Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırov ilə dünya bazarında neftin qiymətini müzakirə etdik.
Fuad Babayev: Dünya bazarında neftin qiyməti tez-tez dəyişir… Biz bu qiymətin dəyişmə amplitudası ilə bağlı nələri bilməliyik?
İlham Şaban: Əvvəla aydınlaşdırmaq lazımdır, nəyə görə neftə maraq böyükdür və insanlar bu məsələyə belə həssaslıqla yanaşırlar. Neft planetdə elə bir əmtəədir ki, onunla müqayisə oluna biləcək həcminə və dəyərinə görə ikinci bir əmtəə və ya məhsul yoxdur. Təsəvvür edin, il ərzində gündəlik olaraq 100 milyon barel neft hasil olunur. Yəni təqribən 4 milyard ton neft çıxarılır. Dünyada bu həcmdə digər bir xammal, ya əmtəə yoxdur. Bu həcmi pula çevirsək, 3.2-3.6 trilyon dollar vəsait edər. Neftdən başqa elə bir əmtəə yoxdur ki, onun qiyməti, gələcəyi ilə bağlı 10-20-30 il irəli zaman üçün proqnozlar verilsin. 2015-ci ildə “Shell”, “Exson” kimi şirkətlər 2050-ci ilə, “BP” isə 2040-cı ilə kimi öz proqnozlarını açıqlayıb. Buna yönəlik olaraq artıq digər sahələr də öz hədəflərini götürüblər ki, neft ətrafında gələcəyimiz necə olacaq.
Iqtisadiyyatı neftə bilavasitə bağlı olan ölkələrin vətəndaşlarının marağı başa düşüləndir. Mərkəzi Bank bu ilin sentyabr ayında tədiyyə balansını dərc edib: ölkənin ümumi daxili məhsulunun (ÜDM) 99.9 faizini enerji sektoru – neft, neft məhsulları, qaz verir. Burada sırf xam neftin payı 75 faizdir. 2010-cu ildə bu rəqəm hətta ən yüksək həddə – 82 faiz olub. Azərbaycanda gəlirlərin 91 faizi enerji sektorundan daxil olur. Xarici iqtisadi əlaqələrimizin formalaşması da bu sektor ilə bağlıdır. Əgər neftdən gələn gəlirin həcmi 18 milyard dollar təşkil edirsə, qeyri-neft sektorunun gəliri 1.5 milyarddır. Görün nə qədər fərq var.
Orxan Bağırov: Əhalini neftin qiymətinin onların gündəlik həyatına, gəlirlərinə necə təsir etdiyi daha çox maraqlandırır. Burada da onların iqtisadi baxımdan savadlılıq səviyyəsinin aşağı olması əsas rol oynayır. 2014-2015-ci illərdə neftin qiymətinin kəskin aşağı düşməsi zamanı manatın əsas formada ucuzlaşması baş verdi. Qeyri-neft sektoru kifayət qədər inkişaf etmiş olsaydı, manatı bu qədər ucuzlaşdırmaq məcburiyyətində qalmazdıq. Ancaq qeyri-neft sektorun payının çox olmadığı və neft gəlirlərinin də azaldığına görə, Mərkəzi Bank stabillik yaratmaq üçün manatı ucuzlaşdırmağa məcbur oldu. Bu addım ölkədə inflyasiyanın artması və digər problemlərin yaranmasına gətirib çıxardı ki, bu da öz növbəsində birbaşa olaraq hər bir vətəndaşa təsir etdi. Bu baxımdan, ölkədə istər media vasitələri, istərsə də iqtisadi ekspertlər tərəfindən bu istiqamətdə kifayət qədər təbliğat aparılmır, əhali məlumatsızdır. Əhalinin məlumatlandırılması neftlə bağlı gedən proseslərə onların marağını da artıra bilər. Bu gün ABŞ və Çin arasında gedən ticarət müharibəsinin neftin qiymətinə təsir etmək imkanları var ki, bu da 2014-2015-ci illərdəki kimi ona oxşar vəziyyətin təkrarən baş verməsinə gətirib çıxara və hər birimizə təsir edə bilər.
Fuad Babayev: İlham müəllim bayaq qeyd etdiyi rəqəmlər gəlirlərimizin xeyli dərəcədə enerji sektorundan asılı olduğunu göstərir.
İlham Şaban: Burada söhbət dövlət və cəmiyyət arasında informasiya mübadiləsinin kifayət qədər olmamasından getmir. Azərbaycan Respublikasının 1994-cü ildə Qərb şirkətləri ilə ilk müqaviləsini imzaladığı dövrdən 25 il keçib. Yəni Qərb dünyası ilə ilk təmas oldu, əməklə qərb kapitalı arasında ilk münasibətlər yarandı və gördük ki, qərbdəkilər necə işləyirlər. Layihələr icra olunmağa başlayanda qərblilər yeni sxem tətbiq etməyə: ətraf mühitə və sosial sahəyə təsirlə bağlı hökumətlə və ictimaiyyətlə görüş keçirməyə başladılar. Onlar bu təsirləri açıqladılar və göstərilən münasibətləri qeyd etdilər. Yalnız bundan sonra layihəni icra etməyə başladılar. Amma Azərbaycanda sonradan bu 25 il ərzində həyata keçirilən kiçik və ya böyük layihələrdə bunlara əməl olunmadı: əhalidən heç kim heç nə soruşmadı.
Bilirsiniz ki, neftin qiyməti düz xətt üzrə dəyişmir, gah enir, gah da qalxır. Neft ucuzlaşırsa, bazarda ona tələb artır. Tələbat artırsa, bir müddət sonra neftin qiyməti qalxır. Çünki bazar iqtisadiyyatında qiymət aşağıdırsa, daha çox alırsan, təklif artdıqda, qiymət yenidən qalxır. Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Amma azərbaycanlı Rusiya, İran, Gürcüstan və s. ölkələrə gedəndə görür ki, benzinin qiyməti bir məntəqədən başqa məntəqəyə keçəndə dəyişir. Adətən aeroportun yanında qiymətlər baha olur. Çünki orada tələbat çoxdur. Amma şose yollarda qiymətlər bundan ucuzdur. Çünki yollarda daha çox benzin satmaqda maraqlıdırlar. Neftayırma zavodundan uzaqlaşdıqca, qiymətlər də bir o qədər bahalaşır. Çünki logistik xərclər artır. Amma bizim ölkəmizdə belə bir vəziyyət yoxdur.
2014-cü ildə qara qızılın qiyməti aşağı düşəndə, belə bir fikir yayıldı ki, bu, şər qüvvələrin işidir. 2010-cu ildə 100 dollar olmuş neftin qiyməti guya uzun illər də bu səviyyədə qalmalı idi. Amma bu rəqəm hər 3-4 ildən bir dəyişir. Əslində neftin qiyməti süni yolla 100 dollardan yuxarı qalxmışdı. Bilirsiniz ki, 2010-cu ildə “ərəb baharı” başladı. Neftin real qiyməti 70-80 dollar olmalı idi. 2016-cı ildə nəticə olaraq Azərbaycanın ümumi daxili məhsulu 3.5 faiz aşağı düşdü. 1995-ci ildən sonra ölkəmizin iqtisadiyyatında bu cür geriləmə olmamışdı. Hesab edirəm ki, 2016-cı ildə panik vəziyyətə düşülməsə, iqtisadiyyata investisiya qoyuluşu eyni templə davam etsə idi, insanların yaşayış səviyyəsində, tikintidə, banklarda və digər sektorlarda ağrılı məqamlar yaşanmazdı.
2017-ci ildə 27 dollara düşmüş neftin qiyməti 54 dollara qalxdı. Sonrakı ildə neftin orta qiyməti 71 dollar oldu. Hazırda isə 2019-cu ilin birinci yarısına görə Azərbaycan neftinin orta ixrac qiyməti 65 dollardır.
Fuad Babayev: Gələn ilin büdcəsində neftin qiyməti neçə dollar nəzərdə tutulub?
İlham Şaban: 55 dollar. Bu gün satış qiyməti 62 dollardır. Bilirsiniz, insanlarda, o cümlədən KİV-lərdə neft qiymətinə baxış necədir? Bu il neftin ən aşağı qiyməti 3 yanvar tarixində qeydə alınıb – 53-59 dollar. Neft qiyməti birjalarda hər dəqiqə, saniyə dəyişə bilər. Gün ərzində nə qədər ki, ticarət olub, onun orta qiyməti götürülür və birja bağlanır. Sonra isə onun əsasında həftəlik, aylıq, rüblük və ən nəhayət, illik qiymət çıxarılır. Bu rəqəmlərə görə onlar öz hesabatlarını verirlər. Marağında deyillər ki, birjalarda qiymətlər aşağı düşdü, yaxud yuxarı qalxdı. Son dövrdə Səudiyyə Ərəbistanının “Aramko” şirkətinə hücum zamanı, hərraclarda satılan neftin qiymətinin aşağı, ya yuxarı qalxmasına fikir versək görərik ki, 11 dollar fərq var. Amma bütün bunlara görə panika keçirmək, bunu şişirtmək lazım deyil.
Hökumət strukturları arasında güclü informasiya mübadiləsi olmalıdır. Əgər Azərbaycan Respublikasında 2010-cu ildə 50.8 milyon ton neft hasil edilirdisə və Neft Fonduna gələn gəlirin miqdarı 20 milyard dollar idisə, 2018-ci ildə bu rəqəm 10 milyard oldu. Yəni 8 ildən sonra qara qızıldan gələn gəlir iki dəfə azaldı. Doğrudur, gəlirin azalmasında neftin qiymətinin aşağı düşməsi böyük rol oynayıb, amma hasilat faktoru da var. Yəni keçən il 38 milyon ton neft hasil olunub. Bəs 5 il sonra nə qədər qara qızıl hasil edəcəyik? 34 milyon ton. O zaman neftin qiyməti nə qədər olacaq?
Dünyamız iki istiqamətdə inkişaf edir. Birincisi, alternativ enerjinin xüsusi çəkisi artır. Ikincisi isə, enerjiyə qənaət edən texnologiyalar inkişaf edir. Dünya ilə ayaqlaşmaq üçün bütün bu faktorları nəzərə almaq lazımdır.
Orxan Bağırov: İqtisadiyyatımızın neftdən asılılığı hələ də yüksəkdir. Bu istiqamətdə müəyyən işlər görülsə də, birbaşa asılılıq hələ də qalır. Dünya ölkələrində bu asılılıqdan qurtarmaq üçün ən çox istifadə olunan vasitə iqtisadiyyatın diversifikasiyasıdır. Amma nəzərə alaq ki, bu məsələ o qədər də asan deyil. Çünki bu, yalnız iqtisadiyyatın deyil, ümumiyyətlə bütün cəmiyyətin, siyasi sistemin transformasiyası deməkdir. Dünya ölkələrinin təcrübəsinə nəzər yetirsək, Birləşmiş Ərəb Əmirliyi, xüsusilə də Dubay şəhəri bu xüsusda ən yaxşı nümunədir. BƏƏ diversifikasiya siyasətini 1960-cı illərin əvvəllərindən həyata keçirməyə başlayıb. Və bu istiqamətdə ilk müsbət nəticələri 2000-ci illərin əvvəllərində əldə edə bilib. Bu ölkədə 2005-2006-cı illərdə artıq neftin iqtisadiyyatda payını 40 faizə qədər aşağı sala biliblər. Doğrudur, biz gecikmişik və bunu daha sürətlə də etmək olardı. Ancaq buna müəyyən zaman lazımdır.
Çox zaman Norveçi bizə nümunə göstərirlər. Düşünürəm ki, Norveç Azərbaycan ilə müqayisə oluna bilməz. Yəni Norveç neft gəlirləri əldə edəndə artıq inkişaf etmiş ölkə idi və iqtisadiyyatında Azərbaycanda, yaxud BƏƏ-də olduğu kimi problemlər yox idi. Norveç iqtisadiyyatı oturuşmuşdu, neftdən gələn vəsaiti isə əlavə gəlir kimi daha məqsədyönlü şəkildə istifadə edə bildilər. Ancaq Azərbaycan iqtisadiyyatı “Əsrin müqaviləsi” imzalananda çox pis vəziyyətdə idi. Yəni neft gəlirləri yeganə vasitə idi ki, bizi həmin ağır vəziyyətdən çıxara bildi. Bu qaçılmaz vəziyyət ölkəmizi avtomatik olaraq neftdən asılı vəziyyətə saldı. Biz yalnız infrastruktur formalaşdırdıqdan sonra digər sektorları inkişaf etdirmək üçün diversifikasiya siyasətini həyata keçirməyə başladıq. 2012-ci ildə “Azərbaycan 2020: gələcəyə baxış” adlı proqram, inkişaf konsepsiyası qəbul etdik. Bu, ilk fundamental sənəd idi ki, orada diversifikasiya haqqında artıq danışmağa başlamışdıq. Amma qara qızıldan yüksək asılılıq bizi çətin vəziyyətə salır, çünki diversifikasiya özü də böyük maliyyə vəsaiti tələb edir.
Fuad Babayev: Neftin qiymətini bir kabinetdə, yaxud bir təşkilatda kiminsə düyməni basması ilə dəyişmək mümkündür?
İlham Şaban: Qlobal marketdə qiyməti təyin etmək mümkün deyil.
Təmkin Məmmədli: Ancaq strategiyanı yönləndirmək olar.
İlham Şaban: Bəli, lakin bu qiyməti müəyyən çərçivədə aşağı-yuxarı dəyişmək mümkündür. Məsələn, 2007-ci ildə ABŞ-da görürlər ki, ölkədə həddən artıq şist neft və qaz yataqları mövcuddur və bunların hesabına dünya bazarında ağalıq etmək olar. Həmin il şist neftin bir barelinin maya dəyəri 189 dollara çatırdı, amma dünya bazarında neftin satış qiyməti 60-63 dollar idi. ABŞ gündəlik olaraq təqribən 20 milyon barel neft istehlak edirdi ki, bunun da 10 milyon barelini import vasitəsilə əldə edirdi, 9.7 milyon barel nefti isə öz ərazisindən çıxardırdı. O zaman iqtisadi cəhətdən sərfəli olmadığı üçün şist neft hələ çıxarılmırdı. Amerikada düşünürlər ki, şist nefti çıxarsaq, əvvəllər aldığımız neft başqa bazara gedəcək və bazarda məhsul artdığı üçün neftin qiyməti aşağı düşəcək. Şist nefti dövlətin köməyi – dotasiyası ilə 1 il, 2 il ərzində çıxartmaq olar. Bəs sonra? Belə davam edə bilməz axı. Bunun 3 yolu var. Birincisi, digər neft satan ölkələr bazara daha az xammal çıxartmalıdırlar. Ikincisi, yüksək texnologiyadan istifadə edərək şist neftin maya dəyərini aşağı salmaq lazımdır. Üçüncüsü, neftin qiyməti qısa müddət ərzində yuxarı qalxmalıdır. Bunun üçün isə, dünya bazarında bir neçə “hadisə” olmalıdır. Yəni qara qızıla tələbat artmalıdır. Lakin iqtisadi faktor qiymətə müəyyən təsir etsə də, bu təsir çox kiçik olur. Ən güclü təsir siyasi faktordur. Beləliklə, 2010-cu ildə Tunisdə başlayan “ərəb baharı” 2011-ci ildə Liviyanı da öz ağuşuna alır. Liviyada neft hasilatı 1.6 milyon bareldən 1 milyon barelə, daha sonra 0.5 barelə enir. Bu o deməkdir ki, dünya bazarında 1.1 milyon barel neft azaldı.
Yaxın Şərqdə neft çəlləyi əgər Səudiyyə Ərəbistanıdırsa, dünyanın o biri başında – Amerika qitəsində isə Venesueladır. Venesuelada gündəlik neft hasilatı 2.5 milyon bareldən 2018-ci ildə 0.9 barelə düşüb. Yəni 1.6 milyon barel həcmində eniş olub.
Bundan başqa, Irana qarşı sanksiyalar, İraq, Suriya kimi neft ölkələrində müharibələr də neft bazarına əhəmiyyətli dərəcədə təsir göstərib.
2015-ci il yanvarın 1-də şist neftin maya dəyəri artıq 40 dollar idi. Texnoloji vasitələrlə bu rəqəmi 4 dəfə aşağı endirə bildilər. Neftin qiyməti 2013-cü ilin mart ayında 128 dollara qədər qalxanda, inkişaf etmiş ölkələr bu vəsaiti texnologiyalara yönəltdilər. Amma bir çox ölkələr düşündülər ki, həmişə belə olacaq. Onlar Amerika bazarına investisiya yatırmağa başlayanda, amerikalılar bu vəsaiti dövriyyə etdirməyə başladılar. O zaman Amerikada 20 milyona satılan göydələnlərin qiyməti 100-110 milyona qalxdı. Çünki Səudiyyə Ərəbistanı, Rusiya və s. neft ölkələrindən milyarderlər bu ölkədə çoxlu sayda evlər alırdılar.
Fuad Babayev: Sonra isə bu evlərin qiyməti düşdü. Bu o anlama gəlir ki, neftin qiymətini tənzimləmək mümkündür?
İlham Şaban: Yalnız strategiya baxımından mümkündür.
Fuad Babayev: O strategiyanı da ABŞ gerçəkləşdirir.
İlham Şaban: Dünya ÜDM-nin 22 faizini ABŞ verir. Səudiyyə Ərəbistanının büdcəsində neftin qiyməti 80 dollardan hesablanıb. Amma neftin qiyməti 60-50 dollara düşəndə, bu ölkənin suveren fondunda neftdən yığılmış 930 milyard vəsait iki dəfədən çox azaldı; Ər-Riyad ölkəsində sabitlik olsun deyə neft pullarının çoxunu sərf etdi. O zaman bu ölkə gündəlik 11 milyon barel neft hasil edirdi, indi isə bu rəqəm 9.8 milyondur. Çünki Ər-Riyada başa saldılar ki, hasilatı aşağı salmasan, neftin qiyməti 40 dollara enəcək. Düşünürəm ki, neftin qiymətini 60 dollar civarında saxlamaq üçün Səudiyyə Ərəbistanı bundan sonra hasilatı daha da aşağı – 9 milyona qədər salacaq.
Bu ilin sentyabr ayının 13-ə olan son hesabata görə, ABŞ gündəlik 12.4 milyon barrel neft hasil edir. Amerikanın 2025-ci ilə olan hədəfi, ABŞ Enerji İnformasiya Administrasiyasının sonuncu hesabatına görə, 15 milyon bareldir. Rusiya Federasiyasında gündəlik hasilat 11 milyondur, gələcəkdə 12 milyon nəzərdə tutulur.
2025-ci ildə Azərbaycanın Şahdəniz yatağından 6 milyon ton, Azəri-Çıraq-Günəşlidən isə 24 milyon ton çıxacağı planlaşdırılır. Ümumilikdə 33-34 milyon ton qara qızıl hasil olunacaq.
Təmkin Məmmədli: Neft hasil edən ölkələrin Vyana görüşündə Azərbaycan Respublikası üzərinə hər hansı bir öhdəlik götürüb?
İlham Şaban: Bəli. Azərbaycanın gündəlik neft hasilatı 690 min barel həcmində müəyyən edilib. Amma hazırda bu qədər hasilatımız yoxdur. Sentyabr ayında Azəri-Çıraq-Günəşlidə hasilat 550 min barel olub. Qalan yataqlarda isə neft hasilatı 120 min bareldir. Yəni heç 690 min barel etmir. Get-gedə hasilat azalır.
Orxan Bağırov: Neft Fondundan büdcəyə transferlər iqtisadiyyatımızın həssaslığını çox artırıb ona birbaşa təsir etmək imkanı yaradır. Məsələn, 2016-cı ilin Strateji Yol Xəritəsində neft gəlirlərinin büdcəyə transferini müəyyən həddə saxlamaq barədə qızıl qayda göstərilib. Amma bu qaydanın tətbiqi haqqında hələ ki, məlumat yoxdur.
İlham Şaban: Neftin qiymətinin aşağı düşməsi səbəbi ilə 2020-ci ildə Neft Fondundan büdcəyə transfer 400 milyon manat artacaq, yəni büdcəyə ödəmə 11.4 milyard manatdan 11.8 milyard manata çatacaq.
Orxan Bağırov: Indi elə dövrdür ki, əhalinin sayı, yaxud ərazinin ölçüsü o qədər də rol oynamır. Bununla bağlı çoxlu nümunələr var. Bizdə əmək bazarının 37 faizi əsasən regionlarda aqrar sektorda – kənd təsərrüfatında fəaliyyət göstərir. Bu 37 faizin ÜDM-ə verdiyi pay 5 faiz belə deyil. Söhbət əmək məhsuldarlığından gedir. Əhalinin sayı 100 milyon olsa belə, əmək məhsuldarlığı yüksək deyilsə, heç bir fayda verməyəcək.
İlham Şaban: Dövlət Statistika Komitəsinin məlumatına görə iqtisadiyyatın neft sektorunda 33.7 min nəfər çalışır. Bu isə məşğul əhalinin 1 faizi belə deyil. Bu 33.7 min insanın yaratdığı iqtisadi göstərici ÜDM-in 40 faizini təşkil edir.
Orxan Bağırov: Təsəvvür edin ki, Çin kimi nəhəng ölkəndə maliyyə əməliyyatlarının 70 faizi elə də böyük olmayan Honkonq şəhərinin maliyyə bazarında həyata keçirilir. Bu baxımdan, neft asılılığını azaltmaq üçün texnoloji, aqrar və s. sahələrdə əmək məhsuldarlığını artırmalıyıq.
Neftin qiymətinə birbaşa kiminsə təsir imkanı yoxdur. Bunun üçün lazımı rıçaqlara müəyyən intervallarla təsir etmək lazımdır. Hal-hazırda ABŞ-Çin ticarət müharibəsi fonunda Amerika prezidenti Donald Trampın səsləndirdiyi fikirlərin neftin qiymətinə necə təsir etdiyinin şahidi oluruq. Sentyabrın 1-də həm ABŞ, həm də Çinin müəyyən tarifləri qüvvəyə mindi. Həmin an dünya bazarında neftin qiyməti 3-4 dollar aşağı düşdü. Sentyabrın 4-də neftin qiyməti 58 dollar idi. Daha sonra, sentyabrın 5-də məlum oldu ki, oktyabrın əvvəlləri ABŞ və ÇXR rəhbərlərinin görüşü olacaq və qiymətlər yenidən qalxmağa başladı. Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft emalı zavoduna hücumdan sonra bu artım 68 dollara çatdı. Sentyabrın 20-də D.Trampın BMT tribunasında çıxışı da neftin qiymətlərinə təsirsiz ötüşmədi. Neftin qiyməti bu cür formada dəyişə bilər, ancaq istənilən halda, bu proseslər nə qədər təsir etsə də, İlham müəllim qeyd etdiyi kimi, müəyyən çərçivədən kənara çıxa bilmir. Ancaq şist yataqları ilə əlaqədar olaraq “neft inqilabı” baş verdikdən sonra, Amerikanın dünya bazarına təsir etmək imkanları daha da artdı.
İlham Şaban: Əvvəllər belə idi ki, ABŞ-da hər gün üçün 1 milyon barel neft ehtiyatı toplanırdı. Bu da il ərzində 365 milyon barel neft ehtiyatı deməkdir. Hazırda bu ölkədə 435-445 milyon barel neft ehtiyatı mövcuddur. Bu ehtiyatların həcmi də bazara təsir edir. Məsələn, Çin 15 günlük neft ehtiyatı saxlayır. Həmçinin Yaponiya, Cənubi Koreya və s. ölkələr də böyük, raket dağıtmaz çənlərdə neft ehtiyatı saxlayırlar. Amma Statistika Komitəsinin məlumatlarına baxdıqda görürük ki, ölkəmizdə qalıq neftin həcmi 1.5 min, 2 min tondur. Əgər bir “hadisə” baş verərsə, nə edəcəyik? Yaxud, H.Əliyev adına Bakı Neft Emalı Zavodu təmirə dayandıqda, neft məhsulları ehtiyatımız 10 gündən sonra qurtaracaq.
Fuad Babayev: Bizi neftin qiymətinin kəskin enişi, yaxud yüksəlişi gözləyirmi? Orta statistik azərbaycanlıya gələcəkdə neftin qiyməti necə təsir edə bilər?
İlham Şaban: Hökumət yaxın 10 il, yəni 2030-cu ilə qədər olan dövr üçün proqnoz tutmalıdır. Məsələn, BP şirkətinin proqnozuna görə, bu 10 il ərzində “brend” markalı neftin orta qiyməti 65-70 dollar arasında olacaq. Neftin hasilatı, daşınması, istehlakçılar da nəzərə alınmaqla, bu qiymət dünya üçün normal qəbul edilib. Nəzərə alsaq ki, ölkəmizdə neft hasilatının 80 faizini “Azəri-Çıraq-Günəşli” verir və bütün xərcləri ilə birlikdə neftimizin maya dəyəri 20 dollardan aşağıdır, o zaman bu sahənin kifayət qədər gəlirli olduğunu görmək olar.
Fuad Babayev: Nə vaxtsa elə olubmu ki, BP şirkətinin proqnozu özünü doğrultmasın?
İlham Şaban: Mən rast gəlməmişəm. BP, 1953-cü ildə neftin qiyməti və ümumiyyətlə neft sənayesi ilə bağlı hesabat açıqlayan yeganə şirkətdir. Azərbaycan Respublikası gəlirlərinin formalaşmasında böyük payı olan neftdən asılı olaraq qalacaq. Hal-hazırda burada xam neftin çəkisi 75 faizdirsə, 2025-2030-cu illərdə maksimum 70 faizə düşə bilər. Lakin qazın artmasını nəzərə alsaq, o zaman neft, neft məhsulları və qaz birlikdə gəlirlərimizdə 90 faiz təşkil edəcək. Çünki Azərbaycanın qeyri-neft sektorunu formalaşdıracaq və ölkəmizdən kənarda rəqabət apara biləcək hər hansı məhsulu yoxdur. Satdığımız qoz, fındıq, badam və s. məhsullar yeyinti sənayesində xammal kimi istifadə olunur, ancaq gəlirlərdə bunun həcmi olduqca azdır. Yaxud 2015-ci ildə 100 milyon dəyərində pomidor ixrac etmişiksə, indi bu rəqəm 145 milyon dollara yaxındır. Ancaq bu rəqəmlər neftdən gələn gəlirin yanında çox kiçikdir.
Orxan Bağırov: Kənd təsərrüfatı məhsullarının ixracında ölkələr baxımından yüksək dərəcədə təmərküzləşmə mövcuddur. Yuxarıda adını çəkdiyiniz kənd təsərrüfatı məhsullarını Rusiya və Türkiyəyə ixrac edirik.
İlham Şaban: Bunun da 95 faizi Rusiyaya gedir.
Orxan Bağırov: Əgər neft qiymətlərinin düşməsi ilə böhran baş verərsə, Rusiyaya da təsir edəcək və orada kənd təsərrüfatı məhsullarına tələbat azalacaq ki, bu da nəticədə ölkəmizin qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərəcək.
İlham Şaban: 2014-cü ildə Dövlət Gömrük Komitəsi büdcəyə 1.5 milyard manat, bu il isə 4.2 milyard manat pul ödəyəcək. Bu yolla da qeyri-neft sektorunun payını artırırlar. Əgər istək olarsa, bu inkişaf istənilən halda arta bilər. Biz raket də, proqram da və s. şeylər də istehsal edə bilərik.
Giriş fotosu www.mk.ru saytından götürülmüşdür.
Söhbət 27 sentyabr 2019-cu il tarixdə baş tutub.
Hazırladı: Mehman İbrahimov, 1905.az