Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində həyata keçirilən Afrin əməliyyatının ardınca, Şimali İraqda Qəndil əməliyyatına başlayıb. Uzun müddətdən bəri PKK-nın ölkə daxilindəki mövcudluğuna son qoyma istiqamətində önəmli nəticələr əldə edən Türkiyə, növbəti hədəf kimi Qəndili müəyyənləşdirib.
Əməliyyat zamanı Qəndili PKK-ya dar edən mehmetcik terrorçuların İrana qaçmalarının qarşısını almaq və mümkün hücumların qarşısını almaq üçün İran-İraq sərhəddi boyu əməliyyat aparılır. 3 min metrə hündürlükdəki zirvələr nəzarət altına alınacaq, terrorçuların qaçış yolları qapanacaq. Artıq xüsusi təyinatlı qüvvələrin strateji Sekif dağına yetişdikləri və bölgədə nəzarəti ələ keçirdikləri qeyd olunur (haberturk.com).
Lakin təəccüb doğuran odur ki, Afrin əməliyyatının gedişi ilə bağlı xəbərlərə geniş yer verən media Qəndil əməliyyatı ilə bağlı xəbərlərə xəsisliklə yer ayırır. Bunun səbəblərini politoloqlarda soruşduq:
Cavid Vəliyev bunun səbəbini prezident seçkiləri və terrorçuların hücumlarının azalması ilə əlaqədar ictimaiyyətin bu məsələyə marağının azalması ilə ələqələndirdi: “Qəndil əməliyyatı uğurlu bir şəkildə həyata keçirilir. Türkiyə ilə yaxından maraqlananlar bu məsələlərlə geniş tanış ola bilərlər. Amma əlbəttə, Afrindən fərqli olaraq bu dəfə mediada ona geniş yer verilmir. Bunun iki səbəbi ola bilər: Birincisi 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcəkdir. Bu səbəbdən siyasilər daha çox ölkənin daxili məsələlərini mitinqlərdə və verilişlərdə müzakirə edirlər. Müxalifət liderləri də Türkiyənin Qəndil əməliyyatını çox gündəliyə gətirməkdə maraqlı deyildirlər. İkincisi isə son dövrlərdə Türkiyə dövlətinin terror təşkilatlarına qarşı uğurlu əməliyyatları nəticəsində terroristlərin hücumu azalıb və ictimaiyyətin terror məsələsinə marağı azalıbdır”.
Ramiyə Məmmədova hesab edir ki, bunun əsas səbəbi əhalinin Türkiyə ordusunun uğurlarına alışması ilə bağlıdır: “Türkiyə ordusunun Afrin əməliyyatı daha böyükəks-səda yaratdı. Çünki uzun fasilədən sonra Türkiyə ilk dəfə quru qoşunlarla qonşu ölkənin ərazisinə daxil oldu və terrorçularla uğurlu savaş apardı. Qəndil əməliyyatı isə ona görə böyük əks-səda yaratmadı ki, artıq Türkiyə cəmiyyəti ordunun uğurlarına yaxşı mənada alışdı, üstəgəl Qəndil dağlıq zonadır, Suriyada isə yaşayış məntəqələri terrorçulardan azad edildi. Buna baxmayaraq, Qəndil dağlarının və ətrafının bombalanması və terrorçuların zərərsizləşdirilməsi, o cümlədən yüksəkliklərdə nəzarət məntəqələrinin yaradılması da Türkiyə ordusunun böyük uğuru sayıla bilər. İllərdir Türkiyəyə böyük problemlər yaradan PKK güclü zərbə aldı”.
Zaur Məmmədov da səbəb kimi Türkiyədəki prezident seçkilərini göstərir: “İndi Türkiyədə seçkilər davam edir. Seçkilər ərəfəsində Ankaranın istər ölkə xaricindəki hərbi əməliyyatlardakı uğuru, istər ABŞ ilə Mənbic və sair məsələlərdə razılığa gəlməsi Ərdoğanın lehinə olan məsələlərdirlər. Türkiyə sona qədər PKK ilə mübarizəni davam etdirməlidir. Yoxsa bundan öncəki əməliyyatların heç bir mənası olmaycaq. Ən maraqlı məqamlar seçkilərdən sonra baş vecərək. Hal hazırda Ankara Vaşinqton və Moskva arasında uğurlu gedişlər edərək istəyinə nail olmaqdadır. Hər iki paytaxt Ərdoğanı dəstəkləyir. Baxmayaraq kı, bəzən Qərb ilə münaqişədən bəhs edilir, praktikada görürük ki, Qərbin Türkiyədə hakimiyyəti dəyişdirmək üçün real addımları yoxdur”.
Qəndil əməliyyatı uğurla başa çatdıqdan sonra Türkiyənin PPK təhdidini aradan qaldırdığını söyləmək olarmı, sualımıza isə politoloqlar belə cavab verdi:
Cavid Vəliyev hesab edir ki, Qəndildə ciddi yara alsalar da, terrorçuların tam bitdiyini demək olmaz: “Qəndil PKK terror təşkilatının əsas düşərgəsidir. Lakin Qəndilə çatana qədər PKK-nın o regionda Avaşın, Hakurk, Basrin kimi başqa düşərgələri də var. Mahmur qaçqın düşərgəsi var. Türkiyə silahlı qüvvələri uğurlu şəkildə bu düşərgələri terrorçulardan təmizləmək için irəliləyir. Terrorçular artıq Qəndili yavaş-yavaş tərk etməyə başlayıblar. PKK terror təşkilatı bütün mərkəzi sistemini Qəndildə qurub və liderləri buradadır. Əgər bura əldən çıxarsa, PKK güclü yara alacaq. Bu eyni şəkildə PKK lideri Abdullah Öcalanın həpsindən sonrakı dövrdə təşkilatın passivliyi kimi izah edilə bilər. Digər tərəfdən, Qəndilə qədər PKK liderlərinin zərərləşdirilməsi də vacibdir. Türkiyə hal-hazırda Qəndilə nəzarət etmək qədər PKK liderlərini də zərərləşdirməyə çalışır. Lakin Suriya və İraqın digər bölgələrində hələ də PKK üzvləri mövcuddur. Bu səbəbdən Qəndildə ciddi yara alsa da terrorçuların tam bitdiyini demək mümkün olmaz”.
Ramiyə Məmmədova isə PKK-nın əvvəlki kimi Türkiyəyə problemlər yarada bilməyəcəyi qənaətindədir: “Türkiyə ordusu hələ uzun müddət Qəndildən çıxmayacaq. Bu o deməkdir ki, PKK əvvəlki illər kimi Qəndildən Türkiyəyə terrorçu həmlələr həyata keçirə bilməyəcək. PKK-nın xeyli terrorçusu və lideri məhv edilib. Buna baxmayaraq, Türkiyənin özündə də PKK terrorçuları var, onların da neytrallaşdırılması vacibdir. Bütün hallarda PKK əvvəlki kimi Türkiyəyə problemlər yarada bilməyəcək”.
Bu arada Türkəyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib: “Millətimizin bilməsini istəyirik ki, Qəndilə əmin addımlarla doğru irəliləyirik. Hər şey qaydasındadır. İnşallah Türkiyədə necə dağları təmizlədiksə, Afrini terrorçulardan necə təmizlədiksə, Qəndildə də lazım olanı edəcəyik (memleket.com.tr)”.
Bəzi mənbələr Qəndil əməliyyatı zamanı PKK-nın hazırki lideri Murat Karayılanın ələ keçdiyini və müvafiq açıqlamanın seçkidən bir gün öncə veriləcəyini qeyd edir.
Gündüz Nəsibov, 1905.az