Daşnaksütyun komitəsinin başçılarından biri olan Kaçaznuninin “Lozanna müqaviləsi”ndən sonra söylədiklərinə bir nəzər salaq:
“1922-ci ildə Türkiyə ermənisinin davası çözülməyə başlandı. Lozanna konfransında ilk dəfə rəsmən (home) kəlməsi söyləndi. “Sevr müqaviləsi” unudulmuşdu. Artıq nə müstəqil bir Ermənistan, nə də yarımüstəqil bir Ermənistandan bəhs edilirdi. Milli bir yurd, başqasının evi içərisində şübhəli bir yurd düşüncəsi ortaya atılmışdı. Buna sülhü qorumaq üçün son bir fədakarlıq deyilirdi. Məsələ mart ayında belə idi.
İl sonunda iş bir az fərqli bir vəziyyət aldı. (Yurd), dostca bir təklif və istək şəklində türklərin lütfünə verildi. Bir operetta dialoqu başlandı. Türklər bu düşüncəni rədd etməkdən və əhəmiyyət verməkdən, mədəni bir şəkildə çox üzgün göründülər. Müttəfiq Böyük dövlətlər, yaslı və ümidsiz jestlər etdilər: “Zavallı ermənilər üçün bütün vasitələrimizdən istifadə etdik, hər bir çarəyə baş vurduq, mümkün olan və olmayan hər şeyə təşəbbüs göstərdik, artıq bir şey etməyə gücümüz çatmaz…”- dedilər və kuponlar probleminə keçdilər.
Burada ortaya çıxan Çiçerin Sovet Rusiyası adından böyük yardım olaraq Türkiyə ermənilərinin həyatda qalanlarına Volqa çayı sahillərində və Sibirdə yer təklif etdi…
Hökumət yurda, yurd da köçlərə, Sibirə döndü.
Dağ siçanmı doğdu? Xeyr. Dağ tərif edilə, anladıla bilməyəcək dərəcədə iztirablar keçirdi, təməlindən sarsıldı, parça-parça oldu, içərisindən qanlar fışqırdı və sonra heç bir şey, hətta siçan belə doğulmadı…”
Daha sonra Kaçaznuni belə deyir:
“Bizim üçün hökumətin təşkili və siyasi bir liderlik daima qüdrətimizin üstündə bir şey olmuşdur. Biz daima hesablarımızda yanıldıq, uzaqgörən olmadıq, görəcəyimiz işlər haqqında bilgi sahibi olmadıq.
Hələ Ermənistanın vəziyyəti nədir?
Araz və Sevan (Göyçə gölü) arasında olan kiçik bir cəmiyyət. Adı müstəqildir, lakin həqiqətdə Rusiya imperatorluğunun yarımmüstəqil üç respublikasından biridir. Türkiyə Ermənistanı yoxdur. Nə hökumət, nə yurd, nə də millətlərarası bir məsələ. Dava bağlanmış, öldürülmüş və Lozannada dəfn edilmişdir. Bundan əlavəsi də var: Artıq Türkiyə Ermənistanında erməni də yoxdur. Bundan sonra olması da məlum deyildir. Türklər qapılarını bərk-bərk bağladılar. Bunu zorlayaraq açmaq üçün də bizdə güc yoxdur.
Bir milyona yaxın əhali Ermənistan Respublikası içərisində, bir milyondan artığı da xaricdə, – Gürcüstan, Azərbaycan, Şimali Qafqaz, İran, Suriya, İstanbul və dünyanın hər tərəfinə dağılmış bir halda. Çöldəkilərin ancaq bir qismi Ermənistanda sığınacaq bir yer tapa bilər. Çox dar olan sərhədlər erməni şəhərlərindən çıxmış olanların içəriyə köç etmələrinə əngəldir. Daşnakların bir qismi də ticarətə bağlıdır. Ümumiyyətlə, xaricdəki ermənilər bugünkü Ermənistan üçün bir ünsur sayıla bilməzlər. Bugünkü vəziyyət belə davam etdikcə də bunlar Ermənistan üçün ögey övladdırlar. Daşnaklar birlikdə çalışmaq üçün əsasən ixtilalçı sosialist bolşeviklərə müraciət etmişlər, ancaq rədd olunmuşlar. Onlar istək və arzularıyla xaricdə yaşayırlar, daxilə alınmırlar. O halda qeyri leqal, fəsadçı şəklində və ya daha geniş ölçüdə ixtilalçı olaraq çalışmaq qalır.
Biz çarlıq və sultan dövlətləri tərəfindən təqib edilmişdikmi? İllərcə Türkiyə Ermənistanında etdiklərimizi indi Ermənistanda edə bilmərikmi? Şübhəsiz, buna sahibik. İranın Qaradağında bir yuva qura bilərik (bir zamanlar Selmasda qurduğumuz kimi). Və oradan Arazın digər tərəfinə insan və silah keçirə bilər, gizli əlaqələr qura bilərik. Biz silahlı çətələr saxlaya bilərik, Sünik və ya Tarlakyazı dağlarında, Sasun dağlarında, Şatak təpələrində, girilməz, alınmaz yerlərdə bir neçə kəndi üsyan etdirməyə, oradakıları ya xaricə və yaxud qırmağa gücümüz çatar. Sonra gurultulu nümayişlər törətməyə, hətta Yerevan içərisində bir neçə saat üçün hər hansı bir rəsmi idarəni bir zamanlar Osmanlı bankasını işğal etdiyimiz kimi, işğal edər, bu və ya digər bir idarəni havaya uçurmağa, təşkilat qurmağa, şəxsi tədhişlərə, cinayətlər törətməyə qadirik. Sultanın və çarın vəzifəli şəxslərini öldürdüyümüz kimi, bir neçə bolşeviki öldürə bilərik. Ulduzcada Sultan Həmidin ayaqları altında partlatdığımız kimi, Miyasnikyan və ya Lukaşinin qarşısında bombalar partlada bilərik. Bütün bunları edə bilərik, lakin ortaya bir sual çıxır: hansı ümidlə edək?
Türkiyədə bu hərəkətləri törətdiyimiz zaman bu surətlə üzərimizə böyük dövlətlərin dostca marağını çəkirdik, lehimizə müdaxilələrini təmin etdiyimizi zənn edirdik. Artıq indi bu müdaxilənin həqiqi bir qiyməti yoxdur və mənə elə gəlir ki, belə sınaqlara da ehtiyacımız yoxdur.
Əgər Avropa bizə Türkiyədə yardım etmədi və ya edə bilmədisə, artıq bundan artığını etmək istəməyəcəyini də anlamaq çətin deyildir. Rusiya yardım edə bilər. Buna görə işi Rusiyaya buraxmalı. Onsuz da bolşeviklər Ermənistanı istila etməmiş olsaydılar, onları çağırmağa biz məcbur olardıq.”
Ovanes Kaçaznuninin “Artıq Daşnaksütyunun görəcəyi iş yoxdur” əsərindən (F.Qaraoğlu “Ermənilər və həqiqətlər”, Bakı, “Nurlar”, 2007)