Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ermənilərin ərazi iddiaları daha kəskin forma aldı. 1920-ci ilin axırlarında Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzusunda olduqları Zəngəzuru çox asanlıqla ələ keçirdilər.
Hələ Xalq Cümhuriyyəti dövründə Zəngəzura çoxsaylı hərbi həmlələr edən ermənilər buna tam nail ola bilməmişdilər. Çünki həm yerli özünümüdafiə qüvvələri, həm də Cümhuriyyət ordusunun silahlı birləşmələri bunun qarşısını almağa çalışırdı. Lakin bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra milli ordu buraxıldı, yerli əhalidən isə silah-sursat müsadirə olundu. Zəngəzur isə Ermənistanın tərkib hissəsi kimi leqallaşdırıldı. Onlar buununla kifayətlənməyib Qarabağ və Naxçıvana da göz dikdilər. O zamanki SSRİ rəhbərliyi Lenin başda olmaqla ermənilərin tərəfində idi. Həmin vaxt tarixi Azərbaycan torpağı olan Qarabağ və Naxçıvana erməni iddialarının qarşısını N. Nərimanov aldı. 1922-ci ildə Nərimanov Moskvaya yüksək vəzifəyə aparıldıqdan sonra Dağlıq Qarabağ adlı muxtar vilayət yaradıldı. Ancaq ermənilərin Azərbaycana torpaq iddiası bununla da bitmədi.
Tehran konfransı
II Dünya müharibəsi illərində ermənilərin torpaq iddiaları yeni məcraya qədəm qoydu. 1943-cü ildə üç dövlətin Tehran konfransı zamanı erməni diasporu yaranmış fürsətdən istifadə edərək SSRİ xarici işlər komissarı V. Molotova müraciətlə Stalindən İranda yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsinə icazə verməyi xahiş etdi. 1945-ci ilin aprelində bütün dünya ermənilərinin ali patriarx-katalikosunun müavini Georgi Çeorokyan ərizə ilə İ. Stalinə müraciət edərək dünya ermənilərinin müqəddəs dini mərkəzi olan Eçmiadzin monastrının fəaliyyətinə icazə verilməsi və bununla bağlı tədbirlərin həyata keçirilməsi üçün razılıq istəyir. Onun məktubu üzərində İ. Stalin aprelin 19-da öz dəsti-xətti ilə belə bir dərkənar qoyur: Razıyam. SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin. Şübhəsiz ki, burada da əsas məqsəd xristian-qriqorian kilsəsinin sıravi ermənilər üzərində təsirindən istifadə edərək, onların bir hissəsinin Errmənistana dönüşünü təmin etmək və bu ölkədəki say üstünlüyünü onların xeyrinə dəyişmək idi.
Mircəfər Bağırov səddi
1945-ci ilin noyabrında heç bir əsaslı səbəb göstərilmədən Ermənistan K(b)P MK-nın birinci katibi Q. Arutyunov İ. Stalinə məktubla müraciət edir. O məktubunda Dağlıq Qarabağ Ermənistan SSR-ə birləşdirməyi xahiş edir. Xahişini də belə əsaslandırır ki, guya Dağlıq Qarabağ Ermənistan iqtisadiyyatı ilə sıx bağlıdır. Həmin məktubu oxuyan Stalin onu Malenkova ünvanlayır. O, isə öz növbəsində cavab üçün Azərbaycan SSR rəhbərliyinə göndərir. O vaxt hakimiyyətdə olan Mircəfər Bağırov 10 dekabr 1945-ci il 330 nömrəli məktubunda Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi G. Malenkova bildirir ki, Dağlıq Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır və yenə də Şuşa istisna olmaqla ermənilərin bu istəyinə razı olmaq olar. Lakin bir şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR, və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən bizim ayrılmaz hissəmiz olan ərazilər də Azərbaycan SSR-ə qaytarılsın. M. Bağırov burada şübhəsiz ki, Zəngəzur, Göyçə, Dərələyəz, Borçalı və Dərbənd əyalətlərini nəzərdə tuturdu. Mircəfər Bağırovun prinsipial və haqlı arqumentindən sonra ermənilərin bu cəhdinin qarşısı alındı.
Ermənilərin növbəti hiyləsi—deportasiya
Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə SSRİ rəhbərliyini dilə tutmasının qarşısı Mircəfər Bağırovun ayıqlığı sayəsində alınsa da onlar öz məkrli niyyətlərini həyata keçirmək üçün başqa bir hiyləyə əl atdılar. Belə ki, “türksüz Ermənistan” yaratmaq planını hədəf götürən erməni hakim dairələri yaxşı anlayırdı ki, azərbaycanlıların kompakt yaşadığı rayonlarla bunu qurmaq mümkün olmayacaq. Ona görə də SSRİ rəhbərliyinə növbəti məktub ünvanlandı. Onlar bu dəfə Dağlıq Qarabağ məsələsini arxa plana keçirərək, xaricdən öz “yurd”larına dönən erməniləri qəbul etmək və yerləşdirmək işini irəli verdilər. Bu dəfə onların etdiyi hiylənin qarşısını almaq heç kimə müyəssər olmur. Erməni hakim dairələri bildirirdilər ki, guya xaricdən “vətənlərinə” köç edən erməniləri yerləşdirmək üçün Ermənistanda torpaq çatışmır. Azərbaycanın Kür-Araz ovalığının pambıq əkilən rayonlarında isə işçi qüvvəsi yetərli deyil. Ermənistandakı azərbaycanlı əhalinin Kür-Araz ovalığına köçürülməsi bütün bu problemləri asanlıqla həll edir. Həm ermənilərin yerləşməsi məsələsi həll olunur, həm də pambıq rayonlarında işçi qüvvəsi təmin olunur. Əlbəttə, Stalin rejimi zamanı bu cür arqumentlərlə bəzədilmiş təklifin qarşısında etiraz etmək çətin olduğundan Mircəfər Bağırov bununla razılaşmağa məcbur olur. Beləliklə, bu müraciətə cavab olaraq 1947-ci il dekabr ayının 23-də “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Soveti İ. Stalinin imzası ilə qərar qəbul edir. Əlbəttə, məsələnin ciddiliyinə və pərdəarxası məqamlarına diqqət yetirsək bu qərarın Azərbaycan türklərinə qarşı edilmiş ən mənfur cinayətlərdən biri olduğu qənaətinə gələrik. Çünki, burada məqsəd təbii ki, xaricdən gələn ermənilərin yerləşdirilməsi və yaxud Kür-Araz ovalığındakı pambıq plantasiyalarında işçi qüvvə çatışmazlığı yox, türksüz,müsəlmansız Ermənistan yaratma planı və onun bir hissəsi idi. Sonrakı illər göstərdi ki, xaricdən gələn ermənilər heç də azərbaycanlıların yaşadıqları dağlıq regionlarda məskunlaşmağa meyl etmirlər. Göstərilən ədalətsiz qərarın icra edilməsi nəticəsində 1948-ci ildə Ermənistan SSR-də yaşayan 100 min kolxozçu guya “könüllülük prinsipləri əsasında” Azərbaycanın isti yerlərinə deportasiya edildi. 1949-cu ildə 40 min, 1950-ci ildə daha 50 min nəfər deportasiyaya məruz qaldı. Dağlıq yerlərdə yaşayan azərbaycanlıların, isti Aran yerlərinə köçürülməsi onlara qarşı edilmiş ən böyük qeyri-bərabərlik idi. Minlərlə insan istilərə tab gətirməyib məhv oldular. Bu isə azərbaycanlıların sayının bütövlükdə Cənubi Qafqazda azaldılmasına doğru atılmış düşünülmüş planın tərkib hissəsi idi.
Anar TURAN, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi
Xüsusi olaraq 1905.az üçün