Ömrünüzdə heç elçiliyə getmisinizmi? Getməmisinizsə, narahat olmağa dəyməz. Təcrübə göstərir ki, bütün insanlarımızı iki böyük qrupa ayırmaq olar: artıq elçiliyə getmiş insanlar və nə vaxtsa elçiliyə gedəcək insanlar. Əgər hələ də bu nəcib missiyanın həyata keçirilməsi prosesinə qatılmamısınızsa, deməli müəyyən müddət keçdikdən sonra bu sizə də qismət olacaq. Darıxmayın. Və imkan ələ düşdükcə proseslə bağlı məlumatlar əldə etməyə çalışın.
Elçilik mərasimində hökmən ortaya çıxacaq bir sual var. Bu sual oğlanın evinin olub-olmaması ilə bağlıdır. Mərc gəlməyə hazıram ki, qız evinin nümayəndələri gənc ailənin harada, hansı şəraitdə yaşayacağı ilə maraqlanacaqlar. Bu təbiidir. Və siz bu sualı cavablandırmalı olacaqsınız.
Bu sual nə “Evləri köndələnyar”da, nədə “Bəyinoğurlanması”nda yer almış məşhur elçilik mərasimlərində səslənməyib. Ona görə ki, tamaşa çəkiləndə “sovetin yaxşı vaxtı” idi, o zaman növbəyə durub ev almaq olurdu. Filmdə isə hadisələr kənddə cərəyan edir. Kənddə də hamının evi olur. Hər halda filmin çəkildiyi kənddə o vaxt belə olub.
Əhalimizin əhəmiyyətli hissəsi Bakıda yaşadığından sizin qatılacağınız elçilik mərasiminin məhz paytaxtımızda baş tutacağı daha ağlabatandır. Hətta, rayon mərkəzindən dağ kəndinə elçiliyə getmisinizsə belə, oğlanın Bakıda evinin olub-olmaması ilə bağlı suala hazır olmalısınız. Sirr deyil ki, qızını Bakıda yaşayan, ya da heç olmasa nə vaxtsa Bakıda yaşayacaq oğlana ərə vermək əyalətdə yaşayan bir çox valideynlərin arzusudur.
Beləliklə, sual bütün hallarda veriləcək və əgər siz bu sualı şəstlə cavablandırıb oğlanın yenicə təmirdən çıxmış mənzilinin açarlarını nümayiş etdirə bilmirsinizsə Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun fəaliyyəti haqqında danışa bilərsiniz. Qurumun zövqlə tərtib olunmuş saytında “İpoteka kreditlərinin verilməsi şərtləri” bölümü var.
Saytın son xəbəri belədir: “04 fevral 2013-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2006008687 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.” Sonra da yazır ki, hərrac uğurlu olub.
Allah mübarək eləsin!
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 48-49)