“1905.az” Diskussiya klubunda bu dəfə biz “Novruz oldu…atəşkəs pozuldu?!” mövzusunu tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, “Bakı milli geyim evi”nin rəhbəri Könül Vəlibəyli, Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli, jurnalist Asəf Quliyev, internet və kompüter texnologiyaları üzrə mütəxəssisi Tural Məlikovla müzakirə etdik.
Fuad Babayev: Novruz ərəfəsindəyik. Cəbhədə atəşkəsin ən çox pozulduğu günlər də adətən bayram ərəfəsinə təsadüf edir. İllərdir Novruzu torpaqlarımıza köçürülmüş ermənilərin qonşuluğunda qeyd edirik. Onlar bu torpaqlarda irili-xırdalı onlarla soyqırım törədiblər.
Atəş müəllim, düşmən obrazı Novruz adətlərimizdə hansı formada əks olunub?
Atəş Əhmədli: Dəvətiniz üçün minnətdaram. Nə yaxşı ki, dəyirmi masaya tarixçi də dəvət etmisiniz. Çünki belə mövzuların müzakirəsində tarixçi rəyinə ehtiyac olur. Təəssüf ki, novruzşünaslıq elm kimi formalaşmayıb. 2003-cü ildən Folklor İnstitutu fəaliyyət göstərir. Bu institutun yaranması çağdaş elmin nailiyyəti hesab oluna bilər. Novruz təkcə bir günün yox, bir neçə həftənin, ayın bayramıdır. Çərşənbələrin qeyd olunması da bunun bariz nümunəsidir. Folklor institutunda mütəxəssislər Novruzla bağlı hər il araşdırmalar aparır, yeni-yeni adətlərimizi üzə çıxarırlar. Sovet dövründə bu sahəyə ideoloji basqılar olub. Novruz xalqın birləşmə, yumruq halına gəlmə bayramıdır.
Bu yaxınlarda Elmlər Akademiyasında konfrans keçirildi. Təşəbbüskar Folklor intitututu oldu. “Soyqırım folklorda” mövzusunu müzakirə etdik. Folklorun yaranması üçün dövr keçməlidir. Folkloru tarix yaradır.
“Soyqırımların Novruz ərəfəsində törədilməsi insanların istirahətə meyilli olması və düşmənin bundan istifadə etməsinin nəticəsidir”
Məhərrəm Zülfüqarlı: Niyə soyqırım mart ayına təsadüf etdi? Burada bir neçə ehtimal var. O dövrdə Sovet Rusiyasının Bakı neftinə böyük ehtiyacı var idi. Neft Xəzər dənizi, Volqaboyu ilə daşınırdı. Martda isə havalar isinirdi, buz əriyirdi, nəqliyyat bərpa olurdu. Yəni onlara bizim sərvət lazım idi, əhali yox. Sərvətin ələ keçməsi üçün də müsəlman əhali qırılmalı idi. Çox zaman yaddan çıxarılır. Şamaxı soyqırımı 3 mərhələdə olub. Bakıdan əvvəl elə Şamaxıda olub. Mart ayının əvvəllərində silahlarını götürüb Bakıya gələn erməni-rus hərbi birləşmələri Şəmkir istiqamətində tərk-silah edilmişdi. Ölənlər də olmuşdu. Bu hadisədən sonra Bakıda anti-müsəlman təbliğatı aparmağa başlanmışdı. Rus ordusunda olan 400 erməni evinə qayıtmaq istəyəndə Müsəlman Komitəsi Şamaxıya xəbər verdi ki, xahiş edirik, ermənilərə evlərinə getməyə kömək edin. Həmin o 400 əsgər Kürdəmir stansiyasında Bico kəndi istiqamətində kəndlərə hücum etməyə başlayırlar. Müsəlman kəndlərinin qarəti zamanı təbii ki, müqavimətlə də qarşılaşırlar. Sağ qalan əsgərlər Şaumyanın yanına qaçıb deyir ki, bizə kömək edin. Bundan sonra 3000 əsgər Şamaxıya köməyə göndəririlir. Və qırğınlar törədilir.
İkinci mərhələdə Şamaxıdakı dini rəhbərlər razılıq əldə edirlər ki, 1918-ci 18 martda qırğın olmasın. Lalayan isə deyir ki, biz onsuz da bu qırğını davam etdirəcəyik.
Hesab edirəm ki, soyqırımların Novruza düşməsi bayram ərəfəsində insanların istirahətə meyilli olması və düşmənin bundan istifadə etməsinin nəticəsidir. Prezidentin 1998-ci il 26 mart sərəncamına görə 31 mart soyqırım günü kimi qeyd olunur. Tələbələrə də deyirik ki, miladi təqvimində 13 gün dəyişiklik edilib. Əgər 31 martdan 13 gün çıxsaq bu qırğınların Novruza təsadüf etdiyini görərik. Sovet dönəmində Novruz islamla əlaqəli qadağan edilmişdi. Amma Azərbaycanın islamdan əvvəlki tarixi də var. Təəssüf, biz islamdan əvvəlki tariximizə həmişə ögey münasibət bəsləmişik. Düşmən də həmişə bundan istifadə edib.
Fuad Babayev: Könül, xanım “Bakı milli geyim evi”nin rəhbərisiniz. Milli geyimlərimiz qan yaddaşınının daşıyıcısıdır həm də.
Könül Vəlibəyli: Təəssüf, milli geyim deyəndə insanların gözləri qarşısında rəqs geyimləri canlanır. Amma milli geyim rəqs paltarından ibarət deyil. Geyim sahəsinə gələndə bir xeyli araşdırma apardım, mütəxəssislərlə görüşdüm. Geyim nümunələrinə baxdım, muzeylərdə oldum. Amma bunlar nümunədir. Buna görə də biz “Bakı milli geyim evi” olaraq geyimləri tikməyə və təbliğ etməyə başladıq. Araşdırma zamanı Qarabağ, İrəvan və Borçalı ərazilərinin geyimləri xüsusi diqqətimi çəkmişdi. Son 7 ildə bir çox ölkələrdə geyimlərimiz mədəniyyət günləri çərçivəsində təqdim edilib.
Çin, Amerika, Avropa, Türkiyə, Rusiya və s ölkələrdə olmuşuq. Həmişə Qarabağ, İrəvan geyimlərini böyük hərflərlə göstərməyə çalışmışam. Çox təəəssüf ki, biz adət-ənələrimizi ancaq Novruzda yada salırıq. İlin digər 11 ayı hər şey yaddan çıxır, Novruzda nəyimiz varsa göstərməyə çalışırıq.
Fuad Babayev: Asəf müəllim, jurnalistsiniz, həm də cəbhədə olmusunuz. Bayram günlərində atəşkəsin pozulması kimi halların baş verməsi barədə sizi də dinləyək.
Asəf Quliyev: Adətən bayram ərəfələrində hərbi hisslərə gedənlər çoxalır. Müğənnilər konsert proqramı ilə çıxış edir, sovqat aparanlar olur. Amma bayram bitən kimi hər şey bitir. Bu, belə olmalı deyil. Səngərdə olanlar bizə Qarabağdan daha yaxındılar. Ona görə də hərbiçilərimizi hər gün yada salmalıyıq. Sözsüz ki, qarşı tərəf bayram günlərini bilir və həmin ərəfələrdə fürsətdən istifadə etməyə çalışır.
Bir dəfə Novruz, bir neçə dəfə həmrəylik günündə bayramında hərbi hissədə olmuşam. Adi günlərdə postlara rahat getmək olursa həmin günlərdə komandirlər ehtiyat edirlər. Çünki rəhbərlik də bilir ki, məhz bayram, istirahət günləri düşmən məqamdan istifadə etməyə çalışır. Bir dəfə yeni il ərəfəsində Gədəbəydə posta yaxınlaşırdıq. Əsgər gəldi ki, dayanın. Komandir də dedi ki, cəbhədə vəziyyət gərgindi. Həmin gün biz onsuz da atəş səsləri eşidirdik. Amma ciddi atəşkəs pozuntusu olmadı. Yəni ermənilər bayram ərəfəsində xalqı narahatlıq içinndə saxlamağa meyillidilər.
Fuad Babayev: Tural müəllim, intenet təhlükəsizliyi problemləri ilə məşğul olursunuz. Bayram günərində ermənilərin saytlarımıza hücumları barədə nə deyə bilərsiniz?
“Qondarma erməni soyqırımı ərəfəsində ermənilər türk dünyasında hak edəcəkləri saytların sayının milyona çatdıracaqlarını açıqlayıblar”
Tural Məlikov: Çox təəəssüf ki, hələ də biz həqiqətimizi dünyaya olduğu kimi çatdıra bilməmişik. Son illər Leyla Əliyevanın təşəbbüsü ilə start götürən “Xocalıya ədalət” kampaniyası Xocalını dünyada tanıtdı. Biz də əlimizdən gələni etdik. Bir neçə dildə saytlar yaratdıq. Amma bizim başımıza çox bəlalar gəlib. Çox istərdim hər birimiz tariximizi dünyaya çatdırmaq istiqamət fəal olaq. Bilirsiniz ki, bu gün müharibə daha çox internet müstəvidə gedir. Universitetlərdə texnoloji yeniliklərin öyrədilməsinə geniş yer ayrılmalıdır.
Məsələn, Qafqaz Universitetində texnoloji park yaradılıb və tələbələrə yeniliklər aşılanır. Təəssüf, bu gün bizdə saytların sayı çox olsa da faydalı saytlar çox azdır. Həm kontent, həm də müdafiə olunma baxımından. Bilirsiniz ki, qarşıdan qondarma erməni soyqrımın yüz iliyi gəlir. Ermənilər bu münasibətlə həmin ərəfdə türk dünyasında hak edəcəkləri saytların sayının milyona çatdıracaqlarını açıqlayıblar.
Fuad Babayev: Belə bir söz var. Ən yaxşı müdafiə hücumdur.
Tural Məlikov: Xakerlər olmalıdır. Amma onları yetişdirmək bizə bir şey qazandırmaz.
Fuad Babayev: Amma ermənilər haker yetişdirirlər.
Tural Məlikov: Onlar skript yaratmağı öyrədirlər. Bir şeyi yarada bilən adam sözsüz ki, bir gün onu dağıda da bilər. Təəssüf , bizdə bunları bilən mütəxəssislər çox azdır. Bilənlərin isə hakerliklə məşğul olmağa vaxtı yoxdur.
Fuad Babayev: Bəs, bizdə kadr hazırlığı prosesi necə gedir?
“Texnoloqlarımızın tarixi bilik səviyyəsi çox aşağıdır”
Tural Məlikov: Mütəxəssis az olduğu üçün kadr yetişdirmək problemə çevrilib. Dəfələrlə universitetlərə tədris üçün dəvət edilmişik. Amma zaman yoxdur. Tədris etsək əsas işimizdən uzaq düşəcəyik. Həm də tədris etmək üçün özümüzü hazır bilmirik. Özünü dərs deməyə hazır bilən mütəxəssislər isə Azərbaycandan uzaqlaşırlar. Mütəxəssislərimizin qədrini bilməliyik. Onları getməyə qoymamalıyıq. Çünki bu bütün dünyada belədir. Mütəxəssislər xüsusi münasibət görməsə həmin ölkədə qalmazlar. Texnologiyada dil baryeri də yoxdur. Sən prosesi bilirsənsə sadə dil bilgiləri ilə də başqa yerdə də çalışa bilərsən. Üzülərək demək istəyirəm ki, texnoloqlarımızın tarixi bilik səviyyəsi çox aşağıdır. Hətta Xocalı faciəsinin nə vaxt olduğu bilməyən gənc texnoloqlar var.
Fuad Babayev: Təkliflərinizi eşidək.
Atəş Əhmədli: Tarixi faktlar tükənəndə tarixçilər folklora müracitə edirlər. Bəzi toponimlərə, işarələrə və s. Bizim beynəlminəçiləl ruhda tərbiyə olunmağımız, mülayim olmağımız həmişə başımıza bəla olub. Folklor ənənəvi mədəniyyətdir. Novruzun çox humanist mahiyyəti var. Novruz yemək bayramı deyil. Bu yaxınlarda bir təklif etdim. Papaqatma məsələsi ilə bağlı. Trend portalına müsahibəmdə dedim ki, bizim ənənədə papaqatma mərasimi olmayıb. Bu açıqlama böyük səs-küyə səbəb oldu. Bu bir ritualdı və bu formada icra edilməyib. Mifologiyaya görə, qədimdə ölən adam üçün pay toplanardı. O payları xüsusi adamlar toplayardı. Əski düşüncəyə görə həmin pay insanın ruhu üçün toplanardı. Mən də qeyd etdim ki, papaqatmanı xüsusi insanlar icra edib, uşaqlar yox. Dedim elə edək ki, papaq ayaqaltına atılmasın. Həm mədəniyyətin bərpası olar, həm də sakral dəyərə hörmət etmiş olarıq.
“Milli şüurun inkişafına diqqət etməliyik”
Məhərrəm Zülfüqarlı: 1905-ci il soyqırımı ilə 1918-ci il soyqırımın fərqi var idi. 1918-ci il soyqırımı bilərəkdən həyata keçirilmişdi. Sərvəti ələ keçirmək məqsədi daşıyırdı. Bəs biz nə edək ki, erməni təxribatından can qurtaraq? İlk növbədə milli şüurun inkişafına diqqət etməliyik. Dövlət qulluğuna işə götürüləndə imtahan verilir. Bu isə ancaq orta təbəqə vakansiyalarına aiddir. Təklif edərdim ki, yüksək vəzifəyə işə götürülənlər də imtahan versinlər.
Könül Vəlibəyli: Həqiqətən, texnoloji sahəyə meylli gənclər tarixi zəif bilirlər. Mütəxəssisləri ölkədə saxlamağa, onların beyinlərindən istifadə etməyə çalışmalıyıq. Asəf Quliyev: İnsanları maarifləndirmək lazımdır. Xüsusən, 1988-ci ildən başlayan tariximi hər birimiz bilməliyik.
Məhərrəm Zülfüqarlı: Hər birimiz Xocalıdan danışırıq. Amma bizim dəhşətli Qaradağlı faciəmiz də olub. Onu yada salan yoxdu. Çünki bu haqda çox az yazılıb. Bizim onlarla adı çəkilməyən, unudulan qəhrəmanlarımız var. Məsələn, Telman Tağıyev. Qaradağlı kəndində qumbaranı partladıb, özü də ölüb onlarla ermənini də. Bu qəhrəmanı kim tanıyır? Heç kim. Halbuki onlar vətən uğrunda döyüşüblər.
Atəş Əhmədli: Çox yaxşı ki, bu gün 9 cilddən ibarət, nəfis şəkildə hazırlanmış Qarabağ folklor kitabımız var. Bütün yükü tarixçilər çəkməli deyil. Tarixi həqiqətləri sübut etməkdə folklorçuların da üzərinə böyük yük düşür. Çox istərdim ədəbiyyatçılarımız da bu istiqaməıtdə fəal olsunlar.
Fuad Babayev: Hər birinizə minnətdarıq! Bayramınız mübarək!
Hazırladı: Aynur Hüseynova
1905.az
19 mart 2015-ci ildə dərc olunub