1905.az portalının suallarını TV mütəxəssisi Pərviz Əzimzadə cavablandırır.
– Pərviz müəllim, uzun müddət TV-də çalışmısınız. Peşəkar operator kimi. Hazırda nə ilə məşğulsunuz?
– Mən hazırda “Two flames” prodüser mərkəzinin təsisçisi və rəhbəriyəm. Düzdür, tək deyiləm, ortağım da var. Aqil Məmiyevlə birlikdə işləyirik. Mərkəzin bədii rəhbəri tanınmış aktrisa və aparıcı Aysel Nazim, baş prodüser isə Günel xanımdır. Biz dördlükdə çalışırıq. Əsasən şou tipli layihələr etmişik. “Boulevard Hotel Baku”da “Ərəb gecəsi” keçirmişik. İşimizi “Paşa Holdinq” bəyəndi və holdinq tərkibindəki Abshepon Hotel Group-a daxil olan, “Şamaxı Palas”da qurban bayramı ilə bağlı böyük bir tədbir keçirdik. Martın 6-da isə “House of Azerbaijan”da Qadınlar günü ilə bağlı böyük bir bayram konserti təşkil edəcəyik.
– Fotonuzu səhv etmirəmsə, “Topaz”ın reklam kampaniyasında görmüşdüm.
– Keçmişdə peşəkar futbolçu olmuşam və bu idman növünə böyük marağım var. Futbolu sevdiyimdən bəzən mərc oyunlarında iştirak edirəm. Bəziləri bunu qumar hesab edir, amma mən düşünürəm ki, insan evinin, ailəsinin son manatını mərcə qoymadan öz ağlı və zəkası ilə pul qazanırsa, həmin şəxsə halaldır. Mən real qaliblər sırasında olduğumdan, reklam kampaniyasını icra edən türk şirkəti mərclə bağlı fikirlərimi öyrənərək, məni bu reklam filmində çəkmək qərarına gəldi.
Mən öz sənətimin peşəkarıyam və yetərincə tanınıram. İki il öncə Bakıda keçirilən böyük tədbirin təşkilat heyətinə daxil olmuşam. “Miss Globe İnternational” “Kristall Holl”da keçirilən dünya gözəlllik yarışması idi. Digəri isə Ümumdünya Atçılıq Federasiyasının assambleyasının Azərbaycanda keçirilən tədbiri də oldu. Federasiyanın prezidenti İordaniya kralının xanımı şahzadə Haya Hüseyn idi. Bakıya 380 nəfərlik bir heyət gəlmişdi. Bu insanların Azərbaycan haqqında məlumatlandırılması, müsbət fikirlərlə ölkələrinə qayıtmalarını təmin etmək üçün biz əlimizdən gələni etdik. Bunlardan bizim təkil etdiyimiz “Wellcome to Azerbaijan” və “Buta Palas”da keçirdiyimiz tədbirləri qeyd edə bilərəm.
– Belə başa düşürəm ki, işiniz Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasına yönəldilmiş fəaliyyət kimi düşünülə bilər. Sizin fikrinizcə, biz nə etməliyik ki, Qarabağ problemini qərbli “qulağına” uyğun tərzdə təqdim edə bilək?
– İlk növbədə biz Azərbaycana qonaq gələnlərə ölkəmizin son illərdə əldə etdiyi nailiyyətləri göstəririk. Elə çoxusu Heydər Əliyev adna Beynəlxalq Aeroporta qədəm qoyan kimi necə bir ölkəyə gəldiklərini başa düşür və heyranlıqlarını gizlətmirlər. Mən bir əhvalat danışmaq istəyirəm. Şıx çimərliyi ətrafında çəkilişlər apararkən, gördüm ki, yaxınlıqdan 4 nəfər Rusiya vətəndaşı keçir. Birdən biri dönüb mənə dedi: “Salam, kolleqa”. Məlum oldu ki, bu adam RTR kanalının operatorudur. Tanış olduq, sonra onları maşınımıza dəvət etdim və şəhəri gəzdirdik. Axşam ziyafətə dəvət etdim. Ziyafət bitənə yaxın bunların hər biri əlini cibinə atdı və hər kəs öz hesabını ödəməyə çalışdı. Mən onlara dedim ki, “sizə ayıb olsun. Siz Bakıdasınız və bizdə belə şeylər qəbul olunmur. Bakıdasınızsa, bizim borcumuzdur ki, sizə xidmət göstərək”. Bu, bizim qanımızdadır. Biz qonaqpərvərik, istiqanlıyıq. Amma xarakterimizdə elə məqamlar var ki, qarşı tərəf bundan bizə qarşı istifadə edir. Bir fakt deyim. Bu yaxınlarda bir müğənni Bakıdan getdikdən sonra, İrəvanda bir mahnımızı erməni dilində oxudu. Səhv etmirəmsə, “Sarı gəlin”i. Bizim saytlar, sosial şəbəkələr reaksiya verərək bildirdilər ki, bu insan bir daha Bakıya buraxılmamalıdır. Bu normal reaksiyadır. Bizdə pul qazanıb, sonra Ermənistanda əleyhimizə işləsinlər? Axı Ermənistanın bizim düşmənimiz olduğunu, torpaqlarımızın 20 faizini işğal etdiyini bilirlər.
Bizdən pul qazanmaq istəyən bu ölkənin prioritetlərini, hadisələrə münasibətini, düşmənlərini tanımalıdır. Qarabağ problemi Azərbaycanın on minlərlə itki verdiyi və indiyədək həllini tapmayan problemdir. Bir yaradıcı insan kimi düşünürəm ki, bu problem haqqında həqiqətlər həm ölkə daxilində, həm də yaxın və uzaq xaricdə düzgün çatdırılmalı, bunun üçün təbliğatı gücləndirməliyik.
– Sizə elə gəlmir ki, bizim bütün ruhumuza bir kampaniyaçılıq hakim kəsilib. Xocalı haqqında 25-26 fevralda, 20 Yanvar haqqında 20 yanvarda, rayonların işğalı haqqında yalnız onların işğalı günündə düşünürük və s. Rayonların işğalı günündə həmin rayonun ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edir, əklil qoyur və kamera qarşısında diləklərini səsləndirirlər. Bu kampaniyaçılıqdan qurtarmaq üçün nə etmək lazımdır?
– İlk növbədə şablonlaşmış formadan çıxmaq lazımdır. Bəllidir ki, bu ağır problemin sülh və ya müharibə yolu ilə həll olunması imkanları var. Azərbaycanın öz ərazisini müharibə yolu ilə qaytarmaq hüququ var. Və şükür Allaha ki, ölkəmiz bu qüdrətə də malikdir. Həqiqətən də Şuşa, Xocalı, Qarabağ yanğısı ilə yaşayırsansa, bu problemi gündəlik mövzuya çevirməlisən. Ermənilər qondarma soyqırımlarını Avropada, Amerikada bayraq ediblər. Altdan-altdan bu məsələni şüurlara yeridirlər. Bəs Azərbaycan bunu nə üçün etmir? Bu sualı elə həmin rayonların icra başçılarına, məmurlara da ünvanlamaq lazımdır.
– Bəlkə yeni və orijinal bir ideyaya ehtiyac var?
– Çox gözəl deyirsiniz. Düşünürəm ki, həm Xocalı soyqırımı, həm də Şuşanın işğalı günü eyni anda paytaxtda hərəkət dayandırılsa idi, həlak olanları xatirəsi yad edilsəydi, necə yaxşı olardı. Başqa bir tarixdə 50 min – 100 min insan müəyyən bir nöqtədən başlayaraq anım yürüşü, xatirə yürüşü keçirsə, millətin birliyini təcəssüm etdirərdi.
– Bəlkə ideya bankı yaratmalıyıq?
– Siz indi təsəvvür edin ki, mən haqqında danışdığım yürüş eyni vaxtda, eyni saatda yalnız Bakıda deyil, bir çox ölkələrdə səfirliklərimiz də qoşularaq keçirilir. Bəyannamələr oxunur, hansısa çaya gül dəstələri atılır, anım tədbirləri keçirilir. Təbii ki, səfirliklərimizin imkanlarından da yararlanaraq media vasitələrini də bu tədbirləri işıqlandırmağa cəlb etmək olar.
– Uzun illər TV-də çalışmısınız. Azərbaycan televiziya məkanında bu dəqiqə nə çatışmır?
– Mən televiziyadan 2007-ci ildə ayrılmışam. Amma televiziyada layihələrim, İstanbulda çəkdiyim bədii filmim gedib. Reklam çarxlarım gedib. Hələ də bu sektora aidəm. Amma kanalda daimi əsasda işləməkdən qurtuldum. Televiziya məkanında ilk növbədə peşəkarlıq çatışmır. Bəzən düşünürlər ki, özünü kiməsə bənzədən, ucuz plagiatla məşğul olmaq kanala reytinq verə bilər. Şablonlar çoxdur – eyni müğənnilər, eyni musiqilər. Başqa ölkələrin təcrübəsindən yetərincə istifadə olunmur. Görüb, götürmək qəbahət deyil. Qəbahət odur ki, ona bənzəmək istəyirsən, amma səndə heç nə alınmır. Bir də teleməkanda səmimiyyət defisitini vurğulamaq istərdim.
Gündüz Nəsibov, 1905.az