Ötən şənbə günü, axşam saatlarında Azərbaycanın zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid oldum. Və üz tutdum bu şəhərin mərkəzində yerləşən çoxmərtəbəli mehmanxanaya. İncəvara, əvvəlcədən nömrə sifariş etmişdim. Nömrəyə qalxmağımla Morfeyin səltənətinə yollanmağım bir oldu desəm, mübaliğəyə yol vermiş olmaram…
Səhər tezdən, mehmanxananı tərk etmək məqsədiylə qeydiyyat masasına yaxınlaşanda gözüm divara vurulmuş lövhəyə sataşdı. Lövhədə böyük hərflərlə “oda fiyatları” sözləri yazılmışdı. Əlbəttə, başa düşdüm ki, söhbət otaqların qiymətlərindən gedir. Özümü saxlaya bilməyib yəqin ki, bütün müsafirlər üçün əhəmiyyətli sayıla biləcək informasiya lövhəsində başlığın niyə türk dilində yazıldığını soruşdum. Qeydiyyat masa arxasında əyləşmiş xanımın cavabı çox təəccüblü oldu…
Xanım dedi ki, hoteli türklər idarə edir və məhz ona görə də lövhədə “oda fiyatları” sözləri yazılıb. Onun bu orijinal fikri səsləndirərkən mənim şübhə doğurmayan korazehinliyimə təəssüfləndiyi açıq-aşkar sezilirdi. O da hiss olunurdu ki, Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxananın divarında Azərbaycan dilində olmayan yazının yazılmasında təəccüblü heç nə görmür bu şəxs…
Bir neçə gün bundan əvvəl Azərbaycanı çox sevən bir Türkiyə ziyalısı ilə məktublaşmalı oldum. Onun mənə yazdığı məktubların birindəki sözlər diqqətimi çəkdi. Həmin şəxs “yapilacak toplantinin konusu ve gündemi hakkinda Azerbaycan Türkcesiyle de olsa lütfen kisa bilgi” verməmi xahiş edirdi.
Mən ürəkdən sevdiyim Türkiyədə hansısa toplantıya dəvət alacağım təqdirdə təşkilatçı tərəfin nümayəndəsinə buna bənzər məktub yaza bilərəmmi? Yəni “təşkil ediləcək toplantının mövzusu və proqramı haqqında heç olmasa Türkiyə türkcəsində qısa məlumat” istəyəsi olsam, bu məktubu oxuyan insanda sual yaratmazmı? Axı o onsuz da (yəni zatən) həmin məktubu türkcə yazacaq?
Bu qədər.
1932-ci ildən bəri fəaliyyət göstərən Türk Dil Qurumu ötən illər ərzində xeyli iş görüb. Qurumun saytındakı “Tarihçe” bölümü aşağıdakı cümlə ilə başa çatır:
“Türk Dil Kurumu 800’e ulaşan yayını, 40 Bilim Kurulu üyesi, 17 uzmanı, 56 çalışanı ve zengin bir araştırma kütüphanesiyle Türkiye’nin saygın bilim kuruluşlarından biri olarak çalışmalarını sürdürmektedir.”
Tərcümə etməyəcəyəm. Hər şeyi özünüz də başa düşürsünüz. Tamamilə.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 114-115)