Ermənilərin İrandan köçürülməsinin əsas məqsədlərindən biri Rusiyanın Azərbaycan əyalətlərini “xristianlaşdırmaq”, daha doğrusu, “erməniləşdirmək”dən ibarət idi.
XIX əsrin 30-cu illərinin əvvəllərində Zaqafqaziyanın “inzibati quruluşu”nu müəyyənləşdirmək üçün bu əraziyə gələn senatorlar P.İ.Kutaysov və Y.İ.Meçnikov da mahiyyət etibarilə bu məqsədi güdürdülər. Onlar “bu diyarın əhalisini pravoslav dininin şəfəqləri ilə nurlandırmaq və həyatverici xaçı islam xarabalıqları üzərində yüksəltmək” üçün “bu ərazilərin sakinlərini rusca danışmağa, düşünməyə və hiss etməyə məcbur etməyi” təklif edirdilər.
Özünü “bu emiqrasiyanın baş ilhamvericisi” hesab edən Lazarev ermənilərin köçürülməsi ilə bağlı nəhəng iş aparırdı. O, Paskeviçə məruzə edirdi ki, ermənilərə “xeyirxah və eyni dindən olduqları dövlətin himayəsi altında gələcək nəsillərinin rifahına və özlərinin əmin-amanlıqda olacaqlarına əminliklərini” təlqin edə bilib. “Yanımdakı zabitlərin də cəhdləri ilə möhkəmlənən bu təlqinlər elə uğur qazanıb ki, əvvəlcə Marağa erməniləri, sonra da bütün Azərbaycandakı (İran Azərbaycanı) ermənilər köçməyə razı olublar…”
Rus tədqiqatçısı Qlinkanın yazdığı kimi, “Türkmənçaya yaxın müxtəlif yaşayış məskənlərindən olan ermənilər Qarabağa axışdılar”. Üş aya yaxın bir qısa müddət ərzində 8000-dən artıq erməni ailəsi Araz çayını keçdi.
Naxçıvan vilayətində həddindən atrıq köçkün ailəsinin toplaşdığı və onların yerləşdirilməsi üçün dövlət torpaqlarının çatışmadığını hiss edəndə, Paskeviç 24 aprel 1828-ci ildə Lazarevə yazırdı: “Köçkünlərin əksəriyyəti, xüsusilə də kasıblar Qarabağa meyl edirlər. Onlar orada hər şeylə təmin oluna bilərlər…”
Qeyd etmək lazımdır ki, Lazarev bu məsələdə çox səy göstərirdi. Qlinka şahidlik edir: “Lazarev erməni köçkünlərinin əksəriyyətini İrəvan və Qarabağ xanlıqlarına getməyə inandırmış və onları yol pulu ilə təmin etmişdi”. Ermənilərin Qarabağa köçürülməsində Qarabağ komendantı Kalaçevski də canfəşanlıq edirdi. O, Tiflis hərbi qubernatoruna “Qarabağa köçmək istəyən erməniləri İran hökumətinin sıxışdırdığını” çatdırırdı. 9 noyabr 1828-ci il tarixli məktubu ilə Paskeviç Qriboyedova “əlahəzrət Naib-Sultanla (Fətəli şahın oğlu, İran taxt-tacının varisi) bu məsələ ilə bağlı müvafiq ünsiyyətə” girməyi həvalə etmişdi.
29 noyabr 1828-ci ildə Qriboyedov Paskeviçə məlumat verirdi: “Kapitan Kalaçevskinin kağızlarına əsasən mənim təkidli tələbimlə müvafiq tədbirlər görülüb”. Elə həmin vaxt Qriboyedov Kalaçevskinin özünə bildirirdi: “Öz tələblərinizi mənə və ya mənim yoxluğumda Amburqerə ünvanlayın və sizin tələbləriniz yerinə yetiriləcək”.
A.S.Qriboyedovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında məktublar”da qeyd etdiyi kimi, erməni-köçkünlər “əsas etibarilə müsəlman mülkədarların torpaqlarında yerləşdirilib. Yayda buna hələlik yol vermək olar. Müsəlman-torpaq sahibləri əsasən yaylaqdadılar və yadelli gəlmələrlə az ünsiyyətdə olurlar… Köçkünlər özləri darısqallıqdadılar və müsəlmanları da sıxışdırırlar. Bu da müsəlmanların əsaslı narazılıqlarına səbəb olur”.
Tofiq Köçərlinin “Qarabağ məsələsinin tarixinə dair (həqiqət və uydurmalar)” (rus dilində), Bakı 2009, kitabının materialları əsasında Gündüz Nəsibov hazırladı
06.01.2016