Jurnalist, yazıçı, tənqidçi və tədqiqatçı-alim, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli ilə kameral təsvirlərdən danışdıq.
– Kameral siyahıyaalmalar nədir və hansı məqsədlə keçirilib?
– Bölgəmizdə bu tip sənədlərin tərtibi böyük Hülakü hökmdarı Qazan xanın vaxtından başlayır. Ümumiyyətlə, dövlət öz mövcudluğu üçün vergi yığmalıdır. Bunun üçün də vergi subyektlərini dəqiqləşdirməli və mal varlığı haqqında təsəvvürə malik olmalıdır ki, torpağına, bağına-bağçasına, evinə, mal-qarasına və s. görə hər kəsdən uyğun şəkildə vergi alsın. Ona görə də yaşayış məntəqələri − kəndlər, şəhərlər üçün bu tip siyahıyaalmalar keçirilirdi. Heç kim vergidən yayınmasın deyə, həmin ərazidə yaşayan adamlar və vergi alınacaq həmin adamların mal varlığı haqqında sənəd lazım idi.
Bədii əsərlərdə çox vaxt elə təsvir olunur ki, xüsusilə sovet dövründə belə bir tendensiya var idi, bolşevik inqilabından əvvəl hərc-mərclik olub, dövlətin vergi yığan məmuru əlinə keçən hər şeyi ev sahibinin əlindən alırdı. Əslində, belə bir şey yox idi. XIII əsrin axırları − XIV əsrin əvvəllərində Qazan xan iqtisadi və hüquqi islahatlar keçirdi. İslahatlardan biri də vergi yığmaq üçün sənədlərin tərtib edilməsi idi. Hər bir kəndin əhalisindən nə qədər vergi alınacağı barədə məlumat xüsusi bir tabloya yazılıb həmin kəndin girəcəyində qoyulurdu. Bu iş sonra bir çox dövlətlərdə davam etdirildi. Ən mükəmməl şəkildə isə Osmanlı dövlətinin məmurları tərəfindən vergi dəftərləri tərtib olunmağa başladı. Bizim ərazilər bir neçə dəfə Osmanlılar tərəfindən işğal olunub. İşğal qalığı olduqda, istila dönəmi başlayırdı, yəni təhrir dəftərləri tərtib edilirdi ki, vergiləri həmin sənədlərin əsasında toplasınlar. Təhrir dəftərləri 2 cür olurdu: müfəssəl və icmal dəftəri. İcmal dəftərində kəndin nə qədər vergi verdiyi yazılırdı. Müfəssəl dəftərdə isə kənd və şəhər sakinlərinin hər birinin adı yazılırdı və aydın olurdu ki, kənddə vergi verən kimdir.
– Adamların mal-qarası, torpağı da yazılırdı?
– Kənddə əkilən bitkilərə kimi, nəyə görə vergi alınırdı, hamısı yazılırdı.
Vergi verənlər iki sinfə bölünürdü. Osmanlılar onları bennak və subay kimi qeydə alırdılar. Müəyyən ərazisinə və mal varlığına görə adamlara bennak deyirdilər, indiki terminlə onları ortabab kəndli adlandırmaq olar. Amma tarixçilərimiz “subay” sözünü səhv şərh edirlər. Elə bilirlər ki, “evlənməmiş adam” mənasındadır. Əslində, bu söz “süvari” sözünün Osmanlılar tərəfindən yazılmış variantıdır. Tutalım ki, bennak 45-50 yaşında bir adamdır və müharibəyə gedə bilməz, amma subay süvari qoşunda xidmət keçə, müharibədə iştirak edə bilər. Osmanlı dövləti 1590-1593-cü və 1727-1728-ci illərdə Azərbaycanda bu cür sənədlər tərtib etmişdir. Səfəvilərin son hökmdarlarından olan Sultan Hüseynin vaxtında da “Təzkirətil-müluk” (1722) adlı vergi sənədi tərtib olunmuşdur. Bu sənəd çap olunub və haqqında çoxlu şərhlər yazılıb.
Ərazilərimiz Rusiya imperiyası tərəfindən işğal olunandan sonra rus məmurları da bu cür vergi sənədləri tərtib etməyə başladılar. O zaman ruslara tanış olmadığına görə, onlar bu ərazilər haqqında müfəssəl bilgiyə malik olmaq istəyirdilər.
Mən, xüsusilə İrəvan və Naxçıvan xanlıqlarının üzərində dayanmaq istəyirəm. 1827-ci ilin iyununda Naxçıvan xanlığı, oktyabrında isə İrəvan xanlığı ruslar tərəfindən işğal edildi. 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə qatıldı. Türkmənçay müqaviləsinin şərtlərindən birinə görə İran Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqlarına aid bütün maliyyə sənədlərini 6 ay ərzində Rusiya tərəfinə verməli idi. Rusiya bu ərazilərdə özündən qabaq toplanan vergilər, vergilərin növləri, miqdarı, kəndlərin, insanların sayı haqqında tezliklə məlumat almağı düşünürdü. İstəyirdi ki, Qacarlar dövründən az vergi yığılmasın. Qorxurdular ki, kimsə vergini az göstərsin, yaxud vergidən yayınsın.
– Türkmənçay müqaviləsindən sonra bu iki xanlıqda əhalinin tərkibi dəyişdi. Naxçıvan və İrəvanda müsəlman əhalinin sayı azaldı, eyni zamanda Türkiyədən, İrandan gəlmələrin hesabına ermənilərin sayı çoxaldı. Məgər istənilən halda ruslar siyahıyaalmanı təzədən keçirməyə məcbur deyildilər?
– Təbii ki, əhali tərkibi dəyişdi. Amma ruslar İrandan o sənədləri ona görə aldılar ki, yığılan vergi miqdarı haqqında dəqiq təsəvvürləri olsun və həm də İranın vergi sistemi haqqında bilgi əldə etmək istəyirdilər. Ona görə ki, vergi toplayanda yenə həmin qədər yığa bilsinlər və heç nə itirməsinlər. Yaxud artıq vergi almasınlar ki, yeni hökümətə qarşı narazılıq yaranmasın. Ruslar İrandan bu sənədləri alandan sonra özləri də bu tip sənədlər tərtib etməyə başladılar və adını da kameral təsvir qoydular.
Irəvan və Naxçıvan ərazisinin ilk mükəmməl kameral təsviri 1831-ci ildə fransız əsilli rus məmuru İvan Şopen (1798-1870) tərəfindən tərtib olunub. Amma ondan qabaq bu işi general İvan Fyodoroviç Paskeviç general Pavel İvanoviç Merlini adlı bir nəfərə tapşırmışdı və sonuncu da 1828-ci ildə kameral siyahı tərtib etmişdi. General P.İ.Merlini Naxçıvan xanlığının kameral təsvirini hazır edir, amma əvvəlki kameral təsvir ilə generalın hazırladığı təsviri müqayisə edəndə qraf Paskeviç görür ki, Merlinin tərtib etdiyi vergi sənədində rəqəmlər azdır. Paskeviç sənəddən narazı qalır. Ona görə də onu qəbul etmir, polkovnik Vozjiniski adlı birini çağırır və ona Naxçıvan ərazisinin kameral təsvirini tərtib etməyi tapşırır. Vozjiniskinin tərtib etdiyi sənəd də Paskeviçi qane etmir, onun təqdim etdiyi vergi rəqəmləri də az olur. Üçüncü dəfə Petrikov adlı bir məmuru çağırır. Onun işini də bəyənmədikdən sonra, Naxçıvan xanı Ehsan xana (1789-1846) tapşırıq verir ki, bu əraziləri yaxşı tanıyırsan, Naxçıvanın kameral təsvirini tərtib et. Rus işğalından qabaq Naxçıvan xanlığı Qacarlar dövlətində mərkəzi Təbriz olan Azərbaycan vilayətinin tərkibində idi. İran şahı Fətəli şahın oğlu Abbas Mirzə də Azərbaycan vilayətinin həm başçısı, həm də şahın vəliəhdi idi. Abbas Mirzənin məmurları 6 ildən bir gəlib Naxçıvan xanlığında bu cür vergi sənədlərini 2 nüsxədə tərtib edirdilər; birini xana verir, digərini isə Təbrizə Abbas Mirzənin dəftərxanasına aparırdılar. Bundan sonra xana deyirdilər ki, sənəddə göstərilən miqdarda vergini toplayıb göndər. Ona görə də Paskeviç sənədləri tərtib etməyi Naxçıvan naibi Ehsan xana tapşırır. Amma Ehsan xanın hazırladığı sənəd qeyri-qənaətbəxş olur. Xan bu məsələdə maraqlı idi, obyektiv ola bilməzdi. Və nəhayət, qraf Paskeviç Sankt-Peterburqdan məmur dəvət edir. Bu məmur – İvan Şopen 1829-cu ildə Qafqaza gələndə 31 yaşında idi.
Naxçıvan və İrəvan xanlıqları işğal ediləndən sonra çar I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə hər iki xanlıq ləğv olunub yerində Erməni vilayəti yaradılmışdı. Onu da idarə etmək üçün Erməni vilayəti üzrə İnzibati idarə adlı qurum təşkil olunmuşdu. Ivan Şopen həmin idarədə rəisin iki müşavirindən biri, yəni rəisdən sonra ikinci adam idi.
Naxçıvan və İrəvan üzrə bütün şəhər və kəndlərin kameral siyahısını tərtib etmək işi İvan Şopenə tapşırıldı. Ona tapşırılan işi 1832-ci ilin may ayında Şopen başa çatdırdı. O, 3 il 1 ay ərzində bütün kəndləri qarış-qarış gəzərək bu işi gördü.
– İnsanları siyahıya almaq, adamların torpaq sahələrini hesablamaq, mal-qarasını saymaq və s. üçün böyük bir işçi ordusu lazımdır. Bu iş kəndxudalara etibar edilsə idi, yəqin ki, dürüst kameral təsvir ərsəyə gəlməyəcəkdi. Kənd başçılarının, bəylərin maraqları var idi və siyahıları düzgün verməyəcəkdilər.
– Əvvəla, həmin məlumatlar kəndlərdə kəndxudalar və kəndin ağsaqqallarından soruşulurdu. Burada səhv çox az ola bilərdi. İkincisi isə, yaşayış məskənlərinin özü də kiçik idi. 1831-ci ilin sənədlərində elə kəndlər var idi ki, orada 5 ailə, 7 ailə, yaxud 10 ailə yaşayırdı.
– O zaman Naxçıvanda nə qədər əhali var idi?
– O vaxt əhali az idi. Naxçıvan əyalətində 25 minə yaxın türk, 5 min yerli erməni qeydə alınmışdır. İrandan isə buraya 11 min erməni, yəni yerli ermənilərdən 2,2 dəfə artıq erməni köçürülmüş və onların sayı 16 minə çatdırılmışdı. İrəvan əyalətində isə 57 min nəfərdən artıq türk qeydiyyata alınmışdı. Amma bu rəqəm reallığı əks etdirmir, çünki müharibə nəticəsində xeyli insan həlak olmuş və yer-yurdlarını tərk edərək İrana və Türkiyəyə getmişdi. İrəvan əyalətində cəmi 20 min erməni yaşadığı halda, İrandan və Türkiyədən buraya 47 min erməni köçürülmüşdü. Erməni vilayətində 81.749 nəfər yerli türk və 25.151 yerli erməni yaşadığı halda, buraya İrandan 35.560 nəfər, Türkiyədən isə 21.666 nəfər erməni köçürülmüşdü. Bu proses sonrakı illərdə də davam etmişdir. Rus alimi Şavrov özü etiraf etmişdi ki, XX əsrin əvvəllərində Qafqazda yaşayan 1.300.000 erməninin 1 milyonunu buraya biz ruslar gətirmişik. Rus işğalının ən acı nəticəsi də bu oldu. İşğalçı rus imperiyası İrandan və Türkiyədən gətirdikləri ermənilərin vasitəsilə balansı onların xeyrinə dəyişdilər və indiki mənzərə alındı-İrəvan əyalətindən, Zəngəzurdan və Qərbi Azərbaycanın digər ərazilərindən bütün türkləri sıxışdırıb çıxartdılar.
– Bu rəqəm bəlkə 1828-ci ildən sonra azalıb? Yəni o zaman müharibədə həlak olanlar, İrana köçənlər də olub.
– Dediyim kimi müharibələr nəticəsində müsəlman əhalinin böyük bir hissəsi ya qırılmış, ya da başqa yerlərə qaçmışdı.
1831-ci ildə Kameral təsvir tərtib ediləndə əhalinin sayını dəqiqləşdirmək üçün kəndxudalardan və kəndin ağsaqqallarından məlumat alırdılar. Amma burada özbaşınalıq yox idi, kəndxudalar istədiyini edə bilməzdilər. Məsələn, belə bir qayda var idi: tutalım, kimsə qonşu mahaldan, kənddən gəlib bir kənddə gizlənirdi, əgər kəndin kəndxudası çar hökümətinə, dövlət idarəsinə vaxtında xəbər vermirdisə, onu şallaq cəzası və 100 rubl cərimə gözləyirdi. O vaxtın 100 rublunu indiki pula çevirəndə 10 min manatdan çox edir. Bir qoyunun qiyməti isə o zaman 2 rubl idi. Yəni 50 qoyunun qiyməti dəyərində cərimə edirdilər. Bu, çox ciddi cəza idi.
Amma demək olmaz ki, hamı siyahıya düşürdü, heç kim vergidən yayınmırdı. Əlbəttə, belə hallar da olurdu. Amma tamamilə özbaşınalıq da yox idi.
Bu siyahıyaalma Şopenin rəhbərliyi ilə 3 il ərzində tamamlandı. Bəs bu illər ərzində nə işlər görüldü? Məsələn, İrəvan şəhəri böyük olduğuna görə, təkcə bu şəhərin Dəmirbulaq, Şəhər və Təpəbaşı məhəllələri üzrə 3 kameral təsvir tərtib olundu. İrəvan xanlığında 15 mahal var idi: Qırxbulaq, Dərəçiçək, Sürməli, Sərdarabad, Vedibasar, Şərur, Göyçə və s. Və bu 15 mahal üzrə də 15 kameral təsvir tərtib edildi. Bir kameral təsvir də daimi yaşayış yeri olmayan köçəri xalqlar üçün hazırlandı. Bu tayfaların qışlaq və yaylaq yerləri var idi. Qışda Araz çayına yaxın ərazilərdə qışlayırdılar, yay vaxtı isə müxtəlif dağlara çıxırdılar. Daimi yaşayış məskənləri yox idi.
Beləliklə, İrəvan əyaləti üzrə cəmi 19 sənəd, o cümlədən İrəvan şəhəri üzrə – 3, mahallar üzrə – 15 və köçərilər üçün – 1 kameral təsvir hazırlandı. Naxçıvan xanlığında 10 mahal, Naxçıvan və Ordubaddan ibarət 2 şəhər var idi və burada da 12 sənəd tərtib edildi.
Ümumiyyətlə 3 il ərzində İrəvan və Naxçıvan xanlıqlarının 31 kameral təsviri hazırlanıb. Ivan Şopen öz dəstəsi ilə hər bir kəndi qarış-qarış gəzirdi. Onun Arxip Rıjkov, Novikov, Vladimir Zolotnitski və başqalarından ibarət katiblər komandası var idi. Onlar hamısı yazırdılar, Şopen isə bu yazılara zəruri düzəlişlər edir və onu öz imzası ilə təsdiq edirdi.
Şopenin kameral siyahıları 3 hissədən ibarətdir. Osmanlı təhrir dəftərlərində yaş göstərilməyib, əsasən vergi subyektləri qeyd olunub, heç arvad-uşaqlar da göstərilməyib. Amma rusların tərtib etdiyi sənədlərdə adamların təkcə adları deyil, yaşları da göstərilib. Bu da təsvirin 1-ci hissəsində verilib. 2-ci hissə isə kameral təsvirə yazılmış izahatdan ibarətdir. İzahat yazısında həmin mahalın yerləşdiyi coğrafi ərazi, – harada yerləşir, sərhədləri, – hansı mahallar ilə sərhəddir, ərazisi, – neçə kvadrat verstdir, yolları, – bu mahaldan keçən hansı yollar var, su ehtiyatları, əkinləri, biçinləri, dağları, faydalı qazıntıları, boş kəndlərin siyahısı və onların haqqında məlumatlar və s. ətraflı təsvir edilmişdir. Ümumiyyətlə mahal haqqında nə qədər mümkündür məlumat verilib. Nəhayət, axırda faydalı təkliflər verilib: bu mahalda nə etmək olar ki, əhalinin iqtisadi fəaliyyəti güclənsin, dövlət də çox vergi yığa bilsin.
Kameral təsvirlər demək olar ki, çox geniş və ətraflı idi. Şopen bu sənədləri hazır etdikdən sonra Paskeviçə təhvil verir. Paskeviç sənəddən razı qalır.
– Şopenin siyahısı ilə əvvəlki sənədlərdə rəqəmlər arasında fərq çox idi?
– Əslində, Şopenin tərtib etdiyi siyahıdakı vergi rəqəmləri əvvəlki, yəni İran dövlətinin vaxtında hazırlanan siyahıdakı qədər oldu. Heç bir fərq olmadı.
Əvvəldə qeyd etdim ki, ruslar vergi sənədlərini İrandan 6 ay ərzində almalı idilər və Qacar dövlətindən xahiş etmişdilər ki, sizin bu işləri görən məmur gəlib bu sənədləri bizə izah edib təhvil versin. Irəvan xanı Hüseynqulu xan Sərdarın vaxtında bu işlərlə məşğul olan onun baş vəziri və maliyyə işlərinə baxan Mirzə İsmayıl sənədləri ruslara təqdim edir və izah edir ki, kim və hansı kənd nə qədər vergi ödəyir. Lakin ruslar ona inanmayıb düşündülər ki, bəlkə adamları və kəndləri qəsdən az göstərib. Buna baxmayaraq Şopenin tərtib etdiyi təzə sənədlər Mirzə İsmayılın sənədləri ilə düz gəldi. Çox cüzi fərqlər var idi, amma ruslar özləri də yazırdılar ki, Mirzə İsmayılın sənədlərinə inanmaq olarmış.
Sonralar, 1852-ci ildə İvan Şopen həmin o 31 kameral təsvirlərin əsasında kitab nəşr edir: “Erməni vilayətinin Rusiya imperiyasına birləşdirildiyi dövrdəki vəziyyətinə dair tarixi abidə”. O, yazdığı kitabı tarixi abidə adlandırmışdı. Kitabda Rusiyaya birləşdirilən zaman Naxçıvan və İrəvan xanlıqları nə vəziyyətdə idi, nə qədər əhali var idi, vergi nə qədər yığılırdı və s. əks olunub. Kitab Sankt-Peterburqda nəşr edilib. O, kameral siyahıların təhlilini verir, amma bu siyahılardan əlavə digər statistik məlumatlar, geniş təhlillər də var. Həmin kitab Azərbaycan, erməni, rus tarixşünaslarının stolüstü kitabıdır və həddən artıq qiymətə malikdir.
Qeyd edim ki, İvan Şopen vicdanlı tədqiqatçı idi. O, kameral siyahılarda adbaad yazıb ki, hansı kəndə neçə erməni gəlib və ermənilərin adını da göstərib. Məsələn, yazıb ki, kəndin yerli əhalisi, tutalım, 15 ailədir və həmin kəndə erməni köçürülübsə, gələn ermənilərin adını da, haradan gəldiklərini də yazır. Ona görə də Şopenin tərtib etdiyi kameral təsvirlər və onların əsasında yazdığı kitab müqayisə edilməz dərəcədə qiymətlidir.
Şopen müsəlmanları da, qeyri-müsəlmanları da adbaad qeyd edib. Əgər kənddə əvvəldən yerli erməni var idisə, onun adını ayrı yazır, gəlmə ermənini isə ayrıca və haradan gəldiyini də yazır. Məsələn, 1831-ci ilin kameral təsvirində İ.Şopen yazır ki, Vedibasar mahalında cəmi 2 yerli erməni ailəsi var idi və 200 erməni ailəsi gətirilib burada yerləşdirilib, amma Vedibasarda müsəlman əhali 574 ailədən ibarət idi. Yaxud Göyçə mahalının kameral təsvirini tərtib edəndə, yazır ki, 999 yerli müsəlman ailəsi və cəmi 15 yerli erməni ailəsi var. Bəyazid və Qars paşalıqlarından 1485 erməni ailəsi köçürülüb Göyçə gölünün cənub hissəsində, indiki Martuni, Kamo rayonlarına yerləşdirilmişdi. Şopen göstərir ki, 1828-ci il işğalından qabaq burada müsəlmanlar mütləq çoxluq təşkil edirdilər, yerli ermənilər azlıqda idi. Vedi kimi böyük mahalda 2, Göyçədə 15, Dərələyəz mahalında isə cəmi 58 erməni ailəsi var idi, qalan ermənilər hamısı gəlmə idilər.
İ.Şopen kitabında erməni əhali haqqında ancaq statistik rəqəmlər yer alıb. Onların adları kameral siyahılarda var idi, amma bu sənədlər azərbaycanlı tədqiqatçılarda yox idi, heç kim də görməmişdi. Mən isə həmin kameral təsvirləri əldə etmiş və oradakı şəxslərin adını da ilk dəfə çap etmişəm.
Sənədlərin əsli Ermənistan Milli Arxivindədir. Artıq bu sənədlərin yer aldığı 5 kitabı artıq çap etmişəm: İrəvan şəhərinin, Göyçə və Dərələyəz mahallarının, həmçinin Qazax nahiyəsinin kameral təsvirlərini çap etmişəm, bu yaxınlarda Vedibasar və Şərur mahallarının Kameral təsviri də çap olundu, Şəmşədil nahiyəsi çapa gedir, 5 cildlik “İrəvan əyalətinin kameral təsviri” kitabımın iki cildi artıq nəşr olunub, 3-cü cild də çıxmaq ərəfəsindədir. 5 cildlik “İrəvan əyalətinin kameral təsviri” AMEA Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çıxır, akademik Yaqub Mahmudov kitabın elmi redaktorudur, həm də ön söz müəllifidir.
– Gördüyünüz işin əhəmiyyətindən danışaq. Bu sənədlər bizə nə verir?
– Mən bunun əhəmiyyətini 4 qrupa bölürəm: birincisi, məsələnin siyasi tərəfidir. Siyasətçilərimiz, diplomatlarımız, jurnalistlərimiz haqlı olaraq deyirdilər ki, İrəvan, Göyçə və digər ərazilər bizim torpağımızdır. Mənim çap etdiyim kitablar artıq onların əlndə tutarlı sənəddir, faktdır və erməninin qabağına qoya bilərlər. Həm də bu sənədlər əgər Parisdə, Londonda, Peterburqda üzə çıxsa idi, ermənilər yenə də cığallıq edəcəkdilər. Amma bunlar ermənilərin öz arxivindəndir və bunu dana bilməzlər. Bu sənədləri erməninin, bütün digər siyasətçilərin də qabağına qoyub deyə bilərik ki, bəli, bu torpaqlar türk torpaqlarıdır. Görəcəklər ki, 1831-ci ildə buranın xanı, bəyi, əhalisi kim idi; İrəvan şəhərinin 80 faizi, Göyçənin, Dərələyəzin 99 faizi azərbaycanlı olub. Hamımız deyirik ki, İrəvan bizimdir. Amma sözlə demək ayrı, yazılı sənəd ayrı.
Məsələnin 2-ci əhəmiyyəti ondan ibarətdir ki, kameral siyahılarda tarixçilərlə yanaşı filoloqlar, dilçilər, etnoqraflar, sosioloqlar, başqa elm sahələrinin nümayəndələri üçün də həddindən artıq mühüm materiallar var. Məsələn, demoqrafiya ilə məşğul olan adamlar əhalinin yaş qruplarını araşdırıb böyük bir əsər yaza bilər. Yəni bu sənədlər tədqiqatçılar üçün çox böyük əhəmiyyət daşıyır.
3-cüsü, ayrı-ayrı şəxslər bu sənədlərdə öz şəcərəsini tapa bilərlər. Mən şəxsən öz kəndimizdə yaşamış babalarımı tapmışam.
Yeri gəlmişkən, 2017-ci ildə qalmaqala səbəb olan “Haqq-nahaq seçilər Haqq divanında” adlı kitabım çapdan çıxmışdı. Mən bizim bir çox məşhur aşıqlarımızı: Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Söyün Şəmkirli, Şair Məmmədhüseyn, Ağ Aşıq Allahverdi və başqalarını bu kameral siyahılarda tapdım. Gördüm ki, indiyə qədər folklorşünasların yazdığı ilə həqiqət arasında böyük fərq var. Məsələn, Aşıq Ələsgərin yaşını 31 il böyüdüblər. O, 1852-ci ildə anadan olub, amma indiyə qədər doğum tarixi heç bir sənədə, fakta əsaslanmadan 1821-ci il yazılıb. Folklorşünas alimlər ağlına gələn tarixi yazıb və bu da kitablara düşüb. Indi mən ortaya həqiqi sənəd qoyub, sübut edirəm ki, Aşıq Ələsgər nə vaxt vaxt doğulub. Mənə deyirdilər ki, sən bunu niyə deyirsən? Qoy elə köhnə tarixlər qalsın.
Bu günlərdə həmin kitabın davamı sayıla biləcək “Azərbaycan aşıqları və el şairlər. Arxiv sənədləri ilə” adlı yeni kitabım nəşr olundu. 2017-ci ildə çıxan kitabda 6 aşıqdan bəhs edilirdi, Azərbaycanın bütün bökgələrini əhatə edən sonuncu kitabımda isə 16 aşıq və el şairi, əlavə olaraq məşhur Göyçəli Səmənd ağa haqqında məlumat vermişəm. Qarabağlı Aşıq Valehi, Xaltanlı Tağını, Aşıq Hüseyn Bozalqanlını, Şəkili Molla Cumanı, Dərələyəzli Aşıq Cəlili və başqalarını da bu kitabıma daxil etmişəm.
– Xaltan kəndi deyəndə Qubanın Şamaxı ilə sərhədində olan ucqar kəndini nəzərdə tutursunuz?
– Bəli. Bunun üçün həmin kəndə getmişdim. Siyəzəndən ora 45 km yolu “UAZ” maşını ilə 2 saata çətinliklə də olsa gedib çıxdıq. Xaltanlı Tağı haqqında AMEA-nın müxbir üzvü Azad Nəbiyev xeyli yazıb, Şabran rayonundan olan Ağalar Mirzə onun elmi rəhbərliyi ilə dissertasiya müdafiə edib. Mən ora gedəndə Aşıq Tağının nəvəsinin nəvəsini tapdım, dedi ki, tədqiqatçılardan səndən başqa kəndə ayaq basan olmayıb. Ora ona görə getdim ki, Quba rayonunun kameral siyahısında o kənddən 3 Tağı adı var. Hamısı da bu Aşıq Tağıya uyğun gəlir. Bir adamı müəyyən etmək üçün təkcə ad rol oynamır, həm də onun atasının adı, uşaqları, qardaşları uyğun gəlməlidir. Ona görə Xaltan kəndinə getdim ki, öyrənim görək, bu 3 Tağıdan məni maraqlandıran hansıdır. Beləliklə, dəqiqləşdirdikdən sonra bildim ki, Xaltanlı Tağı kim olub. Beləliklə, kameral təsvirlərin ikinci əhəmiyyəti odur ki, ondan filoloqlar, dilçilər istifadə edə bilərlər.
Bu kameral siyahıları araşdıranda çox maraqlı hallara rast gəlirsən. Məsələn, Qazax nahiyəsinin 1860-cı ilə aid kameral təsvirini çap etmişəm, onun da elmi redaktoru akademik Şahin Mustafayevdir, kitab özü də AMEA-nın İctimai Elmlər bölməsinin qərarı ilə çıxıb. O siyahıda 1770-ci ildə doğulmuş 70 yaşlı bir insan var, onun da bir qardaşı var. Hesab edək ki, onların atası da 1740-cı il təvəllüdlüdür. O qardaşların atasının adı Elçibəy idi. Təsəvvür edin ki, o vaxt Qazax nahiyəsində Elçibəy adında adam yaşayıb. Gördüyünüz kimi təkcə adlar bölməsini araşdırmaqla nə qədər maraqlı informasiya əldə etmək olar.
– Siz şəcərələri qeyd etdiniz. Bu sənədlərdə hamı öz şəcərəsini tapa bilərmi?
– Kameral siyahılar 10 ildən bir təzələnirdi. Ölən adamları siyahıdan çıxarır, təzə doğulanları daxil edirdilər, başqa kəndlərdən köçüb gələnləri yazırdılar və s. Amma 10 il məsələsinə tam əməl olunmurdu. Məsələn, 1831-ci ildən sonra ikinci siyahıyaalma 1842-ci ildə, üçüncü 1852-ci ildə, dördüncü 1859-cu ildə, beşinci 1873-cü ildə və nəhayət, sonuncu 1886-cı ildə keçirilib. 1886-cı ildən sonra kameral siyahı tərtib olunmayıb. Görünür, artıq statistikanı hesablamanın başqa üsuluna keçmişdilər, yaxud adamların sayı xeyli çoxaldığına görə çətinlik yaranmışdı. Amma ilk Ümumrusiya siyahıyaalması 1897-ci ildə keçirilib. Artıq orada adamların adı göstərilmirdi, indiki kimi yalnız sayı göstərilirdi. Yəni siyahıda statistik göstəricilər verilirdi: kənd üzrə, qəza üzrə, quberniya üzrə nə qədər adam yaşayır. Ulu babalarından kimisə bu kameral siyahıların birində tapa bilən hər bir şəxs öz şəcərəsini də asanlıqla müəyyən edə bilər.
Bu Kameral təsvirlərin 4-cü əhəmiyyətini də qeyd edim. Düşünürəm ki, qəbri düşmən tapdağı altında qalıb ruhları sızlayan əcdadlarımızın ruhlarını şad edirəm. Qoy hiss etsinlər ki, biz onları unutmamışıq. Məsələnin bu mənəvi tərəfi o birilərdən heç də az əhəmiyyət daşımır. Onların ruhları yəqin görür ki, biz onları unutmamışıq və bir gün əcdadlarımızın uyuduğu torpaqları azad edəcəyik.
Arxasında duran güclərə görə indi Ermənistana gücümüz çatmır. Amma 10, 50, yaxud 100 ildən sonra beynəlxalq vəziyyətin, tarixi şəraitin dəyişməyəcəyini heç kim deyə bilməz. Rusiyanın təsiri azalanda, güman edirəm ki, biz görməsək belə, bizim nəsillər o torpaqları azad edəcəklər və haqqında söhbət etdiyimiz həmin kitablar da o gün üçün hüquqi, tarixi sənəd rolunu oynayacaq.
Şopenin 1852-ci ildə çıxan kitabında peyğəmbərcəsinə yazılmış gözəl bir cümləsi var. Giriş bölməsində yazır ki, mən bu vilayətin hər bir şeyini: tarixini, insanlarını, abidələrini inventarlaşdırmışam və gələcək nəsillər mənim bu kitabıma baxıb deyəcəklər ki, o vaxt nəyimiz var idi, indi nəyimiz var. Bu baxımdan, çox təəssüf ki, itkilərimizin çox olduğunu etiraf etməliyik.
– Şopen həmin siyahıların hamısını özü ilə aparmışdı, yoxsa burada da qalmışdı?
– Sənədlər iki nüsxədə tərtib olunmuşdu. Biri Tiflisdə canişinlikdə saxlanılırdı, o biri isə Sankt-Peterburqdakı İmperiya Dəftərxanasına aparılmışdı. Sankt-Peterburqa aparılanlar itib. Rusiya Dövlət Tarix Arxivi Sankt-Peterburqdadır, o sənədlərin heç biri orada yoxdur. Ikinci nüsxələr Qafqaz Canişinliyinin mərkəzi şəhəri olan Tiflis şəhərində saxlanılırdı. 1930-cu illərdə həmin sənədləri bölüşdürdülər. Naxçıvan Azərbaycan ərazisidirsə, ona aid sənədlər də Azərbaycana verildi. Eləcə də Gürcüstan və Ermənistan respublikalarının ərazisinə aid olan sənədlər bu ölkələrə verildi. Amma təsəvvür edin ki, Ermənistana heç bir aidiyyəti olmayan Qazax və Şəmşədilə aid siyahılar da, hətta Naxçıvana aid olan Ordubad mahalının 1831-ci ilə aid Kameral təsviri də, bu kimi başqa sənədlər də Ermənistan arxivindədir. Bu da bizim o vaxtkı arxiv əməkdaşlarının səhlənkarlığından baş verib.
– Bəlkə Qazax, yaxud Dilican, İcevan eyni bir quberniya daxilində olduğundan, o zaman Ermənistan bu sənədləri də özününküləşdirib?
– Bir kitabımda erməni alimi Badalyanın sözlərindən sitat kimi istifadə etmişəm. Badalyan yazır ki, Ermənistan Respublikası yaradılanda Qazax qəzasının, − bu qəzaya Qazax və Şəmşədil nahiyələri daxil idi, ümumi torpaqlarının 45 faizi Ermənistana verilib. Bunu erməni Badalyan özü etiraf edir. Deməli, Qazax və Şəmşədilin yarısını Ermənistana veriblər. Yəni faktiki olaraq Qazax qəzasının yarısı kəsilib Ermənistana verilib. İcevan və Dilican da Ermənistana verilən həmin ərazilərə daxildir. Biz kameral təsvirlərə əsaslanıb onları da geri istəyə bilərik.
– Bəs Azərbaycanın digər bölgələrinin də kameral təsvirləri var? Götürək elə Qarabağı.
– Əlbəttə, var və onların əksəriyyəti Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində (AMDTA) saxlanılır. Bu işə marağı və enerjisi olan başqa tədqiqatçılar onu görə bilərlər. Qərbi Azərbaycanla bağlı nəzərdə tutduğum kameral təsvirləri bitirəndən sonra Qarabağa aid olan Kameral təsvirləri də nəşrə hazırlamaq olar. Amma İrəvan əyalətinin 5 cildlik Kameral təsvirindən sonra Zəngəzur qəzasının Kameral təsvirini, Ağbaba-Şürəyel, Pəmbək mahallarının kameral təsvirlərini də nəşr etməyi nəzərdə tuturam ki, bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırım. Gördüyüm bu işlərə bu yaxınlarda biri də əlavə olunub: AMEA Naxçıvan bölməsinin sifarişi ilə Naxçıvan əyalətinin kameral təsvirini də çapa hazırlayıram və yuxarıda qeyd etdiyim kimi, bu sənədlər 12 kameral təsvirdən ibarətdir. İrəvan əyalətinə aid olan 19 kameral təsviri, Qazax və Şəmşəddil nahiyələrinə aid olan 4 kameral təsviri, Zəngəzur qəzasına aid olan 4 kameral təsviri, Pəmbək mahalına aid olan kameral təsviri də buraya əlavə edin. Ədəbiyyat sahəsindəki araşdırmalarımı da nəzərə alın. Təkcə ədəbiyyata aid son 2 ildə 3 kitab çap etdirmişəm. Bütün bu işləri qurtarmamış Qarabağa ayırmağa vaxtım yoxdur.
Müsahibə 19 iyun 2019-cu ildə alınıb.
Mehman İbrahimov, 1905.az