Pakistanın Baş naziri Şahbaz Şərif Pakistanla sarsılmaz həmrəyliyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir Şahbaz Şərif ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən, Azərbaycanın nümayiş etdirdiyi mövqenin iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürü olduğunu deyib.
Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir ölkəsinin gələcəkdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.
Baş nazir strateji xarakter daşıyan Azərbaycan-Pakistan münasibətlərinin inkişafından söz açaraq, ikitərəfli əməkdaşlığın müsbət inkişafından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın ikitərəfli əlaqələri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.
Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, dövlətimizin başçısı İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.