Bakıda ötən gündən etibarən keçirilən NATO Parlament Assambleyasının (PA) seminarında iştirak edən Ermənistan nümayəndə heyətinə xəbərdarlıq olunub.
APA-nın məlumatına görə, bu, NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarının bu gün davam edən ikinci günündə bildirilib.
Seminarın bu gün davam edən hissəsində əvvəlcə söz alaraq çıxış edən Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan seminarın gündəliyindən kənara çıxaraq, birbaşa Azərbaycanı ittiham etməyə başlayıb. O, son 7 ildə Azərbaycanın hərbi büdcəsinin 20 dəfə artdığını bildirərək, bunu regionda real təhdid kimi təqdim edib və qurumdan buna sərt reaksiya verməyi tələb edib.
Onun ardınca söz alan digər erməni deputat Tevan Poqosyan isə Qarabağ münaqişəsinin başlanmasında Azərbaycanı ittiham edib. O, tarixi faktları saxtalaşdırmağa cəhd edərək, guya SSRİ dağıldığı ərəfədə Azərbaycanda külli miqdarda silah-sursatın qaldığını və rəsmi Bakının bundan istifadə edərək ölkədəki erməniləri təhdid etdiyini bildirib.
Seminarı aparan Todor Tagarev erməni nümayəndə heyətinə artıq neçənci dəfə proqramı pozaraq, mövzudan kənar ittihamlara son qoymağı xahiş edib və bunun proqrama zidd olması ilə bağlı xəbərdar edib.
Ardınca söz alan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iki gündür Ermənistan nümayəndə heyətinin Bakıda təxribatla məşğul olduğunu, seminar adı ilə burada hansısa niyyətlə fəaliyyət göstərdiklərini bildirib. O, seminarın təşkilatçılarına bununla bağlı xəbərdar edib: “Seminarın gedişatı da göstərdi ki, Ermənistan nümayəndə heyəti seminarın gündəliyindəki mövzularla deyil, sırf Azərbaycanı NATO PA-da ləkələməklə məşğuldur. Mən onları çalışdım başa salam ki, əgər söhbət Azərbaycanın hərbi büdcəsinin artırılmasından gedirsə, dünya iqtisadiyyatında da Ümumi Daxil Məhsul deyilən bir anlayış var. Bilmirlərsə, gedib açıb oxusunlar. Yəni əgər 90-cı illərin əvvəllərində indiyə qədər Azərbaycanın ÜDM-i 10 dəfələrlə artıbsa, deməli, bu, paralel olaraq bütün sahələrlə yanaşı, hərbi büdcəyə də təsir edəcək. Bütün bunlar bir yana, hörmətli Assambleya təmsilçiləri, mən sizdən soruşuram, ərazisinin 20 faizi işğal altında olan dövlət hərbi büdcəsinin artırmalıdır, ya yox? Onsuz da ermənilər buna səmimi cavab verməyəcəklər, məlumdur ki, bura səmimiyyət üçün yox, başqa niyyət üçün gəliblər. Amma gəlin birlikdə ermənilərdən bu həqiqəti soruşaq: siz işğal etdiyiniz Azərbaycan torpaqlarını nə vaxt azad edəcəksiniz? Axı biz gözləyirdik ki, az-çox siyasi əxlaqı olan siyasətçi olaraq siz burada buna görə üzr istəyəcəksiniz. Çünki bu işğal çərçivəsində Xocalı soyqırımını törətdiniz, Azərbaycan ərazisində müxtəlif ictimai yerlərdə 30-dan çox terror aktı törətmisiniz. Mənə inanmırsınız, gedin İnterpolda axtarışda olan erməni hərbçilərinin siyahısına baxın. Niyə bunları da qabartmırıq? Niyə bundan danışmırsız? Cənab erməni həmkarlar, siz erməni terrorizmindən danışın. Çünki bu işi yaxşı bilirsiz. Çünki bu gün Ermənistanda terror dövlət siyasətidir. Onun başında duran Serj Sarkisyan regionun bir nömrəli terrorçusudur”.
Z.Əsgərov NATO PA-dan bütün bunlara diqqət etməyi və seminarda əgər bu mövzu açılırsa, onun ortaya qoyduğu faktlara da münasibət bildirilməsini tələb edib: “Əks halda, gəlib burada seminar keçirmək xatirinə seminar keçirmək nəyi dəyişəcək? Siz NATO olaraq bizimlə əməkdaşlıq edərkən əvvəlcə Azərbaycanın problemlərini öyrənin, görün kimlərlə qonşuluq edirik, ondan sonra sabitlik mövzusunda nə qədər istəyirsiz, danışın”.