
Ürəklə baglı problem yaşayan fərdlər kardioloqa, diş ağrısından əziyyət çəkənlər stomatoloqa üz tutmalıdırlar. Ümumiyyətlə, insan orqanizmində rast gəlinən bütün xəstəliklərlə bağlı tibbi ixtisaslar mövcuddur. Ən azı buna görə, tutaq ki, mədə xorasını müalicə etmək istəyən xəstələr bir qayda olaraq nevropatoloqa deyil, qastroenteroloqa müraciət edirlər.
İnsan oqranizmi qədər mürəkkəb siyasi prosesləri və institutları öyrənən insanları sadəcə politoloq adlandırmaq nə dərəcədə düzgün sayıla bilər?
Məsələn, siyasi partiyaları öyrənən politoloqlar özlərini partoloq hesab edirlər.
Münaqişələr konfliktoloqlar, hakimiyyət problemləri kratoloqlar tərəfindən araşdırılır.
Bütün bunlar az qala hamıya bəlli olan məsələlərdir.
Heç kimə bəlli olmayan məsələ də var.
Bir xeyli adamı sadəcə politoloq adlandırmaqda məqsəd nədir?
Daha dogrusu, bu dəyərli insanların politologiyanın məhz hansı sahəsi üzrə ixtisaslaşdıqları bir qayda olaraq niyə bildirilmir? Bunu gizlətməyə dəyərmi? (Şəxsən mən bu insanların əhəmiyyətli hissəsinin əslində heç bir siyasi elm sahəsi üzrə ixtisaslaşmadığı barədə zərərli olduğu açıq-aşkar sezilən mübahisəli fikri qəbul etmirəm.)
Aydın olmayan daha bir neçə məsələ var.
Ərəb dünyasında cərəyan edən prosesləri şərh və təhlil etmək üçün ərəb dilini bilməyin vacibliyini şübhə altına almaq olmaz. Bu özünü tarixçi adlandıran tədqiqatçımızın hökmən əski əlifbanı bilməli olması qədər əhəmiyyətlidir. Bu elementar qaydaya həmişə əməl edilirmi?
Ya da Çinin dünyadakı rolu, bu ölkənin qarşılaşdığı irili-xırdalı problemləri həll etməsi ilə bağlı mülahizələr yürüdən mütəxəssis nəhəng dövlətin rəsmi dövlət dilində heç olmasa oxuya bilmirsə onun peşəkarlığı şübhə altına alınmalı deyilmi?
Əlbəttə, ingilis dilini ortabab səviyyədə bilməklə vəziyyətdən çıxmaq olar. Onu da qeyd etməliyəm ki, yalnız bir dili bilməklə də politoloq kimi təqdim olunmaq mümkündür. Əsas odur ki, fərddə politoloq adlandırılmağa sərhəd tanımayan maraq, həvəs olsun…
Şirinlik əmsalı elə də böyük olmayan çoxsaylı təcrübələrə əsaslansaq etiraf etməliyik ki, politologiya haqqında təsəvvürlər əsaslı təftişə məruz qalsa yaxşıdır.
Bu olmaya da bilər.
Azərbaycan nağıllarında hər bir dərdin çarəsini bilən yetərli sayda loğman obrazları var.
Niyə real həyatımızda bütün dünyanı izah etməyə iddialı politoloqlar olmasın?