Niderland Krallığının Lahey şəhərində “Qarabağda üç nəslin bir soyqırımı” mövzusunda sərgi açılıb.
Sərginin açılışında Türkiyənin dövlət və hökumət rəsmiləri, diplomatlar, Niderlandda fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda həyata keçirdiyi soyqırımı aktları, xalqımıza qarşı törədilən hərbi cinayətlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Xocalı soyqırımının törədilməsini təsdiq edən təkzibolunmaz sənədlər, foto və video materiallar, canlı şahidlər var. Təəssüf ki, bu hərbi cinayətləri sükutla qarşılayan bəzi dövlətlər və beynəlxalq təşkilatlar 1915-ci il hadisələrini təhrif edərək uydurma “erməni soyqırımı” iddiaları ilə çıxış edən ermənilərdən Türkiyə və Azərbaycana qarşı istifadə edirlər.
Sərgidə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğalından əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolar və digər əyani vəsaitlər nümayiş etdirilir. Həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olarkən işgəncə və digər məşəqqətləri yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş olunur. Ziyarətçilərə Azərbaycan həqiqətlərindən bəhs edən kitab və jurnallar paylanır.