“1905.az” Diskussiya Klubunda “Xarici mətbuatda Azərbaycan və Dağlıq Qarabağ barədə kifayət qədər məlumat tapa bilirikmi?”sualını ispan dili üzrə mütəxəssis, Azərbaycan Dillər Universitetinin dosenti Aqil Şahmuradov, AzərTac informasiya agentliyinin ərəb dili şöbəsinin müdiri Şıxəli Əliyev, AzərTac informasiya agentliyinin çin dili şöbəsinin müdiri Türkan Rüstəmova və fransız dili tərcüməçisi Asudə Qafarova ilə birlikdə cavablandırmağa cəhd etdik.
Fuad Babayev: Xoş gördük hər birinizi, dəyərli dostlar!
Bu gün dünya mətbuatında Ermənistanın təcavüzü ilə bağlı hansı infomasiyaları tapmaq olar?
Şixəli Əliyev: Ərəb dünyasında Azərbaycanla bağlı məlumatlar genişdir. İlk öncə bunun səbəbi Azərbaycanın ərəb dünyası üçün maraqlı ölkə olmasıdır. Bununla yanaşı, Azərbaycan həm də müsəlman dövlətidir. Amma sırf Dağlıq Qarabağ mövzusundan söhbət gedirsə, biri var bu məsələyə tarixi nöqteyi-nəzərdən yanaşmaq, biri də var Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi aspektindən yanaşmaq. Qarabağ düyünü haqqında ərəb mətbuatında informasiya azdır. Amma son zamanlar mətbuatda Azərbaycan haqqında müsbət məlumatlar əvvəlki illərlə müqayisədə daha çox çıxır. Ərəb müəllifləri Azərbaycan həqiqətləri barədə haqlı mövqe ortaya qoyurlar. Bu yaxınlarda bir axtarış elədim. Əl-Qüds-əl-Arabi internet səhifəsi var. Britaniyadan yayımlanır və Səudiyyə Ərəbistanından maliyyələşdirilir. Bu səhifədə mütəmadi olaraq Qarabağla bağlı bizim ünvanımıza xoş olmayan məlumatlar yer alır. Baxmayaraq ki, digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycan siyasətində Fələstin məsələsinə çox yer ayırır. Bu məqalələrin müəllifi Süleyman əş-Şeyx adlı bir nəfərdir. O erməni olmasa da müsəlman da deyil, xristiandı.
Məqalədə yazılır ki, guya Qarabağ Sovet dövründə Stalin tərəfindən Azərbaycana verilib. Və guya 1988-ci ildən bu günə kimi ermənilər haqlı olaraq öz hüquqlarını tələb edirlər. Təsəvvür edirsinizmi? Özü də belə dırnaqarası faktlar bir yerdə getmir. Başqa məqalələrdə də rast gəlmək olar belə uydurmalara. Mənbə olaraq isə, ingilisdilli Reuters, BBC kimi agentliklərə istinad verilir. Bəs biz nə edirik? Yəni öz mövqeyimizi müdafiət etmək, əks arqument gətirmək üçün? Bu yaxınlarda mən həmin məqaləyə bir şərh yazdım. Açığı düşünmürdüm ki, yazacağım şərh efirə verilsin, çünki dediyim kimi ermənilərin mövqeyi müdafiə edilən məqalə idi. Amma dərc elədilər.
Fuad Babayev: Söhbət Əl-Qüds-əl-Arabi internet səhifəsində yazılan məqalədən gedir?
Şixəli Əliyev: Bəli, həmin məqaləyə yazılan şərhdən. Bilirsiniz ki bu gün məqaləyə yazılan şərhlər oxucular tərəfindən çox oxunur və müzakirə edilir. Şərh dediyim kimi dərc olundu və hazır formada tarixi faktları mən elə 1905.az saytından götürdüm.
Dünən internetdə axtarış edirdim. Qarşıma bir kitab çıxdı. “Ermənistanda islam” adı altında. Maraqlıdır ki, bu kitabın müəllifi Nəcəfdə oxumuş ayətullahdı. Məlum oldu ki, bu ayətullahın həyat yoldaşı islamı qəbul edən ermənidir. Kitabda yazılır ki, Ermənistanda 7 məscid olub. Və bu məscidlər də İran-fars mədəniyyətinə aiddir.
Son zamanlar saytları izləyən şəxslər dəqiq hiss edə bilər ki, ermənilər müsəlmanlıqla bağlı tarixlərini gizlədə bilmirlər. İstənilən tarixi arayışlarda onların müsəlmanlıqla bağlılığı ortaya çıxır. Ümumiyyətlə, ermənilər hər vasitə ilə bütün tarixi abidələri özününküləşdirməyə çalışırlar. Yaxınlarda bir məqalə çıxmışdı qarşıma. Orada yazılır ki, İrəvandakı Göy məscid ermənilərin ərəblərə və islama olan məhəbbətinin bariz nümünəsidir. Ancaq məscid haqqında heç bir informasiya verilmir. Adını indi unutduğum çox yaxşı bir foto saytı var. Deməli, bir erməni foto yerləşdirib. Səhv etmirəmsə Qarabağda hansısa qəbirüstü abidənin şəklini. Aydındır ki, son zamanlara qədər bizim qəbirüstü abidələrimizdə yazılar ərəb əlifbasında olub. Fotonu yerləşdirən şəxs fotonu “Qarabağda qədim fars qəbirstanlığı” kimi adlandırıb. Amma qəbirüstü sözlər ərəb əlifbası ilə yazılsa da orada bir yerdə ölən şəxsin adı, soyadı latın əlifbası ilə dəqiqliklə yazılmışdı. Görün, ermənilər hansı bayağı yollara əl atmaqla hər şeyi özününküləşdirməyə çalışırlar.
Fuad Babayev: İndi də fransızdilli mediaya diqqət yetirək. Buyurun, Asudə xanım.
Asudə Qafarova: Fransız mediası ilə erməni mediası bacı-qardaşdır desək, yanılmarıq yəqin ki. Bu sahədə internetdə qısa müddətdir araşdırma apardığım üçün Şıxəli müəllim qədər geniş danışa bilməyəcəm. Bu yaxınlarda axtarış vermişdim. Azərbaycan və Ermənistan diasporlarının fəaliyyəti barədə. İnanın, fərq yerlə göy qədərdir. Təəssüf, bologgerlərimizin sayı çox azdır. Erməni tərəfini müdafiə edən çoxlu bloggerlər var. Onlar mütəmadi məqalələr yerləşdirir və diskussiyalar aparırlar. Onların əsas üstünlüyü isə ondan ibarətdir ki, bloggerlər yazdığı məlumatları həm də google.fr versiyada yerləşdirirlər. Və sanki erməni mətbuatında gedən bütün yazılar həm də fransız mediasında getmiş sayılır. Kənardan belə təəssurat yaranır ki, fransızdilli mediada sanki erməni mətbuatının bazası formalaşıb artıq.
Fuad Babayev: Deməli, sizin qənaətiniz belədir ki, fransızdilli mətbuatda (bura tək Fransa daxil deyil) bizim həqiqətlər gözə çarpmır?
Asudə Qafarova: Xeyr. Təəəsüf doğuran haldır ki, bizim tarixi həqiqətlərimiz başqa cür təqdim edilir və faktlar öz əksini tapmır. Məsələn, fransıdilli ölkələr yazırlar ki, erməni soyqırımı həqiqətən də olub, Dağlıq Qarabağ Ermənitana məxsus torpaqlardır və s.
Türkan Rüstəmova: Çin mətbuatında Azərbaycan haqqında məlumatlar var, amma çox azdır. Bu yaxınlarda bir kitab qarşıma çıxdı. Təəssüf o kitabın elektron variantı olmadığı üçün yükləyib tam oxuya bilmədim, amma kitab özü Azərbaycan haqqında idi. Çin mətbuatında Azərbaycan haqqında vikipediya və .s bu tipli informasiya xarakterli saytlarda məqalələr var. Amma ayrıca Azərbaycana həsr edilən, xüsusən Qarabağ barədə məqalələrə rast gəlməmişəm.
Azərbaycanda Sinxua agentliyinin müxbiri var. Bu yaxınlarda onunla görüşmüşdük. Avqust ayının əvvəllərində cəbhədəki vəziyyətlə bağlı ona sual verdim. Daha doğrusu bu barədə məlumat yayıb-yaymayacağı barədə. Müxbir dedi ki, onlar bu məsələlərdə neytral qalmağa üstünlük verirlər.
Fuad Babayev: Dünyada iyirmidən çox ispandilli ölkə var.
Aqil Şahmuradov: Qarabağ, Azərbaycan haqqında ispandilli mediada danışanda deyə bilərəm ki, bu məsələyə iki tərəfdən yanaşmaq olar. Həm elmi-tədqiqat, həm də gündəlik infromasiya istiqamətindən. Təəssüflə qeyd etmək lazımdır ki, bu sahələrin heç birində diqqətəlayiq uğur yoxdur. Sovet dönəmində irəli sürülən tezislər bu gün ispandilli ölkələr üçün qüvvədədir. Argentina ən böyük ispandilli ölkədir. Orada La-Plata universiteti var. Universitetdə səhv etmirəmsə, Ayvazyan adlı müəllifin 6 cildlik “Beynəlxalq münasibətlər və Ermənistan” adında kitabı nəşr edilib. Həmin kitabın elektron variantı da internetdə var. Çox böyük kitabdır. Və erməniliyi təbliğ edir.
Son dövrlərə nəzər salanda, ispandilli mediada Azərbaycan haqqında məlumatlar kifayət qədər çıxır. Ancaq əksəriyyəti bizim səfirliklərin yerləşdirdiyi standart məlumatlar, quru informasiya olur. Heç bir analitika olmadan, əlaqələndirməsiz. Bu gün, 1905.az, Karabakhinfo.com tipli saytlarımız bu istiqamətdə müəyyən işlər görməyə çalışır. İspandilli axtarış sistemlərində Ermənistan və Azərbaycan adını axtaranda Ermənistan haqqında çıxan informasiyalar daha dolğun, daha geniş olur.
Bəlkə də mən səhv müşahidə etmişəm, amma fikir verirəm ki, bəzən bizim ispandilli, fransızdilli qəzet, sayt hesab etdiyimiz nəşrləri elə ermənilər özü yaradır.
Fuad Babayev: Amma dünyaca məhşur İspaniyanın“El Pais” “El Mundo”, Fransanın “Figaro”sunu ermənilər yaratmayıb axı…
Aqil Şahmuradov: Amma məsələn, Argentinada yeni bir qəzet, sayt fəaliyyətə başlayır. Ermənistan, ermənilik təbliğ edilir. Biz də düşünürük ki, Argentinada filan sayt erməniliyi təbliğ edir. Amma araşdıranda görürsən ki, bu Ermənistan tərəfindən sadəcə Argentinada fəaliyət göstərən bir qəzet və ya saytdır. Ancaq oxucular bunu bilmir axı.
Şıxəli Əliyev: Bu yaxınlarda Küveytin bir informasiya agentliyindən 2 nəfər nümayəndə gəlmişdi, AzərTAc informasiya agentliyinə. Biz onları Quba məzarlığına aparmışdıq. Ziyarətdən sonra agentlik nümayəndələri dedi ki, bura daxil olanda məkan, aura tarii faktlar onları üşüdüb. Sizin belə bir həqiqətləriniz ola-ola təbliğatınız belə zəifdir? Onlar Quba hadisələrindən, Quba məzarlığından xəbərsiz idilər. Bildiyiniz kimi, ərəb dövlətləri arasında Ermənistanla ən sıx münasibətdə olan dövlət elə Küveytdir.
Fuad Babayev: İstər ərəb, istər çin, fransız və ya ispan mətbuatında Azərbaycan və Qarabağ problem ilə bağlı yazıları belə çıxır ki, 3 qrupa bölmək olar: ermənilərin təşəbbüsü ilə yazılan yazılar, azərbaycanlıların təşəbbüsü ilə yazılan yazılar və münaqişəyə, regiona maraqlı, neytral mövqe göstərən mütəxəssislərin yazdıqları. Bu nisbət ərəb mətbuatında necədir?
Şıxəli Əliyev: Ərəb mətbuatında bunu dövlətlərə görə bölmək olar. Məsələn, Suriya mətbuatında Azərbaycanla bağlı müsbət yazılara rast gəlmək olar.
Amma ümumi vəziyyətə nəzər salsaq müsbətə doğru irəliləyiş var. Burada səfirliklərin rolunu da qeyd etmək lazımdır. Misirdə məsələn, vəziyyət bizim lehimizə dəyişir son illər. Baxmayaraq ki, Misirdə erməni lobbisi çox güclüdür.
Fuad Babayev: Sizcə, biz bu istiqamətdə uğura nail olmaq üçün nə etməliyik? Nə təklif edirsiniz?
Asudə Qafarova: Xaricdə təhsil alan tələbələr öz aralarında yığışıb tutaq ki, Xocalı faciəsinin nıvbəti ildönümü ilə bağlı hansısa aksiya, tədbir keçirirlər. Ancaq bundan heç kimin xəbəri olmur. Məncə belə tədbirlər, aksiyalar olanda bunu mediaya sızdırmaq lazımdır. Bloqları sistemli yaratmalıyıq. Məsələn, mədəniyyət , tariximiz, mətbəx haqqında bloqlar. Və onlar fransız, ingilis, ispan dilinə tərcümə edilməlidir. Google.da axtarış edəndə avtomatik həmin bloqlara keçid olmalıdır.
Türkan Rüstəmova: Məncə, biz düşünməli deyilik ki, əsas məqsədimiz Qarabağ haqqında məlumatları çatdırmaqdan ibarət olmalıdır. Elə ölkələr var ki, heç Azərbaycanın harada yerləşdiyini bilmirlər.
Biz öncə ölkənin təbliğindən, sonra problemimizdən danışmalıyıq. Çində tədbirlər keçiririk tələbələrlə, bəzən səfirlik bizə kömək edir, bəzən etmir. Amma onu dəqiq deyə bilərəm ki, Çinə Azərbaycanı tanıtmaq lazımdır, daha sonra Qarabağ haqqında məlumat vermək.
Fuad Babayev: Məncə, bizim həm də elmi əsasda, faktlara söykənən, təhlil xarakterli yazılara ehtiyacımız var…
Şıxəli Əliyev: Məncə ən yaxşı üsul bloqlar və həmin bloqlara, məqalələrə şərhlər yazmaqdır. Ən effektiv üsul budur hələ ki. Bununla biz hamımız məşğul olmalıyıq. Hazır bazalarımız olmalıdır. Biz şərh yazanda, fakta ehtiyacımız olanda oturub kitablar vərəqləməyək. Əlimizin altında bloq və faktları özündə birləşdirən məqalələr olmalıdır. Hesab edirəm ki, ən yaxşı üsullardan biri, məsələn, ərəb dünyasına Qarabağ haqqında nə maraqlı ola bilər, onu nəzərə almaqdır. Tutaq ki, Qarabağın islamla bağlılığı. Bu istiqamətdə araşdırmalar aparıb, internetə yeləşdirsək bu ərəb oxucusu üçün maraqlı olar. Çünki biz Qarabağdan nə qədər yazırıqsa yazaq, ərəbdilli oxucu Qarabağın harada olduğunu bilməyəndən sonra o barədə heç nə oxumayacaq. Və bir də siz bayaq qeyd etdiyiniz, elmi məqalələr, faktlar, təhlil tipli yazılar barədə. Bu sahədə bizim uğurumuz var, az da olsa. Məsələn, alim Kəmalə İmranlı Birminhem universitetində bu sahədə çox ciddi araşdırmalar aparır. Və bu çox sevindirici haldır.
Aqil Şahmuradov: Bizdə ən böyük problem hər şeydən şikayətdir. Biz sanki yoluxmuşuq bu xəstəliyə. Heç vaxt demirik ki, niyə filan universitetdə Azərbaycanşünaslıq fakültəsi yoxdur. Biz deyirik ki, filan universitetdə Ermənişünaslıq kafedrası var. Biz jurnalistikanı, tarixi, mədəniyyətimizi yaxşı öyrənməliyik. Bilirsiniz, kənardan belə bir görüntü yaranır: biz müharibə aparırıq. Qarşıdakılar silahlanmış dəstədirlər, biz isə partizan.
Fuad Babayev: Elə də böyük olmayan bir müzakirə çərçivəsində bu qədər çoxplanlı məsələyə aydınlıq gətirmək asan deyil. Azərbaycanın artan uğurları barədə dünya mətbuatında müxtəlif dillərdə, o cümlədən ərəb, fransız, ispan və Çin dillərində olan yazılar bundan sonra da təbii ki, dərc ediləcək.
Hələ də çözülməmiş Qarabağ düyünü ilə bağlı dünya auditoriyasını məlumatlandırmaq üçünsə hələ çox işlər görməliyik.
Minnətdaram hər birinizə!
Hazırladı: Aynur Hüseynova
1905.az