“Osetin faciəsi. Cənubi Osetiyaya qarşı cinayətlərin ağ kitabı” 2008-ci ildə Moskvada, “Yevropa” nəşriyyatında çap olunub. Kiril Tanayevin redaktorluğu və tərtibçiliyi ilə işıq üzü görən kitabın “tərtibçilərdən” bölümündə qeyd edilir: “Bu kitabın məqsədi Cənubi Osetiyada 7-12 avqust 2008-ci ildə baş verən hadisələr haqqında həqiqətləri sadəcə olaraq müəyyənləşdrmək deyil. Bu kitab gürcü hərbi birləşmələrinin Cənubi Osetiyada törətdikləri cinayətlərin sənədli sübutudur”.
Kitabda yazılı sənədlər, hadisələrin iştirakçılarının və zərərçəkənlərin hekayətləri əksini tapıb. Rusiya Federasiyası Prokurorluğunun İstintaq Komissiyasının təhqiqat materialları əsasında tərtib olunan kitabda həmçinin, Gürcüstan, Rusiya, Cənubi Osetiya hökumət orqanlarının hüquqi aktları da yer alıb.
Münaqişənin tarixi əsası bölümündə müəllif Gürcüstanın qədim dövrlərdən XVIII əsrin sonlarınadək tarixi haqqında məlumat verir və bu zaman faktları təhrif etməkdən qətiyyən çəkinmir.
Cənubi Qafqazın Rusiya tərəfindən işğalını könüllü surətdə Rusiya ilə birləşmək kimi qəlmə verən tərtibçi, 1843-cü ildə Tiflis quberniyası tərkibində Osetin mahalının yaradıldığını, 1859-cu ildə isə onun Qori qəzasının tərkibinə verildiyini, 1921-ci ilin sentyabrında isə Cənubi Qafqaz Sovet Sosialist Respublikası kimi Gürcüstanla könüllük əsasında federativ ittifaqa girdiyini yazır.
Cənubi Osetayadakı separatizm də eynilə Dağlıq Qarabağ və Dnestryanıdakı ssenariyə uyğun gedib. 9 aprel 1991-ci ildə Gürcüstanın öz müstəqilliyini elan etməsini sovet qanunlarına uyğun olmadığını vurğulayan müəllif, 20 sentyabr 1990-cı ildə Cənubi Osetiya Sovet Demokratik Respublikasının milli suverenliyini elan etməsinə anlayışla yanaşır.
Münaqişə nəticəsində osetinlərin kütləvi surətdə Şimali Osetiyaya köçdüyünü yazan K.Tanayev, gürcü kəndlərinin sakinlərinin də Cənubi Ostiyanı tərk etdiklərini bildirir. Maraqlıdır, əgər osetinlər Cənubi Osetiyanı kütləvi şəkildə tərk edirdilərsə, gürcülər nə üçün qaçmaq məcburiyyətində qalmışdılar?
Münaqişə dövründə həlak olan osetinlər haqqında müfəssəl məlumat verən müəllif, gürcülərin itkilərinə qətiyyən toxunmur. Ümumiyyətlə, hadisələrə birtərəfli yanaşma, hər səhifədə cənubi osetiyalıların və Rusiyanın haqlı, gürcülərin isə təcavüzkar olduğu kitabın ana xəttini təşkil edir. Hətta xarici mətbuatdan seçmələrdə də Rusiya tərəfinin mövqeyinə uyğun yazılır verilib. Prokurorluq təhqiqatında da şahidlərin adları verilmir, yalnız doğum tarixləri və yaşadıqları şəhər və kəndlərin adları sadalanır.
Gündüz Nəsibov
1905.az