“News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin “Ermənistan koronavirusu düşüncəsiz şəkildə Dağlıq Qarabağa ötürür” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Ermənistanın Azərbaycan ərazilərində işğalçılıq siyasətinin davam etməsindən və COVID-19 koronavirusunun Dağlıq Qarabağda yayılmasından danışılır.
AZƏRTAC xəbər verir ki, müəllifin sözlərinə görə, beynəlxalq birliyin çağırışlarına məhəl qoymayan Ermənistan artıq 30 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda martın 31-də qeyri-legitim “prezident və parlament seçkiləri” keçirib.
Bundan əvvəl rəsmi Yerevanın virusa yoluxan ermənilərin Dağlıq Qarabağa girişini məhdudlaşdırmağa söz verməsinə baxmayaraq, Ermənistandan 1000 nəfərdən çox adamın işğal olunmuş ərazilərə “seçkiləri müşahidə etmək üçün” getməsinə icazə verilib. Bildirilir ki, seçki dairələrində sosial məsafə saxlamaq qaydaları düşüncəsiz və yolverilməz şəkildə pozulub.
Qringer yazır ki, Ermənistan tərəfindən Dağlıq Qarabağda təyin edilmiş məsuliyyətsiz erməni hakimiyyət orqanları və oyuncaq rejim koronavirusun daha da yayılması təhlükəsinə baxmayaraq, aprelin 14-nə təyin olunan təkrar seçkiləri keçirmək niyyətindədir.
Məqalədə daha sonra erməni təcavüzü və 1990-cı illərdə Azərbaycana qarşı elan olunmamış müharibə haqqında tarixi məlumatlar göstərilir. Müəllif qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı kimi qeyri-qanuni hərəkətlər azərbaycanlı vətəndaşların kütləvi qətli ilə müşayiət olunub. Onlardan ən dəhşətlisi və irimiqyaslısı 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş verib. Erməni ordusu şəhəri ələ keçirərək 613 dinc sakini, o cümlədən 300-dək uşaq, qadın və qocanı qətlə yetirib.
Azərbaycan XİN-in bəyanatına istinad edən Qringer yazır ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin etnik təmizlənməsi və davam edən hərbi təcavüz fonunda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq-aşkar pozulmasıdır.
Dünya birliyinin mövqeyini müzakirə edən Qringer vurğulayır ki, qeyri-qanuni “seçkilər” dünya ölkələri tərəfindən sərt şəkildə pislənilib. Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Gürcüstan, İtaliya, Litva, Latviya, Malayziya, Moldova, Monteneqro, Norveç, Pakistan, Rumıniya, Rusiya, İsveç, Türkiyə, Ukrayna, ABŞ və dünyanın bir çox başqa ölkələri, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və GUAM “seçkiləri” pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.
ABŞ Dövlət Departamenti bununla bağlı öz bəyanatında bildirib: “Birləşmiş Ştatlar Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır. Müvafiq olaraq, biz bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək amil kimi qəbul etmirik”.
Məqalənin sonunda bildirilir: “Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində COVID-19 pandemiyası səbəbindən aprelin 14-nə planlaşdırılmış “prezident seçkiləri”nin ikinci turunun keçirilməsi ilə bağlı qarşıdurma güclənir. Ümid yalnız ona qalır ki, Yerevandakı vəzifəli şəxslər cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin gündəlikdə duran hər hansı siyasi məsələnin icrasından daha vacib olmasını nəhayət başa düşəcəklər”.
AZƏRTAC-ın Vaşinqton bürosu