Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Pakistan Milli Kitabxanasında fotosərgi və “Şuşa – 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı: Müsəlman dünyasının zəngin irsinin sübutu” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi, dini abidələri, dahi şəxsiyyətləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinə dair fotosərgi ilə tanış olublar.
Seminar zamanı əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Şuşa şəhəri ilə bağlı məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
Səfir Xəzər Fərhadov ötən ilin sentyabrında Doha şəhərində keçirilmiş İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edildiyini bildirib. Sözügedən qərarın heç də təsadüfi olmadığını qeyd edən səfir, bunun ölkəmiz üçün tarixi hadisə olduğunu və İslam aləminin Şuşanın timsalında Azərbaycan mədəniyyətinə verdiyi yüksək hörmətin əlaməti olaraq qiymətləndirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu gün qədim tariximizi özündə təcəssüm etdirən Şuşa şəhəri bir çox beynəlxalq tədbirə, o cümlədən böyük mədəniyyət layihələrinə ev sahibliyi edir.
Səfir 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin sentyabrda antiterror əməliyyatlarından danışaraq, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni təcavüzünə son qoyduğunu, Qarabağın, o cümlədən Şuşanın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdırıb. Hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də “Böyük Qayıdış” proqramı barədə məlumat verilib.
Digər məruzəçilər Şuşa şəhərinin keçmişi, ədəbiyyatı, incəsənətimizə böyük töhfələr vermiş şuşalı sənətkarların zəngin irsi, Şuşa şəhərinin mədəniyyət paytaxtına çevrilməsi istiqamətində görülən işlər, İslam mədəniyyət tarixində Şuşa şəhərinin yeri barədə danışıblar.