1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində və elə onunla birlikdə İspaniyaya getmişdik. Repdən və həm də meyxanadan çox uzaq olan Xose adlı, Orteqa-i-Qasset soyadlı ispan filosofun adını daşıyan fondun tədbirində iştirak edirdik. İspaniyaya ilk və çox güman ki, həm də son səfərimdən yadımda qalan məqamlardan biri haqqında danışacağam.
Deməli, biz ispan yeməkxanasına varid oluruq və həmin yeməkxananın ispan əsili olduğu şübhə doğurmayan işçisinə müraciət edirik. Və həmin şəxs Azər müəllimin elə o zamanlar da çox yaxşı olduğu aydın sezilən ingiliscəsini başa düşmək istəmir. Əslində çox güman ki, başa düşür. Amma özünü elə göstərir ki, guya başa düşmür. Heç demə, orta statistik ispan öz ölkəsində ixtiyari əcnəbi ilə başqa dildə danışmağı bir növ Servantesin dilinə sayğısızlıq kimi dəyərləndirirmiş. İspanlar hər vəchlə öz dillərində danışmağa can atırlarmış.
Bu çoxdan unudulmuş kiçik səfərin bir epizodudur. Amma mərc gəlməyə hazıram ki, Biləcəri sərhəddini heç olmasa bir dəfə keçmiş hər kəsin arxivində buna bənzər epizodlar olmamış deyil. Demək olar ki, hər yerdə hamı ilk növbədə və əsasən öz dilində danışır.
Biz fərqliyik. Zənnimcə biz az qala həmişə və az qala hamılıqla bu məmləkətin qonaqlarını öz dillərində dindirmişik. Ən azı sidq ürəklə çalışmışıq ki, bunu edə bilək. Səy göstərmişik. Səyimiz hədər getməyib. Maşallah, xeyli rus, ingilis, hətta alman, fransız, lap elə ispan dilli adamlarımız var. Və bu çox sevindirici haldır. Təəssüf doğuran ana dilini mükəmməl bilmənin məziyyətlər sırasından çıxması, bəlkə də çıxarılmasıdır.
İxtiyari CV (bu tərcümeyi-halın təzə adıdır, insafən elə də pis səslənmir) əslində ilk növbədə sahibinin xarici dillər sahəsində biliklərini vurğulayan sənədə çevrilib desək, yanılmarıq. Və bu ölkədə nə qədər valideyn öz övladına permanent iş axtarışı prosesində “ingilis dilini “semişka” (yəni qovrulmuş günəbaxan tumu) kimi çırtlayır, rus dili, türk dili də heç də, onlar öz yerində ” məzmunlu reklam mətnindən istifadə edir? Bu sualı heç Statistika Komitəmiz də cavablandıra bilməz. İnanın.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 24–25)