Məmləkətin ən aktual problemlərindən biri avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlıdır. Bunu sükan arxasında olmuş, olan, olmayan, nə zamansa olacaq və heç bir zaman maşın sürməyəcək insanlarımızın müəyyən hissəsi təsdiqləməyə hazırdır. Məhz bu səbəbdən “plyonka” məsələsi mütəmadi olaraq müzakirə edilir və taleyüklü məsələ permanent təftiş obyektidir.
Elə bu gün qafqazinfo.az saytında “plyonka” ilə bağlı yeni qaydaların hazırlanması ilə bağlı xəbərə rast gəldim. Və dərhal oxudum. Bildim ki, baş nazir sözügedən məsələ ilə bağlı müvafiq sərəncam imzalayıb…
Yazını siz də oxuya bilərsiniz. Odur ki, təfərrüatlara varmağa lüzum görmürəm. Yalnız onu qeyd etmək istəyirəm ki, sənəddə Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, müvafiq layihəni iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməli olması vurğulanır.
Bu gün aprel ayının 28-dir. İki aydan sonra təqvim ilinin günəşli günlərinin xeyli hissəsi arxada qalmış olacaq. Ədalət naminə deməliyəm ki, 28 iyundan sonra da xeyli isti, ola bilsin hətta daha isti və günəşli günlər olacaq. Üstəlik, bu sənəd bir illik deyil. Sənəd gələn illərə də aiddir. Odur ki, heç bir yubanmadan söhbət belə gedə bilməz, hər şey qaydasındadır və sənəd də tam vaxtında, hətta ola bilsin vaxtından bir qədər əvvəl imzalanıb.
Mən diqqətinizi “plyonka” məsəsləsinin uzunömürlülüyünə yönəltmək istəyirəm.
2019-cu ilin 19 noyabrında, fed.az saytında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin “Report”a verdiyi açiqlama dərc edilib. Açıqlamada bildirilir ki, nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.
2011-ci ilin 16 iyununda, simsar.az saytında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin ban şüşələrinin tündləşdirilməsi ilə bağlı yaydığı növbəti məlumatı yayıb. Məlumatda Baş DYP İdarəsi bir daha avtomobil sürücülərinin və sahiblərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyətinin hədləri göstərilir. Və xüsusi olaraq qeyd edilir ki, göstərilən faizlər sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tündləşmə deyil, işıqburaxma qabiliyyətini müəyyən edən hədlərdir…
Bu maraqlı mövzu ilə bağlı başqa yazıları axtarmaga həvəsim olmadı. Odur ki, saytlarımızın arxivlərinə bu kiçik ekskursu elə burada da bitirirəm. Yeri gəlmişkən, yazını da bitirmək məqamıdır…
Metro işləmədiyindən hər gün yerüstü nəqliyyatdan istifadə etməli oluram. Babək prospektinin paytaxt əhalisi tərəfindən xüsusi saygi ilə “maşın bazarı” adlandırılan obyektlər konqlomeratının yanından keçən hissəsində hər gün əlində “plyonka” yelləyən soydaşlarıma rast gəlirəm. Onlar “plyonka”ları əlbəttə satmaq məqsədilə nümayiş etdirirlər.
Yaxşı olar ki, həmin insanlar işsiz qalmasınlar.
Fuad Babayev