1905.az portalının suallarını AMEA A.Bakıxanov adına Tarix institutununu əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova cavablandırır.
– Nigar xanım, “Azərbaycanın XVIII əsr tarixi məsələləri (ingilisdilli mənbələr və tarixşünaslıq əsasında)” adlı tədqiqatın müəllifisiniz. İngilisdilli mənbələrdə Sizcə, Azərbaycanla bağlı olan əsas məsələ nədir?
– Məncə, ən vacib olanı odur ki, ingilisdilli mənbələr də bir daha təsdiq edirlər ki, həmin dövrdə Azərbaycan əyaləti var idi və həmin əyalət Şimali və Cənubi Azərbaycanı əhatə edirdi. Bildiyiniz kimi, ermənilər bütün dünyada yayırlar ki, guya Azərbaycan məfhumu 20-ci əsrin əvvəllərində meydana çıxıb və Stalinin konsepsiyasına uyğun olaraq hazırki ərazilər “Azərbaycan” adı ilə adlandırılıb. Amma ingilisdilli mənbələr də göstərirlər ki, Azərbaycan vahid əyalət idi. “Təzkiratül əl-mülk”ü oxusanız, buna bir daha əmin ola bilərsiniz. Dörd bəylərbəyliyə bölünsə də, bunlar hamısı birlikdə vahid Azərbaycan əyalətində birləşirdi.
– Bəs elə isə müəllifi olduğunuz kitabda da qeyd etdiyiniz kimi, ingilisdilli mənbələrdə “İran Ermənistanı” ifadəsi necə yaranmışdı?
– Birmənalı olaraq qeyd etmək lazımdır ki, heç bir “İran Ermənistanı” mövcud deyildi və bu adla qeyd edilən ərazilər Azərbaycan torpaqları idi. “İran Ermənistanı”nın mövcudluğuna dair nə Səfəvilər dövrünə, nə də daha sonrakı dövrlərə aid bir sənəd də yoxdur. Şübhəsiz ki, bu adda hər hansı bir inzibati vahid olsaydı, vergi, rüsum, səfərbərlik və s. bağlı hansısa bir sənəddə adı çəkilərdi. İngilisdilli müəlliflərin bu səhvi daha çox ermənilərin faktları öz maraqları naminə saxtalaşdırmaları sayəsində mümkün olub. Bura gələn Qərb səyyah və tacirləri daha çox erməni tacirləri ilə əlaqəyə girirdilər. Ermənilər bu əraziləri necə təqdim edirdilərsə, onların qeyd və memuarlarında da bu ərazilər elə o cür qeyd olunurdu. Buna görə də qərblilərin həmin dövrdəki qeydlərinə tənqidi yanaşmaq lazımdır. Həm farsdilli mənbələrdə, həm də yazışmalarda bu ərazilər heç vaxt “Ermənistan” kimi qeyd olunmayıb. Elə Abbas Mirzənin Britaniya səfiri ilə yazışmalarına baxmaq kifayətdir ki, buna əmin olasan.
– İngilisdilli mənbələr 1918-20-ci il qırğınlarını necə qiymətləndirirlər?
– 1918-ci ildə Cənubi Qafqaza müdaxilə ərəfəsində Böyük Britaniya hökuməti yerli xristianlara, hər şeydən öncə də ermənilərə böyük ümidlər bəsləyərək, Osmanlı ordusunun Qafqaza yürüşünün qarşısının alınmasında onlara bel bağlayırdı. Lakin tezliklə, Britaniya arxiv sənədlərindən məlum olduğu kimi, ingilis komandanlığı dərk etməyə başlamışdı ki, ermənilərin dəstəklənməsi və onlara kömək göstərilməsi Böyük Britaniyanın türk-müsəlman əhalisi ilə münasibətlərinə dağıdıcı təsir göstərir. Qarabağda, Naxçıvanda, Zəngəzurda ermənilərin törətdikləri vəhşiliklərlə bağlı məlumatlar alındıqca, onların da Böyük Britaniyaya göndərdikləri raportların stilistikası tamamilə dəyişirdi. Böyük Britaniya hökuməti tərəfindən xüsusi olaraq ezam edilmiş Cənubi Qafqazdakı Britaniya missiyasının təmsilçilərinin məlumatlarında qeyd edilirdi ki, erməni silahlı qüvvələri heç bir mənfurluqdan çəkinmirlər və Yelizavetpol və İrəvan quberniyalarının dinc azərbaycanlı əhalisinin məhv edilməsi üçün ən əcaib metodlardan istifadə edirlər. Qafqazdakı Böyük Britaniya Ali komissarı ser Oliver Uordropun öz hökumətinə unvanladığı məlumatlar bu cür faktlarla zəngindir. Onun 1919-cu ilin oktyabrın 2-də Londona göndərdiyi raportunda deyilirdi: “Bu yaxınlarda ermənilər Yeni Bəyazid, Aleksandropol və İrəvan bölgələrində 60 müsəlman kəndini dağıtmışlar”. Özünün 1919-cu il 4 dekabr tarixli məlumatında Uordrop göstərirdi: “Azərbaycan hökuməti erməni nizami dəstələri tərəfindən bu yaxınlarda törədilmiş müsəlmanların kütləvi qətlləri və 15 kəndin məhv edilməsi haqqında Zəngəzur və Dərələyəzdən məlumatları mənə çatdırıb. Mən İrəvana etiraz göndərərək, dərhal təhqiqata başlamağı, müqəssirləri cəzalandırmağı və erməni nümayəndə heyətinin yubanmadan Azərbaycanla görüşməyə göndərməyi tələb etdim”. Eyni zamanda öz cinayətlərini qonşuların üzərinə yıxmağa çalışan erməni təbliğatının yalançılığı haqqında Britaniya hakim dairələrində tədricən möhkəm əminlik formalaşmağa başlamışdı. Ermənistanın Cənubi Qafqazın müsəlman əhalisinin sistematik soyqırımına yönəlmiş təcavüzkar siyasəti göstərilən dövrün çoxlu sayda Britaniya arxiv sənədlərində öz əksini tapır.
– Həqiqətənmi, ingilislər 1918-19-cu illərdə Şuşada ermənilərin azərbaycanlılara qarşı silahlandırılması işinə yardım göstərirdilər?
– Mən belə bir faktla tanış olmamışam. Əksinə, Britaniya tərəfi də yazır ki, daha çox Rusiya Androniki silahlandırırdı.
– Nigar xanım, elmi konfranslarda tez-tez olursunuz. Alimlərimiz erməni tədqiqatçıları ilə uğurla mübarizə apara bilirlərmi?
– 2013-cü ildə ABŞ-ın Utah Universiteti Tiflisdə “İmperiya alatoranlığında Qafqaz: millətçilik, etnik mənsubiyyət və dövlət quruculuğu” adlı konfrans təşkil etmişdi. Konfransda tanınmış qafqazşünaslar iştirak edirdilər. Dəvət olunanlar içərisində bir neçə azərbaycanlı alimlə birlikdə mən də iştirak edirdim. Mənim mövzum “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində” idi. Səfərimiz və iştirakımız böyük qalmaqallara səbəb oldu. Çünki Ermənistan Elmlər Akademiyası erməni alimlərin bu konfransda iştirakına qadağa qoymuşdu. Bunu da onunla əsaslandırırdılar ki, erməni alimləri bu konfransda iştirakları ilə azərbaycanlıların soyqırımını tanımış olurlar. Amma Qərb ölkələrindən gələn erməni alimlər var idi. Erməni iştirakçıları incitməmək üçün Azərbaycandan olan 5 iştirakçını bir bölməyə yığmışdılar ki, ümumi iclasda çıxış etməyək. Lakin bizim Tarix İnstitutunun şöbə müdiri Nigar Maksvellin təkidlərindən sonra mən plenar iclasda çıxış etdim. Mən çıxışımı sənədlər üstündə qurduğumdan, heç kəs sual verə bilmədi. Lakin biz Bakıya qayıtdıqdan sonra, başda Ara Papyan olmaqla bir çox erməni alimləri mediada, o cümlədən, “Reqnum”da haqqımda təhqiramiz yazılar yazmışdılar. Yəni demək istəyirəm ki, ermənilər bizim tutarlı dəlillərimizə yalnız qalmaqal və təhqiramiz ifadələrlə cavab verirlər. Sual vermək, diskussiyaya girmək iqtidarında deyillər. Oxşar bir hadisə İsveçrə Elmlər Akademiyasının təşkil etdiyi və mənim də iştirakçısı olduğum “Cənubi Qafqazda din, millət və demokratiya” adlı layihədə baş vermişdi. 2014-cü ildə İsveçrənin Naymexen şəhərində bununla bağlı kitab təqdimatında 3 azərbaycanlı, 3 gürcü, 7 nəfər isə erməni iştirak edirdi. Bizim məqalələrimiz çap olunmuşdu, amma başqalarının da məqalələri ilə bağlı fikir söyləyə bilərdik. Məruzəm Azərbaycanda qadın təhsili problemi ilə bağlı idi. Qeyd etdim ki, Azərbaycanın ərazilərinin 20 faizi ermənilər tərəfindən işğal olunub. Həmin 7 erməni və 2 nəfər də ekspert mənə etiraz etdilər ki, “işğal” akademik termin deyil və istifadə oluna bilməz. Əlbəttə, mən cavablarını verdim. Səhərisi gün isə erməninin məruzəsində “Şuşanın azad edilməsi” ifadəsi getmişdi. Mən bu ifadəyə etirazımı bildirdim ki, Şuşa heç bir vaxt erməni ərazisi olmayıb və ermənilər tərəfindən onun işğalı azad edilmə kimi qələmə verilə bilməz. Böyük bir diskussiya oldu və nəhayət, redaksiya heyəti qərar verdi ki, erməni nümayəndəsinin məruzəsi topluya daxil edilməsin. Dünyanın çox tanınmış elmi nəşriyyatlarından birində “Routledge”də çap edilən topluya erməninin məruzəsinin daxil edilməməsi böyük uğur idi. Ümumiyyətlə, ermənilərlə elmi konfranslarda münaqişələrimiz tez-tez olur. Elə oktyabr ayında Sankt-Peterburqda dünyanın bütün nüfuzlu iranşünaslarının iştirak etdikləri “İran Tədqiqatları” konfransında belə bir hadisə baş verdi. Mən milliyyətcə erməni olan D.A.Bornotyanın rəhbərlik etdiyi bölmədə təmsil olunurdum.
– “İrəvan xanlığı” kitabının müəllifi Bornotyanın?
– Bəli. Mənim çıxışım Yermolovun səfirliyi ilə bağlı idi və çıxışım zamanı slaydlar da nümayiş etdirirdim. Slaydları nümayiş etdirərkən tarixi Azərbaycan ərazisini Şimali və Cənubi Azərbaycan adlandırırdım. Çıxışımı bitirərkən Bornotyan hiddətlə ayağa qalxdı və qışqırdı ki, “o, dəlidir, hansı Azərbaycan ərazilərindən söhbət gedə bilər, bu nə xəritələrdir?” Mən də cavab verdim ki, “bəs siz hansı Ermənistan ərazisindən danışırsınız? Ermənistan 20-ci əsrin əvvəllərində yaranıb, daha öncə, həmin ərazilər İrəvan xanlığının torpaqları idi. Bu ərazi min il boyunca Azərbaycan əyaləti adlandırılırdı”. Burada “İranın Kembric tarixi” nəşrinin baş redaktoru Çarlz Melvinin çıxışı mənim xeyrimə oldu. O, bildirdi ki, mənim çıxışım akademik, elmi çıxış, Bornotyanınkı isə emosional və qeyri-elmi idi. Və qayıdandan sonra da Çarlz Melvinin tövsiyəsi ilə məni “İran tədqiqatları”na üzv seçdilər. Söylədiyim bu misallar da göstərir ki, sübut və dəlillərlə danışanda ermənilərin çığır-bağır salmaqdan özgə yolları qalmır.
Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 01 aprel 2016-cı ildə dərc edilib