Xristianlar! Mənə çatan səhih məlumata görə, bədxah adamlar yalnız mənasız və yalan məlumatlar yaymağa yox, hətta xoşbəxt Rusiyaya köçürülməyə icazə istəyənlərin ürəyinə qorxu salmağa və bununla da onların ürək arzularının qarşısını almağa çalışırlar.
Bunun qarşısını almağa və erməni xalqının mənə olan inamına görə, baş komandanın mənim üzərimə qoyduğu vəzifə borcuna görə, sizə bildirirəm ki, alicənab Rusiya padişahı köçmək arzusunda olanlara öz dövlətində ümidli, rahat və xoşbəxt sığınacaq verir. Özünüzün seçəcəyiniz yerlərdə – İrəvanda, Naxcıvanda, Qarabağda yalnız onda bir hissəsi dövlət xeyrinə əkilib- becəriləcək bol məhsullu torpaq alacaqsınız. Siz hər cür vergidən altı il müddətində azad olunursunuz və sizin ən kasıbınıza kömək veriləcək. Burda qalan mülki adamlar öz ailələrini göndərib, Türkmənçay müqaviləsinə görə, təxminən 5 il müddətində əmlaklarının satılması üçün vəkil qoya bilərlər. Onların siyahı ilə qalan əmlaklarının mən alihəzrət Abbas Mirzənin yanındakı diplomatik nümayəndəyə, yaxud da komissara çatdıracağam. Rusiyada siz dinlərə yol verildiyini və rusların padşahın başqa təbəələri ilə hüquq bərabərliyini görəcək və dözə bildiyiniz bütün dərd-səri unudacaqsınız. Orada xristianlarla məskunlaşmış yeni vətən tapacaq və müqəddəs dinə olan təzyiqi daha görməyəcəksiniz. Orada qanunların himayəsi altında yaşayacaq və onların faydalı təsirini hiss edəcəksiniz. Orada, nəhayət, öz güzəranınızı yaxşılaşdıracaq və verdiyiniz kiçik qurbanların yüz dəfə əvəzi çıxacaq. Siz hər biriniz üçün əziz olan vətəninizi tərk edəcəksiniz, lakin xristian torpağı haqqında bir fikir sizə sevinc bəxş etməlidir.
İran vilayətlərinə səpələnmiş xristianlar öz birliklərini görəcəklər və Rusiyanın böyük padşahının sizin sədaqətinizin əvəzini nə ilə çıxacağını biləcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İran hüdudlarından çıxacaq, onda sizin köçürülməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz getməyiniz üçün cavab vermək iqtidarında olmayacağıq. Az qurbanla həmişəlik hər şeyi alacaqsınız.
Rusiya imperator polkovniki və kavaler Lazarev.
30 mart, 1828-ci il. Urmiya şəhəri.
S.N. Qlinka. “Ermənilərin Azərbaycan köçürülməsi” kitabından. “Azərbaycan”nəşriyyatı, Bakı 1995