Naxçıvan Dövlət Milli Dram Teatrında “Şərq qapısı” qəzetinin hazırladığı “100 ilin qəhrəmanları” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Dövlət başçısının 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam da göstərilən qayğının əyani təzahürüdür. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na uyğun olaraq “100 ilin qəhrəmanları” adlı kitabın nəşr edildiyini diqqətə çatdıran Baş nazir qeyd edib ki, igid oğullarımızın qəhrəmanlıq hekayələrinin qələmə alınması, gələcək nəsillərə çatdırılması vacibdir: “Vətəni qanı, canı bahasına qoruyan qəhrəmanlarımızın adlarını, xatirələrini yaşatmaq üçün bu sahədə nümunəvi addımlar atılır. Qələmə alınan hər sətir o zaman xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin. Təqdimatına yığışdığımız bu kitab da məhz onlardan biridir. “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gətirdiyi kitabda igid oğullarımızın şücaəti öz əksini tapıb”.
Baş nazir Ceyhun Cəlilov şəhidlərimizin həyat və döyüş yolunu qələmə alıb yaddaşa köçürməyi özünə borc bilənlərə, kitabın ərsəyə gəlməsində əməyi olanlara, “Şərq qapısı” qəzetinin kollektivinə təşəkkürünü bildirib, Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin anası Xurşud Vəliyevaya “Yüz ilin qəhrəmanları” kitabını təqdim edib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid Amin Gülməmmədovun atası Mais Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid İbrahim Vəlizadənin anası Xurşud Vəliyeva şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıq ediblər.
Sonra “Şərq qapısı” qəzetinin baş redaktoru, “100 ilin qəhrəmanları” layihəsinin rəhbəri Sara Əzimova, Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, layihənin icraçısı Turan Məmmədlinin çıxışları dinlənilib. Qeyd olunub ki, “Şərq qapısı” qəzetinin “100 ilin qəhrəmanları” layihəsi çərçivəsində ərsəyə gələn kitabda şanlı Vətən savaşında və sonrakı hərbi əməliyyatlarda canından keçib şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın valideynlərinin (Naxçıvan Muxtar Respublikasında yaşayan) övladları haqqında xatirələri yer alıb. 44 cümləyə sığışdırılan hər bir xatirə şəhidlərimizə böyük sevgi və ehtiramın ifadəsidir.
Mərasimdə Naxçıvan Televiziyası və “Şərq qapısı” qəzetinin birgə hazırladığı “100 ilin qəhrəmanları” adlı videoçarx nümayiş olunub. Naxçıvan Dövlət Milli Dram Teatrının direktor əvəzi Mirqabil Əkbərov vətənpərvərlik ruhunda şeir səsləndirib, Naxçıvan Dövlət Filarmoniyasının solisti, Prezident mükafatçısı İlkin Abdullayev “Qələbəyə gedən yollar” mahnısını ifa edib.
Tədbirdən sonra Sara Əzimova jurnalistlərə müsahibəsində bildirib ki, layihə çərçivəsində qəzet əməkdaşları muxtar respublika ərazisində yaşayan 100-ə yaxın şəhid ailəsini ziyarət edib: “Şəhid valideynlərinin övladları ilə bağlı xatirələri öz dillərindən 44 cümlə şəklində məqalə kimi qəzetdə dərc olunub və daha sonra kitab halında nəşr edilib. Qəhrəman övladlarımızı yetişdirən anaların və ataların həyat hekayələrini gələcək nəsillərə çatdırmaq bizim əsas məqsədimizdir. Media nümayəndələri olaraq şəhidlərimizin adını yaşatmaq üçün daim əlimizdən gələni əsirgəməyəcəyik”.