“Kvartet” rubrikasında bu dəfə yol hərəkəti qəzalarının səbəblərini araşdırdıq. Qonaqlarımız yol hərəkəti üzrə mütəxəssis Elməddin Muradlı və psixoloq Murad İsayevdir.
Fuad Babayev: Hər il Novruz bayramı dövründə xeyli yol-hərəkət qəzaları baş verir. Aydındır ki, bütün dünyada bayram tətilləri zamanı bu cür hadisələrin sayı artır. Gəlin, bizim vəziyyətimizi araşdıraq. Qarşıdan Novruz tətilləri gəlir. Bu günlər ərzində bəzi sahələrdəki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar. Yol hərəkəti nöqteyi-nəzərindən siz bu bayramlardan nə gözləyirsiniz?
Elməddin Muradlı: Biz hər dəfə bayram tətillərindən sonra ürək ağrıdan bir mənzərənin şahidi oluruq. 10-15, bəzən hətta elə illər olub ki, 23-25 ölüm hadisəsi qeydə alınıb. Novruz bayramında istirahət günlərinin sayı çoxdur. Amma hər dəfə də bayram bitən kimi çox dəhşətli rəqəmlərlə üz-üzə qalırıq. Amma gəlin, bu hadisələrin kökünə nəzər salaq. Bu hadisələr nədən baş verir? Hadisələrin əksəriyyəti bayramın birinci və axırıncı günlərinə təsadüf edir. Deməli, insanlar gedəndə də, gələndə də tələsirlər. Geri qayıdanları hətta bəlkə də başa düşmək mümkündür, onlar işə çatmağa tələsirlər. Bəs istirahətə gedərkən tələsənləri necə anlamaq olar? İstirahətə gedirsinizsə, yolda avtomobilinizi saxlayın, bir stəkan çay için, təbiətin seyrinə dalın. Belə bir qaçhaqaç, qovhaqov kimə və nəyə lazımdır? Lap bu qədər tələsirsinizsə, bir gün əvvəl çıxın, hərəkətə bir neçə saat öncə başlayın. İnsanların psixologiyasında sanki elə bir şey var, getdikləri yerə tez çatmalıdırlar. Heç niyə tez çatmaq istəməsinin səbəblərinin özləri də bilmirlər.
Fuad Babayev: Yəni əsas səbəb tələskənlikdir…
Elməddin Muradlı: Bəli, əsas səbəb budur. Bizim yollarda mən dəfələrlə müşahidə etmişəm, lazımsız yerlərdə ötmə əməliyyatı aparılır. Kamera olmayan, yol polisinin görünmədiyi ərazilərdə qarşı yola çıxır və ötmə əməliyyatını icra edirlər. Amma axı qanunvericiliyin də tələbləri var. 150-300 metr məsafədə görüntü məhduddursa, deməli, bu əməliyyatı apara bilməzsiniz. Əgər illərin mütəxəssisləri deyirlərsə ki, görüntü məhdudiyyəti varsa, ötmə əməliyyatı aparmaq olmaz, deməli, bunun səbəbi var. Axı doğrudan da bu səbəb ölümə aparır. Bu qaydanı pozanlar kimlərdir? Bahalı avtomobil sahibləri. Təəssüf ki, bəzən 1970-80-ci illərdə istehsal olunan avtomobillərin sahibləri də onlardan “nümunə” götürürlər. Amma nəzərə almırlar ki, bahalı avtomobillər 3-4 saniyə ərzində böyük sürət yığır. Onlar bir neçə saniyə ərzində manevr edib, kənara çəkiləcəklər, üstəlik də təhlükəsizlik yastıqları var. Bəs heç təhlükəsizlik kəməri də yerində olmayan 1974-cü il istehsalı olan avtomobil sahibi hara çıxır? Yaxud maşına həddindən artıq yük vurulur. Bir də görürsən QAZ-31 markalı avtomobilə maşının öz çəkisindən artıq yük vurulur.
Fuad Babayev: Maraqlıdır ki, bu zaman maşın da hərəkət edir.
Elməddin Muradlı: Bəli. Görünür, maşının metal konstruksiyası daha keyfiyyətlidir və ona dözür. Amma qəza anında o maşından sağ çıxmaq şansı yoxdur. Bizim sürücülərimizin əksəriyyətinin psixologiyası belədir. Kamera yoxdursa, yol polisi gözə dəymirsə, hər şey etmək olar. Bununsa sonu acı nəticələrə gətirib çıxarır. Sərxoş vəziyyətdə sükan arxasında oturanlar çoxdur.
Fuad Babayev: Elməddin müəllim qəza səbəblərinin çox gözəl təsnifatını verdi. Vurğuladı ki, qəzaların pik nöqtəsi bayramın ilk və sonuncu günləridir. Müasir dövr sürətli hərəkət dövrüdür. Murad müəllim, Siz də qəzaların əsas səbəbinin tələskənlik olmasını qəbul edirsinizmi?
Murad İsayev: Tələskənlik faktı təbii ki, var. Çünki biz belə emosional bir regionda yaşayırıq. Şərq millətlərinin psixoloji arxitiplərinə baxanda emosionallığın həddindən artıq olduğu görünür. Amma mənə belə gəlir ki, analizlərimizdə daha çox məsuliyyətsizlik faktını, insanların empatiya duyğusunun olmaması faktını irəli çəkməliyik. Psixologiyada empatiya nədir – bir insanın özünü başqasının yerinə qoyub, özünə oradan baxması.
Fuad Babayev: Bu, etikanın qızıl qanunudur.
Murad İsayev: Bəli, elədir. Bu, mədəniyyətin özəyidir. Böyük şəhərlərdə yaşayan bütün insanlara bu aiddir. Tələsirsənsə, qarşıdakını ötməyə nə qədər haqqın var? Axı o da tələsə bilər. Mən indi bura gələndə məktəblərin qarşısında ikinci cərgədə də maşınların saxlandığını gördüm. Halbuki avtomobil sahibi olan valideynlər özləri bu mədəniyyəti uşaqlarda erkən dövrdən aşılamalıdırlar ki, belə hallara yol verilməsin. Maşını 100 metr irəlidə də saxlamaq olar, uşaq da bir neçə metr irəli, ya geri gedib, maşına minə bilər. Tənbəllik, məsuliyyətsizlik faktı, empatiya duyğusunun olmaması və ya azlığı bu problemlərin məncə, kökündə durur. Təbii ki, bu kimi hallar xarici ölkələrdə də müşayiət edilir. Amma onların təcrübəsini araşdırmaq lazımdır. Məsələn, səhv etmirəmsə, Rusiyada maşının arxasında “səni evdə övladın gözləyir”, “maşında uşaq var” kimi qeydlər, plakatlar vurulur. Bunu əslində psixoloqlar hazırlayırlar. İnsanların hətta ibtidai hisslərinə də toxunulur. Mən şəxsən sürət göstəricisinin üstündə uşaq görüntüsü görəndə yüksək qiymətləndirirəm. Belə təbliğat lazımdır. “Mən heç vaxt yorğun olsam da qəza etmərəm”, düşüncəsi yaramaz.
Fuad Babayev: Yaxud da deyirlər ki, “mən içəndə daha yaxşı sürürəm”.
Murad İsayev: Belələri də var. Nəzərə almaq lazımdır ki, insanlar bir-birindən fərqlənmirlər. Yorğunsansa, yatmalısan. Kimsə yeyib-içibsə, ayıq sürücü çağırmalıdır. Yaxınlarda baş vermiş faciənin də səbəbi bü cür məsuliyyətsiz düşüncə idi. İctimai nəqliyyat sürücülərinin üzlərinə baxanda artıq müəyyənləşdirə bilərsən ki, onlar avtomobili idarə etmək iqtidarındadırlarmı?
Fuad Babayev: Bakı-Sumqayıt yolunda hadisə törədən adamın görüntüsünə baxdım. Məncə, o insana nəinki ictimai nəqliyyat, heç ən adi maşını da etibar etmək olmaz.
Elməddin Muradlı: Həmin sürücü o qədər məsuliyyətsiz insandır ki, əvvəl deyir ki, yoluna piyada çıxıb, sonra körpünün üstündə hadisənin baş verməsinin fərqinə varıb, onu guya sağdan başqa bir maşının sıxışdırdığını söyləyir. Halbuki kamera görüntülərində belə bir şey yoxdur. O sadəcə ötüşürmüş.
Murad İsayev: Sürücülərin durumları görünüşlərindən, danışıqlarından, özlərini müdafiə etmək üçün söylədikləri arqumentlərdən bilinir. Bəzən görürsən ki, bir əli ilə sükandan tutub, bir əli ilə telefonla danışır və ya çantadan nəyisə çıxarır. İnsan diqqəti paralel olaraq 2-3 istiqamətdə fəaliyyət göstərə bilmir. Bəlkə də kimsə deyəcək ki, mənim intellektual səviyyəm yetərincə yüksəkdir, mən paralel olaraq maşın sürə, telefonla danışa, nəsə axtara bilərəm. Zərurət varsa, maşını kənara çəkib saxlayıb, telefonla danışıb, sonra yola düşə bilərsən. Bunun ikisini də eyni anda etmək isə çox çətin məsələdir. Nəzərə almaq lazımdır ki, burada yol, qaranlıq, tıxac amilləri də var. Bir insan maşın idarə edə-edə telefonla danışanda, risk amili maksimuma yüksəlir. Adam yalnız özü üçün deyil, həm də qarşıdan gələn üçün təhlükəyə çevrilir. Adi tıxac da kütləvi psixoz hallarının yaranmasına səbəb olur. İnsanlar bir-birilərinin haqqına girməməlidir.
Fuad Babayev: Sanki bitib-tükənməyən bir maşın “şou”sunun içindəyik. Maşınlar əlçatan oldu. Kreditləşmənin pik nöqtəsi zamanı ixtiyari bir insan kredit götürüb, maşın ala bilərdi. Maşınların sayı həddindən artıq çoxaldı. Hesab edirəm ki, maşın hələ də insanların öz “mən”lərini sübut etmək üçün əsas vasitə olaraq qalır. İstərdim ki, bu məsələ ilə yollardakı arzuedilməz hallar arasındakı rabitədən danışaq.
Elməddin Muradlı: Doğrudan da bir həqiqətdir ki, kreditləşmə dövründə hətta kirayədə qalıb, kirayə pulunu güclə ödəyən insanlar da maşın alırdılar. Və ikinci devalvasiyadan sonra həmin adamların maşınları artıq əllərindən çıxıb. Bank binalarının arxa həyətləri krediti ödəyə bilməyənlərin maşınları ilə doludur. Üstəlik də kredit vasitəsilə tez bir zamanda maşın alanlar bir çox halda səriştəli sürücü olmurlar. Onlar sürücülüyün nəzəriyyəsini və praktikasını bilmirlər və onu öyrənməyə vaxtları olmayıb. Dünya statistikasına nəzər salsaq, bizdə avtomobilləşmə hələ pik həddində deyil. Əhalinin ümumi sayına görə avtomobillərin sayı hələ normadan aşağıdır. Bu gün Azərbaycanda 1 milyon 300 min maşın var. Hətta 2 milyon 600 min də bizim üçün norma sayıla bilər.
Fuad Babayev: Amma postsovet məkanında öncüllərdən sayıla bilərikmi?
Elməddin Muradlı: Bizdən qabaqda Gürcüstan da var. Turist axını, öz maşınları, maşın bazarları. Amma gəlin görək Gürcüstanda bizdəki qədər tıxac, qəza olurmu? Bizdəki qədər yol polisi ilə münaqişəyə girən sürücü varmı? Hər gün yol polisi ilə söz güləşdirən, “cırmaqlaşan” sürücülər Gürcüstanda o qədər mülayimləşirlər, gürcü polisi qarşısında elə bir obrazlara girirlər ki, adam təəccüblənir. Bakıda at oynadan sürücü Naxçıvanda sakit, mülayim bir insan olur. Deməzsən ki, Bakıda bu hərəkətləri həmin adam edib. Əgər Gürcüstanda, ya da Türkiyədə qaydaya əməl edirsənsə, Bakıda səni bu obrazdan kənara çıxaran nədir? Görünür bu mühitlə əlaqədardır. Düşünür ki, hamı belədirsə, o da elə olmalıdır. Yaxud da dediyiniz kimi, kimlərsə öz maşınları ilə üstünlüklərini göstərməyə çalışırlar. Bayaq Murad müəllim maraqlı məsələlərə toxundu. Sükan arxasında diqqəti yayındıran çox şeylər var. Məsələn, alimlər araşdırıblar ki, sükan arxasında telefonla danışmaq sərxoş olmağın 8 promili qədər təsir edir. Bizdə sərxoşluğun həddi 3 promildir. Özünüz təsəvvür edirsinizmi, hansı səviyyədə telefon diqqəti yayındırır. Biz telefonla danışmayanda yerə bir əşyamız düşsə, bir o qədər əhəmiyyət vermərik. Amma telefonla danışan adam sükan arxasında olanda belə əlindən bir əşya düşən kimi aşağı əyilir. Bu da nəticədə qəzaya səbəb olur. Sürücü isə qarşıdan gələn, irəlidə gedən, yandan keçən sürücülərin də əvəzinə düşünməli, onların hərəkətlərini əvvəlcədən proqnozlaşdırmalıdır. Peşəkar sürücü əvvəlcədən qarşıdan gələn və ya irəlidəkinin naşı, təcrübəsiz, yaxud xanım sürücü olub-olmamasını müəyyənləşdirə bilər. Sağ zolaqla gedir, amma hərəkətlərindən hiss edirsən ki, sola dönəcək. Belə hallara hazır olmaq lazımdır. Buna hazır olmayan sürücü mütləq qəza törədəcək. Düzdür, günah həmin naşı sürücüdədir, ancaq faciədən sonra kimin günahkar olması az əhəmiyyət kəsb edir.
Fuad Babayev: Maşının kostyumu tamamlayan atributiv element kimi qəbul edilməsi yol-hərəkət qəzaları ilə bir rabitədədirmi? Bayaq da dediniz ki, qəzaları daha çox törədənlər bahalı maşınlardır. Hətta bir yaşlı taksi sürücüsü mənə danışırdı ki, bir nəfər gəlib ona bir qədər kənarda saxlamasını istəyib. Səbəbini soruşanda, onun maşınının daha bahalı olduğunu deyib. Sanki bahalı və ucuz maşınlar üçün yol-hərəkət qaydaları fərqlidir.
Elməddin Muradlı: Adamlar var ki, bahalı maşınını saxlamağa yer tapmır, çağırır taksini hansısa istiqamətə neçəyə aparmasını öyrənib, həmin pulu verir və maşınını taksinin saxladığı yerə qoyur. Amma dərindən yoxlasan, görərsən ki, elə həmin adamın da yetərincə borcu, krediti var. Yaxud insanlar var geyiminin, saatının və hətta telefonunun da maşınına uyğun olmasına diqqət edir. Özünə güvənliyin də yol qəzalarına müəyyən təsiri var. Sanki bunun pulu, bahalı maşını varsa, qəza zamanı ona heç nə ola bilməz. Qəza baş verəndə isə onu tale və qismətlə əlaqələndirirlər. Əgər svetoforun qırmızı işığında kimsə keçib, qəza törədibsə, buna tale və qismətin nə dəxli var.
Fuad Babayev: Murad müəllim, Siz necə bilirsiniz, özünəgüvən və qəzalar arasında bir rabitə varmı?
Murad İsayev: Mənə elə gəlir ki, qəzalarla “özünütəsdiqetmə” arasında birbaşa əlaqə var. Bu özünütəsdiq hissinin nə üçün elm, təhsil sahəsində deyil, məhz bu sahədə özünü göstərməsi isə daha çox ailə tərbiyəsindən irəli gəlir. Maşının nömrəsinin telefon nömrəsinə bənzəməsi, yaxud nəzərəçarpan olması “özünütəsdiq” istəyindən xəbər verir. Bayaq sual verildi ki, niyə bizim sürücülər Türkiyədə, Gürcüstanda və Bakıda özlərini fərqli tərzdə aparırlar. Bilirsiniz, insan psixologiyası elədir ki, o, özünü yalnız özünə aid olan məkanda təsdiq etmək istəyir. Tutaq ki, Gürcüstanda onu heç kim tanımır və qorxu instinkti qayda-qanuna əməl etmək hissi yaradır. Burada isə hədsiz özünəgüvən qorxu hissinin önünə keçir. Hərçənd bir məsələ də ortaya çıxır ki, axı mən nə üçün qorxuya əsaslanıb qaydalara riayət edim. Heç bir qeyd-şərtsiz də bu qaydalara əməl etmək olar. Amma bu, artıq ali mədəniyyətdir. Buna nail olmaq üçün ailədən başlayaraq geniş təbliğat aparmaq lazımdır. Uşağa elementar nailiyyətinə görə maşın alan valideyn sanki onun sürət həddini aşmasına, gələcək qəzalara təkan verir. Bəzi uşaqlar hətta valideynlərini özünü öldürəcəyi ilə şantaj edərək valideynini ona bahalı maşın almağa vadar edib. Yaxud belə bir halla da rastlaşmışıq ki, ata sürücülük vəsiqəsi olmayan övladını 200 manat radar borcu olduğuna görə tənbeh edib. Yəni sürücülük vəsiqəsi vacib deyil, təki radara düşməyəsən və yol polisi saxlamasın. Beləliklə “özgüvən” tamamilə qorxu instinktini üstələyir.
Fuad Babayev: Novruz bayramı tətili günlərində insanlara nə tövsiyə edə bilərik ki, az da olsa, qəzaların qarşısını alsın?
Elməddin Muradlı: Bizim yollarda baş verən qəzaların 60 faizi piyadaların avtomobillər tərəfindən vurulması ilə bağlıdır. Əgər keçən il yol qəzaları nəticəsində 750 nəfər həlak olubsa, onların yarıdan çoxu piyadalardır. Bu ilin yol qəzalarının da 60-62 faizi piyadalarla bağlıdır. Bu, çox acınacaqlı rəqəmlərdir. Piyadaların aşkar məsuliyyətsizliyi göz önündədir. Əhalinin yalnız 20-25 faizində piyada mədəniyyəti var.
Fuad Babayev: Bu hadisələrdə suisidal əhval-ruhiyyənin təsiri yoxdurmu?
Elməddin Muradlı: Əlbəttə, burada intihar xarakterli, şantaj xarakterli yol qəzaları da var. Elə bu yaxınlarda Kukla Teatrının yaxınlığında böyük bir maşın səkkiz maşını əzdikdən sonra, arakəsməyə zərblə çırpılıb dayandı. Sürücü orta yaşlı bir kişi idi. Məlum oldu ki, evdə həyat yoldaşı ilə savaşıb, intihar etmək istəyirmiş. Amma deməzdim ki, belə hadisələr kütləvi xarakter daşıyır. Yol qəzalarının əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə etməmək, sürət həddini aşmaq, qarşı yola çıxmaqla bağlıdır. Qanunvericilikdə ötmə, manevr qaydaları var. Sürücülərin əksəriyyəti bu qaydaları bilir, amma əməl etmirlər. Bunu ancaq özlərinə xoş olan yerdə etmək istəyirlər. Adi günlərdə sürət həddinin aşılması ilə əlaqədar 4-6 min elektron protokol tərtib edilir. Bayram günləri isə bu rəqəm 10-12 minə çıxır. Ən çox problemlər də rayonlarda yaranır. Xüsusilə də yolayrıclarında qaydaya əməl olunmur. Tanış bir sürücünün on yol verəcəyinə əmin olub keçmək istəyəndə qəza baş verir. Ötən il Masallıda ertəsi gün toyu olacaq bir nəfər öz əmisi oğlunun maşını ilə toqquşub, ölmüşdü. Yaxud rayonlarda mal-qara ilə toqquşmadan maşının qaçırılması, gecə vaxtı kənd təsərrüfatı texnikasının yola çıxarılmasına görə baş verən qəzalar yetərincədir. Hətta iş o yerə çatıb ki, respublika Dövlət Yol Polisi İdarəsinin rəisinin tapşırığı ilə yol polisləri insanlarla bir-bir görüşərək, kənd təsərrüfatı texnikasının magistral yola çıxarılmaması ilə bağlı izahat işi aparırlar. Ümumiyyətlə, hesab edirəm ki, yol polisi bu məsələlərdə bir qədər sərt mövqe nümayiş etdirsə, qəzaların sayı azalar. Bakı-Sumqayıt yolundakı məlum qəzadan bir həftə öncə, yol polisi “Ford” markalı bir mikroavtobus saxlatmışdı, biz də onu çəkmişdik. Sürücünün bir ayağı yox idi. 16-17 nəfərlik mikroavtobusda əlavə oturacaqlar qoyaraq, yerlərin sayını 23-ə çatdırmışdı. Ən dəhşətlisi isə sənədləri yoxlanarkən məlum oldu ki, sənədinin müddəti iki il əvvəl bitib. Mən hesab edirəm ki, bizim orta məktəblərimizdə yol-hərəkət qaydaları mütləq tədris olunmalıdır.
Murad İsayev: Mən ictimai qınaq məsələsinə toxunmaq istəyirəm. Xarici portallardan birində bir videoçarx izləmişdim. Sərxoş bir sürücü maşının qapısını aça bilmir. Başqa bir nəfərdən xahiş edir ki, qapını açmaqda ona kömək etsin. O da sərxoş sürücüyə baxıb, açarı dənizə atır və çıxıb gedir. Sürücüyə də deyir ki, sənə ən yaxşı köməyim budur. “Mənə nə”, “mənimki deyil”, “onsuz da baxan yoxdur” kimi düşüncələrlə yaşamaq olmaz. Bir fikir 7-8 dəfə təkrarlananda avtomotik olaraq insanın beyninə yeriyir. Təbliğat çox önəmli rol oynayır. Təkrar biliyin proqramlaşdırılmasıdır. Yollarda tələskənliyə ehtiyac yoxdur. Maşını saxlayıb bir çay içmək, bir qədər dincəlmək lazımdır.
Elməddin Muradlı: Bu, həm də yol hərəkəti haqqında qanunun tələbidir. Yorğun sürücü mütləq istirahət etməlidir. Dörd saatdan artıq sükan arxasında oturmaq qadağandır.
Murad İsayev: Heç bir kəs beyninin bütün gün ərzində tamamilə fəal işləyəcəyinə zəmanət verə bilməz. Bizim xroniki yorğunluq, yuxusuzluq, halsızlıq dediyimiz vəziyyətlərimiz var. İnfeksion xəstəliyə yoluxmuş halda avtomobil idarə etməyi qadağan etmək lazımdır. Həmin vəziyyətdə də diqqət dağılır. Bu qaydalara hər birimiz riayət etməsək, qəza qaçınılmazdır. İçimizdə yalnız qorxu deyil, həm də humanistlik olmalıdır. Təbii ki, qəzaların qarşısının alınmasında evdəkilərin, ağsaqqalların da böyük təsiri var. Humanizm, məsuliyyət, səmimilik hisslərimiz artırsaq, qəzaların azalmasının da şahidi olarıq.
Fuad Babayev. Çox sağ olun, ümidvaram ki, bu bayram günlərində “trafik canavarı”nı qəfəsdən buraxmayacağıq.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
Material ilk dəfə 17 mart 2017-ci ildə dərc edilib