1905.az portalının suallarını Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz cavablandırır.
– Osman müəllim, erməniliklə müxtəlif sahələrdə mübarizə aparırıq. Cəbhədən tutmuş idman yarışlara kimi. Mübarizənin gecə-gündüz getdiyi məkanlardan biri də internetdir. Bu sahənin peşəkarı kimi siz erməniliklə internet məkanda mübarizəmizi necə dəyərləndirirsiniz? Qüvvələr nisbəti necədir?
– Hamını narahat edən bir sualdır. Bəşəriyyətin hələ ki, ortaya qoyduğu ən effektiv mübarizə üsullarından biri internetdir. Hələ ki, internetdən daha ucuz mübarizə üsulu yoxdur. Bəs, əlimizdə olan bu vasitədən nə cür istifadə edirik? Biz elm, təhsil, iqtisadiyyat, səhiyyə, biznes və s. sahələrində olduğu kimi milli maraqlarımızı müdafiə sahəsində də internetdən istifadə etməliyik. Onu deyə bilərəm ki, uzun illər bu sahədə üstünlük Ermənistan tərəfində olub. Onlar illər ərzində beynəlxalq ictimai rəyi formalaşdırmaqda internetdən Azərbaycanın əleyhinə məharətlə istifadə ediblər. Səhv etmirəmsə ötən il Prezident çıxışında ermənilər tərəfindən aparılan sistemli mübarizəni bir nömrəli təhdid hesab etmiş, ermənilərin nəzarətində olan ictimai qurumları da bu siyahıya daxil etmişdi. Buradan belə başa düşmək olar ki, əsas təhlükə bizə məhz internetdən gəlir. Son illər Azərbaycanda internetinin inkişafı, kütləviləşməsi, müxtəlif dilli resursların, şəbəkələşmənin yaranması vəziyyəti bizim xeyrimizə dəyişə bilib. Ermənilər artıq görürlər ki, nə deyirlərsə cavabını dərhal alırlar. Fərqi yoxdur, on-line məkanda, ya hər hansı tədbirdə. Əvvəllər isə vəziyyət belə deyildi. Mən deməzdim ki, biz onlardan irəlidəyik. Belə şey yoxdur. Çünki Ermənistanın arxasında nəhəng resurslar dayanıb. İndi situasiya belədir: biz Ermənistanın yaydığı istənilən yalnış infomasiyanın qarşısını vaxtında ala bilirik. Əlbəttə, burada problemlər də var. Bizdə ictimai qurumlar və ayrı-ayrı şəxslər tərəfindən vətənpərvərlik istiqamətində saytlar zamanla yaradılır. İlk yaranışda çox aktiv və cəlbedici olsalar da bir müddət sonra bu saytlar sanki “sönürlər”. Çünki sistemli təşkil edilmirlər. Bunun da obyektiv və subyektiv səbəbləri var. Məsələn, tutaq ki, mənim kimi birisi əlavə iş olaraq belə bir saytı açmağı götürür öz üzərinə. Ordan-burdan informasiya əldə etməklə saytı bir müddət yaşadır. Amma həmin o sayt başqalarının təkrarı olur. Günlərin bir günü gücüm tükənir. Və başa düşürəm ki, irəli getmək mümkün olmayacaq. Çünki nə informasiyam var, nə də maliyyəm. Ona görə ki, Qarabağ məsələsini gündəmdə saxlamaq asan məsələ deyil. Bunun üçün siyasəti, tarixi bilməli, araşdırmalısan. Ciddi araşdırmanı bu sahə ilə məşğul olan adam apara bilər. Onun arxasında isə maliyyə dayanmalıdır. Mən də düşünürəm ki, bu sahələri bilmədiyimdən elə öz işimlə məşğul olsam yaxşıdır. Sayt passivləşir və nəticədə işlək olmyan bir resursa çevrilir. Qarabağla bağlı yaradılan saytları yaşatmaq üçün həm də maliyyə dəstəyi güclü olmalıdır.
– Bizə müsahibə verən aparıcı jurnalistlərdən biri müsahibəsində demişdi ki, vətənpərvərlik mövzusuna həsr etdiyi verilişlərin reytinqi şou-biznesdən bəhs edən verilişin reytinqindən həmişə aşağı olur.
– Haqlısınız. Amma bu mövzunu unutmalıyıqmı? Milli maraq tələb edən məsələlərdə ilk növbədə hökümət öz sözünü deməlidir. Bizim əsas problem məhz bu mövzunu sistemsiz aparmağımızdadır. Sistemli olmağımız üçün isə maliyyə olmalıdır, enerji sərf edilməlidir.
Onu da mütləq qeyd etməliyəm ki, bu mövzuda yaradılan saytlar əlçatan olmalıdır. Məsələn, mən sabah hansısa xarici ölkəyə konfransa gedirəmsə kimlərəsə zəng edib “filan mövzuda mənə bir araşdırma yazı, qısa informasiya, dəlil, sübut ver” deməli deyiləm. Mən o saytı açmalı və lazım olan informasiyanı çap edib özümlə apara bilməliyəm. Deməli, sayt hamının istifadə edə biləcəyi dildə və konkret olmalıdır.
– Osman müəllim, erməniliklə mübarizədə bir neçə üsul var. Ermənilərin illərlə saxtalaşdırdığı “tarix”in yalan olduğunu dünyaya sübut etmək istiqamətində fəaliyyət göstərməliyik. Və ya biz də ermənilər kimi soyqırıma məruz qaldığımızı dünyaya çatdırmalı və ya özümüz hücuma keçərək müdafiə olunmalıyıq. Sizcə bu üsullardan hansına üstünlük verməliyik?
– Bilirsiniz, dediyiniz üsulların hər biri mübarizə yollarının elementidir. Amma bu suala cavabda tarixi, politologiyanı bilən insanların fikrinə ehtiyac var. Mən ancaq vasitələri deyə bilərəm. Siz mənə sual versəydiniz ki, Osman müəllim, ermənilərin filan adda bir domeni var və hər yerdə bizim əleyhimizə çıxış edirlər. Onun qarşısını necə ala bilərik? Mən deyərdim ki, həmin domeni almaqdansa təzəsini yaradın. Çünki onu almaq daha qəliz məsələdir. Gözləmək olmaz. Məsələn, baki.az erməninin əlindədirsə, sən yeni baki2.az yaratmalısan. Vaxt əleyhimizə işləməli deyil. Aldığın domeni reklam et, daha çox uğur qazan və erməninin əlində olan domeni kölgədə qoy. Ümumiyyətlə, biz sosial mediadan kifayət qədər istifadə edə bilmirik. Məsələn, “Xocalıya ədalət” kampaniyası çox uğurlu kampaniya idi. Ancaq bunu davam etdirmək lazımdır. Bu gün internetdə heç kimin ağlına gələ bilməyəcək qədər geniş imkanlar var. Biz sosial internetdən lazımınca istifadə etsək çox şeyə nail ola bilərik. Məsələn, niyə mobil telefonlarda başımıza gələn faciələrlə bağlı proqramlar yaratmırıq? Bu da mübarizənin ən yaxşı üsullarından biri ola bilər.
– Yadınızdadırsa avqust ayında baş verən cəbhədəki gərginlik zamanı birdən-birə ”vətənpərvər”lər peyda oldu. Və mətbuatda kifayət qədər dezinformasiyalar yayıldı. Necə düşünürsünüz, internetin bu qədər əlçatan olması həm də dezinformasiyaların yayılmasına gətirib çıxarmır?
– Bu, normaldır. Belə də olmalıdır. İnternet açıq müstəvidir. Onu idarə etmək heç kimin əlində deyil. Son illərin təcrübəsi onu göstərir ki, bu gün informasiyanı birinci yayan qalib gəlir. Bizim faydalı informasiyaları yayan insanlar çevik olmalıdır. İnformasiyanı yayan mətbu orqanının güvənli olması da əsas şərtlərdən biridir.
– Qarabağla bağlı bizim əsas problemlərimizdən biri də daxili auditoriya ilə xarici auditoriyanın bizdən fərqli şey istəməsidir…
– Tamamilə raziyam. Ancaq düşünürəm ki, biz xarici auditoriyaya fokuslanmalıyıq. Çünki daxili oxucu onsuz da Ağdamın, Xocalının nə olduğunu bilir. Bizə həqiqətimizi xarici oxucunun bilməsi lazımdır.
– Amma daxili auditoriyada da bu məsələ ilə bağlı məlumatsız adamlar yetərincədir…
– Amma bu təhsilin problemidir. Təhsili gücləndirməliyik deməli. Mənim fikrimcə 80% gücümüzü xaricə, yerdə qalan faizi daxilə yönəltməliyik. Biz Amerikada, Avropada həqiqətlərimizi yaymağa meyl etməliyik. Şagirdləri, gəncləri savadlandırmaq bizim, sizin və digər buna bənzər saytların problemi deyil. Bazar mühitini də nəzərə almaq lazımdır. Gəncləri ələ almaq üçün biz gəncləri maraqlandıran sahələri araşdırmalıyıq. Gənclərin də ən çox istifadə etdiyi vasitələrdən biri ağıllı telefonlar olduğu üçün biz Qarabağla bağlı informasiyaların proqram formasında (mobil application) telefonlarda yayılmasına cəhd göstərməliyik. Sən gəncə tarixi kitab yazsan onu oxumayacaq, onun telefonuna o proqramı yazsan isə həm baxacaq, həm də nəsə öyrəcənək. Çünki dövr bunu tələb edir. Mən Bakı Dövlət Universiteti, jurnalistika fakültəsində dərs deyirəm. Təcrübə onu göstərir ki, yeni texnologiyalardan istifadə etmədən verilən dərs qəbul edilmir. Buna görə də biz zamanla da ayaqlaşmalıyıq. Mən Xeberler.az İKT saytının təsisçisiyəm. Həmin saytda “məşhurların həyatında IT” adlı rubrikamız var. Biz tanınmış insanlara sual veririk. Yemək yedikləri zaman onlara facebookda mesaj gələ bilər. Naharını kəsib o mesajı oxuyacaqlarmı? Deyirlər ki, oxuyarlar. Deməli, bu asılılıq həm böyükdə həm kiçiyimizdə var. Bu, bəşəriyyətin probleminə çevrilib. Biz də texnologiyadan öz xeyrimizə istifadə etməliyik.
– Deməli, bizim gəldiyimiz qənaət budur ki, biz hələ də nələrinsə sıfırdan başlamalıyıq. Sizcə biz yubanmırıq?
– Doğrudur yubanırıq, amma atılan addımlar var. Beynəlxalq mühitdə həqiqətlərimizi qəbul etməklə bağlı vəziyyət müsbətə doğru dəyişib. Amma yetərli deyil. Daha çevik üsullara əl atılmalı, bütün mübarizəmizi sistemli qurmağa çalışmalıyıq.
– Minnətdarıq!
Fuad Babayev, Aynur Hüseynova
1905.az