Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılmasına ölkəmizin töhfəsinə görə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova xatirə plaketi təqdim edib.
AZƏRTAC xəbər verir ki, türk qərənfili formasında olan plaket 53 mindən çox Türkiyə sakininin həyatına son qoyan faciənin ikinci ildönümü ilə əlaqədar Adıyaman vilayətində təşkil olunan mərasimdə qardaş ölkənin dövlət başçısı tərəfindən təqdim olunub.
Xatirə plaketinin üzərində “Əsrin fəlakəti fonunda göstərilən nümunəvi həmrəylik, dəstək və fədakarlıq yaddaşımızda əbədi olaraq qalacaq və ölkəmizin gələcəyinin qarantı olan yeni vətəndaş nəsilləri üçün ilham mənbəyinə çevriləcəkdir” sözləri əks olunub.
Azərbaycanın Ankaradakı səfiri Türkiyə Prezidenti tərəfindən mükafatlandırılanlar siyahısında birinci olub.
Türkiyə Prezidentinin “İlk xatirə plaketi qardaş Azərbaycana təqdim edilir! Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ərdoğan əlavə edib: “Şəxsən öz adımdan və bütün türk xalqı adından ona xüsusi minnətdarlığımı bildirirəm”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara