Prezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür.
AZƏRTAC xəbər verir ki, bu ötən bir il qısa zaman olsa da, ölkə həyatında, xüsusilə regionların simasında böyük dəyişikliklər, inkişaf baş verib, insanların sosial rifah halı daha da yaxşılaşıb.
Prezident İlham Əliyev hər zaman regionların inkişafına xüsusi önəm verib, bu istiqamətdə reallaşdırılan siyasəti ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi görüb. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
İstər ötən bir ilə nəzər saldıqda, istərsə də dövlət proqramları çərçivəsində həyata keçirilən işlərə baxdıqda əldə olunan uğurlar daha qabarıq nəzərə çarpır.
Əvvəlcə 2018-ci ilin iqtisadi göstəricilərinə qısa diqqət yetirək: ümumi daxili məhsul 1,4 faiz olub, qeyri-neft sektoru 1,8 faiz inkişaf edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faiz təşkil edib. Kənd təsərrüfatı 4,6 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yatırılıb. İxrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borc ümumi daxili məhsulun 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. 118 min daimi iş yeri yaradılıb.
2018-ci ildən bəri dövlətimizin başçısı rayonlara 30-dək səfər edib, yol çəkilişi, tikinti-quruculuq işləri, abadlaşdırma, lift təsərrüfatı, binaların dam örtüklərinin dəyişdirilməsi, məktəb və xəstəxana tikintisi, subartezian quyularının qazılması və digər sahələrlə bağlı çoxsaylı sərəncamlar imzalayıb.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışını xatırlayaq: “Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir”.
Bəli, məhz bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsidir ki, regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, eləcə də regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb.
Regional inkişafla bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin edilir, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılır, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri təşkil olunur, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parkları, sənaye məhəllələri yaradılır.
Qeyd etmək yerinə düşər ki, Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına isə respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib.
Dövlət proqramlarının icra olunduğu dövrə – 2004-2018-ci illərin göstəricilərinə də nəzər salaq. Bu illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.
Proqramların icra olunduğu dövrdə Prezident İlham Əliyev 1800-dən çox infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub, yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşüb, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək Sərəncam imzalayıb.
Dövlət proqramlarının qəbulundan ötən müddət ərzində ölkədə sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkədə güclü özəl sektor formalaşıb, biznes və investisiya mühiti daha da yaxşılaşıb, sahibkarların sayı artaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Görülən işlər nəticəsində artıq 2018-ci ildə özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizdən, məşğulluqda 75 faizdən çox olub, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 950 mini keçib. Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 66,6 faizi regionların payına düşüb. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.
Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilib, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Eyni zamanda davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri də dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.
Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət töhfəsini verib, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılıb. Bu iş yerlərinin də 75 faizi regionların payına düşüb.
Ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə 2004-2018-ci illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilib, yeni müəssisələr yaradılıb, müəssisələrin istehsal potensialı artırılıb, ölkə sənayesində 2,6 dəfə real artım qeydə alınıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2003-cü ildə 56,8 faiz təşkil edirdisə, hazırda 80 faizdən çoxdur.
Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Bir sözlə, ölkə iqtisadiyyatının inkişaf mənzərəsinə nəzər saldıqda, həyata keçirilən uğurlu siyasət bir daha göz önündə canlanır. Bu siyasət rayonların günbəgün dəyişən simasında daha aydın görünür.
AZƏRTAC ötən bir ildə regionlarda həyata keçirilən tikinti-quruculuq işlərinin, istifadəyə verilən yeni obyektlərin bəzilərinin fotolarını təqdim edir.