“CBS” mətbəəsinin texniki redaktoru Cəsarət Qasımov və “Şərq-Qərb” nəşriyyatının kommersiya departamentinin direktoru Xilqət Əsədovla cib kitablarından danışdıq.
Fuad Babayev: Azərbaycanda cib kitabı (“poket buk”) təşəkkül tapa bilibmi? Nəşriyyatlarımızın çap etdiyi kitabların neçə faizi “poket buk” kimi səciyyələndirilə bilər?
Xilqət Əsədov: Bizim nəşriyyat əsasən sifariş əsasında kitab çap etsə də, öz nəşrlərimizə də vaxt ayırmağa çalışırıq. Bizim nəşr etdiyimiz kitablar arasında təbii ki, cib formatlı kitablara da rast gəlmək mümkündür. Bu kitabçı üçün də çox rahat formatdır.
Cəsarət Qasımov: Cib kitabları ilə bağlı məsələnin araşdırılması həqiqətən də bu gün aktualdır. “CBS” mətbəəsi 2 il əvvəl “Didaktika” nəşriyyatının sifarişi ilə “poket buk” formatlında silsilə kitablar çap edib. İndi də “poket buk” formatında lüğətlər, müxtəlif dillərdə kitablar çap etməkdə davam edirik. Amma bu formatlı kitabların tirajı əvvəlki kimi böyük deyil, azalma var. Ən əsas məsələ cib kitablarının oxunaqlı olmasıdır. Bunun üçün də ideal format 60×90/32, yəni 10,7 sm x 14 sm ölçüdə ola bilər. Mən təklif edərdim ki, orta və ali məktəb dərslikləri üçün də cib kitabı formatında nəşrlər düşünülsün.
Fuad Babayev: Mənə elə gəlir ki, Azərbaycan dilində “poket buk” formatlı kitabların sayı azdır. Kitablar daha çox A5 və daha böyük formatda, qalın cilddə və albom şəklində olur. Bəzən nəşrin səhifələrinin sayının çoxluğunu və böyük formatda olması kitabın əsas məziyyəti kimi dəyərləndirilir. Azərbaycan müəllifiöz kitabını “poket buk” formatında görmək istəyirmi?
Cəsarət Qasımov Görmək istəyir.
Fuad Babayev: Bəs nə üçün o formatlı kitablar azdır?
Cəsarət Qasımov: Çox zaman müəlliflərin “poket buk” formatlı kitabların Azərbaycanda nəşr edilməsindən xəbərləri olmur. Bizim təklifimizdən sonra o formata üstünlük verirlər.
Təmkin Məmmədli: Amma belə bir fikrin olmasını da inkar etmək olmaz ki, çox zaman yazıçılar, tanınmış insanlar ciddi, sanballı ədəbiyyatın cib kitabı formatında nəşrinə heç də isti baxmırlar.
Cəsarət Qasımov: Mən bir fakt deyim. Akademik Teymur Bünyadov A5 formatından da böyük bir kitabı bizim mətbəəyə çapa göndərmişdi. Amma mən texniki redaktor kimi kitabı “poket buk” formatına çevirdim. Həmin kitabdan bir nüsxə nümunə çap edib müəllifə göndərdikdən sonra o bu formatı çox bəyənərək fikrini dəyişdi. Yəni hazırda bizim mətbəədə “poket buk” formatlı kitablar çap olunur.
Xilqət Əsədov: “Əli və Nino”, “TEAS Press” nəşriyyatlarının “poket buk” formatında çap etdiyi kitablar hazırda kitab bazarında özünə yer tapmasına rəğmən, burada risk amili də var. Yəni satış arzuedilən səviyyədə deyil. Mən Frankfurt beynəlxalq kitab yarmarkasında olarkən müşahidə etdim ki, xarici ölkələrdə “poket buk” formatında çap edilən kitablar bizim nəşrlərdən daha sadə və daha keyfiyyətsizdir. Yəni onlar bu formatlı kitabların nəşrində daha ucuz materiallardan (qəzet və makulatura kağızı və s.) istifadə edirlər.
Fuad Babayev: Oxucumuz “poket buk”a hazırdırmı?
Xilqət Əsədov: Xarici müəlliflərin, bestsellerlərin “poket buk” formatında Azərbaycan dilində çap edilmiş kitabları satılır. “Poket buk” formatında biznes kitabları, dini kitablar mağazalarda həddindən artıq çoxdur.
Cəsarət Qasımov: Xarici müəlliflərin Azərbaycan dilinə tərcümə edilmiş əsərləri bizim mətbəədə “poket buk” formatında 3-4 min tirajla çap edilib. Bu kitabların satışı onların təkrar nəşrinə rəvac verib.
Fuad Babayev: Azərbaycan reallığında “poket buk”un müəllif üçün cəlbediciliyi onun ucuz başa gəlməsi ilə bağldır. Amma Azərbaycanda oxucu auditoriyası genişliyi arzuolunan səviyyədədirmi? “Poket buk” nəşrinin perspektivləri barədə Sizin fikrinizi bilmək istərdik.
Cəsarət Qasımov: Maraqlı mövzulu kitabların “poket buk” formatında çapı onun uğurunun ilkin səbəbidir. Bundan başqa “poket buk”un ucuz başa gəlməsi də mühüm amildir. Cəmiyyətdə kitaba təlabat formalaşdırılmalıdır. Mənə elə gəlir ki, bu formatlı kitabların Azərbaycanda kütləvi nəşri olsa kitab bazarında öz yerini tuta bilər.
Xilqət Əsədov: İstər Rusiyada, istərsə də Avropada əsasən bədii əsərlər “poket buk” formatında çap edilir. Non-fikşn (sənədli nəsr – red.) məzmunlu kitablarda isə şəkillər üçün daha keyfiyyəti kağız və daha böyük format tələb olunur.
Təmkin Məmmədli: Hərçənd ki, turistlər üçün şəkil və xəritələrlə təchiz edilmiş kiçik formatlı bələdçi-kataloqlar çap edilir.
Xilqət Əsədov: Bəli. Amma həmin nəşrlərdə də şəkil vermək əziyyətli işdir. Amma lüğətlər, danışıq kitabçaları üçün “poket buk” çox rahat formatdır. Ümumulikdə bu formatlı kitabların qiymətinin əlverişli olması, oxucu üçün rahatlığı və yüngüllüyü, satış həcminin artmasının müəllifə stimul verməsi “poket buk”un perspektivinə inamı artırır.
Fuad Babayev: Cəsarət müəllim, Siz neçə ildir kitab çapı, poliqrafiya sahəsində çalışırsınız?
Cəsarət Qasımov: 1997-ci ildə hərbi nəşriyyatın mətbəəsində fəaliyyətə başlamışam. 2002-ci ildən isə “CBS”dəyəm.
Fuad Babayev: Bu illər ərzində tendensiya necədir?
Cəsarət Qasımov: “Poket buk” qəddini düzəldir. Mən bunun şahidiyəm. Cari ilin sifarişlərində də bu özünü göstərir. Bu ilin ilk 2 ayı ərzində “poket buk” formatlı kitabların sifarişi keçən ilə nisbətdə 30 faiz çoxdur.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 13 mart 2020-ci ildə baş tutub.
Foto dezinfo.net saytdan götürülüb