1988-ci il noyabrın sonu dekabrın əvvəllərində cəmi iki həftə ərzində erməni quldurları 300 mindən çox azərbaycanlını dədə-baba yurdlarından silah gücünə qovdular.
Qışın soyuğunda doğma torpaqlarından əliboş, ayaqyalın, işgəncələrə məruz qala-qala isti ocaqlarından didərgin düşən bu binəsiblər min cür əziyyət və əzabla üzləşdilər. XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarınadək ermənilər tərəfindən azərbaycanlılara qarşı deportasiya, soyqırımı siyasəti zaman-zaman beləcə müxtəlif üsullarla həyata keçirilib. Tarixi mənbələrə, arxiv materiallarına, xarici ölkə səyyahlarının yazdıqlarına istinadən azərbaycanlıların tarixi-etnik dədə-baba torpaqlarından çıxarılması 1905-1907, 1918-1920, 1948-1953 və nəhayət, 1988-ci illərdə birdəfəlik başa çatdırıldı.
Sovet hakimiyyəti illərində “Daşnaksütyun” erməni-terror təşkilatı fəaliyyətini qətiyyən dayandırmadı, əksinə, qan tökməkdə, qətl törətməkdə, terrorda yeni mərhələyə qədəm qoydu. Onlar bolşeviklərə sığınaraq öz işlərini daha da kəskin şəkildə davam etdirdilər. Əslində, elə bolşevik ermənilərin özləri də mahiyyətcə daşnaklar idilər. Təşkilatın üzvü Havanes Kaçaznuninin bir tezisindəki ifadə də bu fikri təsdiqləyir: “Bolşevik ermənilər bu gün səndən də, məndən də daha çox daşnaklardırlar. Çünki mənim də, sənin də aciz olduğumuz yerlərdə onlar bizi əvəz etmiş və ömrümüzü həsr etdiyimiz işi görüblər”. Bu da məlumdur ki, həmin terror təşkilatının üzvləri Sovet İttifaqının ali hakimiyyət dairəsinə daxil olmuşlar. Bu səbəbdən də İttifaq rəhbərliyi adından ermənilər öz cinayətkar fəaliyyətlərinin yeni mərhələsini çox fitnəkarlıqla, heç kimdən çəkinmədən, bəzən də qanun pərdəsi altında həyata keçirirdilər. İndiki Ermənistan ərazisindən azərbaycanlı əhalinin kütləvi surətdə deportasiyasını həyata keçirmək məqsədilə daşnaklar tükürpədici vəhşiliyə, siyasi terrora və şantaja başladılar.
Ermənistan adlanan ərazidən soydaşlarımızın sonuncu deportasiyasından 24 il ötməkdədir. İki əsrdə ermənilərin xalqımızın başına gətirdikləri fəlakətlər 1988-ci ildə sonuncu deportasiya ilə nəticələndi. Ermənistan adlanan ərazidə boynuburuq qalmış yurd yerlərimiz illərdir ki, bizi gözləyir. Ölkə Prezidenti İlham Əliyev qətiyyətlə söyləyir: “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan torpağı üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
Biz dəfələrlə erməni daşnaklarının müxtəlif illərdə qədim Oğuz yurdunda – indiki Ermənistanda soydaşlarımızın başına gətirdikləri “köçürülmə” əməliyyatından söz açmışıq. Əslində bu, köçürülmə yox, soyqırımı idi. Çünki “deportasiya” sözünün mənası “könüllü köçürülmə” deməkdir. Halbuki ermənilər tarix boyu azərbaycanlılara qarşı bu ad altında soyqırımı həyata keçiriblər.
İndiki Ermənistanın tamamilə türksüzləşdirilməsi təəssüf ki, 1988-ci ildə baş tutdu. Əslində, Moskvada hazırlanan ssenari üzrə həmin ilin fevralında ortaya Qarabağ kartı atıldı. Bu, “kart oyunu”nun başlanmasına qədər isə Ermənistanda bir sıra tədbirlər görüldü. Onlar Suriya, Yunanıstan, Livan, İran və başqa ölkələrdən ermənilərin köçürülərək Ermənistanda yerləşdirilməsini təmin edir və onların mənzil problemlərinin həlli naminə azərbaycanlıların evlərini ələ keçirmək üçün müxtəlif hiylələrə əl atırdılar. Xüsusilə də, yüksək vəzifədə çalışan azərbaycanlı rəhbər kadrların ermənilərlə əvəz edilməsinə səy göstərilirdi. Demək olar ki, qısa müddət ərzində Vedi, Zəngibasar, Krasnoselo rayon partiya komitələrinin birinci katibləri, on rayonda isə ikinci və üçüncü katiblər ermənilərlə əvəz olundu. Bunun ardınca İrəvanda müxtəlif nazirliklərdə yüksək vəzifələrdə çalışan azərbaycanlılar işdən azad edildi. Ermənilər hər vəchlə Azərbaycan dilində çıxan qəzetləri, institutların Azərbaycan fakültələrini bağlamaqla soydaşlarımızın sıxışdırılmasına çalışırdılar, eləcə də şəhər, rayon, kənd, qəsəbə, çay, dağ, yer-yurd adları erməniləşdirilirdi.
Təbii ki, Moskvadakı havadarlarına arxayın olan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq xülyasını həyata keçirmək üçün hər cür vəhşiliyə hazır idilər. Hələ sovet dövründə Ermənistan yeganə respublika idi ki, orada hər bir küçənin, müəssisənin, kolxoz və sovxozun, orta ixtisas məktəbinin, xəstəxananın, parkın adı erməniyə məxsus idi. Bizim respublikada isə erməni adlarına o qədər geniş meydan verilmişdi ki, hətta türkün qatı düşməni Stepan Şaumyanın adına iki rayon, mədəniyyət evi, park, daha nələr var idi… Azərbaycanda rus dilini zəif bilənləri isə çətinliklə işə götürürdülər. Amma Ermənistanda bütün kargüzarlıq öz dillərində gedirdi.
Qədim Oğuz eli – indiki Ermənistandan azərbaycanlıların deportasiyası XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin sonlarınadək zaman-zaman həyata keçirildi. Tarixi mənbələrə istinad edilərsə, soydaşlarımızın öz torpaqlarından çıxarılmasının təməli 1905-1907-ci illərdə qoyuldu. Halbuki orta əsrlərdə İrəvan xanlığında, Zəngəzur, Göyçə, Ağbaba, Dərələyəz və digər mahallarda yalnız azərbaycanlılar yaşayardı. Bu yerlərdə ara-sıra görünən erməniləri barmaqla saymaq olardı. Deportasiya nəticəsində isə bu torpaqların halal sahibləri zaman-zaman qətlə yetirildi, qovuldu, qaçqına-köçkünə çevrildi. Minlrələ, on minlərlə dinc əhali ölümlə qarşılaşdı. 1905, 1907, 1910 və 1915-ci illərdə baş verən erməni-müsəlman savaşından sonra Göycə mahalında 150 kənddən 30-u yerlə-yeksan edilmiş, sonrakı geriyə dönmək məqamında da həmin kəndlərdə yaşayan olmamışdı, yəni, əhali qalmamış, eləcə də Basarkeçər və Çəmbərək bölgəsinin 60-dan artıq kəndinin əhalisi amansız zülmün, xüsusilə də, terror əməliyyatının qurbanı olmuşdur. Qafqazda azərbaycanlıların kütləvi soyqırımını həyata keçirən silahlı erməni dəstələri 1905-ci ildə Naxçıvanda, İrəvanda, Cəbrayılda, Şuşada, Zəngəzurda, Bakıda, Tiflisdə, Qazaxda su yerinə qan axıtdılar. Tarix elmləri namizədi, tədqiqatçı İsrafil Məmmədov ermənilərin qəddarlığı ilə bağlı qələmə aldığı bir məqalədə yazıb: “Zəngəzurda törədilən qırğınların analoqu yoxdur. 1906-cı ildə Saqqarsuyu qan gölməçəsinə dönmüşdü. Soyuğun şiddətindən qanın üzü buz bağlayıb. Ancaq daşın hər tərəfindən damcı-damcı sızırdı. Daşın arasında 62 qadın və uşaq cəsədləri üst-üstə qalaqlanmışdı. Eləcə də 1906-cı ilin avqustunda palaz altında 15 uşağın kəsilmiş başı tapıldı. Cənub səmtdə həddən artıq arvad-uşaq bədənləri tökülmüşdü”. Bir gündə bu bölgədə 800-dən artıq türk qətlə yetirilmişdi.
Ötən əsrin 80-ci illərində daşnak Zori Balayanın tarixi saxtalaşdıran, əvvəl erməni, sonra rus dillərində böyük tirajla çap olunan “Ocaq” adlı bədnam kitabında azərbaycanlılara qarşı düşmənçilik hissləri təbliğ edildi. Ermənilərə bildirildi ki, onlar mütləq azərbaycanlıları öz ərazilərindən çıxarmalıdırlar. Hətta çap etdikləri dərslik və xəritələrdə də Azərbaycana məxsus şəhərlər, yerlər qəsdən Ermənistan ərazisi kimi göstərilirdi. Başqa kitablar da çap edilirdi. Xüsusilə də, şairləri Silva Kaputikyan cidd-cəhdlə həşir salırdı ki, əgər azərbaycanlıları Ermənistandan qovmasaq, başımıza bəla gələcək. Hətta bu “erməni anası” televiziyada çıxış edərək erməniləri döyüşə çağırırdı. Erməni analarına deyirdi ki, biz “Böyük Ermənistan” uğrunda mübarizə aparırıq. Bu yolda övladlarınız türk öldürməsə, deməli, siz bədbəxtsiniz.
Bir həqiqəti etiraf etmək lazımdır ki, ermənilərin çəkindikləri ümummilli lider Heydər Əliyev idi. Onlar bir müddət öz kin-küdurətlərini açıq şəkildə həyata keçirə bilmədilər. Elə ki Heydər Əliyev vəzifədən və Siyasi Bürodan getdi, sanki ermənilərin qurumuş qanadlarına yeni həyat gəldi. Dərhal öz şeytan əməllərini həyata keçirməyə başladılar. Hətta Ermənistan KP Mərkəzi Komitəsinin plenumunda daşnaklar çıxış edərək söyləyiblər: “Daha nədən qorxuruq? Heydər Əliyev artıq Siyasi Bürodan gedib. Zaman bizim xeyrimizə işləyir”. Beləliklə də, azərbaycanlıların əleyhinə təbliğatlar aparıldı, soydaşlarımız incidilməyə başlanıldı. Türk qanına susamış ermənilər sakitləşə bilmirdilər. Onlar SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçova saysız-hesabsız hədiyyələr, şirin vədlər verərək yenidən torpaq iddiasını irəli sürdülər. O qədər də möhkəm iradəsi olmayan M.Qorbaçov aqambekyanların, şahnazarovların və ermənipərəst şovinist qüvvələrin təzyiqinə rəğmən: “Mən mane olmuram, azərbaycanlılardan ala bilirsinizsə, Dağlıq Qarabağı alın” – deyib. Bu isə erməni vəhşiliyinə, qaniçənliyinə açıqca razılıq vermək idi.
1987-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən münaqişə yaratmaq üçün vərəqələr yayılır, erməni əhalisinin guya ağır sosial-iqtisadi vəziyyətdə yaşadığını əsaslandırmaqla onları Azərbaycan xalqına qarşı qoymağa çalışırdılar. Vilayətin erməni əhalisinə bildirirdilər ki, guya onlar azərbaycanlılardan fərqli olaraq dözülməz şəraitdə yaşayırlar. Ermənilərin milli maraqlarını Azərbaycan SSR tərkibində qalmaqla həll etmək mümkün deyildi. Bütün milli problemlər yalnız Ermənistana birləşdikdən sonra həll oluna bilərdi. Xankəndidə keçirilən mitinqin sədası həm Azərbaycana, həm də Ermənistana yayıldı. 1988-ci ilin fevralından başlayaraq İrəvanda və bütün respublikada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə əlaqədar ermənilər izdihamlı mitinqlər və yürüşlər təşkil etdilər. Bundan sonra ermənilər ilk dəfə Qafan rayonunun azərbaycanlılar yaşayan kəndlərinə basqın etdilər. Evlər yandırıldı, talan edildi, adamlar kəndlərdən qovuldu. Fevralın 25-də demək olar ki, Bakının, Sumqayıtın küçələri yurd-yuvasından, doğma torpağından qovulmuş azərbaycanlılarla dolu idi.
Ermənilər isə İrəvanda Opera Teatrının qarşısına toplaşaraq təcili Ermənistan Ali Sovetinin növbədənkənar sessiyasının çağrılımasını tələb edirdilər ki, Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsi SSRİ Ali Sovetinin sessiyasında qaldırılsın.
Fevralın 28-də ermənilərin rejissorluğu ilə “Sumqayıt” ssenarisi həyata keçirildi. Bu qurama faciəni əllərində bayraq tutaraq daha da qızışan ermənilər mart ayında azərbaycanlıların səbirsizliklə gözlədikləri Novruz bayramını qara gətirdilər. Ermənistanın bütün rayon və kəndlərində azərbaycanlılara qarşı təxribatçılıq baş alıb gedirdi. Adamlar bir tərəfdən təhqir olunur, döyülür, evləri yandırılır, qorxu və vahimə içində işgəncələrə tuş gəlirdilər, digər tərəfdən də köməksiz, arxasız qalmışdılar. Elə mart ayında da soydaşlarımızın Vedibasar, Zəngibasar, Dərələyəz və Zəngəzurdan kütləvi surətdə çıxarılmasına rəvac verildi.
Martın 25-də gecə saat 24:00-da televiziya vasitəsilə Ermənistanda hərbi vəziyyətin elan olunacağı haqqında məlumat verildi. Ancaq erməni dığaları İrəvana daxil olan sovet əsgərlərini gül-çiçəklə, sevinclə, qonaqlıqla və başqa hədiyyələrlə qarşıladılar. Həmin gün isə Ermənistandan qaçqın düşmüş 80 min insan Azərbaycanın sərhəd rayonlarında əlacsız qalmışdı. Ermənilər başqa bir iyrənc hərəkəti də həyata keçirdilər. Onlar alüminium, şin, kauçuk və digər istehsalat birliklərinin, kombinatlarının zəhərli sularını, çirkabını, eləcə də İrəvan kanalizasiyasını Araz çayına axıtdılar.
Çox təəssüf ki, mart ayında canını götürüb böyük Azərbaycana qaçmış soydaşlarımızı geri dönməyə məcbur etdilər. Guya iki respublikanın rəhbərləri arasında aparılan danışıqlardan sonra qaçqınların evlərində yaşamalarına mane olmayacaqdı. Halbuki Ermənistanda başlanan vəhşi soyğunçuluğun, qətl hadisələrinin arası kəsilməmişdi. Azərbaycanlılar əslində, nə edəcəklərini bilmirdilər. Çünki quldurlar qəflətən evə basqın edərək qapını, pəncərəni sındırır, bəzən də yandırırdılar. Təkcə mayın 11-də bir gecədə ermənilər üç istiqamətdən Şirazlıya hücum edərək səkkiz evi yandırdı, 64-nü dağıtdı, 330 ailənin əmlakını talan etdilər, insanlar öldürüldü, 80 nəfər döyülməkdən ağır xəsarət aldı. Sağ qalanlar da gecə ikən ayaqyalın, başıaçıq qaçmaq məcburiyyətində qaldılar. Bu hadisəni vəhşilik adlandırmaq da azdır. Bu mənzərəni təsəvvür etdikcə göz önündə canlanan vahimədən dəli olursan. İnsan adlanan varlıq insanı şaxtada, çovğunda, qarda, boranda bu zülmə necə sala bilər?
1988-ci ilin iyulunda 23 min azərbaycanlı Qarabağa – Şuşa ətrafına pənah gətirdi. Əlbəttə, buraların havası, təbiəti, suyu onların yaşadıqları yerə uyğun idi. İki gün ərzində Şuşa, Xocalı, Malıbəyli, Quşçular, Əsgəran Ermənistandan didərgin düşmüş binəsiblərlə doldu. Təəssüf ki, avqustun 30-da Azərbaycan KP MK-nın “vətənpərvər” oğullarının göstərişi ilə qaçqınları Qarabağdan çıxararaq başqa yerlərə apardılar. Yarısını da zorla Ermənistana qaytardılar. Bizim başbilənlər belə “humanist” idilər. Ermənistanda isə çoxdan sovetin bayrağını endirərək daşnak bayrağının altında azərbaycanlılara qarşı hücumlarını davam etdirirdilər.
Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti çox ağır idi. Yollar bağlanmışdı, burada qalan azərbaycanlılar girov kimi saxlanılmışdı. Onların maşınla gediş-gəlişi tam qadağan edilmişdi. Yalnız canlarını götürüb qaçan qaçqınlar yollarda qətlə yetirilir, döyülür, təhqir edilirdilər. On beş gün ərzində Ermənistandan 300 min azərbaycanlı, 18 min kürd, 1000 rus daimi yaşayış yerlərindən qovuldu.
1988-ci ildə erməni terrorçuları tərəfindən sonuncu deportasiya zamanı Allahverdi, Ararat, Amasiya, Basarkeçər, Quqark, Qafan, Kalino, Krasnoselo, Gorus, Kirovakan, Əzizbəyov, İcevan, İrəvan, Noyemberyan, Masis, Yeğeqnadzor, Razdan, Sisian, Spitak, Stepanavan rayon və şəhərlərində yüzlərlə azərbaycanlı qətlə yetirildi. Rəsmi məlumata görə, soydaşlarımız – yalnız azərbaycanlılar yaşayan 171 kənddən, qarışıq yaşadıqları 89 yaşayış məntəqəsindən zorla çıxarılıblar. Bu zaman 300 nəfərə qədər azərbaycanlı həlak olub. Qaçqın düşmüş soydaşlarımızın sayı isə 300 min deyilir. Əlbəttə, vətəndən qovulanların dərədə, dağda, uçqunda qalanı, şaxtada donub öləni, qurd-quşa yem olanı, itkin düşəni bu siyahılara düşməyib. Bir fakt: “Ermənistan azərbaycanlılarının soyqırımı” kitabında oxuyuruq ki, Spitakda 1988-ci ilin noyabr ayının 27-də 5 yaşından 12 yaşınadək olan uşaqları analarının əlindən alaraq 20 metr uzunluğunda boruya doldurublar. Amma bu 70 uşağın adı heç yerə yazılmayıb. Eləcə də həmin kitabda şahidlər söyləyirlər ki, boru dolduqdan sonra yerdə qalan uşaqları avtobusa yığıb harasa apardılar. Uşağını istəyən analara isə “Amerikaya göndərəcəyik” – deyiblər. Təsadüfən salamat qalıb Bakıya gələn Mədinə adlı bir qadın da o zaman bizimlə söhbətində yana-yana söylədi ki, 8 yaşlı oğlu Əruzu, 6 yaşlı qızı Aygünü ermənilər əlindən alıb boruya salmışdılar. Qadın onu da deyirdi ki, ermənilər həmin borunu aparıb bir çayın kənarında qoyub getdilər, o cümlədən girov qalanların, sonradan ölümlə üzləşərək dünyasını dəyişənlərin siyahısı hələ də dəqiq deyil. Bir faktı da vurğulayaq ki, doğma yurdlarından didərgin düşən soydaşlarımızın övladları müxtəlif şəhərlərdə ali təhsil alırdılar, müvəqqəti işləyirdilər, hərbi xidmətdə öz borclarını yerinə yetirənlər də var idi. Bax, həmin adamların da adları o siyahıya düşməyib. Halbuki elə onlar da doğma torpağını, doğulduğu yurdu itiriblər. Əgər bu gün mən beşiyim yellənən kəndə gedə bilmirəmsə, kiməm?!
Beləliklə, 1988-ci ilin noyabrın sonu dekabrın əvvəlində cəmi iki həftə ərzində Ermənistan adlanan, lakin əslən Oğuz yurdu sayılan torpaqdan soydaşlarımız silah gücünə vəhşiliklə qovuldular. 1988-ci il xalqımızın həyatında çox dəhşətli oldu. Soydaşlarımızın dədə-baba torpaqlarından kütləvi surətdə qovulması nəticəsində türklərin vətəni türksüz qaldı…
“Böyuk Ermənistan” xülyası ilə yaşayan ermənilərin törətdikləri vəhşilikləri saymaqla bitəsi deyil. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini nədənsə etiraf etməkdən çəkinməyiblər. M.Nalbanyana məxsus fikirdir: “Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daim ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir”. Elə yerinə yetmədiyi üçün də var olduqları gündən ermənilər işğalla, qəddarlıqla, oğurluqla məşğuldurlar… Bu gün tarixçilər yazırlar ki, harda bir terror həyata keçirilirsə, mütləq orada erməni barmağı var. Acı həqiqətdir. Bu namərdlər ömrü boyu vəhşiliklə məşğul olublar. Əgər erməni millətinin məşhur yazıçısı Marietta Şaqinyan hələ sovet dövründə özünkülərə deyirdisə ki, bələkdəki körpənizə bildirin – türk onun düşmənidir. Məşhur şairləri Silva Kaputikyan da çığırırdı ki, “Böyük Ermənistan” yaratmaq üçün türkü son nəfərinədək qırmalısan. Milli qəhrəmanları Aşota həsr olunmuş bir əsərdə onun dilindən verilən sözlərə diqqət yetirək: “Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən onu tapdayanda rahat olacağam”. Bu qanlı faciələri törətmək həmişə erməni quldurlarının məqsədi olub.
18.01.2017
Flora Xəlilzadə
“Azərbaycan” qəzeti