Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Türkanə Abbaszadə ilə Azərbaycan təsviri sənətində nar obrazı haqqında danışdıq.
Fuad Babayev: Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında “Göyçay Ensiklopediyası” üzərində iş gedir. Biz “Göyçay ensiklopediyası” kitabının dizaynında nar mövzusuna müraciət edəcəyik. Ona görə də rəngkarlıqda, təsviri sənətdə nar mövzusu haqqında Sizinlə fikir mübadiləsi aparmaq istərdik.
Samir Sadıqov: Mənim təsviri sənətdə nar obrazı ilə bağlı elmi məqaləm var. Təsviri sənət sahəsində olan bütün istiqamətlərdə istər rəngkarlıq və qrafikada, istərsə də heykəltəraşlıq və dekorativ-tətbiqi sənətdə rəssamların hər hansı mövzuya müraciət edərkən onun obrazını tapması ən vacib məqamlardan biridir. Adı “Qurani-Kərim”də çəkilən nardan əvvəlcə rəmzi-fəlsəfi məna daşıyıcısı olan naxış elementi kimi istifadə edildi. Sonradan ona maraq tablolarda və qrafik lövhələrdə ən nəhayət isə dekorativ-tətbiqi sənətdə və heykəltəraşlıqda öz ifadəsini tapdı. Nar çoxluğun, bolluğun semantik rəmzidir. Estetik nöqteyi-nəzərdən görünüşü isə hakimiyyətin simvoluna bənzəyən tac formasındadır. Narın tac formasında tamamlanması daim rəssamları, yaradıcı insanları özünə cəlb edib. Orta əsrlərə aid olan “Vərqa və Gülşa” (XIII əsr) əlyazmasına çəkilən çoxsaylı miniatürlərin arasında nar ağacı təsvirinin yer alması da bu meyvəyə qədim dövrlərdən yaradıcı marağın mövcudluğunu təsdiqləyən faktdır. Təəssüflər olsun ki, biz hələ də miniatür təsviri sənətimizə düzgün qiymət verə bilmirik. XIX əsrin sonlarında Qərbi Avropada primitiv üslub hegemonluq etdiyi halda, bizdə bu proses XIII əsrdən başlayaraq XIX əsrə qədər davam edib. Biz işıq və kölgədən, obrazlılıqdan imtina etməklə fikrin yalnız semantik mənasını əhatə edən, yəni ideyanı əsas götürən məqamların qeyd olunduğu təsviri sənət əsərlərimizi nəinki dünya miqyasında, heç ölkəmiz səviyyəsində də tanıda bilmirik.
Fuad Babayev: Bədii ədəbiyyatımızda da miniatür təsviri sənətimiz əks olunmayıb. Orxan Pamuk “Mənim adım Qırmızı” romanda ona kifayət qədər yer ayırıb.
Samir Sadıqov: Bəli, yoxdur. Çox böyük problemlər mövcuddur. Mən xüsusilə qeyd etmək istəyirəm ki, təsviri sənətdə nar obrazı XVII-XIX əsrlərdə üstünlük təşkil edib. Nar təsviri bəzək elementi kimi sarayların və iqamətgahların, şəxsi malikanələrin də divarlarını bəzəyən freskaların ayrılmaz elementi olub. Buna Şəki Xan sarayının (XVIII əsr) və İrəvan xanlığının Sərdar sarayının (XVIII əsr), Şuşa, Şamaxı, Quba və Bakı şəhərlərindəki memarlıq tikililərinin (XVIII-XIX əsrlər) divar rəsmlərində rast gəlmək mümkündür. Əlimizdə həmin dövrə aid bir neçə fotoşəkil var. Miklaşevski adlı sənətşünasımız vaxtilə İrəvandakı Sərdar sarayının və Şuşadakı bir çox bəy iqamətgahların daxilində olan divar rəngkarlığının üzünü köçürüb. O dövrün rəssamlarını Azərbaycana Avropadan çağırırdılar. Eyni zamanda Mirzə Qədim İrəvani, Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvab və digər məşhur fırça ustalarının yaradıcılığında nar obrazları üstünlük təşkil edib. Həmin əsərlərin bəziləri bizim dövrə gəlib çatıb. Mirzə Qədim İrəvaninin yaradıcılığının çox hissəsi 2020-ci ildə Heydər Əliyev Fondunun təşkil etdiyi sərgidə nümayiş olunub. M.Q.İrəvaninin əsərlərinin çoxu Gürcüstan Milli Muzeyində qorunub saxlanılır. Hazırda İrəvan xanlığının Sərdar sarayını ermənilər yerlə-yeksan ediblər. Sərdarlar o şəcərənin davamçıları idi. Nar daima Azərbaycan təsviri sənətində öz əksini tapıb. Hətta ilk dövrlərdə keramik qablar üzərində, xalça ornamentlərində, kəlağayıda, ağac işləmə sənətində, zərgərlik nümunələrində nar obrazının semantik xüsusiyyətlərini görə bilərik.
Təmkin Məmmədli: Azərbaycan incəsənətinin simvollarından biri olan buta kimi nar da müxtəlif obrazlarda rəssamlarımızın yaradıcılıqlarında əks olunur.
Samir Sadıqov: Təbii ki. Bunun böyük bir mənası var. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Altay Hacıyev kimi rəssamlarımızın nar mövzusuna müraciət etməsinin kökündə əcdadların onlara miras qoyduğu ənənə durur. Onlar bu ənənəni real obraz kimi davam etdirdilər. Realizm üslubunu əhatə edən təsvirlərə üstünlük verdilər. Toğrul Nərimanbəyov və Səttar Bəhlulzadə o semantik xüsusiyyətləri demək olar ki, bütün əsərlərində element kimi tətbiq ediblər. Səttar Bəhlulzadə yaradıcılığında nar obrazının bu qədər zəngin olması onun təbiətə olan vurğunluğuna bağlıdır. Səttar yaradıcılığının ilk dövründə tarixi mövzular mühüm yer tutur. O tarixi janrda böyük nailiyyətlər qazanan rəssamlarımızdan birinə çevriləcəkdi. Amma 1933-1940-cı illərdə Səttar Bəhlulzadə tarixi janrda sözünü desəydi repressiyaya məruz qalacaqdı, onu məhv edəcəkdilər. Necə ki, yaradıcılığında milli adət-ənənələrimizi əks etdirən obrazlara üstünlük verən Ələkbər Rzaquliyev ömrünün 25 ilini sürgündə yaşadı. Eyni taleyi Səttar Bəhlulzadə də yaşamalı idi.
Təmkin Məmmədli: Mənzərə janrı onu xilas etdi.
Samir Sadıqov: Bəli, tarixdən imtina edərək mənzərə janrına üstünlük verməsi Səttar Bəhlulzadəni xilas etdi. Toğrul Nərimanbəyov haqqında bir məqamı da qeyd etmək istəyirəm.
Onun yaradıcılığında çox böyük bir ideya, semantika var. Texnoloji işlənmə prinsiplərinə görə T. Nərimanbəyovun əsərləri digər rəssamlardan seçilir. Əgər Səttar Bəhlulzadədə fəlsəfilik, düşündürücülük, tarixilik və digər xüsusiyyətlər mövcuddursa, Toğrul Nərimanbəyovun əsərlərində monumentallıq prinsiplərinə söykənən məqamlar, düşündürücü ideyalar var. Çünki Səttar Bəhlulzadə də, Toğrul Nərimanbəyov da, Tahir Salahov da həmişə bir-biri ilə ünsiyyətdə olub, sənətdən söhbət ediblər. Bu baxımdan onların ideyaları, fikirləri həmişə üst-üstə düşərmiş. Amma üslublar fərqlidir. Hərəsinin öz inkişaf meyarları var. Ötən əsrin 50-ci illərində Toğrul Nərimanbəyov nar obrazına ilk dəfə müraciət edən rəssamlarımızdan biridir. Nar mövzusuna müraciət etməsinin səbəblərindən birini T. Nərimanbəyov öz xatirələrində qeyd edir: “Mən narı, xüsusilə, Göyçaya gedəndən sonra sevdim. Biz böyük şair Rəsul Rza ilə birgə o rayona ova gedirdik. Mən Göyçayda böyük nar bağlarını görəndə sarsıldım. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə, aludə olub nar mövzusuna bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “Göyçay bağlarında” idi. Mən onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Mən narı çox sevirəm. Onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm. Məsələn, mən şəhər çəkirəmsə, bilməliyəm ki, bu evdə kim yaşayır. Bu evin içindəki nədir, bərbərxana, yoxsa nə? Mən şəhəri onun daxili məzmunundan keçməklə açıram. Eləcə də narı. Mən onun təkrarolunmaz şirəsindən, şərbətindən bəhs edirəm”.
Türkanə Abbaszadə: Bizİspaniyada, Şərq ölkələrində, Afrikada da narı görə bilirik. Nar hətta səhrada belə bitə bilir. Nar bolluğun, məhsuldarlığın, həmçinin dözümlülüyün rəmzi hesab olunur. Mən “Orta əsrlər erməni təsviri sənətində nar” adlı yazıya rast gəlmişəm. Ermənilər hətta orta əsr mənbələrini də saxtalaşdıraraq öz adlarına çıxmaq istəyirlər.
Fuad Babayev: Bu ermənilərə xas olan xüsusiyyətdir.
Türkanə Abbaszadə: Bəli. Bundan başqa İspaniya təsviri sənətində natürmortlarda narı tez-tez görürük. İspaniya mədəniyyətində nara termin olaraq da rast gəlmək mümkündür. Biz bütün dinlərdə narın simvolikasını görə bilirik.
Təmkin Məmmədli: Nar həm də İsanın dirilişini simvolizə edir, bağışlanma, gələcək həyata və dirilişə inam vəd edir.
Türkanə Abbaszadə: Nar müqəddəs qanı bildirirdi. Tövratda da həyat, bilik, müdriklik ağacı kimi verilən nar yəhudilərin müqəddəs torpaqlarını simvolizə edirdi. Biz bunu digər dinlərdə də görə bilirik. Avropa təsviri sənətində də natürmortda biz simvolik olaraq nar təsvirini görürük. Toğrul Nərimanbəyov müsahibələrindən birində qeyd edir ki, narı bəzən bərəkətin simvolu kimi verirlər. Amma mən narı öz dünyam olaraq təqdim edirdim. Narın içərisində olan dənələri insanların simvolu kimi verirdim. Nar mənim üçün bir sirrdir.
Fuad Babayev: Bir çox rəssamlarımızın müraciət etdiyi və sakral əhəmiyyətə malik nar mövzusu ilə bağlı dissertasiyalara rast gəlmisinizmi?
Samir Sadıqov: Çox təəssüflər olsun ki, elm sahəsinə lazım olan mövzularınverilməsində böyük problemlər var. Təbii ki, hər hansı bir elmi işin seçimində və təqdimatında mövzunun aktuallığı ən vacib məsələlərdən biridir. Mövzu aktual olmasa onun yazılma məqsədi, elmi yeniliyi və qarşıya qoyulan müddəalar öz əhəmiyyətini itirir. Təsviri sənətimizdə nar obrazı tədqiqat obyektinə çevrilməlidir.
Bizdə mövzu götürməzdən əvvəl dissertantlara araşdırma aparmaq üçün vaxt verilir. Dövrü mətbuatda informasiyanın azlığına görə belə mövzuları götürmürlər. Rəssamların işi çəkməkdir. Sənətşünaslar isə çəkilmiş işləri təhlil etməlidir. Çox böyük problemlərdən biri də odur ki, bizdə təhlil kənarda qalıb, təsvirçilik prinsipi formalaşıb. Rəsm əsərinin ideyası, məqsədi təhlil edilməlidir. Rəssamın çatdırmaq istədiyi fikrə nə dərəcədə nail olması araşdırılmalıdır. Hazırda bu məsələlər arxa planda qalıb. Mən hesab edirəm ki, yeni dövr, gənc nəsil daha da elmli, bilikli, dünyagörüşlü olacaq və bu mövzuya münasibət bildiriləcək.
Fuad Babayev: Bizim buna mənəvi haqqımız var. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov Azərbaycan rəngkarlarıdır.
Samir Sadıqov: Biz təsviri sənətdə nar obrazı ilə bağlı heç olmasa məqalələrdən başlamalıyıq, onları kitablara, monoqrafiyalara çevirməliyik. Nara nə üçün bu qədər çox müraciət edilməsinin səbəbini, qaynağını araşdırmaq, onun ideyasını açmaqdan ötrü yeni beyinlərə ehtiyac var. Rəssamlıq Akademiyasının məzunu, hazırda Almaniyada yaşayan rəssam Taleh Mirkazımovun da yaradıcılığında nar obrazına rast gəlirik. Talehin işləri Avropada satılır. O, Almaniyanın bir çox məşhur qalereyaları əməkdaşlıq edir. Azərbaycan simvolunu, Azərbaycançılıq elementlərini əsərlərindəki rənglərdə dünyaya göstərə bildiyinə görə mən həmişə Talehə minnətdarlığımı bildirmişəm. Türkanə xanım bayaq qeyd etdi ki, ermənilər onlara mənsub olmayanı nar obrazını da öz adlarına çıxırlar. Biz isə özümüzdə olana sahib çıxa bilmirik. Nar obrazı xalçada da, keramikada da, heykəltaraşlıqda da var. Bayaq qeyd etdiyim kimiSəlhab Məmmədovla və Əli İbadullayevin “Nar abidəsi” var. Heykəltaraşlığımızda nar üstünlük təşkil edir.
Rahib Qarayevin yaradıcılığında da nar kiçik kompozisiya halında element kimi verilib. Göyçayda keçirilən “Nar bayram”ları zamanı bizim keramikaçı rəssamların hazırladıqları nar formaları üstünlük təşkil edir.
Təmkin Məmmədli: Türkanə xanım, Mədəniyyət və İncəsənət Universitetində keşirilən ənənəvi “Gümüş nar” festivalı barədə məlumat verməyinizi xahiş edərdim.
Türkanə Abbaszadə: “Gümüş nar” festivalı Gülnaz Mədətovanın (ADMİU-nun Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi – red.) rəhbərliyi ilə universitetimizin bakalavr və magistr tələbələri arasında keçirilir. Tələbələrimizin qrafika, yağlı boya, akvarel, quaşla işlənmiş seçilmiş əsərləri, dekorativ-tətbiqi sənət nümunələri bu festivalda nümayiş olunur.
“Gümüş nar” festivalı hər il universitetimizin həyətində açıq havada keçirilir. Festivala qonaqlar dəvət olunur.
Fuad Babayev: Nar obrazının mədəniyyətimizdəki yerini insanlarımızın dərk etməsi üçün sənətşünaslar və yaxud qaleristlər nə etməlidir?
Samir Sadıqov: Adi insanlar, cəmiyyət elə formalaşdırılmalıdır ki, nar obrazı aktuallıq kəsb etsin. Biz bu obrazı qorumağı bacarmalıyıq. Bu bizim üçün vacib məqamlardan biridir. Bu mentalitet baxımından bizim üçün milli mənsubiyyəti, ənənəni əks etdirən bir məqamdır. Təbii ki, həm qaleristlərin, həm mətbuatın, həm də qeyri-hökumət təşkilatlarının üzərinə böyük yük düşür. İldə bir dəfə Nar bayramı keçirtməklə nar obrazının yüksəldilməsi qeyri-mümkündür. Nar obrazı ədəbiyyatımızda, təsviri sənətimizdə, musiqimizdə, kinomuzda da mövcuddur. Rəsul Rzanın bir çox əsərlərində nar obrazı ilə bağlı məqamlar əks olunub. Amma bu proses davamlı olmalıdır.
Bu bu mövzu ilə bağlı konkret tapşırıqlar olmalıdır. Kifayət qədər rəssamlarımız, heykəltəraşlarımız, yeni yetişən nəslimiz var. Bir nəfərin bu mövzulara olan münasibəti vəziyyəti dəyişmir. Amma bu münasibət kütləvi hala çevriləndə, nar obrazının mədəniyyəmizdəki yeri ilə bağlı verilişlər hazırlananda, onu ictimailəşdirəndə, artıq həvəs yaranacaq. Bu sahəyə olan maraq, qığılcım artıq sönmək üzrədir. Ermənilər onlara aidiyyatı olmayan nar obrazını mənimsəmək istəyirlərsə, biz buna biganə qala bilmərik.
Türkanə Abbaszadə: Biz xalq olaraq narın dəyərini başa düşə bilmirik. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında narı simvol olaraq verəndə tanıdığım bir çox insana, o cümlədən universitetdə olan adamlara narın rəmz kimi seçilməsi qəribə gəlirdi.
Fuad Babayev: Hətta Sizin mühitdə belə?
Türkanə Abbaszadə: Bəli.
Təmkin Məmmədli: Bu məlumatsızlıqdan irəli gəlir.
Samir Sadıqov: Rəssam, heykəltəraş və ya sənətşünasların hamısı narın element və simvollarını, onun mədəniyyətimizdəki yerini eyni dərəcədə dərk edə bilmir.
Türkanə Abbaszadə: Düşünürüəm ki, müəyyən qrantlar ayrılsa bu sahənin inkişafına xeyli dərəcədə təkan verə bilər.
Hazırladılar: Təmkin Məmmədli, Ləman Carçalova, 1905.az
Söhbət 1 mart 2023-cü ildə baş tutub.
Materialda rəssam Səttar Bəhlulzadənin “Narlar” adlı əsərindən istifadə edilib