Suallarımızı Azərbaycan MEA Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvell cavablandırdı.
– Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu necə dəyərləndirirsiniz?
– Tezliklə xalqımızın müqəddəratında böyük rol oynamış ilk müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasının yubiley tarixini – 100 illiyini qeyd edəcəyik. Çarizmin buxovlarından qurtulan Azərbaycan xalqı müstəqil dövlətini elan etməklə öz azadlığının pik nöqtəsinə qalxa bildi. Rusiya monarxiyasının xarabalıqları üzərində müstəqilliyə doğru yol götürərək, keşməkeşlərdən və sınaqlardan keçərək biz, azərbaycanlılar Şərqdə ilk parlament respublikası yaratmaqla, öz arzumuzu yerinə yetirdik və azadlıq iradəmizi ortaya qoyduq. Ən əsası isə öz dövlətimizi qura bilmək imkanımızın olduğunu sübut etdik. İlk demokratik dövlətin tarixi 23 ayla məhdudlaşsa da, inamla demək olar ki, onun həyatının hər günü, hər saatı qeyri-adi dərəcədə əhəmiyyətli hadisələrlə dolu idi. Məhz buna görə də tariximizin bu dövrünü dəqiqələri, saatları ilə öyrənmək lazımdır. Çünki tarixi hadisələr kaleydoskopu daxili və xarici amillərdən asılı olaraq sürətlə dəyişirdi.
– 1991-ci ildə milli müstəqilliyimizin bərpasından sonra tarixçilər qarşısında yaranmış imkanlar barəsində nə deyərdiniz?
– Mənim yaşıdım, 60-cı illər nəslindən olan və elmdə ilk addımlarını hələ sovet dövründə atmış tarixçilər üçün elmi işin yeni üsullarına keçmək üçün xüsusilə həssasflıq tələb olunurdu. Təəccüblü deyil ki, biz sovet ideologiya maşını ilə məhdudlaşdırılmış sərt tələblər zamanından əvvəllər heç haqqında düşünə də bilmədiyimiz yeni arxivlərin, yeni mənbələrin və qapıların açılması dövrünə keçirdik. Bu gün, Azərbaycanın müstəqilliyinin dönməz xarakter aldığı bir dövrdə azərbaycanlı tədqiqatçılar qarşısında dünya arxivlərində olan sənədlərin elmi dövriyyəyə buraxılması baxımından nəhəng perspektivlər açılıb. Faktoloji bazanın genişlənməsinin müasir tarixşünaslıqda yeni baxışların formalaşdırılmasına kömək etdiyi qeyd olunmalıdır. Bu gün mənim 40 ildən artıq əməkdaşı olduğum Azərbaycan MEA Tarix İnstitutu Böyük Britaniya, Fransa, Hindistan, Rusiya, Gürcüstan, Türkiyə və Almaniya arxivlərindən toplanmış sənədlərin böyük bir arsenalını yaradıb. Qürurla demək olar ki, bu layihənin – xarici arxivlərdən sənədlərin yığılmasının əsası Britaniya arxivlərindən toplanmış və akademik Yaqub Mahmudovun redaksiyası ilə dərc edilmiş toplu ilə qoyulub. Bu topluya mənim on il öncə çalışdığım Böyük Britaniya Xarici İşlər Nazirliyinin arxivindən olan sənədlər daxil edilib. Həmin toplu 2011-ci ildə işıq üzü görüb və biz onu Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20 illiyinə həsr emişik. Prezident İlham Əliyevin müstəqilliyin 20 illiyinin bayram edilməsi ilə bağlı fərmanı dərc ediləndə biz, tarixçilər ilk toplunu buraxmaqla bu tarixə öz töhfəmzi verdik. Şöbəmizin əməkdaşları Almaniya, Türkiyə, Gürcüstan, Fransada olaraq çoxlu sayda sənəd gətiriblər və onların əksəriyyəti toplularda dərc olunub. 2011-ci ildə ilk toplunun nəşrindən 2 il sonra böyük marağı nəzərə alaraq, biz onu rus dilinə də tərcümə etdik və beləcə oxucu dairəsini daha da genişləndirdik. Topluda dərc olunan sənədlərin bir çoxunda Dehli arxivlərinə istinad olduğundan, biz Dehliyə getmək və orada da işləmək fikrinə gəldik. Mən bu layihəni həyata keçirməyə nail oldum, Dehliyə getdim və bir aya yaxın milli arxivdə işlədim. Həmin sənədlər əsasında hazırlanmış toplu Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar nəşr olunub.
– Bilirik ki, xeyli müddətdir ki, Böyük Britaniyada tədqiqat işləri aparırsınız. Hazırda nə üzərində çalışırsınız?
– Hazırda mən Böyük Britaniyadayam və son 2 il ərzində bu ölkənin milli arxivindən topladığm materiallardan ibarət yeni toplu üzərindəki işimi başa çatdırıram. Böyük Britaniya Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Nazirlər Kabinetinin fondlarından, eləcə də Birinci Dünya müharibəsi və aviasiya fondlarından əldə etdiyim sənədlərin sayı bir neçə mindən çox olduğundan, onları yalnız bir cilddə toplamaq mümkünsüz görünür. Biz yubileyə kimi yalnız 1918-ci ili və qismən 1919-cu ili əhatə edən ilk iki cildi nəşr etdirməyi düşünürük. Yeni toplunun yalnız Azərbaycanın 1918-1920-ci illər tarixini deyil, bütövlükdə Cənubi Qafqazın tarixini əhatə edən sənədlərin əksini tapması ilə xarakterik olmağına çalışacağam. Yəni burada Ermənistan və Gürcüstan respublikalarının tarixi ilə də bağlı sənədlər olacaq. Belə sənədlərə, xüsusilə də Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz regionunda ingilis hökumətinin siyasətinə işıq saçan Britaniya sənədlərinə malik olmaq qonşu Gürcüstan və Ermənistan tarixçiləri ilə tam obyektiv elmi polemikalara girmək baxımından mühüm əhəmiyyət kəsb edir. Britaniya fondlarındakı materiallar bir neçə əsas istiqaməti canlandırır. 1917-20-ci illərdə Cənubi Qafqazda baş verən hadisələr Britaniyanın hərbi iştirakı baxımından həmin istiqamətlər üzrə şərh olunur. Cənubi Qafqazda yaşayan və müstəqillik yoluna qədəm qoyan xalqların taleyi bir-biri ilə sıx əlaqələdir. Bu xalqlar müstəqilliyə doğru ilk addımlarını Qafqaz dövlətçiliyi çərçivəsində atmış, sonradan isə hərəsi öz dövlətçilik yolunu tutmuşdu. Azərbaycanın müstəqillik illərində alimlərimiz nəhəng sayda yeni və maraqlı sənədlərə istinad etməklə maraqlı əsərlərlə tarixşünaslığımızı zənginləşdiriblər. Bu illər ərzində həmin sənədlər əsasında qurulmuş ədəbiyyat nəşr edilib. Buna görə də bu və ya digər aspekt qiymətləndirmə kateqoriyasına malikdir. Gürcü və erməni alimləri də bunu ediblər. Problem ondadır ki, biz erməni ədəbiyyatını pis bilirik. Təəssüf ki, erməni mənbələrinin əksəriyyəti erməni dilində yazıldığından, geniş oxucu kütləsinin ona əli çatmır. Bəlkə burada da onların öz məqsədləri var – öz mənbələri ilə bölüşmək istəmirlər, çünki hansısa dərəcədə özlərinin əleyhinə yönələ bilər. Ona görə də bu və digər problemi işıqlandırarkən qiymətləndirmə kateqoriyası öz mənbələrinin xarakterindən asılı olaraq şəklini dəyişə bilər. Bu baxımdan “sənədlərin müharibəsi” adlı təhlükə yaranar.
– “Sənədlərin müharibəsi” deyərkən nəyi nəzərdə tutursunuz?
– Mən “sənədlərin müharibəsi” termininin nə olduğunu şərh edim. Azərbaycandakı 1918-ci ilin faciəli mart hadisələrini götürək. Bu haqda Azərbaycan tarixçiləri çoxlu yazıb və nəşr ediblər. Biz artıq dünyaya sübut etmişik ki, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı edilənlər soyqırımdan başqa bir şey deyil. 2009-cu ildə Solmaz Rüstəmova-Tohidinin “Mart 1918-ci il. Bakı” sənədlər toplusu işıq üzü görüb. Ardınca onun Quba və Şamaxı haqqında analoji topluları nəşr olundu. Hamıya məlumdur ki, bu kitablar hələ Azərbaycan Demokratik Respublikası dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının aşkar etdiyi Cənubi Qafqazın müsəlman əhalisinə qarşı törədilən kütləvi qətllər və onların əmlakının yağmalanması hallarına dair sənədlər əsasındadır. Yeri gəlmişkən, Fövqəladə Təhqiqat Komissiyasının üzvləri yalnız tanınmış azərbaycalılar deyildi, burada digər millətlərin nümayəndələri də təmsil olunmuşdu və həmin topluların obyektivliyi şübhə doğurmur. Bu topluların nəşrindən bir neçə il əvvəl, 2003-cü ildə İrəvanda “Bakı və Yelizavetpol quberniyalarında 1918-1920-ci illərdə erməni qırğınları” adlı erməni dilində sənədlər toplusu nəşr edilib və erməni əhalisinə qarşı azərbaycanlılar və türklər tərəfindən “icra edilmiş” zorakılıq faktlarına dair sənədlər verilib. Toplu erməni dilində nəşr edildiyindən, təbii ki, daha az oxucunu əhatə edir, yalnız bir neçə sənəd rus dilində çap olunub. Buyurun, bu, “sənədlərin müharibəsi”nə dair mənim birinci nümunəmdir. Yəni tərəflərdən biri sənədlər təqdim edir, digər tərəf isə ona əks olaraq öz sənədlərini irəli sürür. Başqa bir misal kimi mən türk tarixçisi Mehmet Perincikin 2011-ci ildə Moskvada nəşr olunmuş “Erməni məsələsi Rusiya dövlət arxivlərindən 120 sənəddə” kitabını göstərə bilərəm. O, öz kitabında Rusiya dövlət arxivlərindən “erməni soyqırımı”nı təkzib edən sənədləri göstərir, müxtəlif ölkələrdən olan tarixçilərin müxtəlif cür şərh etdikləri tarixi hadisələrin üzərinə işıq salır. Rusiya dövlət arxivlərində “erməni məsələsi” ilə bağlı mübahisəli məqamlara aydınlıq gətirilməsində vacib rol oynayacaq belə sənədlər mövcuddur. Bəs həqiqət haradadır? O nəyə əsaslanır? Bir çox erməni müəlliflərinin topluları yalnız oxucu dairəsini məhdudlaşdırmır, yuxarıda qeyd etdiyimiz və bizim də yaxşı bildiyimiz kimi, onlar üçün sərfəli olan sənədləri doğrayır, özləri üçün sərfəli olan hissələri rus dilinə tərcümə edir, öz nöqteyi-nəzərlərini qorumağa çalışırlar. Ümumi kontekstdən çıxarılmış ifadələr, cümlələr, bəzən isə böyük abzaslar sənədin ümumi konsepsiyası ilə bağlı deyil və absurd məzmun yaradır. Tarixdə belə faktlar yetərincədir. Məhz Azərbaycan və erməni arxivlərindən kənardan əlavə olunmuş sənədlərin sayı əlimizdə yetərincədir və onlara qarşı dəlil gətirmək ermənilərə çox ağırdır. Lakin inkar etmək olmaz ki, öz məzmunu ilə bizim ekspertləri də düşündürən sənədlər də mövcuddur. Etiraf etməliyik ki, biz obyektiv olmalı, mümkün elmi dəlillər qurmaqla, əsil elmi debatlara girməyə çalışmalıyıq.
– Qonşu ölkənin tarixçiləri ilə qarşılaşırsınızmı və onlarla debatlara girirsinizmi?
– Elmi fəaliyyətim dövründə dəfələrlə beynəlxalq konfranslarda iştirak etmişəm və tariximizin 1917-20-ci illər dövrü ilə bağlı ermənilərin məruzələri ilə rastlaşmışam. Qısaca və ümumi bir söz deyə bilərəm: demək olar ki, heç vaxt əsil elmi müzakirəyə girə bilməmişik. Onların qeyd etdikləri sənədlər ya saxtalaşdırılıb, ya da dediyim kimi, ümumi kontekstdən çıxarılıb və bunu onlar yeganə həqiqət kimi qələmə verirlər. Beləcə müzakirələri dalana dirəyir və yaxud buna çalışırlar. Tarixçilərimizin sübut və dəlillərini isə bir qayda olaraq inamsızlıq, düşmənçilik və anlaşılmalıqla qarşılayırlar. Hesab edirəm ki, tarix elmi riyaziyyatla sıx bağlıdır. Bir tarixi məsələnin həlli, digərinin həllindən ortaya çıxır, yanlış həll isə ifadə olunanlar zəncirini qıra bilər. Bəzən fikir səni tutur və ardınca aparır. Dünya arxivlərində işləyəndən sonra əlimə elə müxtəlif sənədlər keçir ki, onları dərindən təhlil etsən, tutuşdursan, tədqiqatçı təxəyyülünün səni hara aparıb çıxaracağını təsəvvür etmək belə çətindir. Təsəvvür edin, informasiyanı elə dərindən təhlil və müqayisə etmək lazımdır ki, düşgün tarixi “pazl”ı öz yerinə qoya biləsən. Bu prosesdə hesab edirəm ki, əsas deviz obyektivlik olmalıdır.
– Arxivlərdə aşkar etdiyiniz materiallar tarixçilərimizin tədqiqat işlərində hansı rolu oynayacaq?
– Tarixşünaslığa yeni, indiyə kimi nəşr olunmamış Britaniya sənədlərinin daxil edilməsi tarixin həmin dövrünə dair biliklərimizi dərinləşdirməyə imkan verir. Bu sənədlərin hamısı üçün ümumi olan nədir? Rəsmi xarakter daşıyan bu materialların hamısının təfsirində bir “imperiya zövqü” var. Sənədlərin hamısında siyasi, ideoloji təsir duyulur. Bütövlükdə Britaniya arxivi Cənubi Qafqaz tarixinin haqqında danışdığımız dövrünün müxtəlif tərəflərini oxumağımıza imkan verən yeni səhifələrini qarşımızda açır. Xususilə bu sənədlər qrupunda “erməni məsələsi”nin Britaniya təfsirinə dair çoxsaylı məlumatları qeyd etmək olar. “Sənədlər müharibəsi” baxımından bu, çox maraqlıdır. İşlədiyim fondlardakı sənədlərin bir çoxunda erməni izi duyulur. Bu sənədlər britaniyalıların yalnız özləri tərəfindən deyil, ermənilər tərəfindən, həm yenicə yaradılmış Ararat respublikası, həm də Böyük Britaniyada yaşayan erməni diasporu tərəfindən verilmiş məlumatlara əsasən tərtib olunub. Həmin dövrdə Böyük Britaniyadakı erməni diasporunun nə qədər güclü olduğunu mən bilmirdim. Bu sənədləri şərh edərkən elmi obyektiv yanaşma şübhəsiz ki, Azərbaycan və Ararat respublikaları arasındakı qarşılıqlı münasibətlər, regionun müsəlman əhalisinə qarşı daşnaklar tərəfindən törəlmiş soyqırım mövzusunu daha dərindən öyrənməyə imkan verər. Ən başlıcası isə bu sənədlər Böyük Britaniya hökumətinin Cənubi Qafqazdakı vəziyyətin sülh yolu ilə nizamlanmasındakı cəhdlərini təhlil etməyə imkan verir. Əlbəttə, onların buradakı rolu kiçik deyildi. Onlar bu regionda süıhü qoruyurdular və neçə ki, burada idilər, açıq hərbi əməliyyatlar getmirdi. Üç respublikanın qarşılıqlı münasibətlərində, onların dövlət quruculuğu siyasətinin həyata keçirilməsində arbitr rolu oynayırdılar və bu sənədlər göstərir ki, Britaniya komandanlığı dəfələrlə öz mövqelərini dəyişiblər. Mənim tapdığım sənədlərin bəzilərində britaniyalıların gah azərbaycanlıları, gah da erməniləri təcavüzkar kimi göstərmə səyləri görünür. Bu sənədlərin həm də zəif mexanizmə malik olduğu duyulur. Sənədlər haqqında çox danışmaq olar, onlar öz məzmunu etibarilə çox qiymətli və maraqlıdır. İrəlidə bizi çox işlər gözləyir, həmin sənədlər nəşr edildikdən sonra tədqiqatçılarımız qarşısında indiyədək öyrənilməmiş yeni perspektivlər açılacaq. Cənubi Qafqaz həmişə ziddiyyətlər qovşağı olub. Gürcüstan, Ermənistan, Azərbaycan öz müstəqilliklərinə mürəkkəb yollarla qovuşublar. Bu üç xalqın taleyi o vaxt və indi bir çox məsələlərdə kəsişsə də, o vaxt ümumi məsələlərin həllində vahid rəyə gələ bilməyiblər. Qafqaz münasibətlərində bu gün də ziddiyyətləri kəskinləşdirən elə budur. Yeni sənədlər hesab edirəm ki, bizə tarix elminin üzərində işlədiyi bir sıra münaqişəli məsələlərin həllində kömək edəcək. Bilirsiniz, diplomatların öz diplomatik stolları, hərbçilərin döyüş meydanı olduğu kimi, tarixçilərin də öz dəyirmi masaları, seminarları, konfransları var. Bu istiqaməti gücləndirmək, bu planda daha fəal işləmək lazımdır. Sovet dövründə, sovet beynəlmiləlçiliyi adlanan dövrdə nə qədər qəribə də olsa, bizə Cənubi Qafqazın bütün tarixini üç xalqın vahid yaşayış evi kimi əks etdirən birgə əsərlər nəşr etdirməyə imkan verirdilər. Təəssüf ki, bu gün bu cür işlər yoxdur. Ermənistanla müharibə şəraitində, hər bir konfransda erməni nümayəndə heyətinin nümayəndələrinin dlindən ancaq hədələr, aqressiv ifadələr və bir çox tarixi məsələlərin mahiyyətinin anlaşılmadığı səsləndiriləndə bu, hətta absurd səslənə bilər.
– Rəhbərlik etdiyiniz şöbənin fəaliyyəti ilə də bağlı Sizin fikirlərinizi öyrənmək istərdik.
– Mənim 20 ildən artıq rəhbərlik etdiyim Azərbaycan MEA Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti” şöbəsi iki dövrün – sovet və müstəqillik dövrünün kəsişməsində yaranıb. O, Azərbaycan Xalq Cümhuriyyətini öyrənməyə başlayan ilk elmi ocaq idi. Həmin dövrdə bəziləri bizi tarixi dairələrdə ilk müstəqil elmi mərkəz hesab edirdilər. Amma tədricən hər şey dəyişdi, şöbəyə yeni əməkdaşlar qoşuldu, bu istiqamətdə Azərbaycan tarixini yenidən yazmaq imkanınını görənlər, çəkinmədən deyə bilərəm ki, tarixin bu mərhələsini tamamilə ağ səhifədən yazmağa başladılar. Tarixin bu dövrü ilə məşğul olan tarixçilərin demək olar ki, hamısı bizim şöbədə işə başlayıb və ya onunla sıx əlaqədə olub, desəm, məncə, yanılmaram. Burada ilk seminarlar, diskussiyalar keçirilib, ilk namizədlik və doktorluq dissertasiyaları müzakirə olunub, burada yeni kadrlar yaranıb. Həmin dövrdə çox coşqun debatlar gedirdi, emosiyalar elə həddə qədər yüksəlirdi ki, bütün müzakirələrimiz otağımızdan kənarda da eşidilirdi. Əslində hər yeni fikir elə bu cür də cilalanmalıdır, 1990-cı illərin əvvəllərində mən deyərdim ki, hansısa dərəcədə inqilabi hadisələr baş verirdi. Heydər Əliyevin fərmanına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin ilk yubileyi 80 illiyi geniş bayram kimi qeyd olunurdu. Fəxrlə deyə bilərəm ki, məhz rəhbərlik etdiyim şöbənin kollektivi ilk yubiley elmi ümumiləşdirilmiş əsərin yazılması üçün hökumət qrantı aldı. Hesab edirəm ki, biz qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gəldik, bizi mükafatlandırdılar, kitab iki dildə işıq üzü gördü. Kollektiv çox ciddi işlədi, respublikanın bütün arxivləri bizim üzümüzə açıldı. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair ilk ümumiləşdirici əsər idi və sonradan 7 cildlik Azərbaycan tarixinin hazırlanmasında əsas baza oldu. Həmin 7 cildlik akademik əsər idi və qədim dövrdən başlayaraq, bu günümüzə qədər böyük bir dövrü əhatə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi 5-ci cildin ikinci hissəsində əks olunub. Mən həmin hissənin məsul redaktoruyam və bu kitabdakı hər bir sözə görə cavabdehəm. 1990-cı illərin əvvəlindəki tədqiqat predmetimizi yenicə doğulmuş körpə uşağa bənzətsək, həmin dövr tarixşünaslığının yüzilliyində o, artıq möhkəm ayaqda duran və öz gələcəyini yaxşı dərk edən yetkin yeniyetməyə bənzəyir. Bizim fəaliyyətimizin birinci mərhələsi emosional səviyyədə qurulmuşdu və çoxsaylı materialların toplanmasını, sanki fikri sovet ideoloji buxovlarından azd etməyi nəzərdə tuturdu. Yeni fikir öz yolundakı hər şeyi, lazım olanı da, olmayanı da özünə hopdururdu. Biz bunların hamısını götürür, sonra isə əlbəttə ki, cilalayırdıq. Buna görə də çoxlu səhvlər, qeyri-dəqiqliklər və s. olurdu. Fəaliyyətimizin ikinci mərhələsi emosional əhvaldan imtina, dövriləşdirilmə mərhələsi oldu. AXC tarixinin hər bir dövrü konkret adla adlandırıldı. Üçüncü mərhələni biz əsil mərhələ adlandırırıq, artıq sanballı monoqrafiyalar, sənədlər toplusu çıxdı. Hesab edirəm ki, həyatlarını Azərbaycan tarixinin öyrənilməsinə sərf edən tarixçilər ciddi əsərlərlə bu mərhələyə daxil oldular. Bunlar yalnız bizim şöbənin əməkdaşları deyildi, bütün respublika tarixçiləri idi. İndi bizdə Akademiyada, universitetlərdə, digər elmi mərkəzlərdə çoxlu istedadlı uşaqlar var. Bunlar Azərbaycan elminin fəxridir.
– Perspektivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hansı işlərin görülməsini zəruri hesab edirsiniz?
– Düşünürəm ki, bu gün AXC dövründə Azərbaycan-Gürcüstan, Azərbaycan-Ermənistan, Azərbaycan-Rusiya münasibətlərinin dərindən öyrənilməsi vəzifəsi qoyulmalıdır. Fəxrlə demək olar ki, tarixçilərimiz dünya arxivlərindən çoxlu sayda sənədlər toplayıblar. Əlimizdə materialların elə zəngin arsenalı var ki, əsaslı surətdə bu diskussiyalara başlaya bilərik. Yaxın gələcəkdə bu, bizim əsas işimiz olmalıdır. Biz imkan daxilində yüzillik yubileydən sonra, bəlkə hətta yubiley dövründə qonşularımızla obyektiv, əsil elmi dialoqa girməliyik. Çoxları məni başa düşməyə bilər ki, Ermənistanla müharibə şəraitində necə birgə iş nəzərdə tutula bilər. Amma bu məsələlərlə bağlı polemikalarda onların daimi təhqirlərindən qurtulmalıyıq. Əlimizdə elə sənədlər, əsərlər var ki, erməni ideologiyasını çökdürə bilər. Niyə də onları yalnız hansısa polemika zamanı yox, birgə iş kimi səsləndirməyək? Qoyun onlar da bizim monoqrafiyaları, sənədləri, konkret faktlarımızı təkzib edəcək materiallar versinlər. Erməni dilində, ümumi kontekstdən çıxarılmış, natamam xarakter daşıyan sənədlərdən başqa nə təqdim edə bilərlər ki?
Gündüz Nəsibov, İrina Muxtarova, 1905.az