
Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından beş il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar. Müharibələr itkisiz olmur. Bu döyüşlərdə şəhidlərimiz də oldu, qazilərimiz də. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bu gün Azərbaycanın hər yerində dərin ehtiramla anılır.
Vətən müharibəsində canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də Qax rayonundan olan Təbriz Əliyevdir.
AZƏRTAC-ın bölgə müxbiri şəhidin ailəsini ziyarət edib, ailə üzvləri ilə Təbrizin Vətənə olan sevgisi və döyüş yolu barədə danışıb.
Əliyev Təbriz Tofiq oğlu 2001-ci il sentyabrın 20-də Qax rayonunda anadan olub. 2019-cu ilin noyabrında həqiqi hərbi xidmətə çağırılıb, Tərtər rayonunda yerləşən hərbi hissədə xidmət edib. Vətən müharibəsi başlayanda Təbriz bir ilə yaxın idi ki, hərbi xidmətdə idi, 19 yaşı yenicə tamam olmuşdu. Müharibənin ilk günlərindən döyüşlərə qatılan Təbriz Əliyev Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. 2020-ci il oktyabrın 19-da Qax şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidin atası Tofiq Əliyev oğlu barədə qürurla danışır: “Təbriz sakit təbiətli, eyni zamanda, çox işgüzar uşaq idi. Əsgərliyə getməzdən əvvəl avtomobil təmiri sexində usta köməkçisi işləyib. Ustası onun tərbiyəli, ağıllı, kamallı olduğunu bildirirdi, öz doğma qardaşı kimi hər şeyi ona etibar edirdi. Evdə olanda da nə tapşırıq verirdiksə, heç vaxt etiraz etməzdi, canla, başla işi görərdi. Əsgəri xidmətə çağırış vərəqəsi verilən vaxtı onun sevincinin həddi-hüdudu yox idi. Evə gəlib dedi ki, məni səfərbərlik xidmətinə çağırıblar, əsgər gedirəm. Xeyir-duamızı verdik, sağ get, salamat gəl dedik”.
Şəhid atasının bir anlığa səsi titrəsə də, qürurunu pozmur, söhbətinə davam edərək deyir: “Getdi əsgərliyə. Hər şey qaydasında gedirdi. Üç ay Ballıqayada xidmət etdi, sonra Tərtərə apardılar. Onu görmək üçün vaxtaşırı xidmət etdiyi hərbi hissəyə gedirdim. Xidməti çox yaxşı keçirdi, bir valideyn kimi şəraitlərindən razı idim. Pandemiya başladığı üçün axır aylar yanına gedə bilmədim, ancaq telefonla əlaqə saxlayırdım. Sonra müharibə başlandı. Zəng edib dedi ki, “ata, narahat olma, buralar çox palçıqlıdır, gələrsiniz, batıb qalarsınız. Biz təlimlərə gedib gəlirik”. Sən demə bizi arxayın salırmış. Əslində isə ön cəbhədə döyüşlərdə iştirak edirmiş. Bir müddət sonra şəhid xəbəri gəldi… Vətən sağ olsun! Fəxr edirəm ki, oğlum Təbriz Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda canından keçib”.
Şəhidin anası Günəş Əliyeva oğlu haqqında xatirələrini bölüşərkən kövrəlir: “İki övladımız var. Təbriz birinci övladımız idi. Çox ağıllı, tərbiyəli, sakit övlad olub. Uşaq vaxtı hamımızın sevimlisi idi. Oğlum tək evdən deyil, eldən getdi. Onun yoxluğuna indi də inana bilmirəm. O, bizim, nəslimizin 19 yaşlı igidi, qəhrəmanıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bir daha müharibə olmasın, heç bir ananın gözü yaşlı qalmasın”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









