2020-ci il Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesi başlanıb. Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələrin miqyası, əhatə dairəsi və nəticələri o qədər genişdir ki, bu dövrdə görülən işlər regionun bütün inkişaf mənzərəsini köklü şəkildə dəyişib.
Böyük Qayıdışın təmin olunması üçün ilk olaraq zəruri konseptual və institusional işlər həyata keçirilib, koordinasiya mexanizmləri formalaşdırılıb, “Böyük Qayıdış” Dövlət Proqramı təsdiq edilib. Bu prosesi sistemli və mərkəzləşdirilmiş şəkildə idarə etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev qərargahın rəhbəri təyin edilib.
Son beş il ərzində Qərargah azad edilmiş ərazilərdə işlərin koordinasiyası, dövlət qurumları arasında fəaliyyətin uzlaşdırılması və kompleks yanaşmanın təmin olunması baxımından mühüm institusional mexanizmə çevrilib. Bu mexanizmin formalaşdırılması və vahid idarəetmə modelinin tətbiqi bilavasitə Prezident İlham Əliyevin siyasi iradəsinin və şəxsən nəzarətinin nəticəsidir.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz katiblik və kommunikasiya funksiyalarını icra edir. İdarələrarası Mərkəz çərçivəsində minalardan və partlamamış hərbi sursatlardan təmizləmə, şəhərsalma, nəqliyyat, rabitə və yüksək texnologiyalar, iqtisadi məsələlər, enerji təminatı, ekoloji, elm, təhsil və mədəniyyət məsələləri, habelə işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı və kommunikasiya üzrə ümumilikdə 12 işçi qrup fəaliyyət göstərir.
Dövlət başçısının tapşırıqlarının praktiki icrasına başlanılaraq, bölgədə iqtisadi inkişafın təməlini təşkil edən yol-nəqliyyat infrastrukturu və energetika sistemi yaradılıb, yaşayış məntəqələri, sosial obyektlər, aqro və sənaye parkları istifadəyə verilib və insanların məşğulluğunun təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür.
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti
Minatəmizləmə fəaliyyəti Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən vacib təhlükəsizlik və inkişaf tədbirlərindən biridir. 2020-2025-ci illər ərzində Azərbaycan Milli Minatəmizləmə Agentliyi (ANAMA) və digər aidiyyəti qurumların, həmçinin yerli şirkətlərin birgə əməliyyatları nəticəsində ümumilikdə 240 min hektardan artıq ərazi təmizlənib, 227 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Əməliyyatlar xüsusilə bərpa və məskunlaşma prioriteti daşıyan rayonlarda aparılıb, nəticədə, yaşayış və infrastruktur layihələrinin icrası sürətlənib, kənd təsərrüfatı təyinatlı torpaqları istifadəyə verilib.

Minatəmizləmə işlərində ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və yerli şirkətlər də fəal iştirak edib, əməliyyatların təhlükəsizliyi və effektivliyi üçün müasir texnika və pilotsuz nəzarət sistemləri tətbiq olunub. Bu yanaşma əməliyyatların səmərəliliyini artırıb, insan itkisi riskini minimuma endirib və regionun təhlükəsizliyinə mühüm töhfə verib.
Nəticədə, minatəmizləmə sayəsində təhlükəsizliyi təmin olunmuş ərazilər “Böyük Qayıdış” proqramının əsas baza komponentinə çevrilib, regionun sosial-iqtisadi reinteqrasiyasına, yerli əhalinin təhlükəsiz qayıdışına və iqtisadi fəallığın bərpasına mühüm töhfə verib.
Əhalinin qayıdışı və məskunlaşma siyasəti
İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı ölkənin postmünaqişə dövründə həyata keçirilən “Böyük Qayıdış” Proqramının əsas strateji istiqamətlərindən biridir. Məqsəd yalnız fiziki məskunlaşma deyil, həm də sosial, iqtisadi və ekoloji baxımdan dayanıqlı yaşayış məntəqələrinin yaradılmasıdır.
Yaşayış məntəqələrinin planlaşdırılmasında şəhərsalma və sosial-iqtisadi prinsiplər, tarixi-mədəni əhəmiyyətli kənd və qəsəbələrin qorunması əsas götürülür. Yeni məntəqələr müasir şəhərsalma qaydalarına uyğun və rayon mərkəzlərindən optimal məsafədə planlaşdırılır.
Praktiki mərhələyə 2022-ci ilin iyulunda Ağalı kəndinə ilk qayıdışla başlanıb. Bu vaxta kimi 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Hazırda isə azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır. Onların istifadəsinə müasir sosial infrastruktur – məktəblər, bağçalar və mədəniyyət obyektləri verilib.

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən səhiyyə infrastrukturunun bərpası və inkişafı üzrə də geniş işlər görülür. Bu istiqamətdə ən mühüm layihələrdən biri bu ilin mayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzidir. Mərkəz Şuşa və eyni zamanda ətraf şəhər və rayon sakinlərinə tibbi xidmət göstərir. Regionda səhiyyə şəbəkəsinin genişləndirilməsi məqsədilə Cəbrayıl, Ağdam və Füzuli rayon mərkəzi xəstəxanalarının tikintisi də ardıcıl şəkildə davam etdirilir.
İşğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarına əsaslanan, sosial ədalətli və dayanıqlı məskunlaşma modeli formalaşıb ki, bu, həm postmünaqişə dövrü siyasətinin, həm də milli birliyin bərpasının mühüm göstəricisidir.
Dövlət başçısı işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak etmişdir. Prezident İlham Əliyev ümumilikdə 177 müxtəlif təyinatlı layihənin təməlini qoymuş, 167 obyektin və infrastruktur layihəsinin açılışını etmişdir. Bu səfərlər Qarabağ və Şərqi Zəngəzurda bərpa və inkişaf proseslərinin praktiki nəticələrini göstərməklə yanaşı, dövlət başçısının ərazilərin bərpasına yönələn siyasətinin ardıcıllığını və bu istiqamətə olan yüksək diqqətini əks etdirir.
Böyük Qayıdış çərçivəsində şəhərsalma və ərazi planlaşdırma işləri
2020-2025-ci illərdə şəhərsalma və yaşayış məntəqələrinin bərpası istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” 2022-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib. 8 şəhərin Baş Planı və 3 şəhərin Müfəssəl Planı, 12 rayon üzrə 91 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırması artıq təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin planları işlənmə mərhələsindədir. Eyni zamanda, şəhərlərdə küçə şəbəkələri layihələndirilərək tarixi şəxsiyyətlər, Milli qəhrəmanlar və tarixi hadisələr adlandırmalarla əbədiləşdirilib.

İnzibati ərazi quruluşunda da əhəmiyyətli dəyişikliklər aparılıb. Kəlbəcər, Tərtər və Ağdam rayonlarının işğaldan azad olunmuş ərazilərinin reinteqrasiyası məqsədilə Ağdərə rayonu yaradılıb və mərkəzi Ağdərə şəhəri dövlət reyestrinə daxil edilib. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati bölgüsündə dəyişikliklər aparılıb, bəzi kəndlərin tabeliyi faktiki yerləşdikləri rayonlara uyğunlaşdırılıb.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi tərəqqisi və reinteqrasiyası
İşğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişi Azərbaycanın milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. 2021-2025-ci illərdə bölgədə iqtisadi, sosial və institusional reabilitasiya həyata keçirilərək “Böyük Qayıdış” proqramı üçün möhkəm baza yaradılıb.
Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində dayanıqlı məskunlaşma, infrastrukturun bərpası, təhlükəsiz yaşayış, ekoloji təmiz texnologiyalar və “yaşıl inkişaf” prinsiplərinin tətbiqi əsas məqsəd kimi müəyyən edilib.
Daşınmaz əmlak və infrastrukturun inventarlaşdırılması başa çatıb, 47 min yaşayış və 11 mindən çox qeyri-yaşayış fondu qeydiyyata alınıb, torpaq və ünvan məlumatları elektron sistemlərə inteqrasiya edilərək gələcək məskunlaşma və sahibkarlıq üçün hüquqi baza yaradılıb.
Regionun təbii sərvətlərindən istifadəyə başlanıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye parklarında 50 rezident və 7 qeyri-rezident müəssisə qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat investisiya yatırılıb və 1057 iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 950 milyon manata yaxın məbləğdə məhsul istehsal olunub, Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac olunub. Sahibkarlığa vergi və gömrük güzəştləri tətbiq olunur, KOB-lar üçün hüquqi və maliyyə dəstəyi göstərilir.

Turizm sektoru da iqtisadi reinteqrasiyanın vacib hissəsidir; işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi və demoqrafik vəziyyətini, eyni zamanda turizm və rekreasiya potensialını əks etdirən turizm əsaslı inkişaf konsepsiyaları hazırlanır, mehmanxanalar, parklar və istirahət kompleksləri inşa edilir, Şuşa, Suqovuşan, Laçın və digər istiqamətlərə turist səfərləri təşkil olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları münbit torpaq və əlverişli iqlim şəraiti ilə seçilir. Burada ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Kənd təsərrüfatı sektorunun bu bölgələrdə canlanması yerli əhalinin məşğulluğunun təmin olunması, regionların sosial-iqtisadi inkişafı və ölkə üzrə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının dayanıqlı inkişafı, məhsuldarlığın yüksəlməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətlərində ardıcıl işlər görülüb. Müasir pivot suvarma sistemlərinə əsaslanan aqroparklar yaradılıb və yaylaq ərazilərində heyvandarlıq təsərrüfatlarının fəaliyyəti təmin olunub.
“Yaşıl Enerji Zonası”nın yaradılması istiqamətində görülən işlər
İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin 2021-ci il 3 may tarixli Sərəncamı ilə “Yaşıl Enerji Zonası”nın yaradılması qərara alınıb. Məqsəd regionun enerji təminatını bərpaolunan mənbələr əsasında təmin etmək, ekoloji cəhətdən təmiz və davamlı model formalaşdırmaqdır. Sərəncama əsasən, Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb və konsepsiya hazırlanıb.
Konsepsiyanın əsas hədəfi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji potensialından səmərəli istifadə, karbon neytral infrastrukturun qurulması və yaşayış məntəqələrinin “yaşıl texnologiyalar”a uyğun inkişafıdır. 2022-2026-cı illər üçün Tədbirlər Planı təsdiqlənib, əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb.

Azad edilmiş ərazilərdə 1500-dən çox fərdi evdə və ictimai binalarda Günəş panelləri quraşdırılıb. Beynəlxalq tərəfdaşlarla layihələr genişlənir, məsələn, bp şirkəti ilə Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi icra olunur.
Proqnozlara görə, yaxın illərdə bərpaolunan enerji istehsal gücü 600 MVt-a çatdırılacaq. Bu isə regionun enerji müstəqilliyini təmin etməklə yanaşı, Azərbaycanın enerji balansında yaşıl enerjinin payını artıracaq və karbon emissiyalarını azaldacaq.
Beləliklə, “Yaşıl Enerji Zonası” konsepsiyasının reallaşdırılması enerji sektorunun modernləşdirilməsini və işğaldan azad edilmiş ərazilərin “ağıllı şəhər və kənd” modelinə əsaslanan ekoloji davamlı inkişafını təmin edir və “Böyük Qayıdış” Proqramının strateji prioritetlərindən biridir.
Böyük Qayıdış çərçivəsində enerji infrastrukturu və istilik təminatı
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında elektrik enerjisi infrastrukturu genişmiqyaslı şəkildə bərpa olunub. 14 elektrik yarımstansiyası istismara buraxılıb, 1000 km-dən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilərək 12 yeni 110 kV-luq yarımstansiya zəncirvari şəkildə birləşdirilib və dairəvi təchizat sistemi yaradılıb. Bu sistem 330 kV-luq yarımstansiyalarla əlaqələndirilərək regionun enerji ehtiyaclarını tam təmin edir. Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən 38 su elektrik stansiyası 307 MVt güc təmin edərək ölkənin vahid enerji sisteminə inteqrasiya olunub.

Qaz təchizatı sahəsində 6 magistral qaz xətti çəkilib, 9 qazpaylayıcı stansiya və 1 qaztənzimləyici məntəqə inşa olunub, 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub.
Beləliklə, elektrik, qaz və istilik təminatı sahəsində aparılmış layihələr işğaldan azad edilmiş ərazilərdə müasir və etibarlı enerji sistemini formalaşdırmağa və dayanıqlı enerji təminatına imkan yaradır. Bu infrastruktur həm regionun iqtisadi potensialını gücləndirir, həm də sosial-iqtisadi reinteqrasiyaya mühüm töhfə verir.
Su təsərrüfatı infrastrukturunun bərpası və inkişafı
Qarabağda və Şərqi Zəngəzurda su təsərrüfatı infrastrukturunun bərpası və modernləşdirilməsi əsas prioritetlərdən olub. Bu sahədə görülən tədbirlər təkcə içməli su və suvarma təminatını deyil, həm də kənd təsərrüfatı istehsalının bərpasını, ekoloji tarazlığın qorunmasını təmin edir. Azad olunmuş ərazilərdə 4 su anbarı istifadəyə verilib. Suqovuşan su anbarının və 5,2 km-lik magistral kanalın təmiri ilə 96 min hektara yaxın torpaq sahəsinin su təminatı bərpa edilib. Eyni zamanda, Ağdamdakı Xaçınçay su anbarı və 7 km-lik əsas kanalın bərpası ilə 7 min hektar sahənin suvarma şəraiti yaxşılaşdırılıb.

Suqovuşan su anbarının və 5,2 km-lik magistral kanalın təmiri ilə 96 min hektara yaxın torpaq sahəsinin su təminatı bərpa edilib. Eyni zamanda, Ağdamdakı Xaçınçay su anbarı və 7 km-lik əsas kanalın bərpası ilə 7 min hektar sahənin suvarma şəraiti yaxşılaşdırılıb.
Füzuli rayonunda “Köndələnçay” kompleksinin bərpası 6,2 min hektar sahənin suvarılmasını təmin edib, Laçın rayonunda Zabuxçay su anbarı və 51,6 km-lik boru kəməri Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar ərazinin suvarma sistemini formalaşdırıb. Ümumilikdə 2022-2025-ci illər ərzində həyata keçirilmiş işlər işğaldan azad olunmuş ərazilərdə su resurslarının idarə edilməsini modernləşdirərək, iqtisadi, ekoloji və sosial sabitliyin təmin olunmasında strateji əhəmiyyətə malikdir.
Ekoloji bərpa və monitorinq işləri
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ilkin ekoloji qiymətləndirmə və monitorinq işləri aparılıb. Bu işlər meşə fonduna aid olmayan yaşıllıqlar, meşə fondu sahələri, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri, mineral-xammal yataqları və yerüstü su ehtiyatları ətraflı şəkildə araşdırılıb. Monitorinqlər aktlar, fotolar, peyk təsvirləri və xəritələr əsasında aparılıb və işğal dövründə ərazilərə dəymiş ziyan qiymətləndirilib. Nəticələr göstərib ki, meşə və qeyri-meşə yaşıllıqlar, həmçinin su resursları işğal dövründə ciddi zərər görüb.

Azad edilmiş torpaqlarda ekoloji bərpa tədbirləri geniş miqyasda həyata keçirilib. Xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti bərpa olunub, yeni yaşıllıq sahələri salınıb, meşəbərpa layihələri və fauna növlərinin reintroduksiyası aparılıb. Qarabağ və Şərqi Zəngəzur üzrə “Ağıllı Tinglik Təsərrüfatı”, “Dostluq meşəsi” və beynəlxalq meşəçilik təlim mərkəzləri yaradılıb. Eyni zamanda, su bioresurslarının artırılması məqsədilə çay və su anbarlarında milyonlarla balıq körpəsi buraxılıb. Hidroloji və ekoloji monitorinqlər çərçivəsində işğaldan azad edilmiş ərazilərdən axan transsərhəd çaylarda ağır metallarla çirklənmə səviyyəsi izlənir. Mineral-xammal yataqlarının geoloji qiymətləndirməsi aparılıb, 142 yataqda işlər tamamlanıb.
Torpaq, su, biomüxtəliflik və radiasiya fonu üzrə monitorinqlər aparılıb, nadir və yabanı bitki növləri, o cümlədən dərman və qida bitkiləri qeydiyyata alınıb. “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri” kitabı hazırlanıb, konfrans və ekspedisiyalar təşkil olunub, ekosistemlərdə antropogen təsirlər və iqlim dəyişiklikləri araşdırılıb. Bu tədbirlər regionun ekoloji dayanıqlığının təmin edilməsinə, təbiət resurslarının qorunmasına və uzunmüddətli bərpasına xidmət edir.
Elm, təhsil və mədəniyyət sahələrində görülən işlər
İşğaldan azad edilmiş ərazilərdə elm, təhsil və mədəniyyət sahələrinin bərpası da dövlətin prioritet istiqamətlərindən olub. Bu dövrdə mədəni irsin qorunması, təhsil infrastrukturu, dini və mədəni abidələrin restavrasiyası və konservasiyası üzrə ardıcıl tədbirlər həyata keçirilib.
Mədəniyyət sahəsində Vaqif Poeziya Günləri, “Xarıbülbül” festivalı və “Şuşa İli” proqramları bərpa edilərək hər il keçirilir. “Məclisi-üns” və “Şuşa Yaradıcılıq Emalatxanası” layihələri və 100-dən artıq beynəlxalq və regional tədbir təşkil olunub. Tam və ya qismən dağıdılmış muzeylər bərpa edilib, işğal və zəfər muzeyi kompleksi üçün 9 konsepsiya hazırlanıb, 6-sı layihələndirilib. Dövlət mühafizəsində olan 705 abidədən 550-də inventarlaşdırma aparılıb, 402 yeni abidə aşkarlanıb və 44-nə rəsmi status verilib. Ağdamda Xurşidbanu Natəvanın qəbirüstü abidəsi, “Şirin su” hamamı və “İmarət” Tarix-Memarlıq Kompleksi bərpa edilib. UNESCO və ICESCO ilə əməkdaşlıq nəticəsində bir sıra ərazilər beynəlxalq irs siyahılarına daxil edilib.
19 ümumi, 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Onlardan 16 ümumi və 7 məktəbəqədər təhsil müəssisəsi hazırda fəaliyyət göstərir. Təhsil müəssisələrində 3700-ə yaxın şagird və 260-dan çox uşaq təhsil alır, ümumilikdə 500 müəllim və texniki işçi fəaliyyət göstərir.

2023-cü ildən Qarabağ Universiteti bölgənin ali təhsil mərkəzinə çevrilib. Universitetdə 34 bakalavr ixtisası üzrə təhsil verilir. Hazırda təhsil müəssisəsində 2152 tələbə təhsil alır, 400 nəfər akademik və inzibati heyət çalışır, 14 laboratoriya və 3 kitabxana, 5 mərkəz fəaliyyət göstərir.
Dini abidələr bərpa edilərək Şuşa, Ağdam və Zəngilan şəhərlərində tarixi məscidlər təmir olunub, Şuşa, Suqovuşan, Daşaltı və Hadrut qəsəbələrində yeni məscidlər inşa edilir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və inkişaf tədbirləri təkcə infrastrukturun deyil, milli kimliyin və mədəni yaddaşın dirçəldilməsinə xidmət edir. Elm, təhsil, mədəni və dini irsin bərpası, yeni sosial mühitin formalaşması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışı Azərbaycanın dövlətçilik iradəsinin təntənəsidir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bu sistemli və məqsədyönlü siyasət regionu sülh, sabitlik və tərəqqi məkanına çevirərək, ölkənin dayanıqlı inkişaf strategiyasının canlı nümunəsidir.
Nəqliyyat və rabitə sahələrində görülmüş işlər
İşğaldan azad edilmiş ərazilərdə 2020-2025-ci illərdə nəqliyyat infrastrukturu üzrə də böyük layihələr icra olunub. Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara uyğun hava limanları inşa edilərək istifadəyə verilib. Bu limanlara IATA kodları verilib və rəsmi açılış mərasimləri Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti tam istifadəyə verilib. Dəmir yollarının tikintisi ilə bağlı 49 körpünün tikintisi planlaşdırılıb, onlardan 42 körpünün tikintisi başa çatıb, 3 körpü istismara verilib. Avtomobil yolları infrastrukturunda isə 60 layihə üzrə 3501,6 kilometr yolun tikintisi nəzərdə tutulub, bunlardan 16 layihə tam, 1 layihə qismən başa çatıb. Avtomobil yolları üzərində 28 tuneldə qazma işləri, 392 körpü və 9 viadukun tikintisi artıq başa çatıb. Ərazidə 19 marşrut xətti təşkil edilərək, ziyarət xarakterli səfərlər üçün “yolumuzqarabaga.az” portalı üzərindən bilet əldə etmək imkanı yaradılıb.

Rabitə sahəsində isə telekommunikasiya, poçt və internet xidmətlərinin təşkili məqsədilə tədbirlər görülüb. 19 yaşayış məntəqəsi GPON texnologiyası ilə sürətli internet, telefon və İP TV xidmətlərinə qoşulub, 470 km uzunluğunda fiber-optik kabel xətləri çəkilib. Mobil rabitə sahəsində 356 baza stansiyası fəaliyyət göstərir və onlardan 35-i Günəş enerjisi ilə işləyən “yaşıl” stansiyalar hesab olunur. Poçt xidmətləri üzrə 7 məntəqədə poçt şöbələri açılıb, səyyar xidmətlər göstərilir. Televiziya və radio proqramlarının yayımı üçün 8 Radio-Televiziya Yayım Stansiyası bərpa edilib və əhatə dairəsi genişləndirilib.
Bu nəqliyyat layihələri Prezident İlham Əliyevin strateji baxışına uyğun olaraq Qarabağın, Şərqi Zəngəzurun regional və qlobal bağlantılarının tam bərpasına xidmət edir.
İşğaldan azad ərazilərin bərpasına dair məlumatlandırma təşəbbüsləri
Son beş ildə “Prezidentin izi ilə” layihəsi daxil olmaqla, həmin ərazilərə 400-dən çox mediatur baş tutub, onların təxminən 60-ı xarici media nümayəndələrinin iştirakı ilə keçirilib. Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurun bərpası barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 20-dən çox səfəri təşkil edilib.
Gənclər, tələbələr və ictimai fəallar üçün 100-dən çox infotur təşkil olunub. Bərpa-quruculuq işləri ilə tanışlıq məqsədilə dünyanın aparıcı səyahətçilər klublarının xətti ilə 15 səfər həyata keçirilib. Bu səfərlərdə 52 ölkədən 550-dən çox xarici səyyah iştirak edib. Onlar Füzuli, Xocavənd, Şuşa və Ağdamda işğal dövrünün vandalizm izlərini və bərpa proseslərini yerində müşahidə ediblər və 150 milyondan çox izləyicisi olan sosial media resurslarında paylaşımlar ediblər.

2022-ci ildən hər il keçirilən Şuşa Qlobal Media Forumu Böyük Qayıdışın kommunikasiya xəritəsində mühüm rol oynayır. Forum media mütəxəssisləri arasında fikir və təcrübə mübadiləsi aparmaqla yanaşı, regionun yenidənqurma prosesinin beynəlxalq tanıdılmasına töhfə verir. Üç il ərzində 70 ölkədən 750-dən çox media rəhbəri və nümayəndəsi tədbirdə iştirak edib. Forum çərçivəsində mediaturlar, panel müzakirələri və təlim sessiyaları təşkil olunub.
Mina və partlamamış hərbi sursatlar barədə təhlükəsizlik biliklərini artırmaq məqsədilə 500 mindən çox insanı əhatə edən 357 maarifləndirici kampaniya həyata keçirilib. Ümumilikdə isə təlimlər, təbliğat materiallarının paylanması və ictimai tədbirlər daxil olmaqla, müxtəlif mövzular üzrə 1400-dən çox maarifləndirmə tədbiri təşkil edilib.
Bir sözlə, 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad ərazilərimizdə aparılan bərpa, yenidənqurma və reinteqrasiya tədbirləri Azərbaycanın postmünaqişə dövründə dövlətçilik iradəsinin, strateji planlaşdırma qabiliyyətinin və milli birliyinin parlaq təzahürüdür. Elm, təhsil, mədəniyyət, su təsərrüfatı, enerji, nəqliyyat, turizm və iqtisadiyyatın digər sahələrində həyata keçirilən kompleks layihələr təkcə regionun sosial-iqtisadi dirçəlişini təmin etməklə qalmayıb, həm də əhalinin doğma torpaqlara qayıdışı üçün möhkəm və dayanıqlı baza formalaşdırıb. Qarabağ və Şərqi Zəngəzuru sülhün, tərəqqinin və innovasiyanın rəmzinə çevrilir. Bu gün həmin torpaqlarda təkcə şəhərlər və kəndlər deyil, həm də ümid, birlik və müasir Azərbaycanın gələcəyi inşa olunur. Qarabağ və Şərqi Zəngəzur bərpadan dirçəlişə, dirçəlişdən inkişaf zirvəsinə aparan tarixi yolun canlı simvoludur.
Böyük Qayıdış çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər Azərbaycanın iqtisadi, sosial və institusional dayanıqlığını möhkəmləndirib, daxili inkişaf və sabitlik mühiti ölkəmizin xarici siyasətdə təşəbbüskar və etibarlı tərəfdaş kimi çıxış etməsinə mühüm töhfə verib. Ölkəmizin nailiyyətləri yalnız daxildə deyil, eyni zamanda beynəlxalq arenada da nəzərəçarpandır. Prezident İlham Əliyevin qətiyyətli siyasi-diplomatik fəaliyyəti və sülh gündəliyinin inkişafı istiqamətindəki misilsiz uğurları Azərbaycanın qlobal mövqeyini daha da möhkəmləndirib, regionda davamlı sülh və əməkdaşlıq üçün geniş imkanlar yaradıb.
20.11.2025, AZƏRTAC
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








