Elman Cəfərli və Ramiyyə Məmmədova ilə bizim politologiyanın mediada inikası barədə danışdıq.
Fuad Babayev: Azərbaycan mediasının oxucuya, dinləyiciyə, tamaşaçıya təqdim etdiyi informasiya məhsulunda bizim politoloqların iştirakını necə dəyərləndirirsiniz?
Elman Cəfərli: Biz WhatsApp qruplarında öz dostlarımızla bu barədə danışırıq. Amma bu mövzunu ictimai müzakirəyə çıxaranda adətən insanlar inciyirlər. Söhbət saxta təqdimatlardan gedir.
Fuad Babayev: Yəni politoloq olmağa haqqı çatmayan adam özünü politoloq kimi təqdim edir?
Elman Cəfərli: Bəli. 40 il bundan öncə siyasi şərhçi deyəndə Azərbaycan televiziyasında veriliş aparan Murtuz Ələsgərovu, Seyfəddin Qəndilovu xatırlayırdıq. Sonra onlar estafeti Musa Qasımlıya, Mübariz Qurbanlıya, Qabil Hüseynliyə verdi. O vaxt politoloq anlayışı yox idi, sadaladığım şəxslərin hamısı sanballı siyasi şərhçilər idi. Ötən əsrin 90-cı illərindən etibarən isə Zərdüşt Əlizadə, Mübariz Əhmədoğlu, Rasim Musabəyov mediada göründü. Media həmişə özünün sanballı fikri olan savadlı mütəxəssisləri axtarır. Mediada belə şeylər çox olur. Filankəs mənim dostumdur, onu efirə çıxarın. Bir dəfə efirə çıxarırsan, ikinci dəfə heç kim onu axtarmaq istəmir. Çünki fikri yoxdur, sadəcə özü üçün danışır. İnsanlar üçün bu qalxan rolu oynayır. İnsanlarda bir az şöhrətpərəstlik var, daha sanballı görünmək istəyirlər. Ona görə politoloq adının, fəlsəfə doktoru adının altına sığınırlar.
Saxta təqdimat təkcə politoloqlara aid deyil. Mənə elə gəlir ki, hazırda Azərbaycanda medianın hər zaman axtardığı sanballı politoloqlar var. Adları yadımdan çıxsa, üzrlü saysınlar. Elxan Şahinoğlu, Natiq Miri, Mübariz Əhmədoğlu.
Fuad Babayev: Mübariz Əhmədoğlu son vaxtlar mediada görünmür nəsə…
Elman Cəfərli: O ancaq Ermənistan üzrə açıqlama verir. Rusiyada, Türkiyədə artıq politoloqların ayrı-ayrı ölkələr üzrə ixtisaslaşması gedir. Bizdə isə Sizi inandırım ki, Liviyadandan da, Türkiyədən də, Gürcüstandan da danışmağa hazır olan politoloqlarımız var.
Fuad Babayev: Elman müəllim, indi günah kimdədir? Liviyadan Suriyaya 5 dəqiqənin içində adlayıb keçəndə, yoxsa ona təkidlə o sualı verən media mənsubunda?
Elman Cəfərli: Günah həm politoloqda, həm də medianın qeyri-peşəkar yanaşmasındadır.Jurnalist hazırladığı materiala, oxucusuna hörmət etməlidir. Mövzunu bilməyən şəxsdən mən niyə o barədə fikir öyrənməliyəm? Müstəqilliyimizin ilk dövründə bizim axtardığımız ekspertlər Tofiq Zülfüqarov, Eldar Namazov, rəhmətlik Vəfa Quluzadə idi. Bu adamlara sanki indi meydan verilib. Görürsən 24 saat jurnalistika ilə məşğul olan baş redaktor da efirə politoloq kimi çıxır. Politoloq adı axı sənin nəyinə lazımdır? Öz fikrin varsa, onsuz da səni axtaracaqlar. Əgər öz fikrin yoxdursa, nə ad altında efirə çıxmağından asılı olmayaraq heç kim səni axtarmayacaq.
Fuad Babayev: Elman müəllim hərşeyşünas saxta politoloqların bolluğundan danışdı. Ramiyyə xanım, Siz politoloq kimi hansı sahə üzrə ixtisaslaşırsınız?
Ramiyyə Məmmədova: Əslində Elman müəllimin sözlərində çox böyük həqiqət var. Fuad müəllim mənə Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti – red.) dərs deyib. Mən Beynəlxalq münasibətlər üzrə təhsil almışam. Bu gün politoloqların əksəriyyətinin beynəlxalq münasibətlər üzrə təhsili yoxdur.
Fuad Babayev: Siz politoloq kimi hansı sahə üzrə ixtisaslaşmısınız?
Ramiyyə Məmmədova: Mən deyə bilmərəm hansı sahə üzrə ixtisaslaşmışam. Amma mən Türkiyəyə köçəndən sonra birmənalı olaraq Türkiyə üzrə işləməyə başladım. Çünki Azərbaycan mediası məndən Türkiyənin daxili və xarici siyasəti üzrə şərhlər istəyirdi. 2019-cu ildə İstanbul Böyük Şəhər Bələdiyyə seçkilərində medianın əvəzinə Türkiyədə mən işlədim. Həmin dövrdə səhərdən axşama kimi medianın Türkiyə ilə bağlı suallarını cavablandırırdım.
Fuad Babayev: Ortada olan politoloqların əksəriyyətinin çıxışlarına baxanda özüm üçün yeni heç nə görmürəm. Amma burada biz səbəbi axtarmalıyıq. Bu problemdən çıxış yolunu nədə görürsünüz?
Elman Cəfərli: Politoloq peşəsi nüfuzlu, hörmətli olduğu üçün insanlar bu ad altına sığınırlar. Mediada peşəkarlıq artmalıdır. İndi sarı mətbuat çoxalıb. Sosial media ilə peşəkar media arasında sərhədlər itib. Problemlər buradan qaynaqlanır. Bundan başqa mediada qeyri-peşəkarlıq artıb. Biz əvvəllər Vəfa Quluzadəni, Eldar Namazovu axtarardıq. Amma indi kimdən gəldi mahiyyətinə varmadan rəy alırlar.
İkincisi, qeyri-peşəkarlar özlərinə hörmət etməlidir. Bizim ziyalı olaraq, jurnalist olaraq missiyamız cəmiyyətdə saflaşma və sağlam bir ortam yaratmaqdır. Niyə insanlar siyasi dolandırıcılıqla, ədəbi fırıldaqla, intellektual oğurluqla məşğul olmalıdır? Adam tanıyıram ki, qəzet redaktorudur, QHT sədridir, amma başqasının fikirlərini öz adından politoloq qismində televiziyada təqdim edir. Ötən əsrin 90-cı illərdə mediada vəziyyət çox qarışıq idi. Siyasətdən yazan iqtisadiyyatdan da yazırdı. Amma indi xeyli dərəcədə ixtisaslaşma gedib. Hətta bu ixtisaslaşma özünü saytlarda da büruzə verir. İqtisadiyyat-maliyyə, idman və s. sahələr üzrə ixtisaslaşan kifayət qədər saytlar yaranıb. Mənə elə gəlir ki, Ramiyyə xanımın təmsil etdiyi politologiya sahəsində də ixtisaslaşma getməlidir. Əgər politoloq hər hansı mövzunu bilmirsə, açıqlama verməkdən imtina etməyə özündə güc tapmalıdır.
Fuad Babayev: Hər sahə üzrə açıqlama verən mütəxəssislər də bunu onunla izah edirlər ki, əgər bir dəfə imtina etsək, daha bizim fikrimizlə maraqlanan olmayacaq. Politologiyanın bu vəziyyətə düşməyində əsas məsuliyyəti elə cəmiyyət daşıyır məncə. Bəs çıxış yolu nədədir?
Elman Cəfərli: Öncə bir məsələyə aydınlıq aydınlıq gətirçək istəyirəm. Bu ixtisas məsələsi deyil. Mən tarix fakültəsinin məzunuyam, amma tarixçi deyiləm. Mən 22 ildir peşəkar jurnalistika ilə məşğulam, peşəkar redaktoram. Təbii ki, Azərbaycanda peşəkar politoloqlar var.
Ramiyyə Məmmədova: Biz bir neçə il bundan öncə bu işə başlayanda politoloq kimi tanınan çox az adam var idi. Mən 3-4 ay idi ki, Türkiyədə idim. İndi televiziyalarda politoloq adı ilə efirlərə çıxanların əksəriyyətini tanımıram. Onların arasında mən keçmiş tələbələrimə də rast gəlirəm.
Fuad Babayev: Sizin eifrə çıxan politoloqları tanımamığınız təbii ki, onların səviyyəli olmaması anlmamına gəlmir.
Ramiyyə Məmmədova: Əlbəttə, onların arasında səviyyəli politoloqlar da var. Amma mediada boşluqlar çoxdur. Son zamanlar YouTube kanalları çoxalıb, onların efirini doldurmaq üçün adam lazımdır.
Fuad Babayev: Heç yerdə tanımmayan politoloq əlahəzrət medianın diqqətini çəkmək üçün nə etməlidir?
Elman Cəfərli: Ötən əsrin 90-cı illərində bu çox çətin idi. İndi isə həmin şəxs sosial mediada öz fikirlərini çox asanlıqla yaya bilər. Biz çox zaman Ramiyyə xanımın həmkarlarının fikirlərini sosial mediadan götürürük. Yəni politoloqun sosial şəbəkədə yazdığı fikir diqqətəlayiq olsa, hamı ondan istifadə edəcək, həmin şəxsi qəzetə də, sayta da, televizyaya da dəvət edəcəklər.
Ramiyyə Məmmədova: Bəzən internet televizyaları politoloqu efirə çağırıb şou aləmindəki kimi qalmaqal yaratmağa çalışırlar.
Elman Cəfərli: Şahin Cəfərlinin Türkiyə siyasəti ilə bağlı fikirləri daim maraqla oxunur. Ona Türkiyə üzrə mütəxəssis demək olar. Jurnalistikamız inkişaf etdiyi kimi yaxın illərdə politoloqlarımızın da sahələr üzrə ixtisaslaşması qaçılmazdır. Mübariz Əhmədoğlu son dövrlər yalnız Ermənistanla bağlı danışır, Sədrəddin Soltan ancaq İran və Güney Azərbaycanla bağlı rəy bildirir.
Fuad Babayev: Faktiki olaraq politoloqların ixtisaslaşması prosesi gedir.
Elman Cəfərli: Bayaq qeyd etdiyim kimi Şahin Cəfərli Türkiyə siyasəti ilə bağlı suallara cavab verir. Elxan Şahinoğlunun isə əhatə etdiyi mövzu dairəsi Ukrayna və Gürcüstan da daxil olmaqla daha genişdir.
Fuad Babayev: Bayaq qeyd etdiniz ki, politoloq adlanmaq həm də prestijdir. İnsanlar sanballı, nüfuzlu görünmək üçün də özlərinə politoloq deyirlər. Əgər politoloq pul qazana bilmirsə onun prestiji nədən ibarətdir?
Elman Cəfərli: Elit peşələr var. Misal üçün diplomat elit peşədir. Mən hesab edirəm ki, politoloq da elit peşədir. Bundan başqa peşəni bizə sevdirən insanlar olur. Görünür bu peşədə ilk gördüyümüz şəxslər elit insanlar olduğu üçün bizim də yaddaşımızda elə qalıb. Vəfa Quluzadə, Tofiq Zülfüqarov, Eldar Namazov kimi kübar təbiətli politoloqlarla danışanda insan mənən qidalanır. Yəni politoloq peşəsinin nüfuzu bu amillərlə bağlıdır. Cəmiyyətin yanaşması da bu baxımdan önəmlidir. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətində yazıçı 24 saat işləyən jurnalistdən daha sanballı, daha hörmətlidir. Son vaxtlar reket jurnalistlər də bu peşəni tamamilə gözdən salıblar. Adam hörrmətli yerdə özünə jurnalist deməyə utanır. Mənə elə gəlir politoloqun heç kimlə işi olmayan, cəmiyyəti aydınladan bir obrazı var. Medianın peşəkarlaşmaması isə hazırkı informasiya bazarı ilə bağlıdır.
Fuad Babayev: Xəbər bazarında 90-cı illərdəki rəngarənglik indi yoxdur.
Elman Cəfərli: Bəli. Əvvəlki xəbər bazarı daha sanballı idi. Hazırda hər hansı mövzu ilə bağlı məqalə hazırlayırkən bu sahənin peşəkarlarına üz tutulmur. Gənc bir politoloqdan rəy öyrənilir və sadəcə məqaləyə daha yaxşı çığırqan başlıq qoymaqla oxucu cəlb etməyə çalışırlar. Həmin sərlövhəyə daha çox IP gətirir. İndi oxucunun tələbləri dəyişib. Oxucu cəlbedici sərlövhə dalınca qaçır, məzmuna baxan yoxdur.
Fuad Babayev: Tamaşaçı və ya oxucu isə peşəkar politoloqu diletantdan ayıra bilmirsə, bizə nəyə ümid edək?
Elman Cəfərli: Hələ ki, bu çürümə prosesi belə gedəcək. Bunun qarşısını almaq olmaz. Amma mən hesab etmirəm ki, tamamilə boşluqdur. Nə qədər kimi yuxarıda sadaladığım peşəkar politoloqlar var, ümidsiz olmağa dəyməz. Jurnalistikaya nə qədər təsadüfi adamlar gəldi, politoloqlar arasında da belələri olacaq.
Fuad Babayev: Mənə elə gəlir ki, tətbiqi və elmi politologiyada deyil, politologiyanın media bölümündə qeyri-peşəkarlar daha çox duruş gətirə bilir. Peşəkar adam özünə qiymət verməyə meyillidir. Ramiyyə xanım, Türkiyədə efirə çıxan politoloqlara qonorar verirlər?
Ramiyyə Məmmədova: Bəli, Türkiyədə politoloqlar qonorar alırlar. Saytlarda və qəzetlərdəki köşə yazarları da qonorar alırlar.
Elman Cəfərli: Mən bildiyim qədər bizdə də saytlarda və qəzetlərdəki köşə yazarları qonorar alırlar. Amma ekspertlərin qonorar alma sistemi bizdə yoxdur.
Hazırladı: Təmkin Məmmədli, 1905.az
Söhbət 2 iyun 2021-ci il tarixində baş tutub
Materialda “www.wrvo.org” saytının fotosundan istifadə edilib