Bugünkü qonaqlarımız – filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli və araşdırmaçı jurnalist Bəybala Mirzəyev ilə Azərbaycanda elm sahəsində mövcud olan plagiat barəsində söhbət etdik.
Fuad Babayev: Biz bu gün plagiat haqqında danışacağıq. Mən Vikipediyada rast gəlinən plagiatla bağlı Pərvanə xanımın yazısına rast gəldim. Pərvanə xanım bildirir ki, Vikipediyada 10-dan artıq elmi araşdırması olduğu kimi verilib, amma müəlliflik hüququ çox kobud şəkildə pozulub. Bəybala müəllim də plagiatla bağlı status paylaşıb və orada Pərvanə xanımın da adını çəkib.
Əslində, plagiat nədir və hansı fəsadlara səbəb olur – bunu hamımız müəyyən dərəcədə bilirik. Plagiat bütün dünyada var, amma bizdə deyəsən daha çox vüsət alıb. Bunu nə ilə izah edirsiniz?
Pərvanə Məmmədli: Müxtəlif səbəbləri var. Səbəblərdən biri budur ki, bizdə kitablar, əlyazmalar elektronlaşdırılmayıb. Həyatdan köçən aydınlarımız – alimlərimiz, gözəl şairlərimiz, yazıçılarımız var. Onlara bəzi adamlar istinad edir və eyni zamanda, onların əməyini özününküləşdirirlər. Həmçinin bizdə ictimai qınaq, məzəmmət də azdır.
Fuad Babayev: Belə demək olarmı ki, bizdə ictimai rəy “bacarana baş qurban” prinsipi ilə plagiatçıya haqq qazandırır?
Pərvanə Məmmədli: Elm sahəsində daha çox şöhrət naminə, reklam olunmaq üçün və müəyyən imtiyazlar qazanmaq üçün plagiatçılıq edirlər. Onlar başqasının əqli mülkiyyətini mənimsəyir və bundan yararlanmaq istəyirlər. Bu cür hallar bütün dünyada var və kökü də qədimlərə gedib çıxır. Azərbaycanın elm və ədəbiyyat tarixində də xeyli bu cür hadisə olub. Bu barədə sosial şəbəkələrdə, KİV-lərdə son zamanlar çox yazılır.
Fuad Babayev: Pərvanə xanım səbəblərdən biri kimi elektronlaşdırmanı qeyd etdi. Tutaq ki, bir kitab 1970-ci illərdə nəşr olunub və artıq çox nadir tapılır, yaxud əlçatan deyildir. Kitab kiminsə əlinə keçir, həmin adam ona bir az əl gəzdirir və öz adından yayımlayır.
Təmkin Məmmədli: Bir məsələ də var: tutaq ki, hər hansı bir mənbənin elektronlaşdırılması onun plagiatını daha da asanlaşdırır.
Pərvanə Məmmədli: Şəxsən mənim başıma gəlib. Elektron kitabxanada öz yazılarımı qoymuşdum. Gördüm ki, artıq onlar yayılır, ancaq istinad da olunmur. Bilirsiniz, plagiatın müxtəlif növləri var: ya ideyanı mənimsəyirlər, ya da bütün kitabda qoyulan məsələləri götürüb yalnız iki-üç cümlə ilə müəllifi yad edirlər. Yəni bizim mühitdə elektronlaşdırma özünü doğrultmur, ancaq gələcəkdə bu proses lazımdır.
Fuad Babayev: Öz elmi irsini qorumaq imkanları olmayan, həyatdan köçən aydınlarımızın irsi mənimsənilir, buna baxmayaraq, ictimai qınaq yoxdur, yaxud lazımı səviyyədə deyil?
Bəybala Mirzəyev: Elmi sahədə plagiat problemi ilə bağlı daha kompetent fikirləri Pərvanə xanım söyləyə bilər. Çünki o sahənin təmsilçisidir. Doğrusu, araşdırmaçı jurnalist kimi bir çox məsələləri araşdırsam da, plagiat mövzusunu araşdırmamışam. Sizin bayaq qeyd etdiyiniz paylaşımı da dəyərli dostlardan biri – Adıgözəl Məmmədovun xahişi ilə etmişdim. Belə deyək, hörmətli politoloqumuz da plagiatın real qurbanlarından biridir. Amma təvazökar insan olduğundan o da öz haqqını qorumaq baxımından təsirli, effektiv vasitə tapa bilmir. Ona görə də müraciət etmişdi ki, bəlkə məsələni ictimailəşdirməklə nəticə əldə etmək olar.
MDB-nin bir çox ölkələrində, xüsusilə də ölkəmizdə plagiat çox “çiçəklənib”. Amma Gürcüstanda plagiat mövzusu demək olar ki, çözülüb. Orada müəlliflər bu məsələyə çox vicdanla yanaşırlar. Bu problem MDB ölkələrindən ən çox Rusiyada, Orta Asiya və Azərbaycanda yaşanır. Yadınızdadırsa, qonşu İranda bir neçə il bundan əvvəl plagiatla bağlı bir problem yaşanmışdı. Sabiq prezident Mahmud Əhmədinejatın komandasındakı nazirlərdən birinin diplom işinin plagiat olduğu üzə çıxmışdı.
Azərbaycanda plagiat probleminin geniş səbəb almasının müxtəlif səbəbləri var. Pərvanə xanım səbəblərdən birinə toxundu, yəni dünyadan köçmüş alimlərin elmi əsərlərinin elektronlaşdırılması. Amma başqa səbəblər də var. Birinci səbəb – mənəvi səbəbdir. Plagiat latıncadan hərfi tərcümədə “oğurluq” deməkdir. Oğurluq adətən maddi vasitələrə yönəlir.
Pərvanə Məmmədli: Buna isə mədəni oğurluq deyə bilərik.
Bəybala Mirzəyev: Demək olar. Bunun da artmasına səbəb elmi ad almağa marağın artmasıdır. Azərbaycan reallıqlarına xas olan səbəblər çoxdur. Və bu səbəblərdən elmi ada maraq və tələbat artır. Amma o tələbatı ödəmək istəyən insanın elmi potensialı, araşdırmaq, yazmaq, tədqiqat aparmaq qabiliyyəti yoxdur. Həmin adam oturub bir elmi məqalə, monoqrafiya yaza bilməyəcək, gedib kitabxanalarda, arxivlərdə araşdırma apara bilməyəcək. Ona görə də məcburdur ki, oğurluq etsin.
Fuad Babayev: Burada bir məsələ də var: həmin adam, adətən özü yazmır, kiməsə yazdırır. Demək, yazdırdığı adam oğurlayır.
Bəybala Mirzəyev: Doğrudur. Psevdo-alimlərin bir hissəsi özü yazmır.
Pərvanə Məmmədli: Yaxud konveyer üsulu ilə bir neçə nəfər birləşib bir yazını yazır.
Fuad Babayev: Buna dırnaqarası “kollektiv monoqrafiya” da deyirlər.
Pərvanə Məmmədli: Yaxud “kollektiv plagiat”.
Bəybala Mirzəyev: Nəticədə idbar bir mənzərə ortaya çıxır. Yəni birinci səbəblərdən biri – alim adı almaq üçün qeyri-sağlam tələbatın ortaya çıxartdığı nəticədir. İkinci səbəb isə müəllif hüquqları məsələsinin həm insanların şüurunda, həm də hüquqi olaraq həyatımızda hələ də oturuşmamasıdır. Müəllif hüquqları tabulardan, pozulması cinayət hesab edilən prinsiplərdən birinə, həyat tərzi normasına çevrilməlidir. Hər bir insan bilməlidir ki, əgər hansısa müəllifin haqqı oğurlanarsa, bu, həm mənəvi cinayətdir, həm də bunun hüquqi məsuliyyəti var. Bu, əgər bütün insanların beynində oturuşsa, o zaman bu cür cinayətlərə getməyəcəklər. Yəni cəmiyyətimiz plagiatı cinayət kimi təsəvvür etmir, xüsusilə də oğurluğa meylli insanlar. Əgər onlar bunun məsuliyyətini başa düşsələr, anlasalar ki, kiminsə haqqını, ideyalarını, yazılarını oğurlayıb özününküləşdirsə, buna görə həbs oluna bilər, o zaman həbs olunmaq qorxusu altında bunu etməyəcək.
Digər səbəbə toxundunuz – elektronlaşdırılmış elmi əsərlərin hissə-hissə, ya da tam şəkildə oğurlanması, mənimsənilməsi kimi halların qarşısını almaq üçün bir sıra ölkələrdə proqramlar var…
Fuad Babayev: Bizdə də var, amma deyəsən özünü doğrultmur.
Bəybala Mirzəyev: Niyə özünü doğrultmur, bunu da müzakirə etmək lazımdır, səbəblərdən biri də budur. Yəni formal olaraq var, amma praktiki olaraq işləmir. Əgər işləsə, problem xeyli dərəcədə azalacaq. Digər bir səbəb də məsələyə vicdani yanaşmanın olmamasıdır. Sizə bir epizod danışmaq istəyirəm. Rusiyada elmi camedə çox tanınmış Aleksey Komissarov bir neçə il bundan qabaq Moskva şəhər hökumətində elm, iqtisadi siyasət və sahibkarlıq Departamentinin direktoru işləyirdi.
Və bilavasitə elmi məsələlərə də məsul məmur idi. Kimlərsə oğurluq edə bilər, ancaq o, plagiatlıq edə bilməzdi. Ancaq plagiatda ittiham olundu. Kimlərsə onun son elmi işində plagiat momentlərini aşkar etdilər və bunu ictimailəşdirdilər. Azərbaycan reallıqlarında plagiatçıların çoxu “üzlü” olur. Yəni az qala real müəllifi “borclu” çıxardırlar.
Fuad Babayev: Yəni “Oğru elə bağırır ki, doğrunun bağrı yarılır”.
Bəybala Mirzəyev: Bəs Komissarov hansı addımı atır? O adam Ali Attestasiya qurumuna rəsmi məktub yazır; əvvəla Attestasiya Komissiyasından və elmi ictimaiyyətdən üzr istəyir, səhvini etiraf edir, bildirir ki, onun elmi işimi, elmlər doktoru statusunu ləğv etsinlər və ona şərait yaratsınlar ki, bu mövzuda tədqiqat aparsın, elmi işini yenidən müdafiə etsin. Baxın, bu, Rusiyada yaxşı mənada bir presedent yaratdı. Rusiya post-sovet məkanında plagiatçılığın ən çox yayıldığı ölkələrdən bəlkə də birincisidir. İkinci yerdə bəlkə də Azərbaycandır. Beləliklə, Komissarov belə bir müsbət nümunəyə səbəb oldu və artıq son iki ildə Rusiyada bu sahədə vəziyyət yaxşılığa doğru dəyişir. Lakin bizdə isə vəziyyət daha da pisləşir.
Müxtəlif sahələrdə plagiatçılıq özünü göstərir, ancaq bu problemi aradan qaldırmaq üçün hər sahə əlahiddə olaraq xüsusi bir qaydalar, qanunlar tətbiq edə bilməz. Bunun ümumi şəkildə aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarından əvvəl plagiatçılığa ən çox məruz qalan sahənin flaqmanı Milli Elmlər Akademiyası təşəbbüs göstərməlidir, digər sahələrin nümayəndələri də orada təmsil olunmaq şərti ilə bu problemin həlli ilə bağlı bir komissiya yaradılmalıdır və əvvəlcə səbəbləri araşdırılmalı, sonra isə problemin həlli, yəni hüquqi və s. istiqamətlərdə iş aparılmalıdır. Doğrudur, şairlərimiz, yazarlarımız, jurnalistlərimiz, blogerlərimiz, hətta sosial şəbəkələrdə aktiv olan insanlar da plagiata məruz qalır, status da oğurlanır. Amma bundan ən çox əziyyəti alimlər çəkir. Ona görə də burada ilk addımı AMEA atmalı, digər sahələr də dəstək verməlidir.
Pərvanə xanım düzgün qeyd etdi: elmdə plagiat daha çox məşhurluq azarından, şöhrət qazanmaq hissindən doğur. Yəni ilk səbəbi budur: adamlar istedadı olmasa da, özünü bu və ya digər formada realizə etməyə çalışır ki, tanınsınlar. Ona görə də bu üsula əl atırlar. İkinci səbəb isə intellektual və istedad qısırlığı ilə bağlıdır. Adamın hədəfi var, şair olmaq istəyir, amma istedadı yoxdur. Nəticədə idbar mənzərə ortaya çıxır. Mən tarixə ekskurs etmək istərdim. Təxminən oxşar problemlə Nizami Gəncəvi də qarşılaşıb. Nizaminin çağdaşları, hətta ətrafında bir sıra adamlar da istedadına, qabiliyyətinə, şan-şöhrətinə qarşı doğan paxıllıqdan irəli gələrək onu yamsılamağa başlayıblar.
Yaxud Şah İsmayılın vaxtında “Xətai” təxəllüsü ilə yazan çoxlu sayda şair olub. Ancaq ədəbiyyatda əsas sima “Xətai” imzası ilə özünü təsdiqləmiş Şah İsmayıl olub. Şah İsmayıl Xətainin imza haqqını oğurlayan plagiatlar olub. Nəsiminin da bu cür problemlər başına gəlib.
Bu problemin aradan qaldırılması üçün ilk növbədə bu məsələ ciddi araşdırılmalıdır və plagiatçılığı doğuran səbəblər aradan qaldırılmalıdır.
Fuad Babayev: Maddi nemətlərin oğurluğuna cəmiyyətdə çox dözümlü yanaşılır. Bizim bir ifadə var – “bacarana baş qurban”. Yəni belə bir mühitdə intellektual mülkiyyətin qorunmasına münasibət necə olar? Ona görə də plagiatı ictimai qınaq obyektinə çevirmək çox çətindir.
Pərvanə xanım, Sizin zəhmətinizin bəhrəsi oğurlanıb. Siz bu vəziyyətdə konkret olaraq nə etdiniz?
Pərvanə Məmmədli: Vikipediya elə bir resursdur ki, hamı ondan faydalanır. Amma o, elmi və ya ciddi mənbə də deyil. Yəni onu hazırlayanlar arasında ali təhsili olmayanlar, tələbələr də, professorlar da var, ora çoxlu gənclər cəlb olunub. Əvvəlki illərlə müqayisədə orada son dövrdə ədəbiyyata, mədəniyyətə aid çoxlu yazılar dərc edilib. Vikipediyanın öz şərtləri var. Hər hansı görkəmli şəxsiyyət barədə məlumat verildikdə onun həyatı, gördüyü işlər haqqında bir səhifə, istisna hallarda iki səhifəlik material verilir.
Fuad Babayev: Və istinadlar.
Pərvanə Məmmədli: İstinadlar da az qala bir səhifəni tutur. Bütün dünyada bu belə qəbul olunub. Yəni daha geniş yazmaq üçün orada istinadlar verilir, hansısa müəllif haqqında yazanda isə əsərlərinin siyahısı orada yerləşdirilir. Bizdə bu sahədə işləyənlər çox gəncdirlər, çox asanlıqla, tutaq ki, müəllifin kitabından ön sözü götürüb vikipediyaya yerləşdirirlər. Halbuki, müəllif gedib aylarla tozun içində arxivdə, yaxud kitabxanada oturub işləyir, xarici ölkəyə də ezamiyyə oluna bilər, həmin məqalə ola bilsin başqa dildən, yaxud əlifbadan çevrilsin, onun üzərində işlənilsin. Belə deyək, məsələn, müəllif üç kitab yazıbsa, bu kitabların cəmini götürüb elmi araşdırmalar kimi verirlər. Onu hazırlayan nöqtəsinə-vergülünə əl dəymədən “copy-paste” edib ora qoyur. Ən yaxşı halda yeni başlıqlar verir. Yəni belə hallar çoxdur.
Fuad Babayev: O insanın marağı nədədir?
Pərvanə Məmmədli: Plan verməlidir. Sonra həmin adam bir gün o məqaləyə istinad edir. Və bəzən müəllifdən qabaq öz adını verir. Yaxud müəllifin məqaləsini verir, dəyişdirir, onun bir cümləsini istinad edir, halbuki məqalə başdan-ayağa müəllifə məxsusdur.
Tutaq ki, bir dissertantım haradasa elmi müzakirə keçirilərkən yazısını oxuyur, görürəm ki, mənə tanış gəlir. Soruşuram ki, bunu haradan götürmüsən. Deyir ki, Vikipediyadan. Deyirəm ki, axı Vikipediyada müəllif olur. Baxır deyir ki, bəli, var. Ona izah olunur ki, bunun müəllifi var.
Məqalədən məqaləyə, araşdırmadan araşdırmaya fərq var. Biz Azərbaycan ədəbiyyatını araşdırırıq, amma Azərbaycan ədəbiyyatının öyrənilməyən sahələri var: Cümhuriyyət dövrü, mühacirət dövrü, Güney Azərbaycan. Bunlar haqqında mənbələr çox azdır, müəlliflər barmaqla sayılası qədərdir. Məsələn, mən ədəbiyyatımızın Güney Azərbaycan sahəsini araşdırıram. Bu sahəni araşdırmaq üçün gərək fars dilini, fars ədəbiyyatını biləsən, o coğrafiyaya da bələd olasan. Əski əlifbanı bilməsən, ümumiyyətlə bu barədə danışmağa dəyməz.
Hər şeyin ilk yazarı, onu ilk təqdim edən olur. Sonradan ona istinad edirlər. Mütləq o adamın adını çəkmək lazımdır. Məsələn, Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” adlı monoqrafiyası, Şəhriyarla bağlı “Ədəbi bir hadisə” adlı gözəl bir məqaləsi var. O zaman ona istinad edirdilər, amma ad göstərmirdilər. Deyirdilər ki, sovet dövründə Rəsulzadənin adını çəkmək olmazdı. Bəs indi niyə adını çəkmirsiniz?
Bizdə Vikipediyanın tələblərini, müəlliflik hüququnu pozurlar və bu cür halların sayı artır. Hər dəfə bir yazı hazırlayanda, yeni bir məqalə üzərində işləyəndə internetə baxıram, elektron kitabxanalara müraciət edirəm ki, görüm kim yazımdan istifadə edib. Görürəm ki, cümlələrimi haradasa başqa adla köçürüblər.
Xaricdə elmi yazını, kitabı müəyyən bir universitetin kitabxanasına qoyurlar. Və mən oranın üzvü deyiləmsə, istəsəm də o kitabxanaya girə bilmərəm. Ona görə də plagiat olmur. Əgər ora üzv olmaq istəsən, müəyyən məbləğdə pul ödəməlisən.
Fuad Babayev: Düşünürsünüz ki, tutaq ki, 20 dollar pul ödəmək plagiatın qarşısını kəsir.
Pərvanə Məmmədli: Xeyr, xaricdə bir az başqadır. Yadınızdadırsa, Macarıstan prezidenti, daha sonra Almaniyanın xarici işlər naziri plagiatçılıq etmişdilər, amma sonra bunu etiraf etdilər.
Fuad Babayev: İstərdim ki, cavab verək: nə etməliyik. Birinin, əslində cavabını bilirəm. Söhbətə başlamazdan əvvəl Bəybala müəllimin statusundan sitat gətirdim və görürük ki, zərər çəkənlərin adını çəkir: politoloq Adıgözəl Məmmədov, Səadət Şıxıyeva, Pərvanə Məmmədli, Aygün Həsənoğlu… Amma Bəybala müəllim bu adı çəkilən insanların yazısını oğurlayanların adını çəkmir. Zərər çəkən çıxıb deməlidir ki, mənim yazımı filankəs oğurlayıb və mən onu ittiham edirəm. Biz bunu etmirik. Səbəb burada “doğrular”ın ifrat dərəcədə cəsarətsizliyidir. Və həmin adamın intellektual mülkiyyətlə maddi mülkiyyətin oğurlanmasına münasibəti fərqlidir. Hesab edirəm ki, plagiat hücumuna məruz qalan insanlar yığışıb bir müraciət etməlidir.
Pərvanə Məmmədli: Ötən əsrin 40-cı illərində məşhur azərbaycanlı şərqşünas Turxan Gəncəyi (ədəbiyyatşünas /1925-2005/ – red.) İstanbula gedərək oradakı Universitetin türk və fars dilləri bölümünə daxil olmuşdur. Bir dəfə leksiyada görür ki, müəllimin danışdıqları ona tanış gəlir. Müəllim də kitab müəllifidir. Turxan Gəncəyi bildirir ki, bu dərslik kitabı daha əvvəl İranda çap olunub, siz də onu təzədən öz adınızdan çap etdirmisiniz. Bundan sonra universitetin müəllim kollektivi yığılıb bu tələbəni cəzalandırır. Beləcə 3-cü kurs tələbəsi T.Gəncəyiyə basqı və təzyiq etməyə başlayırlar. Yalnız Sorbonna Universitetində dərs deyən Əhməd Cəfəroğlu (Azərbaycan əsilli Türkiyə dilçisi, ədəbiyyatşünas /1899-1975/ – red.) onu xilas edir, İtaliyaya Neapol Universitetinə göndərir.
Bəybala Mirzəyev: Bəlkə də qəribə müqayisə kimi görünə bilər, mən plagiatçılığı Covid-19 ilə müqayisə etmək istərdim. Yoluxucudur, tez yayılan bir xəstəlikdir. Baxın, koronavirus planetar miqyasda yayılıb, plagiatçılıq da vaxtilə dünyada yayılıb və bütün ölkələr bu və ya digər formada bu mərhələni yaşayıblar. İlk növbədə qərb ölkələri bu mərhələni addayıblar. Ona görə də orada plagiatçılıq gündəmə gəlmir, aktual deyil. Onlar bunun hüquqi, elmi baxımdan mexanizmlərini də işləyib hazırlayıblar və cəmiyyətin özündə bir immunitet də formalaşıb. Avropa ölkələrində bitib, amma bizim coğrafiyada bu proses mütləq yaşanmalıdır.
Fuad Babayev: Gecikmirik ki?
Bəybala Mirzəyev: Gecikdik, gecikmədik, bu prosesdən mütləq keçməliyik. Necə və hansı müddətə, onu deyə bilmərəm.
Fuad Babayev: Hesab edirəm ki, istəsələr, başqa sahələrdə olduğu kimi mexanizm tapa bilərlər.
Bəybala Mirzəyev: Burada bir sıra özəl nüanslar var. Tutaq ki, elmi məqaləsi və ya monoqrafiyası və yaxud kitabının 70 faizi oğurlanan bir müəllif fədakarlıq edib məsələni ictimailəşdirsə və fenomenal, rezonans doğuran bir hadisə halına gətirsə, artıq bütün cəmiyyətdə bir fikir oturaşacaq ki, müəllif hüququna qəsd etmək olmaz. Kimsə bu addımı atmalıdır.
Fuad Babayev: Bəlkə də bir neçə nəfər bu addımı atmalıdır.
Bəybala Mirzəyev: Əvvəldə qeyd etdiyim kimi, həmin müəlliflər yığışıb Milli Elmlər Akademyasına müraciət etməlidir.
Fuad Babayev: Özlərində cəsarət tapıb sosial şəbəkələrdə yazsalar, kifayətdir.
Pərvanə Məmmədli: Sosial qınaq lazımdır.
Bəybala Mirzəyev: Qərb ölkələri, Yaponiya və s. ölkələr bu mərhələni keçiblər, amma bu iyrəncliklər o ölkələrdə də yaşanıb. Məsələn, Fridrix Bodenştedtin (Alman yazarı və tədqiqatçısı /1819-1892/ – red.) oğurluğu…
Fuad Babayev: Mirzə Şəfi Vazeh… Amma bizdən oğurlayıb, hansısa bir almandan oğurlamağa cəsarət etməzdi.
Bəybala Mirzəyev: Yəni indi bizdə gedən proseslər Qərbdə də yaşanıb. Qeyd etdim ki, plagiat post-sovet ölkələrdə çox yayılıb. Çində də çox vüsət alıb. Orada bütün parametrlər üzrə plagiatçılıq yayılıb, xüsusilə də elm sahəsində. Təsəvvür edin ki, dünyada plagiatçılıqdan ən çox şikayət edən alimlər çinlilərdir.
Müxtəlif ölçülərdə bunun həll yolları tapılmalıdır. Təbii ki, bu məsələ ilk növbədə dövlət qurumlarının nəzarətində olmalıdır. Amma ictimaiyyətin də üzərində vəzifə düşür. Onlar da buna nəzarət etməlidirlər.
Fuad Babayev: Tutaq ki, iki maşın toqquşur. Sürücülər yol polisini gözləyirlər və sığortadan da bir nəfər gəlir; bunun mexanizmi aydındır. Plagiatda da müəlliflər “toqquşur”. Əslində, bütün yükü müəllifin üzərinə qoymaq lazım deyil. Görürük ki, burada heç bir mexanizm işləmir. Heç kim maraqlı deyil ki, Pərvanə xanımın hüququnu qorusun. Yəni “suda batan” adam özü özünü xilas etməlidir.
Təmkin Məmmədli: Plagiatçılıq artıq məktəbdən qaynaqlanır. Müəllim deyir ki, inşa yaz, yaza bilməsəniz, internetdən götürün. Yaxud əksər diplom işləri internetdə hazır var.
Pərvanə Məmmədli: Avropa ölkələrində şagirdlər, tələbələr buna görə cəzalandırılır. Hətta şagird məktəbdən xaric olunur, müəllimdirsə, bütün hüquqları əlindən alınır.
Bəybala Mirzəyev: Belə görünür ki, qapalı dairə yaranır. Amma ilk addımı kim atmalıdır?
Pərvanə Məmmədli: Bilirsiniz, əgər plagiatı hansısa deputat etsə, sabah mənə problem yaradar. Onunla mübarizə aparmağa da dəyməz.
Bəybala Mirzəyev: Bu addımı ilk olaraq, bayaq qeyd etdiyim kimi, AMEA atmalıdırmı, yoxsa hüquq mühafizə orqanları və ya Müəllif hüquqları agentliyi bayrağı götürüb qabağa düşməlidir?
Burada ən müxtəlif təkliflər ola bilər. Ancaq biz ən yaxın qonşu ölkələrin təcrübəsini də nəzərə almalıyıq. Məsələn, ruslar “Dissernet” adlı bir resurs yaradıblar. O, həm alimlərin ictimai birliyi, həm də internet resursdur. Bizdə də plagiatçılığa məruz qalan alimlər yığışsınlar, belə bir təşəbbüs göstərsinlər.
Pərvanə Məmmədli: Mən də öz problemlərimi həll etmək istəyərkən bu məsələ ilə çox maraqlandım. Bizdə bir bank var, ona müəyyən qədər pul ödəyirsən və kitablarının da siyahısını verirsən. Məbləğ elə də çox deyil. Əgər kimsə səndən oğurluq edirsə, bank sənin hüquqlarını müdafiə edir. Mən isə artıq əsəblərimi korlamıram, vaxtımı itirmirəm, əvəzində öz işimlə məşğul oluram.
Bəybala Mirzəyev: Olmazmı ki, plagiatçılığa məruz qalan insanlar gedib Müəllif hüquqları agentliyinin yaxasından yapışsınlar.
Pərvanə Məmmədli: İnanmırlar. Uzun prosesdir, süründürməçilikdir.
Fuad Babayev: Bizdə elə düşüncə var ki, kimsə bizim problemi həll etməlidir, biz isə heç nə etməməliyik.
Bəybala Mirzəyev: Plagiata məruz qalan müəlliflərin sayı artdıqca, bir gün bu məsələ şişib partlayacaq.
Fuad Babayev: Amma indiyə qədər artıq parlamalı idi.
Bəybala Mirzəyev: Say həqiqətən artır, amma tam pik həddə çatmayıb.
Maarifçilk işi aparılmalıdır. Ancaq hansı aspektdən. Plagiatçılığın haram məsələ olması anlayışı insanların şüuruna yeridilməlidir. Yəni oğurluq bütün hallarda haramdır. Burada dindən söhbət getmir, mən məsələyə sırf mənəvi aspektdən toxunuram. Qərbdə mülkiyyət hüququ nə qədər qorunursa, bizdə də cəmiyyətdə müəlliflik hüququ o dərəcədə toxunulmazlıq statusu qazanmalıdır. Bu da, maarifçilikdən keçir.
Hazirladı: Mehman İbrahimov, 1905.az
Söhbət 10 fevral 2021-ci il tarixində baş tutub.
Materialda https://ru-science.com/ru saytının fotosundan istifadə edilmişdir.