Suallarımızı 10 yaşlı “Region+” jurnalının baş redaktoru Namiq Mayılov cavablandırır.
– Namiq müəllim, ciddi jurnalı yaşatmağın əsas düsturu nədir?
– Jurnallarda qəzet və saytlardan fərqli olaraq müəyyən ixtisaslaşma gedir. Sayt siyasətdən tutmuş mədəniyyətə, idmana kimi bütün sahələri əhatə edə bilər. Sayt rəhbərliyi xəbər bolluğunda hansı məlumatı istəsə yerləşdirə bilər. Jurnalın isə bu baxımdan imkanları məhduddur. Onun tutduğu yol ixtisaslaşmasından asılı olacaq. Tutaq ki, analitik jurnal nəşr etdirirsinizsə, burada artıq kriminal həyatdan belə yazanda da analitik yanaşma nümayiş etdirməlisiniz. Təbii ki, analitik yazıların oxucu auditoriyası nisbətən az olur və bu tendensiya bütün dünyada özünü göstərir. Ona görə də əyləncə, şou mövzusunda yazan jurnalla ayaqlaşa bilməzsiniz. Birincisi, istiqamətlər fərqlidir, ikincisi də sırf bazar subyekti kimi baxanda, onun gəliri və auditoriyası səninkindən yüksək olacaq. Bunu hesablayaraq, işini elə qurmalısan ki, öz auditoriyanı yığıb, onu qoruyub, saxlaya biləsən.
– Mediadan tramplin kimi istifadə edənlər çox olub. Bu tendensiya dünyada da belədir. Mediadan siyasətə, biznesə, idarəetmə strukturlarına gedən insanlar kifayət qədərdir. “Region+” da ciddi bir platformadır. Jurnalın baş redaktoru kimi ona tramplin kimi baxmısınızmı?
– Bu gün həqiqətən bir çox keçmiş jurnalistlər dövlət postlarında, müxtəlif vəzifələrdə çalışırlar. Və bunun üçün vaxtında mediadan tramplin kimi istifadə ediblər. Ola bilsin ki, heç bunu qarşılarına məqsəd kimi qoymamışdılar.
– Bir dəqiqləşdirmə aparaq. Bəzi adamlar mediadan gediblər sadəcə olaraq. Yəni bu tramplin məsələsi olmayıb onlar üçün.
– Konkret bir fərd olaraq mənim də mediadan tramplin kimi istifadə etmək fikrim olmayıb. Düzdür, “Region+”da çalışdığım 10 il ərzində, daha öncə ATV və “Turan” informasiya agentliyində çalışdığım illərdə mənə də təkliflər olub. Xüsusilə “Region+”da işlədiyim dövrdə xeyli təkliflər gəlib. Bu təkliflər dövlət təşkilatlarından tutmuş özəl qurumlara kimi müxtəlif strukturlardan daxil olub. Hətta real qazancımdan daha böyük bir məbləğ demişəm ki, potensial işəgötürənin mənə marağı azalsın. Amma deyiblər ki, problem yoxdur, buyur gəl. Mən əvəzolunmaz olduğuma görə bu təklifi aldığımı düşünmürəm. Görünür ki, sadəcə səsləndirdiyim məbləğ büdcələrinə uyğun gəlib. Mənim məvacib barədə təsəvvürlərim mediada formalaşdığı üçün gözləmirdim ki, onlar mənə görə həqiqətən də böyük olan belə bir məbləğlə razılaşsınlar. Amma hər halda mən getmədim. Çünki özümü mediada daha rahat hiss edirəm. Nə baxımdan rahatam? Mediada bir sərbəstlik var, fikrini ifadə etmək imkanı daha çoxdur.
– Bu sərbəstlik dress-kod sərbəstliyindən başqa nədə özünü göstərir sizcə?
– Mən bura həm də komandadakı münasibətləri də daxil edərdim. Bunu media kapitanı kimi yox, sıravi jurnalist kimi deyirəm. Elə media kapitanı kimi də məndən vəzifəcə aşağı işçilərlə bərabər səviyyədə ünsiyyətdə ola bilməyimi, onların da mənə eyni səviyyədə yanaşıb, fikirlərini, problemlərini sadəcə bir həmkar kimi bölüşmək imkanını özüm üçün komfort hesab edirəm. Bir sözlə, mediada vəzifə şərtidir, sən sadəcə jurnalistsən və münasibətlərdə də xüsusi bir iyerarxiya yoxdur. Dövlət müəssisələrində və özəl şirkətlərdə bu imkanlar daha məhduddur.
– Siz və jurnalın komandası KİV-də çalışmaq üçün özünüzə bir hədd qoyursunuzmu?
– Xeyr, heç bir hədd qoymuruq. Bəlkə də kimlərsə belə bir hədd müəyyənləşdirib. Elə mənim özüm də nəzəri cəhətdən hansısa bir hədd ola biləcəyini istisna etmirəm. Bəlkə elə kimsə bu həddin yaranmasında mənə kömək edəcək. Yaxud elə bir təklif olacaq ki, həmin şəraitdə və saatda mən ondan vaz keçə bilməyəcəyəm. Hesab edirəm ki, bizim komandanın digər üzvləri də belə düşünür.
– Biz xüsusilə də media sahəsində mümkün qədər özümüzü Ermənistanla müqayisə etməliyik. Çünki ola bilsin ki, hansısa iqtisadi layihəni gerçəkləşdirmək üçün onların imkanı yoxdur. Amma informasiya sahəsində onlar öndədirlər. “Region+”un Ermənistanda analoqu varmı? Onun ictimai rəyə təsir imkanları necədir?
– Bilirsiniz, ola bilsin ki, öz məkanları üçün onların da hansısa nəşrləri var. Amma rus və ingilisdilli məkanda onların belə bir nəşri olsaydı, mütləq xəbər tutardıq. Ən azı bizim əməkdaşlar bunu izləyir və tutuşdurur. Yenə də deyirəm, ola bilsin ki, daxili auditoriyaya hesablanmış belə bir nəşrləri var. Təbii ki, mən saytları nəzərdə tutmuram, onlar bizə rəqib deyil. Amma Sizin fikrinizlə tamamilə razıyam ki, müqayisə bizi aldatmamalıdır. Mən də bizim güclü olduğumuz sahələrin Ermənistanla müqayisə edilməsinin tərəfdarı deyiləm. Bizim iqtisadi imkanlarımız böyükdür və belə sahələrdə təbii ki, onlardan öndə olmalıyıq. Media məsələsinə isə mən həmişə informasiya müharibəsi kontekstində yanaşıram. Son vaxtlaradək biz həqiqətən onlardan geridə idik. Onların onilliklərlə formalaşdırdığı güclü xarici diaspor, lobbi təşkilatları, geniş informasiya şəbəkəsi olduğu halda, biz bu işi cəmi 10-15 ildir ki, qurmuşuq. Lakin, son illərdə bu sahədə bizdə də əhəmiyyətli işlər görülür. Elə biri sizin 1905. az saytı. Lakin hesab edirəm ki, hələ də əlimizdəki imkanlardan tam istifadə edə bilmirik və ən pisi isə odur ki, bəzi hallarda heç istəmirik də.
– “Region+”un dövrülüyü necədir?
– Əvvəllər ayda iki dəfə çıxırdı, indi həftədə bir dəfə. Yaxın vaxtlarda əvvəlki dövriliyə dönə bilərik. Çünki devalvasiyadan sonra nəşriyyat xərcləri, başqa məsrəflər artıb.
– Mən baxıram ki, “Region+”un poliqrafik standartları da yüksəkdir.
– Biz CBS mətbəəsində jurnalımızı çap etdiririk. Bəzən bizə həm də deyirlər ki, sizdə “Reuters”in fotoları getdiyindən belə effektli alınır.
– Azərbaycan mediasında gözəl jurnalistlər də var, amma ümumiyyətlə medianın imicmeykerə ehtiyacı var.
– Media nümayəndəsi kimi bu, həmişə məni narahat edir. Biz yeganə peşə sahibləriyik ki, öz içərimizdə reket jurnalistləri, rüşvətxorluğu ifşa edirik. Bu özü-özlüyündə pis hal deyil. Amma bir şeyi nəzərə almırıq. Parazit hansı mühitdə inkişaf edir? Reket jurnalist tutaq ki, “ASAN xidmət”dən niyə rüşvət istəmir? Reket jurnalist mənzil istismar sahəsindən 5-10 manat rüşvət tələb edirsə və bunu da orada özlərinə sığışdırıb verirlərsə, deməli, bunun üçün MİS-də münbüt mühit var. Çünki pul alan jurnalist həmin şəxsə iki yol təklif edir-ya onu tərifləyən yazı yazacaq, ya da onu sərt tənqid edəcək. Hər iki halda pul vermək lazım gələcək. Jurnalistika yeganə sahədir ki, içində olan bu naqislikləri qaldırır, qabardır, göstərir. Bu yaxşı haldır, amma məncə, təqdimat elə olmalıdır ki, cəmiyyət də ağı qaradan seçə bilsin.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə saytımızda ilk dəfə 24 fevral 2016-cı ildə dərc edilib.