanmışıq. Hətta bizim baba, nənələrimiz də mart hadisələrindən könülsüz danışırdılar: “erməni-müsəlman davası olmuşdu, belə oldu, filan oldu və s.”. 1988-89-cu illərdə, bu hadisələr yeni başlayanda Elmlər Akademiyasının “Tarix, fəlsəfə və hüquq xəbərləri” jurnalı vardı. Həmin jurnalın redaktoru mərhum akademik Ziya Bünyadov, məsul katibi isə mən idim. İlk işimiz kimi biz tarixi ədəbiyyatda ermənilərin iç üzünü açan materialları verməyə başladıq. Mən özüm o vaxt ZoriBalayana“Дарога” kitabına görə müraciət yazmışdım. Yaxud 1918-ci ilin mart hadisələrinə qədər İrəvan Quberniyasının Sürməli, Eçmədzin qəzalarında dağıdılmış və yandırılmış azərbaycanlı kəndləri haqqında məlumat vermişdik. Ermənilər soyqırımı 1918-ci ildə tamamlamamışdılar, hadisələr 1919-cu ildə də, sovet hakimiyyəti qurulana kimi davam edirdi. Ermənilər Cümhuriyyətin başını elə qarışdırmışdılar ki, onlar öz istiqlaliyyətləri uğrunda mübarizə apara bilmirdilər. 1919-cu ildə Eçmiədzində 62, Sürməli qəzasında isə 34 azərbaycanlı kəndi dağıdılmışdı. Mən çox sevinirəm ki, indi bu hadisələrə dair çoxlu kitablar yazılır, tədqiqatlar aparılır. Amma o vaxt, sovet dövründə bu qanlı olaylardan yazmaq, onlardan danışmaq böyük hadisə idi. Bu hadisələri araşdırmaq üçün Cümhuriyyət hökumətinin 15 iyul 1918-ci il tarixli qərarına əsasən, Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. Xasməmmədov, Şahmalıyev, Fomiç, Səfikürdski, Mixaylov, Novatski kəndbəkənd dolaşaraq hidisənin başvermə səbəblərini araşdırırdılar. Bax, bu uzun illər arxivlərdə gizli saxlanılan sənədləri biz götürüb, dərc edirdik. Bu hadisələr bir daha göstərir ki, istər soyqırımı, istərsə də Cümhuriyyət haqqında danışanda tariximizi unutmamalıyıq. Tariximizi bilsək, dostumuzla düşmənimizi ayırd etməkdə də çətinlik çəkməyəcəyik. Çünki həm tarixçilərə, həm də tarixsevərlərə bəllidir ki, tarix təkrar olunur. Başımıza gələnləri unutmamalı, bir məsəldə söyləndiyi kimi, “işinin xatirinə erməniyə dayı de” deməməliyik.
Gündüz Nəsibov, 1905.az