Ermənistanın beynəlxalq miqyasda aldığı növbəti zərbə Azərbaycan diplomatiyasının uğurları sırasına yazıldı
Təcavüzkar Ermənistan dövlətinin müxtəlif səviyyələrdə ifşası davam edir. Bu dəfə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasının qətnaməsində öz əksini tapdı. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbə olmaqla yanaşı, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.
Türkiyə Böyük Millət Məclisinin evsahibliyi etdiyi sessiyada ölkəmizi Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Dörd gün davam edən sessiyada müzakirələr Parlament Assambleyasının Siyasi, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiyalar komitələrində aparılıb. Məruzələr ətrafında çıxışlarda ölkələrin ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığı, münaqişələrin qarşısının alınması, qaçqın və məcburi köçkünlərin zəruri ehtiyaclarının ödənilməsi, onların müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi, bu qəbildən olan insanların hüquqlarının qorunması, ayrı-seçkilik hallarına, həmçinin terrorçuluğun bütün növlərinə qarşı mübarizədə ikili standartlara yol verilməməsi, bütün bu proseslərə NATO-nun təsir imkanlarının genişləndirilməsi yolları müzakirə olunub.
Sessiya çərçivəsində keçirilən müzakirələrdə fəal iştirak edən deputatlarımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri, BMT Təhlükəsizlik Şurasının, o cümlədən digər beynəlxalq təşkilatların münaqişənin həlli və ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı qəbul etdikləri qərar və qətnamələrinin indiyədək yerinə yetirilməməsi, erməni terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı terror aktlarının acı nəticələri, eləcə də digər məsələlər barədə ətraflı məlumat veriblər. İclaslarda dəfələrlə vurğulanıb ki, müasir dövrdə beynəlxalq məsələlərlə bağlı ədalətsizliklərin əsasını dünyadakı ikili standartlar təşkil edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən Siyasi komitənin iclasına Azərbaycan nümayəndə heyətindən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qatılıb. Dünyada sülhün və sabitliyin bərqərar olunmasında, münaqişələrin qarşısının alınmasında, terrorla mübarizədə, qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılmasında Türkiyənin mövqeyini iştirakçılara çatdıran M.Çavuşoğlu təmsilçilərin suallarını cavablandırıb. Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına cavab verən nazir onu yalan danışmaqda ittiham edib. Siyavuş Novruzov isə mövzu ətrafında, o cümlədən ASALA erməni terror təşkilatının Azərbaycanda və Türkiyədə çoxlu sayda terror aktı törətməsi, işğalçı Ermənistanın əsassız ərazi iddiaları və s. məsələlər barədə fikirlərini bildirib. Milli Məclisin komitə sədrinin terrorla mübarizədə NATO üzvlərinin Türkiyəyə hansı səviyyədə dəstək verməsi barədə sualına cavabında M.Çavuşoğlu saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri iştirakçılara çatdırıb. Nazir vurğulayıb ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmayanadək Türkiyə təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.
Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxış edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar isə erməniləri biabır edib. Belə ki, erməni deputat Hulusi Akara yersiz suallar verməklə yanaşı, Türkiyə Cümhuriyyətini İraqın işğal olunmasında və İŞİD-ə dəstək verməsində günahlandırmağa cəhd edib. Hulusi Akar isə çıxışında bu məsələlərin hamısına aydınlıq gətirərək bildirib ki, əgər bir nəfər Türkiyənin İraqda nə iləsə məşğul olduğunu sübut edə bilsə, istefa verməyə hazırdır. Bunun ardınca isə Baş Qərargah rəisi erməni deputatı əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırıb.
Sessiya çərçivəsində qurumun Müdafiə və təhlükəsizlik komitəsində suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə də müzakirəyə çıxarılıb. YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, ABŞ nümayəndə heyətinin təşəbbüsü ilə komitədə müzakirə edilən sənədə Ermənistan nümayəndə heyəti etirazını bildirsə də, qətnamə qəbul olunub. Bir gün sonra isə NATO PA-nın sessiyasında qəbul olunaraq qurumun sənədi statusunu qazanıb. Yəni yekun qətnaməyə bütün suveren dövlətlərin ərazi bütövlüyünün qorunması və sərhəd toxunulmazlığına dair müddəa daxil edilib. Siyavuş Novruzovun sözlərinə görə, bu, NATO PA tərəfindən qəbul edilən ən vacib sənədlərdən biridir.
Bu, işğalçı Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən növbəti ifşası idi. Xatırladaq ki, 2014-cü ildə Bakıda NATO Parlament Assambleyasının “Cənubi Qafqaz, Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarı zamanı da Ermənistan nümayəndə heyəti aciz duruma düşmüşdü. Hətta nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan Azərbaycan nümayəndə heyətinə yalvararaq erməniləri işğalçı adlandırmamalarını istəmişdi: “Mən acizanə surətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”.
Bu, erməni deputatın dilindən səslənən həqiqət idi: nə bu ölkənin ordusunun, nə də siyasətçilərinin Azərbaycan Silahlı Qüvvələrinin, siyasətçilərinin qarşısına çıxmağa cəsarəti var. NATO kimi nüfuzlu təşkilatın tədbirində erməni deputatın yalvarışı Azərbaycanın hərbi və siyasi gücündən xəbər verirdi. Dayanıqlı iqtisadiyyata, qüdrətli orduya, çevik xarici siyasətə malik olan Azərbaycan dövləti bu gün dünya arenasında söz sahibinə çevrilib. Birmənalı şəkildə deyə bilərik ki, regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür.
Yalanla, hiylə ilə dünya birliyini çaşdırmağa can atan işğalçı ölkənin rəhbərliyi və diplomatları mötəbər təşkilatlarda Azərbaycan həqiqətləri qarşısında aciz duruma düşürlər. Azərbaycan Prezidenti İlham Əliyevin çevik diplomatik siyasəti nəticəsində erməni lobbisinin apardığı bədnam təbliğat iflasa uğrayır. Bütün beynəlxalq toplantılarda, forum və konfranslarda etdiyi çıxışlarda diqqəti məhz bu münaqişənin həlli istiqamətinə yönəldən Prezident İlham Əliyev Ermənistanın təcavüzkar ölkə olduğunu Avropa və dünya birliyinə tutarlı arqumentlərlə sübut edir. Ermənistan prezidenti Serj Sarkisyan iştirak etdiyi beynəlxalq toplantılarda yalan ifadələri ilə münaqişənin həllinin uzanmasında Azərbaycanı günahlandırmağa çalışır. Lakin hər dəfə Azərbaycanın dövlət başçısı əsl həqiqəti söyləyərək Sarkisyanın yalanını ifşa edir, onu aciz vəziyyətə salır.
AŞ PA, ATƏT PA, NATO PA, QDİƏT PA, İKT PA, TürkPA, Avronest PA, Avropa Parlamenti və s. kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan nümayəndə heyətləri də daim Ermənistanın təcavüzkar siyasətini pisləyən sənədlərin qəbul edilməsi üçün ciddi səy göstərirlər və buna nail olurlar. NATO PA-nın İstanbulda keçirilən 62-ci sessiyasında qəbul edilən yekun qətnamə də bunu bir daha təsdiqlədi.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan” qəzeti, 25 noyabr 2015-ci il