Natiq Əliyev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq məktəbinin məzunudur.
O, Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir. Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.
Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin məzarüstü abidələrini qeyd etmək olar.
– Natiq müəllim, Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Türkiyədəki səfirliyimizin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Ankaranın Kızılcahamam rayonunda Xocalı soyqırımı heykəlinin açılış mərasimi gerçəkləşib. Layihə haqqında nə deyə bilərsiniz?
– Bu layihə mənim Xocalı soyqırımı ilə bağlı işlədiyim 4-cü və hələ ki, sonuncu abidədir. Bundan əvvəlki 3 abidə də ölkə hüdudlarından kənarda- Mexikoda, Sarayevoda, o cümlədən Ankara şəhərində gerçəkləşib. Ankaranın Kızılcahamam rayonunda gerçəkləşən bu layihə isə təkcə abidə yox, həm də muzey kompleksdir. Bu kompleksdə ayrıca muzey də vardır ki, həmin muzeydə Xocalı ilə bağlı çoxlu sayda sənədlər və fotolar var. Bu layihə təklif olunanda ilk olaraq mən, abidənin ucaldılacağı ərazi ilə tanış oldum. Günəşin harada batıb, haradan doğması abidə, heykəltəraş, memar üçün çox böyük amildir. Bütün bunlar abidənin necə görünməsinə təsir edir. Ankaranın Kızılcahamam rayonundakı Xocalı soyqırımı monumental abidədir. Monumental abidələrin isə əsas özəlliyi onların ətraf-mühitlə vəhdət təşkil etməsindədir. Və belə də oldu. Mən ilk əvvəl ərazi ilə tanış oldum, daha sonra heykəlin eskizini işləməyə başladım.
– Ümumiyyətlə, heykəl, abidə hansı müddətdə hazır olan bir işdir və bu müddət nəyə əsasən uzana bilər?
– Bilirsiniz, zaman adətən fərqli olur. Heç vaxt bir layihənin gerçəkləşmə müddəti digərinə bənzəmir. Layihə var ki konkret zaman kəsiyində gerçəkləşməlidir. Memar heykəli göstərilən müddətə hazır etməlidir. Həmin tarixə uyğun olaraq heykəltəraş öz planını cızmağa başlayır.
Digəri isə sərbəst müddətə verilən layihələrdir. Təbii ki, müddətlə verilən layihələri işləmək daha çətindir. Çünki layihənin gerçəkləşib, gerçəkləşməməsi bilavasitə səndən asılıdır. Amma istənilən halda bir heykəlin hazır olması ən azı bir il davam edir.
– Heykəlin ideası haradan qaynaqlar? Məsələn, götürək elə Ankarada ucaldılan Xocalı soyqırımı abidəsini.
– Hər abidənin ideası bir cür formalaşır. Birinci və ən əsası memar, heykəltəraş mövzunu bilməlidir. Mövzunu bilmədən sən heç nə yarada bilməzsən. Amma bu məqamda mövzu haqqında nə isə bilmək də kifayət eləmir. Çünki sənin nəyi isə bilməyin, hələ heykəl yaratmaq demək deyil. Heykəltəraş heykəli hansı formada çatdırmaq istədiyini bilməlidir. Sən gördüyün hadisələrə, oxuduğun materiallara heykəl yaratmaq gözü ilə baxmalısan. Bundan sonra isə insanda avtomatik ideya formalaşır. Özümdə Xocalı soyqırımı heykəli ideasını formalaşdıranda ilk məqsədim heykələ, abidəyə uzaqdan baxan adamda hiss-həyəcan oyatmaq olub.Yəni düşünmüşəm ki, görəsən, bu abidəyə uzaqdan baxan adamda hansı hisslər oyanacaq? İlk növbəfə emosiya yaratmağı istiqamət götürmüşdüm.
– Tez-tez Azərbaycan xalqının məruz qaldığı soyqırımılara dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi ilə tanınmış xarici müəlliflərin –kinorejissorların, heykəltəraşların bu mövzuya cəlb etməyin vacibliyi vurğulanır. Sizcə, xarici müəlliflər Azərbaycan xalqının bu dərdini bizim duyduğumuz kimi çatdıra bilərmi?
– Əslində, hansı millətə mənsubluğun heç bir önəmi yoxdur . Əgər rejissor peşəkar və istedadlıdırsa onun üçünhansı millətdən olmağın heç bir fərqi yoxdur. Peşəkar adam onsuz da istənilən mövzunu lazımınca araşdırıb, oxuyub həyata keçirir. Əsas məsələ mövzunu bilmək dərəcəsi və hissetmə qabiliyyətinə bağlanır.
Məsələn, Sarayevo şəhərində Xocalı soyqırıma aid abidənin maraqlı tərəfi o idi ki, orada iki mövzu var idi. Həm Xocalı soyqırımı, həm də Bosniya faciəsində həlak olmuş insanların xatirəsi. Həmin mövzuya yanaşma tamam fərqli idi. Əgər bayaq biz insanda emosiya yaradan bir abidənin yaradılmasını prioritet götürməyin vacibliyindən danışırdıqsa, Sarayevodakı abidənin özündə sükut var idi. O abidənin mövzusu bir azərbaycanlı və bir bosniyalı ananın görüşüb, bir-birilərinə dərdlərindən danışmalarından ibarətdir . Ümumiyyətlə, həmin abidənin açılışında insanların abidəyə həvəsi, marağı çox yüksək idi. Hətta sadə vətəndaşlar belə, mövzunu hiss etdiklərini, ürək ağrısı ilə qəbul etdiklərini deyirdilər.
Yəni, millətin fərqi yoxdur, əsas odur ki, heykəltəraş ideyanı olduğu kimi çatdıra bilsin. Niyə də yox? Niyə hər hansı məşhur bir rejissor Xocalı haqqında bir film çəkməsin? Əgər o bunu bacaracaqsa, çəkə də bilər. Mənə görə vətənpərvər təkcə vətənini sevən yox, yaratdığı işi olduğu kimi, düzgün ortaya qoya bilən adamdır həm də.
– Gələcəkdə Xocalı ilə bağlı hansısa xarici ölkələrdə abidənin qoyulması planlaşdırılırmı?
– Bildiyiniz kimi, abidə sifarişlə həyata keçirilir. Əgər bu abidə xarici ölkədə ucaldılacaqsa, bu zaman məsələ bir az mürəkkəbləşir. İlk öncə ölkələr arasında diplomatik əlaqə olmalı, həmin dövlətlərin Xocalı soyqırımına münasibəti olmalıdır. Daha sonra ərazi üçün icazə alınmalı, danışıqlar aparılmalıdır. Abidəni ucaltmaq o qədər də çətin deyil. Əsas onun razılığını almaqdır.
– Ümumiyyətlə, Azərbaycan mediasında heykəltəraşlarımızın işləri kifayət qədər işıqlanırmı?
– Çox acınacaqlı haldır ki, mediada abidələrin açılışı, hansı ölkədə layihənin keçirilməsi haqqında informasiya verilsə də, nədənsə jurnalistlər adətən heykəlin müəllifi, memarın adını qeyd etməyi unudurlar. Yəni, müəllif, imza mütləq bilinməlidir. Oxucuya nə isə çatdırılanda, abidə haqqında məlumat verilməklə bərabər, onun yaradanını, müəllifini qeyd etmək vacibdir. Bu, bütün dünyada belədir. Hər hansı abidənin açılışı zamanı heykəlin müəllifi haqqında məlumat verilir.
– Ümumiyyətlə imzalar, müəlliflər abidədə harada qeyd olunur? Heykəllərin üzərində?
– Abidəyə, heykələ imza qoymaq iki cür olur. Məsələn, mən Mexiko şəhərində olanda orada bir heykəllə tanış oldum. Heykəlin müəllifi boliviyalı bir heykəltəraşdır. Həmin abidənin yanında bir lövhə var. Həmin lövhədə heykəltəraşın adı, soyadı, onun saytı və digər məlumatlar var. Yəni, heykəlin müəllifi ilə tanış olmaq istəyən şəxs onu həmin lövhədəki məlumatlar vasitəsi ilə tanıya bilər. Bəzən isə elə olur ki, abidəyə ad yazılmır. Abidənin bir kənarında müəyyən bir cızma olur, hər hansı işarə ilə müəllifin kimliyi göstərilir. Yəni imzanı görmək istəyənlər görə bilirlər. Ancaq dünyada elə abidələr var ki, onların ucaldılma tarixi yaxın keçmişə aid olsa da məhz müəllif adının qeyd edilməməsi üzündən artıq həmin heykəllərin müəlliflərin kim olduğu unudulub. Belə şeylərin itməməsi üçün imzanın qeyd edilməsi mütləqdir.
Aynur Hüseynova
1905.az
Mexikoda Xocalı soyqırımı abidəsi
Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə
Sarayevoda “Dostluq parkı” və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə